“Məhəllə” də olmalıdır, Varis də"

“Məhəllə” də olmalıdır, Varis də"
22 may 2013
# 11:05

Kulis.Az Sevda Sultanovanın "Ədalət" qəzetindən Samirə Əşrəfə verdiyi müsahibəni təqdim edir.

- Sevda, özünü oxuculara necə təqdim edərdin? Yazıçı, jurnalist, yoxsa kino tənqdçisi kimi...

- Dünyada çox məşhur kino tənqidçisi var ki, onlarla müqayisədə mənim biliklərim, analizlərim kölgədə qalır. Bu mənada kino tənqidçisi deyiləm. Sadəcə jurnalist, yazar.

- Adını xatırlamıram, məşhur yazıçılardan birinin belə bir fikri vardı ki, "film çəkilən zaman yazıçı filmdəki çarxın bir dişindən ibarət olur". Bu fikrə münasibətin necədir? Filmdə mətn, ssenari nə dərəcədə rol oynayır?

- Bu fikir çox güman ki, ssenarist barəsində deyilib. Baxmayaraq ki, kino kollektiv bir işin məhsuludur. Ancaq belə yayılmış fikir var: "Kinonun bir tanrısı var, o da rejissordu". Filmin əsas ideyası, quruluşu, əhvalatın necə nəql olunması rejissorun üzərinə düşür. Rejissorun ssenarini istədiyi kimi ekranlaşdırmaq hüququ var. Çünki, son nəticədə ssenariyə həyat verən rejissordu, ssenarist deyil.

Buna görə də bəzən rejissorlarla ssenaristlər arasında konflikt baş verir. Hətta fransız "Yeni dalğa" cərəyanının nümayəndələrindən səhv etmirəmsə, Qodarın sözüdür ki, "ssenarini kinoya olduğu kimi köçürmək olmaz". Qodar film çəkərkən, bəzən, əvvəlcədən hazırlanmış ssenarisi olmurdu. Ssenarini elə çəkiliş meydançasında düşünürdü. Söhbət bir yazıçının əsərini ekranlaşdırmaqdan gedirsə, bu halda ya rejissor romanın strukturunu saxlayaraq onu səliqəli ekranlaşdırır, ya da romanın hansısa motivindən istifadə edərək əhvalata öz baxışını təklif edir. Məsələn, "İngilis pasiyenti" filminin rejissoru Entoni Mingella kimi.

- Müasir ədəbiyyatımızda belə bir fikir var ki, 2000-ci ildən üzü bəri gələn yeni ədəbi nəsil ədəbiyyatı kolxozçu, geridə qalmış mövzulardan xilas etdi. Yeniliklərə imza atdı. Bəs səncə, Azərbaycan kinosu kolxozçuluqdan, köhnəçilikdən xilas ola bildi?

- Qismətin Nabokov haqda yazısının əvvəlində belə fikir var: "Azərbaycanda hamı şeiri Səməd Vurğun, romanı Tolstoy kimi yazmağa cəhd etdiyi vaxtlarda dünya ədəbiyyatında Azərbaycana havası dəyməmiş modernizm cərəyanı ömrünü başa vurmaqda və postmodernizm deyilən yeni cərəyan formalaşmaqda idi". Bu fikir Azərbaycan ədəbiyyatına kəsilmiş ölüm hökmüdü. Bunu kinoya da aid etmək olar. Ancaq yenə də müasir ədəbiyyatımızda yeni tendensiyalara cəhd, uğurlu əsərlər var. Lakin kinomuzun bədbəxtçiliyi ondadı ki, həmin modernist tendensiyalar kinoda ümumiyyətlə, yer almayıb.

Bizim rejissorlar çox ənənəçidirlər. Çoxunun Azərbaycan ədəbiyyatından ümumiyyətlə xəbəri yoxdu. Dünya ədəbiyyatını çox zəif bilirlər. Dünya kinosunda hələ əllinci, altmışıncı illərdə meydana gələn yeni ifadə formalarından, estetikalardan istifadə olunmur. Bəzi əcnəbi rejissorlar kimi, bizim də rejissorlarımızda "tarkovşina" xəstəliyi baş alıb gedir. Onlar anlamaq istəmirlər ki, uzun plan, dayanıqlı kamera, meditativ temporitm hələ sənət demək deyil.

- Kimləri misal çəkə bilərsən?

- Dünya kinosundan Brüno Dyumon, Karlos Reyqadas, Semih Kaplanoğlu imitatordular. Bizim kinoda Şamil Əliyevin "Çölçü", Yavər Rzayevin "İlahi məxluq" filmlərini misal çəkə bilərəm. Bu filmlər Antonioni və Tarkovski estetikasının uğursuz yamsılanmasıdır. Bizim rejissorlar yeni ifadə formalarından, eksperimentlərdən qorxurlar.

- Tarixi, eləcə də Qarabağla bağlı filmlərin çəkilməsinə səncə hal-hazırda nə dərəcədə ehtiyac var?

- Belə bir fikir var ki, müharibə haqqında filmlərin çəkilməsi üçün müharibədən əlli, yüz il vaxt ötməlidir. Amma bu, klişedir. Məsələn, Bosniya müharibəsi yaxın bir tarixdi. Bosniyalı rejissor Yasmila Jbaniçin bu müharibədə zorlanmış bir qadının taleyini anladan "Grabvica" dramı 2006-cı ildə Berlin Kino Festivalında baş mükafat alıb.

Müharibə filmi təkcə döyüş səhnələrinin olduğu film demək deyil. Müharibədən əziyyət çəkən ayrı-ayrı insanların taleyinin ekrana gətirilməsi tamaşaçıya daha çox təsir edir. Bu mənada bir insanın taleyini çəkmək üçün yüz il sonraya ehtiyac yoxdur.

Qaldı ki, tarixi filmlərə, bu tip filmlərin indi çəkilməsi yanlışdır. Birinci Azərbaycanda kiçik, normal büdcəli, keyfiyyətli filmlərlə kino bazarı formalaşmalı, təcrübə toplanmalı, kinomuz dünyada öz imicini yaratmalıdı. Və bundan sonra böyük büdcəli tarixi filmlərə yer vermək olar. Başqa bir problem isə budur ki, indi çəkilən tarixi filmlər sovet təfəkkürlü insanlara həvalə edilir. O insanlar da köhnə ənənələrlə, klassik düşüncə ilə tarixi film ssenarisini yazırlar. Köhnə metodlarla çəkilmiş filmlər müasir tamaşaçıda maraq yaratmır.

- Bir çox insanlar “art house” filmlərini anlamaqda zorluq çəkirlər. Kinoşünaslar isə bu filmlərin kütlə üçün çəkilmədiyini qeyd edirlər.

- Bilirsənmi, “art house” filmlər haqqında bizdə çox yanlış təsəvvürlər var. “Art house” deyəndə nəsə süreallist, anlaşılmaz, çox mürəkkəb bir şey düşünürlər. Geniş auditoriyası olan “art house” filmləri var. Məsələn, Tarantinonun "Kriminal qiraət" filmi. Təbii ki, elə filmlər var ki, onun publikası çox azdı. Bu, ədəbiyyatda, rəssamlıqda, musiqidə də belədir.

Yadıma düşmüşkən qeyd edim, rejissor Cüzeppe Tornatorenin "Yeni kinoteatr Paradiso" filmində İtaliyanın bir əyalətində insanların kinoya sevgisindən danışılır. İnsanlar filmlərə baxır, sonra müzakirə edirlər. Günlərin bir günü kinoteatrda Antonioninin filmi nümayiş olunur. İnsanlar o filmə baxdıqdan sonra çox qəribə bir vəziyyət yaranır. Çünki, onlar filmdən heç nə anlamırlar...

Yəni dünyanın hər yerində belə problem var. Amma keyfiyyətli filmin auditoriyası həmişə olacaq.

- Bir çox filmlər var ki, çox qəddarcasına çəkilib. Səncə, hazırlıqsız tamaşaçı həmin filmlərə baxıb tələyə düşməmək üçün nə etməlidi?

- Çoxlu film izləməlidir. Mən özüm indi o cür filmlərə rasional baxıram. Yəni baxa-baxa həmin filmi təhlil edirəm. Bu barədə məni sarsıtmaq bir az çətinir. Ancaq yenə də elə filmlər var ki, nə qədər rasional olsam da, sarsılıram. Sonuncu dəfə belə bir film Tom Tıkverin "Üç" filmi olub. İndi çox vaxt iyirminci, otuzuncu illərin filmlərinə baxıram. O filmlərə ki, baxmağa vaxtım olmayıb.

- Sənin özünün kino zövqünün formalaşmasında rol oynayan, eləcə də sevdiyin rejissorlar kimlərdi?

- Əslində hər bir yaxşı film mənim üçün təcrübədi. Amma altı-yeddi rejissor var ki, onların yaradıcılıqlarını daim izləyirəm. Pedro Almadovarın ekssentrizmini, rəng eklektikasını, obrazlarının son dərəcə ekstravaqantlığını, Trierin fəlsəfəsini, həyata baxışını, cəsarətli eksperimentlərini, Jan Lyuk Qodarin filmlərinin strukturunu, ifadə formalarını sevirəm. Andrey Zvyagintsev, Cim Carmuş, Allen, Pol Anderson və Tom Tıkver də sevdiklərim sırasında olan rejissorlardandır.

- Bir dəfə səninlə söhbət edəndə demişdin ki, Azərbaycanda film sahəsinin dirçəlməsi üçün pis-yaxşı ssenarilər yazılmalı, filmlər çəkilməlidi. Son vaxtlar çəkilən filmlərdəki çox saylı qüsurları gördükdən sonra yenə də həmin fikrində qalırsan?

- Təəssüf ki, həmin söhbətdən üzü bəri heç bir yaxşı dəyişiklik baş verməyib. Amma yenə də o fikrimdə qalıram. "Fokus" jurnalında böyük rejissorların master-klassları yayımlanır. Hansını oxusanız, bu fikirlərlə rastlaşacaqsınız: Ən əsası cəsarətli olmaqdır. Xüsusi ilə ifadə formalarında. Rejissorun deməyə sözü yoxdursa, o üslub, forma axtarışlarında tənbəldirsə, kinomuz dirçəlməyəcək.

- Bu yaxınlarda yolum Cəfər Cabbarlı adına kinostudiyadan düşdü. Həmin bina dəhşətli dərəcədə uçuq-sökük, baxımsız bir vəziyyətdəydi. Kinomuzun bugünkü maddiyyat böhranını həmin kinostudiyalarda, şadlıq evlərinə, mebel salonlara çevrilmiş kinoteatrlarında axtarmaq lazımdırmı?

- Kinoteatrların başqa təyinatlı salona çevrilməməsi üçün tamaşaçı kinoteatra getməli və bunun üçün kütləvi filmlər istehsal olunmalıdı. Yəni tamaşaçıları kinoteatra cəlb etməkdən ötrü. Necə ki, Türkiyədə məsələn, kutləyə hesablanmış melodramlar çəkilir. Onlar sırf yerli bazara hesablanır. Həmin filmlərdən gəlir əldə edilir. Və sonra prodakşnlar qazanılmış pullara keyfiyyətli “art house” filmlər çəkib xarici bazara çıxırlar.

Bizdə tarixi filmlərə ayrılan külli miqdarda pul obyektiv şəkildə yaradıcı, istedadlı, yenilikçi rejissorlara verilməlidir, gənclərə öz potensialını göstərmək üçün maksimum şərait yaradılmalıdır.

Kinonun daha bir problemi vergidi. Axı, indi kino nə gəlir götürür ki, vergi də ödəsin. Dövlət tərəfindən böyük güzəştlər edilməlidi.

- Kino çəkmək üçün mütləq böyük məbləğ lazımdır?

- Kiçik büdcələrlə də çox yaxşı filmlər çəkmək mümkündür.
Kristofer Nolan altı min dollara film çəkmişdi və Kannda mükafat almışdı. Yaxud da Devid Linç 10 min, Robert Rodriges 7 min dollara filmlər çəkiblər. Amma çox rejissorlar iyirmi min, otuz min dollara qısa metrajlı film çəkirlər, ortalıqda isə heç nə yoxdur. İdeyasını keyfiyyətli gerçəkləşdimək üçün rejissor yaradıcı baxımdan alternativlər axtarmalı, bayaq dediyim kimi yenilikçi olmalıdır.

- Biz həmişə problemlərdən danışırıq. Amma nəticələr elə olduğu kimi qalır. Səncə, nə etmək lazımdır ki, oxucu kitab oxusun, tamaşaçı filmlərə, tamaşalara getsin?

- Yeri gəlmişkən bir məsələyə də toxunmaq istəyirəm. Kimsə yüngül əsər yazırsa və yaxud da "Məhəllə" kimi filmlər çəkirsə buna istehza edirlər. Hamıdan Trierə baxmağı və yaxud da Orxan Pamuku oxumağı tələb etmək olmaz.

Demək istədiyim odur ki, kütləvi oxunan Varis kimi yazıçıların olmağı və ya kütləvi baxılan "Məhəllə" filmlərinin çəkilməsi normaldır, bu cür əsərlər kitab, kino bazarını hərəkətə gətirir. İnsanları oxumağa vadar etmək üçün bazarı hərəkətə gətirən əsərlər yazılmalı və çəkilməldir.

- Kimləri oxuyursan müasir ədəbiyyatımızdan?

- İndi daha çox analitik mətnlər oxumağa üstünlük verirəm. Gözlərimlə bağlı problemlərim olduğu üçün çox kitab oxuya bilmirəm. Ən çox oxunan romanların ekran variantlarına baxıram. Bu yaxınlarda Murakaminin "Norveç meşəsi" filminə baxdım. Film çox zəif çəkilib. Amma əminəm ki, əsər filmdən qat-qat güclüdü.

İndi Cavid Zeynallının "Günəşi gözləyənlər" romanını oxuyuram. Kənan Hacının da sonuncu kitabını bitirdim. Məncə, "Yağ kimi" romanı daha yaxşı idi. Seymur Baycanın "Quqark" romanını çox sevirəm. Şərif Ağayarın "Harami" romanı da ciddi əsərdir. Svetlana Turanın "Tamaşa" adlı hekayəsindən zövq almışdım.

- Özün necə, nə vaxtsa roman yazarsan?

- Yox, mənim roman yazmaq istedadım yoxdu. Bir neçəsi istisna olmaqla, digər hekayələrim zəifdir. Hətta ötən il "Azadlıq" radiosunda üçüncü yer almış "Tarkovski" hekayəm də indi çox zəif hesab edirəm (gülür). Hekayəmin üçüncü yer tutmasına təəccüblənirəm.

- Bir az da kinoyla bağlı olan gələcək arzularından danış...

- Son bir ildə məni ekzistensial fikirlər çox yorur. Eləcə də bir çox işlərdən soyudur. Bu fikirdən xilasın ən doğru yolu işləməkdir. Yəni yaradıcılıq bir növ mənim üçün stimuldu. Həyat mənbəyini daha çox onda görürəm. Kino məni yormur. Film çəkməklə bağlı konkret planlarım var.

# 3250 dəfə oxunub

Müəllifin son yazıları

# # #