“Abşeron Milli Parkı” filminin təqdimatı keçirilib

“Abşeron Milli Parkı” filminin təqdimatı keçirilib
4 aprel 2018
# 09:39

Bu gün Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.

APA-nın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış oldu. Sərgidəki stendlər “Azərbaycanın zirvələri”, “Azərbaycanın faunası”, “Yırtıcı quşlar”, “Su dünyası”, “Azərbaycanın florası”, “Azərbaycanın Qırmızı Kitabı”, “Köçəri quşlar”, “Çəkiliş zamanı” bölmələrini əhatə edir.

Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başlayıb.

Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışıb, burada hər cür şəraitin yaradıldığını vurğulayıb və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edib.

İqor Bışnyov qeyd edib ki, 5 il ərzində 5 film çəkilib. 2014-cü ildə Şirvan Milli Parkı, 2015-ci ildə Ağgöl Milli Parkı, Göygöl Milli Parkı haqqında filmlər nümayiş etdirilib. Bir il əvvəl “Azərbaycan. Ceyranların xilası” filmi göstərilib. Filmlərdən dördünün milli parklar haqqında olduğunu söyləyən İqor Bışnyov bu il daha bir milli park - Şahdağ Milli Parkı haqqında filmin nümayişinin planlaşdırıldığını qeyd edib. Filmlər ölkə daxilində və xaricində müxtəlif telekanallarda göstərilib, mükafatlara layiq görülüb.

İqor Bışnyov 5 ildir davam edən əməkdaşlığa görə Leyla Əliyevaya təşəkkürünü bildirib və bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib. O, bu filmlərin canlılar aləminin ciddi problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.

Sonra “Abşeron Milli Parkı” sənədli filmi nümayiş etdirilib.

“Azərbaycanın 9 möcüzəsi” layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.

abseron milli parki senedli filminin teqdimati kecirilib

# 1219 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #