“Azdrama”da Lütfi Məmmədbəyovun yad edilib

“Azdrama”da Lütfi Məmmədbəyovun yad edilib
24 fevral 2017
# 13:24

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olublar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemətov unudulmaz aktyorun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb.

O, bildirib ki, Lütfi Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışıb: “Lütfi Məmmədbəyov Azərbaycan teatrını, bizim kinomuzu və ümumən mədəniyyətimizi sevən bir insan idi. Onun tələbələri, yetirmələri bu gün Azərbaycan teatrının və kinosunun əsas simalarıdırlar. Lütfi müəllimin Xalq Teatrındakı fəaliyyəti, Akademik Milli Dram Teatrında hazırladığı səhnə əsərləri hər zaman böyük hörmət və ehtiramla xatırlanıb. Nə qədər ki Azərbaycan mədəniyyəti var, Lütfü müəllimin adı və imzası hər zaman yaşayacaq, xoş hisslərlə yad olunacaq”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Lütfi Məmmədbəyov haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun insani keyfiyyətləri, sənətkar kimi quruluş verdiyi tamaşalar və televiziya filmləri barədə danışıb: “Lütfi müəllim təbiəti etibarı ilə ictimaiyyətçi insan idi. Onun insani keyfiyyətləri o qədər yüksək idi ki, hətta gücü çatmayacağı işlərdən ötrü qapıları döyməyi bacarırdı. Lütfi Məmmədbəyovun yaratdığı Xalq teatrı qədər Azərbaycan mədəniyyətinə, xüsusən, teatr sənətinə görkəmli sənət xadimləri bəxş edən ikinci xalq teatrı olmayıb. Onun yetirmələri sonralar böyük uğurlar qazandılar və Azərbaycan teatr sənətinin simalarına çevrildilər”.

Qeyd olunub ki, böyük və şərəfli aktyorluq məktəbi yolunu keçən sənətkar doğma sənət ocağının səhnəsində bir neçə tamaşaya quruluş verməklə yanaşı, həm də 60-dan çox televiziya tamaşasının rejissoru kimi tanınır.

Unudulmaz sənətkar “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə yaratdığı bir-birindən parlaq obrazlarla tamaşaçı qəlbində dərin iz buraxıb. Onun quruluş verdiyi tamaşa və televiziya filmləri obrazların xarakterini açan ifadə vasitələrinin zənginliyi ilə diqqəti cəlb edib.

Lütfi Məmmədbəyovun milli mədəniyyətin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra mükafatlara və fəxri adlara layiq görülərək müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Daha sonra aktyorun sənət dostları – xalq artistləri Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Bəsti Cəfərova, Ramiz Məlik Lütfi Məmmədbəyovu böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. L. Məmmədbəyovun tələbəsi, müğənni Samirə Allahverdi musiqi nömrəsi ilə çıxış edib.

Görkəmli sənətkarın oğlu İlham Məmmədbəyov tədbirin təşkilatçılığına görə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə baş tutan anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

# 1081 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #