"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi
26 oktyabr 2026
# 11:20

Hollivudun iki ən böyük media imperiyasının tarixi birləşməsi çərçivəsində "Paramount"un "Warner Bros. Discovery"ni 81 milyard dollara alması prosesi yekunlaşıb.

Kulis.az xəbər verir ki, bu nəhəng müqavilə "Bugs Bunny" və "SpongeBob" cizgi filmlərindən tutmuş, CNN-də Anderson Kuperin və CBS-də Qeyl Kinqin təqdim etdiyi xəbər şəbəkələrinə qədər hər şeyi vahid çətir altında cəmləşdirir.

Artıq "Skydance" adlanan bu yeni şirkət qlobal media və əyləncə dünyasını tamamilə yenidən formalaşdırır.

Striminq platformaları birləşir: "HBO Max"ın aqibəti nə olacaq?

"Skydance" müqaviləsi çərçivəsində "Paramount+" və "HBO Max" platformalarının zamanla vahid bir striminq xidmətinə çevrilməsi planlaşdırılır. Yeni xidmətin nə adlanacağı və abunə qiymətlərinə necə təsir edəcəyi hələlik məlum deyil. Müqavilənin memarı və şirkətin baş direktoru Devid Ellison bildirib ki, "HBO" öz müstəqilliyini müəyyən qədər qoruyacaq:

"Fikrimizcə, HBO elə HBO olaraq qalmalıdır. Onlar fenomenal bir brend yaradıblar və bu sahənin lideridirlər. Lakin platformaları birləşdirərək hər iki şirkətin məzmununu daha geniş auditoriyaya çatdıra biləcəyik".

Qeyd edək ki, "Warner"in daha kiçik platforması olan "Discovery" də artıq "Paramount", "Pluto TV" və "BET"in sırasına qoşulub.

Ekspertlər isə istehlakçıların bu birləşmədən necə faydalanacağına şübhə ilə yanaşırlar. Belə ki, Ellisonun müqaviləni maliyyələşdirmək üçün aldığı milyardlarla dollarlıq borcu ödəmək məqsədilə onsuz da artan abunə haqlarının daha da bahalaşacağı istisna edilmir.

İnhisarlaşan Hollivud: 4 böyük studiya qaldı

Birləşmə nəticəsində yaranan nəhəng məzmun kitabxanasının ölçüsü isə danılmazdır. Təkcə "Paramount" və "HBO Max" birlikdə ABŞ striminq bazarının 14%-ni təşkil edir. Bu, "Disney"lə eyni səviyyə deməkdir, lakin hələ də "Amazon Prime" (17%) və "Netflix"dən (19%) geri qalır. Yeni şirkət "Qeyri-mümkün missiya" və "Üzüklərin hökmdarı" kimi kino franşizalarını, "Friends" kimi televiziya hitlərini özündə birləşdirir.

Lakin Hollivudun ən qocaman iki studiyasının birləşməsi kino istehsalına nəzarət edən şirkətlərin sayının azalması deməkdir. Vaxtilə "Disney"in 2019-cu ildə "20th Century Fox"u alması ilə "Altı Böyük" (Big Six) studiyanın sayı beşə enmişdi. İndi isə bazarda yalnız "Dörd Böyük" qaldı: "Skydance", "Disney", "Universal" və "Sony". Rəsmi sənədlər göstərir ki, yeni rəhbərlik xərcləri azaltmaq üçün bəzi əməliyyatları ixtisar edəcək və işçilərin sayını azaldacaq.

Bununla belə, 12 ştatla əldə olunan razılaşmaya əsasən, birləşmiş şirkət növbəti iki il ərzində hər il kinoteatrlarda 30, sonrakı üç ildə isə 32 film nümayiş etdirməyi, eləcə də ABŞ-da film istehsalına ən azı 1,5 milyard dollar xərcləməyi öhdəsinə götürüb.

CNN və CBS eyni əldə: Siyasi narahatlıqlar və ərəb sərmayəsi

Müqavilə xəbər nəhəngləri CNN və CBS-i də eyni rəhbərlik altına salır. Devid Ellisonun ailəsinin ABŞ Prezidenti Donald Trampla yaxın münasibətləri jurnalistlər arasında ciddi narahatlıq yaradıb. Vaxtilə hər iki şəbəkəni "saxta xəbər" adlandıran Tramp isə çərşənbə axşamı verdiyi açıqlamada bu birləşmədən çox məmnun olduğunu və "Skydance"in "möhtəşəm bir şirkət" olacağını bildirib. Ellison CNN-də redaksiya müstəqilliyinin qorunacağını və bu məqsədlə xüsusi bir "Xəbər Redaksiyasının Müstəqilliyi Şurası" yaradılacağını vəd edib.

Diqqət çəkən digər bir məqam isə xarici investorların prosesdəki roludur. ABŞ Federal Rabitə Komissiyası (FCC) Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) suveren fondlarına səsvermə hüququ olmadan birləşmiş şirkətdə tədricən 50%-ə, gələcəkdə isə potensial olaraq 100%-ə qədər paya sahib olmasına icazə verib.

Ülvi Bahadır

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər