“DokuBaku” beynəlxalq festivalı filmlərin qəbulunu elan edir

“DokuBaku”  beynəlxalq festivalı filmlərin qəbulunu elan edir
16 fevral 2026
# 13:00

10-cu “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı filmlərin qəbulunu elan edir. Oktyabrın 5-dən 11-dək keçiriləcək festival 10-cu yubiley buraxılışını “Ulduz sivilizasiyası” (Stellar Civilization) mövzusu altında təqdim edəcək.

Kulis.az xəbər verir ki, “Ulduz sivilizasiyası” anlayışı insan münasibətləri ilə yanaşı, planet, digər həyat formaları və bilinməyənlə birgə mövcudluq məsələlərini gündəmə gətirir.

Festival həm “yuxarıya”, həm də “daxilə” baxan - planetar şüuru, elm və kosmosu, ekoloji yaddaşı, görünməz tarixləri, əcdad biliklərini və spekulyativ gələcəkləri araşdıran sənədli filmləri axtarır. Bu kontekstdə kino həm teleskop, həm də ayna rolunu oynayaraq kainatın sonsuzluğunu müşahidə etməyə və insanın özünə baxışını dərinləşdirməyə imkan yaradır. Festival fəth ideyasına deyil, şüur, məsuliyyət və qayğı ilə kainata aid olan yeni sivilizasiya təsəvvürünün formalaşdırılmasına çağırır.

Filmlərin qəbulu iyunun 13-dək davam edəcək.

Filmləri təqdim etmək üçün bu linkdən https://filmfreeway.com/DBIDFF istifadə edə bilərsiniz.

Azərbaycanın ilk müstəqil sənədli film festivalı olan “DokuBaku” yerli və xarici film nümayişləri ilə yanaşı, beynəlxalq kino mütəxəssislərinin iştirakı ilə ustad dərsləri və vörkşoplar təşkil edir. Festivalın məqsədi Azərbaycanda sənədli kinonu özünüifadə və düşüncə vasitəsi kimi inkişaf etdirmək, yerli rejissorlara dəstək olmaq, ölkənin film mühitini beynəlxalq kino ictimaiyyəti ilə əlaqələndirmək, yeni adlar kəşf etmək və milli kino sənayesinin davamlı inkişafına töhfə verməkdir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı “DokuBaku” ilə əməkdaşlığını davam etdirir və ənənəvi olaraq festival çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər