Milli Kino Günü qeyd olundu

Milli Kino Günü qeyd olundu
3 avqust 2016
# 00:05

Bu gün Nizami Kino Mərkəzində Milli Kino Günü qeyd edilib.

Kuliz.Azın xəbərinə görə, tanınmış sənət adamlarının və media nümayəndələrinin qatıldığı tədbir milli kinoyla bağlı hazırlanmış qısa videoçarxla başlayıb. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kinematoqrafçıları milli kimomuzun 118-ci ildönümü münasibəti ilə təbrik edərək, son illər kinematoqrafiya sahəsində əldə olunan uğurlardan danışıb. O, ölkə başçısının müvafiq sərəncamı ilə fəxri adlara layiq görülən kino işçilərini də təbrik edib.

Nazirliyin sektor müdiri Yusif Şeyxov bu il kino sahəsində fərqlənən kino işçilərinə pul mükafatları təqdim edib. Eyni zamanda, “Azanfilm” studiyasının keçirdiyi çizgi filmlərinin ssenari müsabiqəsinin qalibi bəlli olub. Bu yerə yazıçı Sevinc Nuruqızı layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalqa artisti Şərfiqə Məmmədova çıxışında rəhbərlik etdiyi qurumun ənənəvi illik mükafatının bu il qocaman rejissor Eldar Quliyevə verildiyini bildirib. Sonra ilin yubilyarları haqqında danışaraq onları təbrik edib, ad günlərində xüsusi mükafatlara layiq görüldüklərini söyləyib. Yubilyarlarla yanaşı kino veteranlarını da yada salaraq onların heç vaxt unudulmadığını, həmişə diqqətdə saxlandığını qeyd edib.

Kinoşünas, rejissor Ayaz Salayev nazirliyin dəstəyi ilə həyata keçirdiyi “Qarbağın həsrət salmnaməsi” adlı internet layihəsindən danışıb. Çıxışdan sonra layihənin bir neçə videoçarxı nümayiş olunub.

Sonda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan 4 qısametrajlı filmin təqdimat olub. Filmlərin nümayişindən əvvəl yaradıcı heyət səhnəyə çıxaraq ürək sözlərini və təəssüratlarını bölüşüb.

Milli Kino Günü “Qara bağ”, “Hədiyyə”, “Onun atası” və “Postskriptum” filmlərinin nümayişi ilə başa çatıb.

“Qara bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərovdur. Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov canlandırırlar.

“Hədiyyə” filminin quruluşçu rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı canlandırırlar.

“Onun atası” filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.

“Postskriptum” filminin quruluşçu rejissoru Emin Mirabdullayev, ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Səid Qəni, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə baş rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat canlandırırlar.

Xatırladaq ki, Milli Kino Günü 2000-ci ildən hər il avqustun 2-də qeyd olunur.

# 1165 dəfə oxunub

Müəllifin son yazıları

# # #