“Mahmud və Məryəm” tənqid olunur - SORĞU

“Mahmud və Məryəm” tənqid olunur - SORĞU
27 sentyabr 2013
# 14:48

Dünən Azərbaycan və Türkiyə arasında müştərək kino layihəsi olan, Xalq Yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyni adlı filmin premyerası olub. Kulis.az yazarları film haqqında fikirlərini bölüşüblər.

Qan Turalı: Filmmi, fotoromanmı?

“İMDB-nin ən yaxşı filmləri siyahısına ötəri bir göz atsanız orda romanların ekranizasiya variantlarına çox az rast gələrsiniz. Mahiyyət etibarı ilə proza başqa, ssenari başqa janrdır və hər birinin janr xüsusiyyətləri mövcuddur. Lakin Azərbaycanda yazıçılar özlərini anadangəlmə ssenarist üstəgəl də dramaturq hesab edirlər və belə düşünürlər ki, pyes və ssenarini də roman kimi yazmaq lazımdır.

Anarın “Sizsiz” romanında maraqlı bir məqam var: “O atası Rəsul Rzaya “Torpaq. Dəniz. Od. Səma” filminin ssenarisini göstərir. Bir müddət kino naziri olan Rəsul Rza ssenarinin prozaikliyindən şikayət edir. İl olub 2013, hörmətli Anar müəllim hələ də ssenarilərini proza kimi yazır. Yeri gəlmişkən, prozalarını da ssenari kimi yazan yeni yazıçılarımız peyda olub.

Ssenariləri proza kimi yazmaq, sonra da öz ədəbi hakimiyyətindən istifadə edərək yazdığını sözbəsöz filmə (ya da pyesə) köçürməyi təkid etmək, rejissoru diktə altında saxlamaq Anar kimi Elçinə də xas xüsusiyyətdir.

“Mahmud və Məryəm” romanı “Əsli və Kərəm” dastanının dekonstruksiyası əsasında yazılıb. Romanda dastandakı əsas sevgi süjetinə çoxlu sayda əlavə kənar süjet əlavə olunması tamamilə təbii və qanunauyğundur, çünki söhbət dastanı romana uyğunlaşdırmaqdan gedir. Lakin filmdə çoxlu sayda kənara çıxmalar var və bunların kinematoqrafik həlli verilməyib. Kənar süjetlər heç cür əsas süjetə qovuşmur. Misal üçün filmdə nədənsə tez-tez vurğulanan Çaldıran döyüşünün ümumi süjetə nə qatdığını anlamaq mümkün deyil. Bu guya Türkiyə tamaşaçısına hesablanıbsa belə tamaşaçı bundan bir şey götürmür. Üstəlik, sevgidən bəhs edən filmə bu cür geopolitik əlavə tamaşaçıya heç nə vermir.

Romanda tülkü Qəmərbanuya oğlu olacağını müjdələyir. Filmdə isə tülkü dönüb qurd (canavar yox, məhz qurd) olur. Bu metamarfozanın xarakteri türkçülüyə salam vermək kimi qavranılmalıdır, ancaq türk sözünün işlənmədiyi, milli özünüdərkə hələ dörd əsr qalmış XVI əsrdə bu cür təbliğat filmdə yamaq kimi görünür.

Filmin afişasında yazılmış “İlahi bir eşqin izi ilə” frazasının filmə aiddiyatını müəyyənləşdirmək üçün müstəqil təhqiqat komissiyası formalaşdırılmalı və müvafiq ekspertiza təyin edilməlidir.

Filmin son səhnəsində Mahmudun yanması faciəvi sonluqdan çox komik sonluğa bənzəyir. Filmin yaradıcıları yanma prosesinin görüntüsünü naşıcasına işləyiblər, biz eyni naşılığı ssenarinin sonluğunda görürük. Ssenarist hamımızın romandan və dastandan bildiyi sonluğa bizi inandırmaq üçün heç bir cəhd göstərmir. Nəticədə biz filmə yox, orta əsrlərdən bəhs edən foto-romana baxmalı oluruq”.

Mirmehdi Ağaoğlu: Anoxronizm bataqlığı

“Baş rolun ifaçısının oynamağı açığı xoşuma gəlmədi. Məni daha çox Sofu obrazı özünə bağladı. Üstəlik uşaq vaxtından kitaba meyl salan Mahmudun, heç bir dəfə də olsun qılınc oynatmadığı (heç olmaya onun uşaqlıq illərinə belə bir səhnə atmaq olardı), amma sonradan bütün rəqiblərinə qalib gəlməsi bir az qəribə gəldi.

Filmdəki xronoloji nöqsanlara baxaq.

Ziyad xanla görüşə gələn Osmanlı nümayəndəsi ona türkçülükdən dəm vurur. Halbuki o dövrdə ən aktual mövzu sünni-şiə ayrımı idi. Sultan Səlim Osmanlıda minlərlə ələvini, Şah Xətai Təbrizdə minlərlə sünnini qılıncdan keçirmişdi. Həmin dövrdə məzhəb ayrı-seçkiliyi gündəmdə ikən səfirin türkçülükdən dəm vurması qəribədir.

Bir səhnədə qarğıdalı sahəsi göstərilir. Daha sonra kəndli qadınlar qarğıdalı qaynadırlar. Qarğıdalı ilk dəfə 1493-cü ildə Kolumb tərəfindən Amerikadan Avropaya gətirilmişdir. Nəzərə alsaq ki, hadisələr 1510-14-cü illərdə baş verir, o zaman qarğıdalı bizim ölkədə 13-17 ilə necə kənd təsərrüfatı məhsuluna çevrildi? Əlbəttə kimsə bunu şərtiliklə əlaqələndirə bilər, amma bəs niyə biz belə şərtilikləri Qərb və ya Hollivud filmlərində görmürük?

Digər bir nüans isə Füzulinin “Məni candan usandırdı” qəzəli ilə bağlıdır. Füzuli filmdə hadisələrin baş verdiyi 1510-1514-cü illərdə cəmi 16-18 yaşlarında idi. Füzulinin o yaşında məşhur olmasını qoyaq bir tərəfə. Tutalım məşhur idi. Bəs “Məni candan usandırdı” qəzəli? O da Füzulinin erkən dövründə yazılmışdımı? Məncə tamaşaçının ağlında bu cür yersiz sualların yaranmasına rəvac verməmək üçün orda xanəndəyə başqa bir şairin, misal üçün Nəsiminin qəzəllərindən birini oxutmaq daha münasib idi.

Mahmudla Məryəmin görüş səhnələri onların bir-birlərinə aşiq olub dəli-divanə olmaları üçün kafi olmur. Film başlamamışdan əvvəl söylənildi ki, “Mahmud və Məryəm” Çili, Argentina, Koreyada nümayiş olunacaq. “Əsli və Kərəm” dastanından, Elçinin “Mahmud və Məryəm” əsərindən xəbərsiz olan Koreya tamaşaçısı Mahmudla Məryəmin o kiçik epizodda görüşməsi ilə bir-birlərinə dəlicəsinə aşiq olmalarına inana biləcəkmi? Məncə yox. Sevgililərin görüş səhnəsi tamaşaçını onların məhəbbətinə inandıracaq şəkildə deyil. Dastanlarda bu aşiqlik səhnəsi buta ilə izah olunur ki, bunu da koreyalıya başa salmaq müşkül məsələdi.

Tarixi detalların yer aldığı, ana xəttinin sevgi olduğu, rejissorun fantazi filmlərinə bənzər çəkdiyi filmə nə ad verək? Tarixi filmmi, sevgi dramımı, yoxsa Tolkeynin əsərlərinə çəkilmiş filmlərə bənzəyən fantazi janrında bir filmmi?”

Aliyə: Lələ dedi, gəl qayıdaq bu yoldan...

