Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü

Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü
17 dekabr 2025
# 12:13

Azərbaycanlı rejissor İlqar Safatın tammetrajlı “Doğma torpaq” bədii filmi İstanbulda keçirilən “5.Goldenhorn IFF” beynəlxalq film festivalında iki mükafat qazanıb.

Kulis.az xəbər verir ki, “Fotofilm Culture and Arts” təşkilatı tərəfindən İstanbul Aydın Universitetinin Kommunikasiya fakültəsi ilə əməkdaşlıq çərçivəsində keçirilən “5.Goldenhorn IFF” festivalı dekabrın 10-12-də İstanbulda baş tutub.

“Qızıl buynuz” mükafatı uğrunda 30 ölkədən 44 tammetrajlı bədii, sənədli, tələbə filmi animasiya və eksperimental kateqoriyalar üzrə yarışıb.

İstanbul Aydın Universitetində keçirilən mükafatlandırma mərasimində peşəkar münsiflər heyətinin qərarı ilə Azərbaycanın “Doğma torpaq” filmi iki mükafata layiq görülüb. Belə ki, film kinematoqrafik əsərləri texniki və nəzəri xüsusiyyətlərinə görə qiymətləndirən, elmi və uzunmüddətli töhfə məqsədi daşıyan və əsas kinematoqrafik struktura riayət edilməsi şərti ilə akademiklər tərəfindən təqdim edilən “Best Feature Fiction Academic Award” nominasiyasında qalib olub.

Bundan əlavə, “Best Director of Photography” nominasiyasında filmin operatoru Konstantin (Mindia) Esadzenin işi yüksək qiymətləndirilib.

“Doğma torpaq” ekran əsəri “Nərimanfilm” kinostudiyasında istehsal olunub və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çəkilən ilk bədii film olub. Filmin baş prodüseri Nəriman Məmmədovdur. Baş rolları Rüstəm Cəbrayılov və Alina Vorontsova ifa ediblər.

Qeyd edək ki, film oktyabr ayında Qazaxıstanın Aktau şəhərində keçirilən Türk dünyasının “Qorqud Ata” beynəlxalq film festivalında da nümayiş olunub.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər