Dəyərsiz adamın hekayəsi - İbrahim Aziz

Dəyərsiz adamın hekayəsi - İbrahim Aziz
29 noyabr 2023
# 11:38

Kulis.az İbrahim Azizin "Gecə Vurğunu" filmi haqqında yazısını təqdim edir.

“Yaşamaq üçün vacib olan nədir?” sualına, əlbəttə, hamımızın xas, maraqlı cavabları var.

Lakin hamımızın bildiyi bir gerçək var, biz bədənli varlıqlarıq.

Bədənli varlıqlar mövzusu həm fəlsəfə, həm sənət, həm də fəlsəfə məktəblərində bəs qədər müzakirə olunub.

Bədənli varlıqlar (canlı orqanizmlər) olaraq ilk məqsədimiz həyatda qalmaqdır.

Bir növ, biz yaşamağa məcburuq.

Bugünkü məsələmiz bəsit formada mövcudluğunu qoruyub saxlamağa çalışan, postmodernist dünyanın fərqli varoluş çeşidlərində özünə yer etmək istəyən insandır.

Qəhrəmanımız Lu Blum(Ceyk Celenhal) həyatda yerini tapmayan, sadəcə, var olmağa çalışan bədənli varlıqdır.

Filmin ilk səhnəsindən bizə onun oğru olduğu göstərilsə də, mən onu, sadəcə, bu məziyyətlə məhdudlaşdırmaq istəmirəm.
Lu modern dünyada özünü tapmaq üçün, ya da dərk etmək üçün alışıb-yanan insandan fərqsizdir.

O, şablon şəxsi inkişaf metodları ilə özünü yaratmağa çalışır, daha doğrusu, gördüklərini istedadı yetdiyi qədər yamsılayır; uğrunda hər şeyi edəcəyi “uğur” hekayəsinə sağlam xarakter qazandırdığını düşünür.

Filmin əvvəlində qəhrəmanımızın həyatını doğru yolla qurmağa cəhd etdiyinin şahidi oluruq, lakin bu aldadıcıdır: Deyərsən, Lu Con Lokkun “tabula rasa” insanını təsdiqləyir, hətta bu filmin davamında da görünür.
İnşaat firması nümayəndəsinin “bir oğru ilə işləmərəm” cavabı bizə fərdlərin düzgün yolu seçə bilməməsində toplumun rolunun fərdin rolu qədər önəmli olduğunu göstərir.

Eləcə də qarşılaşdığı müxbirdən iş istəyir, yenə oxşar cavab alır…

Bunlara baxmayaraq, o, müxbir olmağı bacarır.

Əvvəl-əvvəl onun mülayim xasiyyətinə görə Tomas Hobbsun insana yaraşdırdığı “etibarsız insanoğlu modeli” tərzində qarşılıq verirlər.
Ümumilikdə sosiopat xarakterə sahib olan personajımızın qarşısına bu işdə özünə bənzər birinin çıxması (söhbət Nina Rominadan gedir) baş qəhrəmanımızın inkişafına ciddi təsir göstərir.

Amerikada gecə xəbərləri müxbirlərinin uğur qazanmağının yolu qanlı, şiddətli hadisələri digər həmkarlarından daha tez və yüksək səviyyədə təqdim etməkdir.

Beləcə Lunun hansı yolla var olacağını təxmin etmək olar.
Qəhrəmanımızın iş etikası və ya təməl dəyərlərdən arınmış xarakterə sahib olduğu üçün hadisə yerində icazə verilməyən nöqtələrə girdiyini, çəkdiyini görürük.

Lu – bu yüksək vəzifəsi olmayan fərd italyalı düşüncə adamı Nikolo Makiavellinin “Zəfərə gedən yolda hər şey mübahdır” fəlsəfəsinin təcəllasıdır.

Özündə dəyişimi düşünməyən adamlar başqasında görüb bəyənmədiyini dəyişdirə bilmək üçün qarşısındakını qurban vəziyyətinə sala bilirlər.
Lu Blumun kanalda müəyyən vəzifə sahibi olan Nina Rominanı yeməyə dəvət etməsi və onunla münasibət qurmağa çalışması izləyicini Blumun içində hələ insani hisslərdən nişanələr qaldığına inandırır, lakin məqsədi qarşısında nə varsa, kim varsa, hansı yolla olur-olsun aşıb, daha da yüksəyi hədəfləyən biri haqqında belə düşünmək yanlış olar.

Bundan əlavə, daha uğurlu görünməkdən ötrü rəqibi, həmkarı Conun maşınında yaratdığı problem, Riki sırf reytinq üçün ölümə göndərməsi…- rahatlıqla deyə bilərik ki, o heç bir dəyərə sahib deyil.

Maraqlısı budur ki, qəhrəmanımız maddi yaşamı da önəmsəmir. Bu da bizə dövrümüzün (bəlkə, keçmişdə də belə olub) ən dəbdə olan xəstəliklərindən birini xatırladır: maddiyatın vasitə yox, məqsəd olmasını.

Durmadan daha artığını arzulamaq, daha artığını istəmək bizə dövrün “motivatorlarının” yeritdiyi xəstə təfəkkürdən başqa bir şey deyil.
Təməl dəyərlərə əhəmiyyət verməyən insan anlamalıdır ki, təkcə maddi müstəvidə uğur qazanmaq yaşamaq demək deyil.

Buna yarıyaşam belə deməyə dilim gəlmir.

Bizə yeridilmiş düşüncə və yaşam tərzlərinin nə qədəri doğrudur? - Bu da ayrı mövzudur.

Adətən, belə filmlərin sonunda qəhrəman ölür.
Lakin biz bu filmin finalında gerçək mənzərə ilə qarşılaşırıq.
Den Gilroyun uğurlu başlanğıcı, uğurlu kuliminasiyası və uğurlu finalı…

# 1846 dəfə oxunub

Müəllifin son yazıları

# # #