Avstraliyalı məşhur aktyor Hyu Cekman özündən sonra Volverin obrazını canlandıracaq növbəti aktyora gözlənilməz məsləhət verib.
Kulis.az xəbər verir ki, sənətçi fikirlərini "YouTube"da yayımlanan "Project Big Screen" layihəsinə verdiyi müsahibədə bölüşüb.
57 yaşlı ulduz gələcək aktyora hər hansı məsləhət verməkdən qəti şəkildə imtina edib. O vurğulayıb ki, rola ilk dəfə hazırlaşarkən heç kim ona rəhbərlik etməyib. Aktyor hətta həmin vaxtadək Volverin haqqında komiksləri belə oxumadığını, obrazın təbii şəkildə onun öz şəxsiyyəti ilə qovuşduğunu bildirib.
"Bu rolu oynayacaq şəxsə heç nə demək niyyətim yoxdur, çünki vaxtilə mənə də heç kim heç nə deməmişdi və buna görə çox şadam. Ümid edirəm ki, növbəti aktyor sadəcə gələcək və hər şeyi öz istədiyi kimi, tamamilə öz üslubunda edəcək".
"90 yaşıma qədər oynamağa hazıram"
Bununla belə, Cekman bu kult obrazdan tamamilə ayrılmaq fikrində olmadığını da gizlətməyib. O, sağlamlığı imkan verdiyi təqdirdə canlandırdığı bu əfsanəvi qəhrəmanı hətta 90 yaşına qədər oynamağa hazır olduğunu böyük məmnuniyyətlə ifadə edib.