Yaşar Nurinin xatirə gecəsi keçiriləcək

Yaşar Nurinin xatirə gecəsi keçiriləcək
14 noyabr 2016
# 16:34

Noyabrın 15-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. APA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq.

Xatirə gecəsinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.

Mərasimdə Y. Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş olunacaq, sənətkarın dostları xatirələrini bölüşəcəklər. Gecədə eyni zamanda Y. Nurinin sevdiyi mahnılar səslənəcək.

Qeyd edək ki, Y. Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında Akademik Milli Dram Teatrında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb.

1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə bu kollektivin aktyor truppasına qəbul olunub. Y. Nuri Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət mükafatları və təltiflərə layiq görülüb.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib.

# 1030 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #