Məşhur rejissor: “Bütün filmlərdən oğurlayıram”

Məşhur rejissor: “Bütün filmlərdən oğurlayıram”
11 dekabr 2014
# 12:05

1963-cü ilin 27 martında doğulmuş Kventin Tarantino bəlkə də 90-cı illərin əvvəllərində Amerika kinosunda ən xarakterik istedaddır. Özündən əvvəlki rejissorlardan fərqli olaraq o öz sənətini kino məktəbində yox, video mağazasında işlədiyi günlərdən öyrənmişdi. Nəticədə o, populyar mədəniyyət və müstəqil filmin cəsarətli qarışığını yaratdı. Onun filmləri ağıllı, cəlbedici dialoq və ani zorakılıq partlamaları ilə fərqlənən trillerlərdir.

Kventinin tam adı Kventin Jerome Tarantinodur. Kventinin atası Toni Tarantinonun valideynləri İtaliya mənşəlidirlər.

1992-ci ilin yanvarında ilk dəfə rejissor-ssenaristlik edən Kventin Tarantinonun “Quduz köpəklər” filmi Sandens Müstəqil Film Festivalında çıxış etdi. Film tənqidçilər tərəfindən bəyənildi və rejissor əfsanəyə çevrildi. Filmi “Empire State” jurnalı “Bütün zamanların ən yaxşı müstəqil filmi” adlandırdı. Film uğursuzluğa düçar olan brilyant oğurluğu haqqındadır. Filmdə Tarantinoya aid əlamətlər hamısı bariz görünür: dağınıq süjet xətti, zorakılıq və cinayət, populyar mədəniyyətə istinadlar. Film qarət haqda olsa da filmdə qarətin özü təsvir edilmir.

İki il sonra isə filmin uğurunu Kann film festivalında çıxış edərək Qızıl Palma Budağı mükafatını alan “Kriminal qiraət” davam etdirdi. Film 1995-ci ilin Oskar mükafatlarında da ən yaxşı ssenari üzrə mükafat qazandı, ən yaxşı film və yaxşı rejissor üzrə namizədlik əldə etdi. Jül Vinfeld və Vinsent Veqa mafiya başçısı Marsellus Volos tərəfindən onun oğurlanmış çantasını tapmaq əmri alırlar. Bundan başqa Marsellus bir neçə gün şəhərdə olmayacağına görə Vinsent Veqadan həyat yoldaşını müşayiət etməyi xahiş edir. Həmçinin karyerasının sonlarına yaxınlaşan boksçuya – Buç Kulicə gələcək matçda uduzmaq şərtilə pul təklif edir. Bu qəhrəmanların həyat yolları gözlənilməz, qəribə və gülməli təsadüflər nəticəsində kəsişir. Böyük maliyyə gətirməklə yanaşı tənqidçilərin də rəğbətini qazanan bu klassik film dünyada ən yaxşı filmlərdən biri adlandırılır.

Tarantinonun sonrakı filmi “Ceki Braun” olur. Film Amerikalı yazıçı Leonard Elmorun “Rom kokteyli” adlı romanı əsasında qurulmaqla Tarantinonun xarici mənbədən istifadə etdiyi yeganə filmidir. Film silah alveri ilə məşğul olan Ordel üçün çalışan stüardessa – Ceki Braun haqqındadır. Samuel Cekson, Maykl Keaton, Robert de Niro kimi aktyorların iştirak etdiyi film tənqidçilər tərəfindən yaxşı qarşılanır, bir çoxları bu filmi Tarantinonun yetkin işi adlandırırlar.

2003-cü ildə isə Tarantino şərq döyüş sənəti haqqındakı “Bili öldürmək” filmini çəkir. Tarantino bu film üzərində həddindən artıq vaxt və vəsait sərf edir və nəticədə filmi iki hissədə ekranlaşdırır. İki film birlikdə 130 milyondan artıq gəlir gətirir.

Bred Pitin baş rolda çəkildiyi “Şərəfsiz əclaflar” faşist Almaniyası tərəfindən işğal edilmiş Fransada bir qrup amerikalı-yəhudinin faşistlərə qarşı mübarizəsindən bəhs edir. Filmdə Bred Pitlə yanaşı Maykl Fasbender və Kristof Vals da çəkilib. Film 8 kateqoriya üzrə Oskar mükafatına namizəd olur. Kristof Vals ən yaxşı köməkçi aktyor üzrə Oskar mükafatını qazanır.

Tarantinonun Kristof Vals ilə növbəti əməkdaşlığı Kventinin sonrakı filminə - “Azad olunmuş Canqo” filminə təsadüf edir. Mükafat ovçusu olan yoldaşı ilə birlikdə həyat yoldaşının axtarışına çıxan Canqo nəticədə Leonardo Dikaprionun ifa etdiyi plantasiya sahibkarı ilə üzləşməli olur. 2013-cü ilin Oskar mükafatlarında film bir çox kateqoriya üzrə namizəd olur və Tarantino ikinci dəfə orijinal ssenariyə görə Oskar mükafatını əldə edir.

Hazırda isə Tarantino “Mənfur səkkizlik” filmi üzərində işləyir. Vestern olan filmin gələn il ekranlara çıxacağı gözlənilir.

Tarantino həmişə öz filmlərində kiçik bir obraza çəkilir. Məsələn “Quduz köpəklər”də Mister Braun, “Kriminal qiraət”də Cimi Dimik, “Ceki Braun”da telesekretar səsi, “Ölüm keçirməz”də Voren.

Tarantino unudulmuş aktyor və aktrisaları yenidən gündəmə gətirməsi ilə məşhurdur. Məsələn “Kriminal qiraət” filmində Vinsent Vega obrazını canlandıran Con Travolta həmin dövrdə karyerasının ağır dövrlərini yaşayırdı. Lakin bu film sayəsində o Oskar mükafatı laureatı adını qazana bildi.

51 yaşlı rejissor aktrisa Mira Sorvino ilə uzunmüddətli münasibət yaşasa da hələlik karyerasını şəxsi həyatından üstün tutur.

Tarantinondan sitatlar:

“Mən bu yolda tək getməyi qərar almışam. Çünki indi mənim film çəkən vaxtımdır”.

“Kimsə mənə hekayə danışanda çox xoşum gəlir. Mən düşünürəm ki, Amerika kinosunda bu artıq itmiş bir sənətə çevrilib”.

“Mən bu vaxta qədər çəkilmiş bütün filmlərdən oğurlayıram”.

“Bəzi tənqidçilər mənim çox film gördüyümü yazırlar. Başqa hansı incəsənət sahəsində ekspert olmaq mənfi cəhət sayılır? Əgər mən şair olsaydım Aristotel haqqında çox bildiyim üçün tənqid edilərdim?”

“Kompüter effektləri maşınların toqquşma səhnələrini tamamilə yararsız hala gətirib. İndiki dövrdə biz onlardan necə həzz ala bilərik? 70-ci illərdə əsl maşınlar, əsl metal və əsl toqquşmalar idi. Onlar həqiqətən həyatlarını riskə ataraq bu işi görürdülər. O ki qaldı kompüter effektlərinə, onların populyar olacağını bilirdim“.

“Əgər mən rejissor olmasaydım, film tənqidçisi olardım. Bu mənim eləməyə qadir olduğum yeganə şey olardı”.

“Əgər filmləri kifayət qədər sevsəniz, siz də yaxşı film çəkə bilərsiniz”.

Fərid Haqverdiyev

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

# # #