“Elçinin əsəri əsasında Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə çəkdiyi “Mahmud və Məryəm” filminə “Əsli və Kərəm” dastanının havası, “Mahmud və Məryəm” romanının izi ilə baxmağa başladım. Az sonra dastanın havası çəkilib getdi. Amma bunun yerini filmin öz ruhu almadı. “Mahmud və Məryəm” filminin əslində həvəskar rəssamların sevgi mövzusunda işlədikləri “açıqcalar- kartlar- ucuz mənzərə rəsmləri” formatında bir-birini əvəzləyən şəkillər olduğunu görmək üçün belə rəsmlərə kasıb evlərin divarlarında rastlaşmaq (qızılgüllər, dupduru çay, ağ çəpiş, alagöz oğlan, qaragöz qız və s.) və ya ömründə bir-iki ortabab filmə baxmaq kifayətdir.

Əlbəttə, "Mahmud və Məryəm”i həvəskar illüstrasiyalar də adlandırmaq olardı. Ona görə həvəskar ki, məzmunu, dramatizmi dərinləşdirən, təsvirə metaforik mənalar gətirən detallar-obrazlar görmək arzumuz gözümüzdə qalır. Film irəlilədikcə, iştahımın nə qədər böyük olduğunu anladım. Obrazlar canlılıqdan uzaq, təsir gücü zəifdir. O qədər ki, filmin kadr-kadr necə çəkildiyini hiss edirsən. Dillərə dastan, yazıçıya roman olmuş bunca kədərli bir sevgi əhvalatı, böyük, əbədi sevginin ölümcüllüyü kimi kədərli həqiqəti bir daha anladan onlarla sevgi əfsanəsindən ən yaxşılarından biri - “Əsli Kərəm” “Mahmud və Məryəm” filmi ilə öz əlçatmazlığını sübut edir. Rejissorun, aktyorların, rəssamın o əhvalata əli çatmır. Rejissor (Mehmet Ada Öztəkin) ona bir yaradıcı şəxs kimi yanaşa bilmir və beləliklə, “Mahmud və Məryəm” ən yaxçı halda həvəskar illüstrasiyalara bənzəyir...

Ziyad xanın yeganə oğlu Mahmud keşiş qızı Məryəmə aşiq olur. Əhvalatın sonunu bilən rejissor elə ilk görüşdükləri, baxışdıqları səhnədən onları ayırmaq istəyir: Məryəmin arxasında keşiş atası dayanır, Mahmudun arxasında Sofu gözləyir. Gözləyir ki, onlar bir birinə aşiq olsun və obrazların əsas yükü artsın. Bu qədər bəsit.

Filmin boyu rejissorun mənzərə həvəskarlığından yaxa qurtara bilmirsən. Təbiət gözəllikləri fonunda insanların dağıdıcılığı kontrast olacaq deyə, düşünmək olar, amma hətta batal səhnələr, döyüşdən sonrakı qanlı-quzğunlu meydan belə bu ruhda çəkilib. Bununla belə, döyüş səhnələrinin ölünün yaddaşından canlandırılması yaxşı üsuldur, hətta fikir də ötürür - dirilər unudur, ölülərsə daha yaxşı xatırlayır!

...Tarixilikdə nağılvarilik cəlbedicidir (Qısır qarı əsl nağıl obrazıdır), həm də ona görə qəbul olunandır ki, filmdəki tarixi xronologiya uydurulub. Bəlkə də bu, Eşq adamları ilə torpaq, hakimiyyət, var-dövlət uğrunda bir-birini amansızca məhv edən Yer adamları arasındakı keçilməz uçurumu göstərmək üçün uydurulub. Bunlar rejissora kontrastda nəsə demək əvəzinə, özünü tarixi-döyüş janrında epizodlar işləmək üçün sınaq imkanı, daha doğrusu, təxəyyülündəki gördüyü ştamp döyüş səhnələrini canlandırmaq imkanı verib.

...Xristian –müsəlman barışmazlığı romanda bir başqa situasiya ilə qarşılaşdırılır: iki müsəlman hökmdarı (Sultan Səlim və Şah İsmayıl) döyüşə qərar verir-ölən də, öldürən də müsəlman olur. Din təəssübü yoxa çıxır. Bununla romanda hamının ümumi dininin sevgi olduğuna aksent olunur. Film bunu ssenari üzrə təqdim etsə də, vurğulamır. Əlbəttə öz işidir, amma film ümumiyyətlə heç nə demir. O, yalnız mənzərə gözəlliklərinin ardıncadır. Dastanın dili ilə desək, “Mahmud və Məryəm” filmi hələ “Ərzurumun gədiyində” qalıb...

