İyirmi il əvvəl irqi münasibətlər mövzusunda çəkilmiş "Toqquşma" filminin "Qozbel dağ" ekran əsərini üstələyərək "Ən yaxşı film" nominasiyasında qalib gələrək Oskar qazanması bəlkə də, mükafat tarixinin ən qalmaqallı qərarı idi.
Kulis.az xəbər verir ki, 2006-cı il martın 5-də Pol Haqqisin filmi 78-ci Oskar mükafatını qazananda qalibi elan edən aktyor Cek Nikolson belə heyrətini gizlədə bilməmişdi.
Los-Ancelesdəki irqçilik problemlərindən bəhs edən bu filmin qalibiyyəti uzun müddət müzakirə mövzusu oldu. Çünki favorit sayılan və homoseksual fərdlərin təmsili baxımından inqilabi addım hesab olunan "Qozbel dağ" filmi mükafat qazana bilməmişdi.
Aşağı büdcə, böyük ulduzlar
"Toqquşma" cəmi 6,5 milyon dollarlıq büdcə ilə 32 günə çəkilmişdi. Buna baxmayaraq, Sandra Bullok, Brendan Freyzer və Mett Dillon kimi ulduz heyəti bir yerə yığmışdı.
Ssenari müəllifi Bobbi Moresko qeyd edir ki, filmin əsas ideyası Pol Haqqisin real həyatda iki qaradərili gənc tərəfindən soyulması hadisəsindən doğub.

"Toqquşma" necə qalib gəldi?
Filmin uğurunun arxasında dahiyanə bir PR strategiyası dayanırdı. "Lionsgate" studiyası o dövr üçün qeyri-adi addım ataraq 100 mindən çox DVD nüsxəsini birbaşa Kinoaktyorlar Gildiyasının üzvlərinə göndərdi. Bu, səsvermədə həlledici rol oynadı. Həmçinin tanınmış teleaparıcı Opra Uinfri öz verilişində filmi dəstəkləyərək onu geniş auditoriyaya tanıtdı.
Tənqidlərin hədəfində: "Ağdərili vicdanını rahatıaşdıran film?"
Qalibiyyətdən dərhal sonra tənqidçilər bu qərarı kəskin şəkildə pislədilər. Yazıçı Enni Prulx Akademiyanı müasir mədəniyyətdən uzaq qalmaqda və "zibilə" (Trash – "Crash" filminə işarə edərək) səs verməkdə ittiham etdi.

Müasir tənqidçilər isə filmi irqçiliyi sistemli problem kimi deyil, fərdi davranış kimi təqdim etməkdə günahlandırırlar:
Səthi yanaşma: Tənqidçilər hesab edir ki, film irqçilik mövzusunda ağdərili insanların vicdanını rahatlatmaq üçün çəkilib.
Stereotiplər: Etnik azlıqların (fars dükan sahibi və ya qaradərili cinayətkarlar) təsvirinin qeyri-real və şablon olduğu bildirilir.
Məcburi bağışlanma: Mett Dillonun canlandırdığı irqçi polisin təcavüz etdiyi qadını daha sonra qəzadan xilas edərək "təmizə çıxması" ssenarinin ən zəif və qeyri-etik tərəfi kimi qiymətləndirilir.

2026-cı ilin perspektivindən baxış
Bu gün "Toqquşma" filmi sosial şəbəkələrdə və tənqidi məqalələrdə "Oskar" tarixinin ən uğursuz qərarlarından biri kimi xatırlanır. Hətta 2022-ci ildə rejissor Pol Haqqisin özünün seksual zorakılıq ittihamları ilə məhkum edilməsi filmin ətrafındakı mənfi auranı daha da gücləndirib.
Müasir kino tənqidçilərinin fikrincə, bu film 2009-cu ildən sonra işıq üzü görsəydi, indiki uğurunun yarısını belə qazana bilməzdi. Bu, bir sənət əsərinin deyil, daha çox doğru zamanda doğru kütləyə xitab edən bir layihənin qələbəsi idi.
Ülvi Bahadır