"Star Trek" pərəstişkarlarından tarixi Ginnes rekordu

"Star Trek" pərəstişkarlarından tarixi Ginnes rekordu
10 sentyabr 2026
# 14:02

Londondakı Elm Muzeyində populyar elmi-fantastika serialı "Star Trek"in (Ulduz yolu) 60 illik yubileyinə həsr olunmuş "Star Trek Lates" gecəsində maraqlı və tarixi anlar yaşanıb.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində eyni vaxtda edilən ən böyük "Vulkan salamı" (Vulcan salute) üzrə Ginnesin Rekordlar Kitabına düşmək üçün kütləvi cəhd edilib və bu, uğurla nəticələnib.

Kult serialın 60 illiyini qeyd etmək üçün düz 934 pərəstişkar muzeydə bir yerə toplaşıb. İştirakçılar bu əlamətdar tarixi qeyd etməklə yanaşı, yubileyi daha da yaddaqalan etmək üçün bu qeyri-adi rekorda imza atıblar.

Bilim Müzesi Grubu’ndan Ben Lheureux, Guinness Dünya Rekoru sertifikasını hakem Paulina Sapinska’nın elinden alıyor

"Vulkan salamı" mərhum aktyor Leonard Nimoyun canlandırdığı məşhur Spok obrazı ilə populyarlaşan məşhur əl hərəkətidir. Bu salam ovucu irəli qaldırıb orta və üzük barmaqlarını bir-birindən ayıraraq "V" forması yaratmaqla edilir. İlk dəfə 1967-ci ildə yayımlanan "Amok Time" adlı bölümdə nümayiş olunan bu hərəkət adətən "Uzun yaşa və firavan ol" (Live long and prosper) ifadəsi ilə müşayiət edilir.

Tədbirdə iştirak edənlərin yeni dünya rekordunu qıra bilməsi üçün bu mürəkkəb əl hərəkətini düz bir dəqiqə ərzində pozmadan saxlamaları tələb olunurdu. "Guinness World Records" təşkilatının rəsmi nümayəndəsi Paulina Sapinska bu cəhdi yerindəcə təsdiqləyib və rekord sertifikatını Elm Muzeyinin kommersiya əməliyyatları üzrə direktoru Ben Leryoya təqdim edib.

Elm Muzeyinin kolleksiyalar üzrə baş kuratoru Dr. Qlin Morqan dünya rekordu qırmaq fikrinin onları çox həyəcanlandırdığını bildirib:

"'Star Trek'in 60 illiyidir və biz insanların həqiqətən xatırlayacağı, bu tədbiri xüsusi edəcək bir şey etmək istədik. Bir dünya rekordu qırmaqdan daha özəl nə ola bilərdi ki?".

Yeni bir dünya rekoru denemesinde 934 kişi yer aldı

Tədbirdə "Star Trek: Strange New Worlds" serialında baş mühəndis Montqomeri "Skotti" Skott rolunu canlandıran aktyor Martin Kuinn də iştirak edib. O, zarafatla "Ginnesin Dünya Rekordu sertifikatımı qardaşımın otağından asacağam ki, yaxşıca gözünə girsin", – deyə mətbuata açıqlama verib.

Qeyd edək ki, girişin ödənişsiz olduğu və sentyabrın 13-də başa çatacaq "Star Trek Warp Trail" sərgisində serial və filmlərdən alınan orijinal aksesuarlar, eləcə də uniformalar nümayiş olunur. Sərgi franşizanın vizyoner hekayəsi ilə real dünyadakı elmi yeniliklər arasındakı qırılmaz bağı tədqiq edir.

"Star Trek" haqqında

"Star Trek" — 1966-cı ildə Cin Roddenberri (Gene Roddenberry) tərəfindən yaradılan və elmi-fantastika tarixinin ən böyük, ən uzunömürlü media franşizalarından biridir. Orijinal serial olaraq televiziya tarixinə qədəm qoyan bu kainat bu günə qədər çoxsaylı spin-off seriallara, tammetrajlı filmlərə, kitablara, komikslərə və videooyunlara çevrilib. Əhvalat əsasən "Atılqan" (U.S.S. Enterprise) kosmik gəmisinin heyətinin kainatın dərinliklərində apardığı tədqiqatları, yadplanetli sivilizasiyalarla əlaqələrini və bəşəriyyətin sülhsevər gələcəyini ekrana gətirir. Kapitan Kirk, Spok və Kapitan Pikard kimi obrazlar qlobal pop-mədəniyyətin simvollarına çevrilib.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər