Gənc Tamaşaçılar 88-ci teatr mövsümünə başladı

Gənc Tamaşaçılar 88-ci teatr mövsümünə başladı
21 sentyabr 2015
# 12:37

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünü H.K.Andersenin “Çirkin ördək balası” tamaşası ilə açıb. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə tamaşadan öncə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Xalq Artistləri Cənnət Səlimova, Tariyel Qasımov, Yasin Qarayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə və gənc aktyor Elnur Kərimov çıxış edərək bütün tamaşaçıları və teatrın yaradıcı heyətini yeni mövsüm münasibətilə təbrik ediblər.

Daha sonra “Çirkin ördək balası” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları Əməkdar Artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Anar Seyfullayev, Müşfiq Əliyev, Rasim Cəfərov və başqaları ifa ediblər.

Axşam saat 19: 00-da isə iki hissəli “Romeo və Culyetta” tamaşası nümayiş etdirilib. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdi olan səhnə əsərinin plastik həlli və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsusdur.

Tamaşada əsas rolları Günel Məmmədova, Mirzəağa Mirzəyev, digər rolları isə əməkdar artistlər Nübar Novruzova, Leyli Vəliyeva, Nofəl Vəliyev, Kəmalə Hüseynova, Qurban İsmayılov, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa ediblər.

Sentyabr ayının 20-də saat 19:00-da yazıçı – dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşası nümayiş etdirilib. Benefis - tamaşa teatrın qocaman aktyoru, Əməkdar Artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa ediblər.

Tamaşadan sonra teatrın direktoru, Respublikanın Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, baş rejissor, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Xalq Artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Əməkdar Artist Lətifə Əliyeva, aktyorlar Sona Babayeva və Elnur Kərimov yubilyarı təbrik edərək ona can sağlığı və yaradıcılıq uğurları arzu edib.

Mübariz Həmidov yubilyara ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin diplomunu təqdim edib. Sonda Rahib Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə öz dərin təşəkkürünü bildirib.

# 1034 dəfə oxunub

Müəllifin son yazıları

# # #