Qismət: Milli təbliğat vasitəsi

“Bizim kinomuz nə qədər ki, yeri gəldi-gəlmədi, uğursuz formada milli mesaj verməkdən əl çəkməyəcək, hələ çox illər böyük büdcələri havaya sovuracağıq. Filmdə, fikrimcə, qayçı yerləri həddindən çox gözə dəyirdi. Kəsəsi, bir-iki aktyor oyununu çıxmaq şərtilə, filmi bəyənmədim”.

Damara işləyən söhbətlər

Cavid Zeynallı: “Məncə, Azərbaycan kino sənayesinin hazırkı vəziyyətini nəzərə alsaq, “Mahmud və Məryəm”i uğursuz film hesab etmək olmaz. Son illərdə çəkilən bir neçə tarixi filmdən bəzi üstünlükləri ilə seçildi. Filmin vizual ekran effektlərini, geyimləri, aktyor oyununu müsbət dəyərləndirirəm. Təəssüf ki, ümumən, çağdaş filmlərimizin ən böyük qüsurlarından olan dramaturgiya problemindən “Mahmud və Məryəm” də sığortalana bilmədi. İki saatlıq filmdə peşəkarlar bir tərəfə, orta statistik tamaşaçını “tərpədən, damarına işləyən” uğurlu səhnələr sanki xəsisliklə işlənmişdi. Söhbət isə sevgi filmindən gedir. Filmin ən böyük qüsurlarından biri dublyaj məsələsi idi. Səsləndirmə süni, fondan eşidilən təsiri bağışlayırdı. Şamil Süleymanovun (Mirzə Salman) rolunun səsləndirilməsi haqqında isə, danışmağa dəyməz. Ən uğurlu aktyor oyununu Aras Bulut İynemli (Mahmud), ən uğursuz oyunu Məlahət Abbasova (Qəmərbanu) göstərdi.

Filmdə Çaldıran döyüşü haqqında olan dialoqları, səhnəni izləyəndə “axı nə dəxli var?” deməkdən savayı yol qalmır. Bu məsələnin uğurlu süjet həllini tapmaq mümkün olsaydı, başqa məsələ. Di gəl, rejissor yozumu üzdən aparıldığı üçün bu arzumuz da ürəyimizdə qaldı. İkinci məsələ erməni amilinin ümumiləşdirilib xristian-müsəlman kontekstində təqdim olunmağıdır. Bu məsələdə mənim kimi “humanist və başadüşən” tamaşaçı məcburiyyət üzündən anlayış göstərsə də, sənətin və tarixin bu qədər humanist olacağına inanmıram.

Hər halda, “Mahmud və Məryəm”ə uğurlu ekran taleyi arzu edirəm. Ümid edək, tamaşaçı çoxluğu mənim gördüyüm qüsur və problemləri vecinə almayıb, sevimli filmi kimi bu ekran əsərini yaddaşının bir küncünə yazacaq”.

Ağa Cəfərli: Kərəmin yanmaqlığı

“Əsli və Kərəm" dastanını, "Mahmud və Məryəm" romanını oxumuş, "Əsli və Kərəm" operasına baxmış biri kimi mənim üçün daha çox o maraqlı idi ki, filmdə Mahmudun yanması səhnəsi necə veriləcək, rejissor maraqlı bir ideya tapa bilibmi? Ümidlərim doğrulmadı, final multfilmi xatırlatdı”.

Tanınmış kinoşünas Ayaz Salayev AzNews.az-a “Mahmud və Məryəm” haqqında açıqlama verməkdən imtina edib: “Xahiş edirəm, beləcə də yazın. Mən bu suala cavab verməkdən imtina edirəm. Belə də yazın”.

# 9471 dəfə oxunub

Müəllifin son yazıları

# # #