General-mayor Mahmud Həmzəyev haqqında film çəkilir

General-mayor Mahmud Həmzəyev haqqında film çəkilir
21 noyabr 2023
# 13:40

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, kinorejissor Ziya Şıxlinski Beyləqan korpusunun sabiq komandiri, general-mayor Mahmud Həmid oğlu Həmzəyevə həsr olunmuş sənədli film üzərində işləyir.

Kulis.az xəbər verir ki, bu barədə rejissor aki.az-a məlumat verib.

Z.Şıxlinskinin sözlərinə görə Mahmud Həmzəyevlə uzun illər dostluq ediblər: “1990-cı illərin əvvəllərində onunla tanış olmuşam və sonralar bu dostluq 30 ili əhatə etdi. Mahmud Həmzəyevin şəxsiyyətinə dərin hörmətlə yanaşıram, o, gözəl mütəxəssis idi, öz işini yaxşı bilirdi, bu, həmkarlarının fikridir və ən əsası, o, həmişə öz sözünün ağası olub. O, təvazökar insan idi və çox mütaliə edirdi. Uzun illərin dostluğunun nəticəsidir ki, onun haqqında film çəkməyi özümə borc bildim”.

Rejissor qeyd edib ki, filmi çəkmək ideyası yarananda Mahmud Həmzəyevi yaxından tanıyanlardan müsahibə götürmək niyyəti olsa da, sonradan filmi, M.Həmzəyevin 60 illik yubileyində çəkilmiş material əsasında hazırlamaq qərarı verib. Filmdə general-leytenant Əliağa Şıxlinskiyə həsr olunmuş tədbirlərdən birində M.Həmzəyev qeyd edir ki, peşə seçimində ona məhz bu şəxsiyyət təsir edib. Bir neçə gündən sonra filmin montaj işlərinə başlanacaq. Filmin təqdimatı 31 yanvar 2024-cü il, M.Həmzəyevin anadan olmasının 75 illiyi gününə planlaşdırılır".

Xatırladaq ki, Mahmud Həmzəyev 1966-1971-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunda təhsil alıb. 1971-1973-cü illərdə SSRİ-nin ordu sıralarına xidmət edib. 1973-1975-ci illərdə Neft Daşlarında mühəndis vəzifəsində çalışıb. 1975-ci ilin sonunda öz istəyi ilə ikinci dəfə ordu sıralarına qayıdıb. 1976-1980-ci illərdə tağım komandiri, əlahiddə pulemyot-artilleriya, hərbi hissə komandiri vəzifələrinə qədər yüksəlib.

1984-1987-ci illərdə Moskva şəhərində M.Frunze adına Hərbi Akademiyayada təhsil alıb. 1986-87-ci illərdə əlahiddə tank alayı komandirinin müavini vəzifəsində xidmət edib. 1987-1992-ci illərdə Pribaltika Hərbi Dairəsində I dərəcəli təlim mərkəzinin rəisi vəzifəsində xidmət edib. 1989-cu ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən polkovnik hərbi rütbəsinə layiq görülüb. SSRİ-nin süqutundan sonra 1992-ci ildə təqaüdə çıxıb. 1993-cü ilin sonunda Azərbaycana gələrək ordu sıralarında xidmətə başlayıb. Xidməti müddətində briqada komandiri, ordu korpusunun qərargah rəisi, ordu korpusunun komandiri vəzifələrində qulluq edib. O, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb.

# 1224 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #