Rəhman Əlizadə – söhbət

Rəhman Əlizadə – söhbət
16 mart 2014
# 18:36

Kulis.Az A. Şaiq adına Kukla Teatrının aparıcı səhnə ustası Cəmilə Allahverdiyevanın məqaləsini təqdim edir.

...Olur ki.., həyatda “son”a doğru irəllədikcə qeyri-ixtiyari – gözüaçıq... gözyumulu görülən zəruri yuxular.., işdə, əməldə, sənətdə yetişən məqamlar.., çatdığın -, amma yerə sığmayan, sözə gəlməyən fikirlər “haqq”ın özünü, “əbədi gerçəkliyə” doğru – hər beyinin çata bilmədiyini.., ruhunun tuta bilmədiyini – fərdi tamaşa, mizan kimi əvvəlcədən qururmuş...

...İl ötdü...qəribədir,– DƏRD.., YETİMLİK DUYĞUSU.., BOŞLUĞA YUVARLANMAQ... – bunlar isti-isti idarə olunurmuş.., ƏLİZADƏ...

...Soyuduqca günlər ilmə-ilmə əriyib.., “ah” lar nəfəs-nəfəs süzülüb.., süzülüb ağır.., iri.., qara... – İL – kimi daşa döndü...

...Təkcə mən, – mənim “teatr anlayışım” yox.., ƏLİZADƏ, başdan-ayağa SƏN dolu evinin hər bucağı.., otağının hüznlü sükunəti – amma çox şey danışan lal əşyalar.., “rəfində uyuyan rəngarəng dahilər”, onlara qoşulan və hər biri SƏNİN urəyinin zənginliyindən, zəhmətinin dərinliyindən danışan, tünük, savadlı gülüş mücəssəməsi kitabların.., həyətində əkdiyin illərin nar ağacları.., ağaclara sarılıb varlığını mehribancasına büruzə verdirən sevgili külək.., buludlu-buludsuz səma... isti baxışa, isti ümidə, şeirli-nəzmli vəsfə möhtac... yetim qaldılar...

...Nə yaxşı dünyanı ALLAH yaradıb... Nə yaxşı ONA sığınmaq – ağıllı şəkildə idarə olunuruq – ümidlənməyini öyrədir...

...ƏLİZADƏ.., mən səninlə indi həmişə olduğundan fərqli.., ya da olduğu kimi söhbət eləməyə çalışıram... Bunun fərqliliyi yəqin ki, yazılı tərzdə olmasında və bu tərzi yad adamlara göstərməyimdədir...

...Bəlkə başımı aldadıram.., bəlkə gücsüzəm “özününəzarəti” itirmək qorxusu yaşayıram... Ya da niyə mən hələ də “özününəzarəti” itirmirəm qorxusu yaşayıram?!..

...Nə yaxşı ki, “nəhayət” yetişəcək.., bəlkə mən “bəxtəvərləşirəm” ki.., lap çoxdan.., indi.., bu saat.., bu dəqiqə..., həmişə... “əbədi uçuş”a tamarzı yaşayıram zikri ilə - nəfəs alıram bu dünyada...

...SƏNİN söylədiyin kimi:

  • Hər şey bu saat, bu dəqiqə baş verəcək – sədaqət də, satqınlıq da, cəsarət də, qorxaqlıq da – ölüm də! Bu saat, bu dəqiqə – yüz idən sonra da – bu saat, bu dəqiqə olacaq!

...Dönüb baxıram teatrdakı son quruluş verdiyin tamaşalara... “Sindbadın xoşbəxtlik adasına səyahəti”... Əslində axı hardadır o “əbədi xoşbəxtlik adası”?!..

...il təzələnirdi deyə uşaqların növbəti qış nağılları “Cırtdanın yeni il sərgüzəştləri”... Bu dəfə fərqli idi, nə meşə, nə də ki, dostlar.., Cırtdanın uçağı vardı... və buludların arasından seyr edirdi “nağıllar dünyasını”... “yer planetini”... “divləri”... “ifritləri”...

...”Göyçək Fatma” yeni quruluşunda mütləq xalçanın üzərində uçmalı idi... “Kimin qəlbi təmizdir, o tanrıya əzizdir”... Qəlbi təmiz olan göyə çəkiləcəkdir...

...140 il ömür bəxşişi alan ”Dəli Domrul”... Fədakar, cəsarətli məhəbbətə... İlahi Rəhmətin töhvəsi...

...65 il ömürdən əbədiliyə doğru... ilsizləşməyi... zamansızlaşmağı... məkansızlaşmağı... kamilliyi duyğusunu - zaman.., məkan içrə sığdırmaq istedadı...

...Təsadüf yoxdur... Zərurətlər var və “haqq olana” aparır... Apardı...

...Olur ki, ziyarətinə,– quruluş verdiyin nağıl-oyunların daimi tamaşaçısı Aişə ilə gəlməli oluram... Səninlə bağlı, yoxluğuna dair onun öz qəribə baxışı, düşüncələri var... Öz aləmində təsəlli verir mənə:

...Allah belə istədi deyir... Mən dua elədim ki.., ƏLİZADƏ bir gün torpağı aralasın.., çıxıb taksiyə minsin “qonaq” gəlsin... (başqa söz yox – “qonaq” deyir.., gəlsən əgər “qonaq” olacağını hardan bilir?!..)

...Onu da bil ki, torpaq bərəkətdi... O bərəkətdədir... deyir mənə...

...Ən çox da – ƏLİZADƏ, bayramda ölmüşdü... deməsidir...

...İnşallah, səninçün hədiyyə deyə daşın üzərinə qoyduğu bilərziyindən də xəbərdarsan.., ƏLİZADƏ...

...Bəzən fərqinə gec varıram, – uşaq zəkasımı... möcüzəmi, ya İlahi rəhmətmi... 5 yaşındakı uşağı danışdırır...

...Ən böyük sarsıntım hələ canımda.., sayıqlamamda vüsət alır.., ƏLİZADƏ, səninlə “o anı”, “yoxluğunu” anbaan.., saatbasaat... “baş verənləri” hələ danışmaq... dərdləşmək.., nisgilini, üzüntüsünü, möcüzəsini ayırd eləmək... gümanı ölmür məndə... Hələ də... İnşallah...

Mən HAQQ pəncərəsində

Oturmuşam HAQQ ilə...

Üzbəüzəm, göz-gözəyəm

-Qollar çiyindən kəsik,

Saç-saqqalı ağarmış,

Mavi gözlü SƏBR ilə...

Zaman gəzir ortalıqda

Uzun qara saçlarıyla

Sağa-sola dəli kimi ağlayaraq..,

Gülərək...

Şəkillər çəkir havada –

Qırmızı, narıncı gözlər...

Yarı yuxulu, yarı oyaq, yarı kor

Uzaqlara.., sonsuzluğa... dikilərək...

Sonra dərhal o gözləri göz önündən itirərək –

Görmüşdün..,

Baxmışdın...

O göz kimi...

Çəkilmişdin “şəkil” kimi

Yaşanmışdın...

Soldun getdin kölgə kimi...

Danışacağın nağıl kimi...

Zaman ortalıqda dəniz kimi

Candan-cana doluşaraq

SƏBRDƏN mənə, məndən SƏBRƏ

Dalğa kimi coşaraq...

Ömründən pay daşıyaraq...

SƏBRDƏN mənə, məndən SƏBRƏ

Bir addım var ilsizləşib...

Mənim iflic qollarımdan..,

SƏBRİN kəsik qollarından..,

Zamanın duzlu suyundan...

Gözlər, yollar, illər, izlər –

İlsizləşib...

İzsizləşib...

...Bu nağılımdan xoşun gəlmişdi... ƏLİZADƏ...

...İndi bu zaman içində – məkanda.., gördüklərim.., yaşadıqlarım.., mənasız, maraqsız “nağıl”, “tamaşa” kimi mənə, varlığıma məhəl qoymadan o y n a n ı l ı r.., ƏLİZADƏ...

...Mənim rolum... – varlığıma hakim kəsilmiş sükunətin içində nəfəs almaq... sözsüz-səssiz – “qolları çiyindən kəsik... saç-saqqalı ağarmış” SƏBRİN gözünün içərisinə düz baxmaqdır... Ə L İ Z A D Ə...

Qeyd: Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının sabiq baş rejissoru Rəhman Əlizadənin vəfatından bir il ötür.

# 2521 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #