Nazirlik xalça sənəti haqqında film çəkir

Nazirlik xalça sənəti haqqında film çəkir
16 iyul 2021
# 18:50

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası” MMC-də Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuş “Həyatın ilmələri” sənədli filmi istehsalata buraxılıb.

Studiyadan bildirilib ki, filmin çəkilişləri Bakı şəhərində, Zəhra Əliyevanın evində, Azərbaycan Milli Xalça Muzeyində, eləcə də İsmayıllı və Xızı rayonlarında aparılıb.

Film qəhrəmanın danışdığı həyat hekayəsinə əsaslanır. Filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu maraqlı rənglər və ekran həlli ilə tamaşaçıya çatdırılacaqdır. “Həyatın ilmələri”ndə, həmçinin arxiv materiallara istinad edərək unudulmaz xalçaçı rəssam Lətif Kərimov, eləcə də Cəfər Muciri və Kamil Əliyev kimi dəyərli xalçaçı rəssamlar haqqında maraqlı xatirələr xüsusi yer alacaq. Filmin çəkilişləri davam etdirilir.

Filmin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyev, icraçı prodüseri Azad Axundov, prodüseri Əməkdar mədəniyyət işçisi Nazim Hüseynovdur. /azertag.az/

# 1856 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #