“Nar bağı” filmi beynəlxalq mükafata namizəddir

“Nar bağı” filmi beynəlxalq mükafata namizəddir
11 iyul 2017
# 12:05

İlqar Nəcəfin “Nar bağı” filmi 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb.

Kulis.az xəbər verir ki, “Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.

Filmin dünya premyerası bu yaxınlarda Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib.

Film Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb. 22-28 iyul tarixlərində Astanada keçiriləcək festivalda İlqar Nəcəf iştirak edəcək.

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

Qeyd edək ki, 2011-ci ildə İlqar Nəcəf “Buta” filminə görə “Ən yaxşı uşaq filmi” nominasiyasında Asia Pacific Screen Award mükafatı ilə təltif olunmuşdu.

# 1264 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #