Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır

Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
26 yanvar 2021
# 12:40

Kulis.az gənc rejissor Amil Məmiyevin Mədəniyyət Nazirliyinin elan etdiyi film layihələri müsabiqəsi ilə bağlı yazdığı yazını təqdim edir.

Mədəniyyət nazirliyinin "Böyük qayıdış" müsabiqəsinin şərtlərini tam gözdən keçirdim.

Əvvəlcə qısa bir şərh verim ki, "Bu meydan, bu ekran" müsabiqəsinin bir az daha da təkmilləşdirilmiş layihə müsabiqəsidir, ssenari müsabiqəsi yox.

Əslində, hər yoldan keçənin də az qala ssenari yazıb film çəkmək ərəfəsində doğru bir qərar olduğunu düşünürəm.

İkincisi, şərtlərdəki detalları, xüsusi ilə bütün şərtlərin konsepsiya halında prodüser mərkəzlərinə hazır şəkildə təqdim olunmasını təqdirəlayiq hesab edirəm.

Ancaq bununla yanaşı bir rejissor kimi bir neçə skeptik məsələlərin də narahatçılıq yaradacığı qənaətində olduğum üçün aşağıdakı xüsusi qeydləri də özümdə qeyd edirəm.

Düşünürəm ki, müsabiqənin reqlamentində 2-ci mərhələdəki bədii seçim komissiyasının tərkibi və 3-cü mərhələdəki pitçinq üzrə təyin olunmuş münsiflər heyətinin tərkibi açıqlanmalıdır. Ona görə ki, layihələrin seçim komissiyasında iştirak edən həmin şəxslərin sonradan qalib olan proyektlərdəki əsas müəlliflərdən biri kimi (ssenari müəllifi, rejissor, operator, rəssam, prodüser) çıxış etməsi şəffaflığın təmin edilməsi kontekstində işə kölgə sala bilər.

Layihə, prodüser mərkəzlərinin işinə təkan versə də, müəllif filmi kateqoriyasında gənc rejissorların mövzuya azad yanaşmasını, sərbəstliyini azacıq da olsa əlindən almaq ehtimalı yaradır. Yəni, layihədə rejissor daha çox ikinci planda görsənir. Çünki, müsabiqə daha çox prodüser filmlərinin inkişafına və nazirliyin də dediyi kimi dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmağa yönəlib.

Buna görə də bu yerdə, müsabiqədən kənar da olsa, bir məsələni xüsusi qeyd etmək istəyirəm. O qeyd ki, əslində, müsabiqəyə dolayı yolla aidiyyatı var. Söhbət filmin büdcəsinin müəyyənləşməsindən, ələlxüsus, büdcənin düzgün paylanmasında prodüserlə rejissor arasındakı işin düzgün təşkilindən, bundan əlavə, hazırlıq və istehsalat dövründə qənaətbəxş olmayan şəxslərin işinə rejissorun müdaxiləsi hüququnu ona verən rejissor aktlarının aktiv işə düşməsindən gedir.

Rejissor - filmin Məryəm anasıdır. Onu dünyaya gətirən və boya-başa çatdırandır. Təbii, müəllif filmindən danışıram.

Bir sözlə, ümid edirəm ki, yaradıcı adamların, xüsusilə filmin bütün bədii keyfiyyətlərinə cavabdeh olan əsas yaradıcı rəhbər şəxsin, filmin A-dan Z-yə bütün mərhələsində (pre-production, production, post production) iştirak edən rejissorların bədii işinə nə prodüser mərkəzlərinin rəhbərlərindən, nə filmin baş prodüserindən nə də filmi qəbul edən nazirliyin məsul rəhbər şəxslərindən heç bir əsassız və qərəzli müdaxilə olmayacaqdır.

Xülasə, arzum budur ki, seriallara ayrılan milyonları öz prodüser mərkəzlərinə cəlb edib göyə sovuran və ortaya heç bir ciddi məhsul qoya bilməyən (hətta yerli məhsul belə) prodüser mərkəzlərindən fərqli olaraq (bir-iki istisna ilə - A.M.), nazirliyin yeni təyin olunmuş gənc komandasından sonra keçirdiyi bu ilk müsabiqə, prodüserlərdən savayı həm də yeni rejissorların yaranmasına, yeni başlayanların daha da keyfiyyətli filmlərlə önə çıxmasına təkan verəcəkdir.

# 2789 dəfə oxunub

Müəllifin son yazıları

# # #