Yazıçılar hansı seriallara baxır? SORĞU

Yazıçılar hansı seriallara baxır? SORĞU
7 oktyabr 2013
# 14:39

Sənət adamları arasında seriallara münasibət birmənalı deyil. Əksəriyyət serialları ciddi sənət nümunəsi kimi qəbul etməsə də dünyanın hər yerində seriallara maraq çoxdur. Üstəlik bu maraq getdikcə artmaqla yanaşı serialların keyfiyyəti, əhatə elədiyi mövzular da artır. “Kurtlar vadisi”, “Möhtəşəm yüz il”, “Öyle bir keçer zamanki” və müxtəlif serialların hesabına hər gün televiziya qarşısına milyonlarla insan yığışır.

Reytinq baxımından teleseriallar bütün incəsənət növlərini, prozanı, teatrı hətta filmi belə geridə qoyur.

Məşhur yazıçı Salman Rüşdi teleserial ssenarisi yazır və bunu serialların müasir roman olduğu ilə izah edir.

Bəs bizim yazıçılar necə, onlar da serial tamaşaçısı ordularının tərkibində iştirak edirlərmi? ”Kulis.Az ın apardığı “Yazıçılar seriallara baxırlarmı?”sorğusu da bu barədədir.

Qan Turalı: “Dram mövzulu teleserialları sevmirəm. Buna görə də seçim imkanlarım məhdudlaşır. Mütəmadi baxdığım iki serial var, “Yalan dünya” və “Qalip Dərviş”. Başdan sona baxdığım yeganə teleserial isə “İşlər-Güclər”di. Bu yay onun 40 seriyasına baxdım. Obsessif kompulyasiya xəstəliyindən əziyyət çəkən Qalip Dərviş detektivdir. “Yalan dünya” və “İşlər-Güclər” teleserialları sənət dünyasını təsvir etdiyi üçün mənə maraqlı gəlir”.

Aqşin Yenisey: “Bir-iki türk serialına hərdən baxıram. “Leyla və Məcnun”, “Səksənlər”, “Cocuqlar duymasın”. Bunun da iki səbəbi var: birinci, beş-altı aydır ki, işsizəm, evdar arvada dönmüşəm. İkincisi isə, bu serialların ssenarisi istedadlı qələmin məhsuludur. Son vaxtlar bizim televiziyalar da başlayıblar “çəkməyə”. Amma az qonorar versinlər deyə ssenariləri ya olmayan istedadları ilə özləri yazırlar, ya da təsadüfi adamlara yazdırırlar. Nə intellekt var, nə yumor hissi var.

İnanın, o gün yeni bir serialımıza baxırdılar evdə, hirsimdən nə təhər beynim çöndüsə, saldım televizoru şillə-təpiyin altına, güclə əlimdən aldılar. Uşaq vaxtı isə italyanların çəkdiyi “Komissar Kattani” serialına baxırdım. Etiraf edim ki, hərdən ürəyimdən yüngül mətnlər yazmaq, yaxud oxumaq keçir. Ona görə ya Qoqolu, Mirzə Cəlili, Çexovu, Əziz Nesini oxuyuram, ya da adını çəkdiyim seriallara baxıram”.

Şərif Ağayar: “Azərbaycan filmlərinə və seriallarına baxa bilmirəm. Ümumiyyətlə, bizim televiziyalara – bəzi zəruri xəbər və verilişlər istisna olunmaqla, demək olar ki, baxmıram. Türk seriallarından isə bəyəndiyim “Çocuqlar duymasın”dır. Gərgin vaxtlarımda, yorğun olanda bu serial iyi gəlir. Amma yeni sezonda zayını çıxarıblar. Yazarları da dəyişib mən bilən. Serialın ilk buraxılışları çox gözəl idi. Ssenarisi istedadla yazılmışdı və demək olar ki, tutmayan zarafat və dialoq yox id. Türkiyədə belədir dəəə... Serial çəkilir, uğur qazandımı, başlayırlar “xalturaya”...

Bəzən “Mutəşəm yüzyıl”a sadəcə aktyor oyunlarına görə baxa bilərəm. Yoxsa o hərəm söhbətləri çox bayağıdır.

Amma ardıcıl bütün bölümlərini izlədiyim, bilmirəm serial demək nə qədər doğrudur, dostum Yılmaz Ərdoğanın “Çok gözəl hərəkətlər bunlar” layihəsidir. Dostum sözü sizi çaşdırmasın. Hamı onun haqqında bu sözü işlədir. Mən də özümə dost bilirəm Yılmaz abini. Dəyərli sənətçidir.

Gözəl xanımlar üçün rus, Meksika və Braziliya seriallarına da göz atdığım olub. İspan xanımları da pis deyil. Qanım qaynayır onlara... Gözəl qadınlar mənə ruhani sakitlik verir. Amma onlardan həmişə uzaq durmaq şərti ilə... Yaxından əsəb və həyəcan verirlər”.

Mirmehdi Ağaoğlu: “Uşaq vaxtı mən də Latın Amerikası seriallarının həvəskarı olmuşam, maraqla baxmışam. “Sadəcə Mariya”, “Marianna”, “Tropikankanın sirri”, “Varlılar da ağlayır”, “Mehriban düşmən” mənim də həyatımdan keçib. Hətta məktəb vaxtı özümü “Mehriban düşmənin” baş qəhrəmanına bənzədirdim, onun kimi geyinmək filan, saç düzümü. Sonralar türk seriallarına baxdım. Kadir İnanırla Gülben Ergenin oynadığı “Marziye” serialına baxıb ağlayanlardan olmuşam.

İllər keçdi, mən gördüm ki, xüsusən türk seriallarında rejissorlar, ssenaristlər istədiklərini edirlər. Əsərin sonluğunu istədikləri kimi dəyişirlər. Məsələn, hansısa aktyor serialdan gedən kimi onun rolunu dəyişir, ya süjetin axarını əyirlər.

Bundan sonra dedim bir şeyi ki, belə asan dəyişmək olur daha niyə baxıram?

Artıq neçə ildir demək olar ki, seriala baxmıram, vaxtım yoxdur. Ancaq çalışıram ki, ya boşluq zamanı televiziyanın qarşısındayamsa sitkomlara, komediyalara baxım. Həyatımızın bu qədər gərgin olduğu bir dövrdə dramatik seriallara baxmağı əlavə stress hesab edirəm”.

Sevda Sultanova: “Serial mənim üçün stress atmaq vasitəsidir. Müntəzəm baxa bilməsəm də, vaxtım olduqca izləməyə çalışıram. Əsasən türk seriallarını - “Dila xanım”ı, “Aramızda kalsın”ı, “Mərhəmət”i izləyirəm. “Çalıquşu”nun yeni versiyası hələ ki, necə deyərlər, içimə sinmir. Bu romanı yenidən ekranlaşdırmaqla şirkət riskə gedib. Amma çəkilişlər çox keyfiyyətlidir. Ümumiyyətlə, türk serialları ildən ilə keyfiyyətini artırır”.

Svetlana Turan: “Əslində, televizora baxmağı sevmirəm. Serial həvəskarı isə heç deyiləm. Amma Facebook dostları tərəfindən çox tərifləndiyini görüb "Yalan dünya"ya baxdım və serial xoşuma gəldi. Əvvala, komediya janrını istirahət vasitəsi kimi çox sevirəm, bu serialda səslənən yumor isə güldürməyə bilməz.

Bundan başqa yenicə başlamış "Çalıquşu"nun ilk iki seriyasına baxmışam, ancaq sırf əvvəlki məşhur serialla yeni çəkilənin arasında paralellər aparmaq üçün. Hələ ki, elə də xoşuma gəlmir. Baxmağa davam edib-etməyəcəyimi bilmirəm. Azərbaycan seriallarına isə, ümumiyyətlə, baxmıram”.

Rəbiqə Nazimqızı: “Teleseriallara baxmaq imkanlarım çox olmur. Amma evdə anam izləyir deyə hərdən türk kanallarından gedən "Karadayı"dan, "İntiqam"dan və başqa seriallardan epizodlar görürəm. İmkanım olsaydı, yəni evdar qadın olsaydım, "Möhtəşəm yüz yıl"a baxmağa çalışardım. Tarixi mövzular məni çəkir - serial formasında olsa belə.

Yerli seriallardan son vaxtlar "Sirr"i izlədim, mətn olaraq sevməsəm də, aktyor oyunu maraqlı idi. Etiraf edirəm, bəzən filmdən daha çox aktyoru, onun oyununu izləyirəm. Zövq məsələsini kənara qoysaq, dialoqların səmimiliyinə önəm verirəm. İstər rejissor işi, istərsə də, süjet, dramaturgiya, rejissor işi və aktyor oyunu baxımından, yerli seriallardan Rövşən İsaxın çəkdiyi "Pərvanələrin rəqsi"ni uğurlu hesab edirəm. Bu dəqiqə heç bir serialı izləmirəm. Amma hansısa detal təsadüfən diqqətimi çəksə və vaxtım olsa, baxa bilərəm. Depressiyadan ən yaxşı xilas yoludur seriala baxmaq”.

Elmin Həsənli: “İki seriala baxıram: Türkiyə kanallarından gedən "Yalan dünya" və "Qalip Dərviş". Birincisi sitkomdur, ikincisi isə komediya və detektivin qarışığıdır. Çox mənfi enerji ötürdüyünə görə dramatik seriallara baxa bilmirəm. Üstəgəl, bu cür seriallarda hadisələr seriyadan-seriyaya bir-birini izlədiyinə görə məcbursan hər bölümə baxasan. Amma sitkomlarda bu cür problem yoxdur”.

Aysel Əlizadə: "Əvvəllər “Coçuklar Duymasın”, “Yahşı Cazibe” seriallarına baxırdım. İndi isə vaxtım yoxdur, hövsələm daralır, baxa bilmirəm".

Qismət: “İndi çoxlu romantik seriallar var, bəziləri tarixilik libası geyinmiş ağlaşmadır, bəziləri modernlik əlbisəsi geyinmiş mərsiyə. Çox az serial var ki, maraqlıdır, əksəriyyətini izləyə bilmirəm, belə deyək ki, rastıma düşür, bir az baxıram, sonra bir də yadıma düşmürlər. Davamlı izlədiyim “Yalan dünya” serialıdı. Gülsəl Birsəlin həm ssenarist, həm aktrisa kimi talantı təqdirəlayiqdi. Bir də ki, ümumən bu serialın aktyor heyəti çox güclüdür. Yumoru da səviyyəlidir. Vaxtilə eyni heyətin “Avrupa yakası”nı da izləyirdim. Hə, bir də illər əvvəl Çağan Irmakın “Çemberimde Gül Oya” adlı bir serialı vardı, o serialda mənim üçün çox maraqlı olan bir dövr - 80-ci il Türkiyəsi, 12 sentyabr hadisələri öncəsi çox maraqlı rakursdan təqdim olunmuşdu. Strukturu, musiqiləri də yaxşıydı. Ümumən isə daha çox yumoristik-ironik proyektləri sevirəm”.

Sevinc Çılğın: “Seriallara baxıram. Serial saatı mənim istirahət saatımla üst-üstə düşür. Axşam 11-də işim bitir. Uşaqlar yatır və mən bir saat beynimin və bədənimin yorğunluğunu almaq istəyirəm. Hərəkət etməyə halım olmur. Bu vəziyyətdə televiziyaya baxmaqdan başqa variantım olmur.

Beren Saatın oynadığı bütün seriallara baxıram. Hazırda “Muhteşem yüz il”ı və “Çalıkuşu” seriallarını izləyirəm. Bir də İlqar Fəhminin ssenarisi əsasında çəkilən “Çaqqal nəfəsi”nə baxıram. Baxdığım seriallar təkcə ssenarilə deyil, həm də operator və rejissor işi ilə diqqətimi çəkir deyə izləyirəm. Bildiyiniz kimi mən televizyonçuyam, bu mənada yaxşını pisdən asanlıqla ayırıram və bəsit işlər əsəblərimə toxunur deyə qeyri-peşəkar, səhvi bol olan filmlər məni qıcıqlandırır”.

Cəlil Cavanşir: "İndiyəcən həvəslə izlədiyim yeganə serial "Behzat Ç" olub. "Adanalı" serialının bəzi seriyalarını izləmişəm. Vaxt tapanda "Kurtlar Vadisi Pusu"ya da baxıram. Hərdən oğlum "Tatar Ramazan"a baxmağa məcbur edir. "Behzat Ç"nin ciddi həvəskarı olmuşam.

Bu serialı çəkən komanda hansı işi görsə yenə də həvəslə izləyərəm. Azərbaycan seriallarından isə "Pərvanələrin rəqsi" serialının bir neçə seriyasını izləmişəm. Təəssüf ki, Azərbaycan serialları o qədər sönük çəkilir ki, digər serialların adını da bilmirəm. Ümumiyyətlə, seriala baxmaq üçün boş vaxt lazımdır. Mən isə boş vaxtımda serialları yox, dostlarla seriallardan daha maraqlı və gərgin süjetə malik görüşləri seçirəm”.

Sahilə İbrahimova: “Arada buraxdığım seriyalar olsa da, “Muhteşem yüz yıl”a baxıram. “Çalıquşu”nun ilk 2 seriyasına baxdım. Mənə elə gəlir, daha izləməyəcəm. Yəni, ekranlaşmanı pis saymasam da, ikinci seriyada darıxdım. Təsadüfən yerli serialımızın – “Sonuncu fəsil”in ilk seriasına baxdım, bəyəndim.

İş vaxtımla üst-üstə düşsə də, çalışacam internetdə davamına baxım. Bir də bu aralar xarici cizgi filmlərə baxmağı planlaşdırıram. Cizgi filmlərinə dırnaqarası baxmaqla səhv etmişəm. Boşluğu doldurmaq istəyirəm. Hələ ki, seçim etməmişəm. Təkliflər olarsa, məmnuniyyətlə dəyərləndirərəm”.

Cavid Zeynallı: “Xüsusi olaraq hansısa serialı izləmirəm. Buna nə həvəsim, nə də vaxtım var. Şam yeməyində yoldaşım və qardaşım hansısa serialı izləyirsə, bütün etirazlarıma baxmayaraq, səs azlığı ilə onlara müticəsinə məğlub olub, həmin seriala dözmək məcburiyyətində qalıram.

Onu bilirəm, bizim evdə yerli serialları izləmirlər. Əvvəllər bir-iki istedadlı gənc aktyora görə rast gələndə “Aramızda qalsın”a baxırdım, sonra onun da daşını atdım. “Muhteşem yüz yıl”, “Zengin kızla fakir oğlan” serialları “məğlub saatlarım”a təsadüf edərsə, 10-15 dəqiqə izləyirəm, sonra yenə öz işlərimlə məşğul olmağın peşinə düşürəm.

Hə, bir də “Seksenler” və “Doksanlar”a baxırdım, indi xəbərim yoxdur bitib, ya davam edir. O gün bir türk serialı verirdilər, o qədər primitiv, səviyyəsiz çəkiliş idi, dedim, bizimkilər beləsini çəkəndə ağız büzürsünüz, amma indi gözünüzü ekrandan çəkmirsiniz.

Rayona yolum düşəndə insanların serial sevgisi məni doğrudan-doğrudan heyrətləndirir. Özü də bu, özündən müştəbehlik edib kütləni bəyənməmək, ona yuxarıdan aşağı baxmaq azarından qaynaqlanmır, sadəcə, adamların həyatında boş qalan vaxta təəccüblənirəm. Məsələn, adam var, altı serial izləyir. Mənə ən çox acıq gələn məktəbli qızların seriallara xəstəcəsinə aludə olmağıdır. Adam beş kitabın adını dalbadal saya bilmir, serial adı soruşanda on beşini yan-yana düzür. Bircə şeyi bilirəm: serial bekarçılıq əlamətidir. Təxminən Facebook kimi avara bir şey. Məsələ ondadır ki, bu avaraçılığın birinə aludə olub “zərərli” olsa da həzm edirəm, o birini mədəm götürmür”.

Könül Həsənqulu: “"Qaraçı qanı" adlı Argentina serialını zövqlə izləyirdim. Bu serialda qaraçı adətləri, geyimləri, fərqli, kəskin xarakterləri mənim diqqətimi çəkirdi. Başqa seriallara baxa bilməmişəm nədənsə. Filmləri üstün tuturam, əsasən fransız filmlərini”.

# 5787 dəfə oxunub

Müəllifin son yazıları

# # #