O qədər qışqırdıq, göyərdi səsimiz… - Güneydən şeirlər

O qədər qışqırdıq, göyərdi səsimiz… - Güneydən şeirlər
4 noyabr 2021
# 15:20



Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Rəsul Esməilinin şeirlərini təqdim edir.


Rəsul Esməili 1984-cü il oktyabrın 16-da Təbriz şəhərində dünyaya gəlib. Məktəb təhsilini bitirdikdən sonra, öncə Elektronika, sonra isə Fars dili və ədəbiyyatı üzrə ali təhsil alıb."Sabah" ədəbiyyat dərgisinin baş yazarı, "Aftab Azərbaycan" və "Buta" dərgilərinin redaksiya heyətinin üzvü kimi bir çox ədəbi dərgilərlə işbirliyi qurub.
Məqalələri ardıcıl olaraq dərgilərdə yayımlanır. "Məni bizə gətir", "Tənha ağac", "Kölgə" və başqa kitabları nəşr olunub. "Yaponiya şeirində hayku" tədqiqatı böyük maraqla qarşılanıb.

***

Hərdən xiyabanın o tayında
Restoranda görünən bir boş masa
Götürüb aparır səni keçmişlərə
Elə o an
Xiyabanın eni boyundan uzun olur
Hərdən
Duvarda boş bir şəkil çərçivəsi
Dolu olur xatirələrlə.


***

Hərdən xatırlamasan da xatirələri
xatırlatdıracaqlar özlərini sənə bir təhər
çağıracaqlar səni
bir rəng kimi
bir yemək kimi
bir küçə kimi
çağıracaqlar səni
əl verdiyin bir əlin istiliyi kimi
bir istəkan çay olub danışdıracaqlar səni
kafelərin birində
şeir oxuyacaq sənə
birdən
xatirələrin biri
yapışacaq boğazından
və səni tullayacaq keçmişlərə
donub qalacaqsan keçmişlərdə
sonra ceb telefonu götürüb,
birinə zəng açıb çıxacaq ordan
dolanacaq xiyabanların şaxtalı qışında
sən üşüyəcəksən keçmişdə
Savaşacaq birisilə
burnun qanayacaq keçmişdə
üzüləcək
ürəyin tutulacaq keçmişdə
birdən
İş yerinə gedəcək
İşlədiyində alnının təri
göz yaşların olacaq keçmişdə
evə dönəcək
baş qoyub dizlərinə yatdığı o diz
daş olacaq başıvın altında
sonra
bağrına basacaq sevinclə birisini
sən isə
hiss edəcəksən onun yoxluğunu
sonra
sevəcək birisini
yalqız qalacaqsan keçmişdə
və bütün bağrına basdıqları varlıqların
hiss edəcəksən yoxluqlarını
onda biləcəksən
xatirədən xatirəyə azalır bir şey sənədən
nağıl diyən ölsə də, söylənilir nağıl hələ də

**

21-ci yüz illikdə
Bir gülüş, sadəcə bir gülüşdür artıq
Bir baxış sadəcə bir baxış
Və hər bir şey, unudulur rahat adına bir anda
21-ci yüz illikdə
İnsan
Möcüzəsini unudan bir peyğəmbərdir
Şanlı öldürülüb tanrısı
Umudsuz
Üzgün
Nə söylənəcək sözü qalmış
Nə göstərəcək yolu
Doğrusu,
21-ci yüz illik
İnsanın başının ağrımasından başlanıb
Yuxu həblərinin atılmasında bitəcək
Bu isə ən böyük uğur sayılır
21-ci yüz illikdə yaşayan insan

**

o qədər qışqırdıq
göyərdi səsimizin bir yanı
yalqız qaldıq
tanrıların iqtidarı oldu yalqızlıq
savaşdıq
xəşablara dolan fişənglərimiz
qəbirlərə basdırılan cəsədlərimiz oldu
və ən gözəl mahnımız
piçaqların itilmək səsi oldu
o qədər qışqırdıq
unutduq
gözlərimizin nələr gördüklərini
qulaqlarımızın nələr eşitdiklərini
budur bütün payımız ölkədən
budur bütün payımız yaşamdan
sazaqdır
yoldaş
əllərinin istiliyini gülüşlərində gizlət


**

Beynim kiçik bir Orta Doğu
Savaşa girir beynimdə gündə neçə ölkə
Mən isə atası ölən uşaqların darıxması oluram
Ağlamaq istərəm
Eşidilsin aydıncasına
Astaca səs qırıqlarım
Burda
Oddan yaranıb hər bir şey
Burda
Bütün bayramlar başa çatar, dadı hiss edilmədən
Burda
Hər bir şey atılıb
Yuxu həbləri kimi
İzlənirik an bə an
Gözəlliyimiz olmasa da, doluyuq duyğulardan
Doluyuq boşluqlardan
Qurbətdə yazılan vətən şeiri kimi
Oxuyun bizi
Biz sizin savaş meydanızıq

**

Maraqlı gəlirsən mənə
Xiyabanlarda gördüyüm başqa bir ölkənin vətəndaşı kimi
Ay uşaqlığımdan qalan şəkil

Нет описания.

# 9168 dəfə oxunub

Müəllifin son yazıları

# # #