Bu rəsm əsərinə görə xristian olan azərbaycanlılar – Aslan Quliyevdən YENİ HEKAYƏ

Bu rəsm əsərinə görə xristian olan azərbaycanlılar – Aslan Quliyevdən YENİ HEKAYƏ
4 yanvar 2018
# 15:30

Kulis.az yazıçı Aslan Quliyevin “Levitan” adlı yeni hekayəsini təqdim edir.

Levitanın rəsmləri gözəl və kədərlidi. Rus təbiətini, qarlı meşəsini, erkən yazda qarları əriyən rus çölünü, ağcaqayınlarını çəkib. Rus çölü soyuq və genişdir, rütubət, qətran qoxuyur, bizim çöllər kimi ilğımlanmır. Amma mən hər dəfə Levitanın rəsmlərinə baxanda orda sükut içində boğulan kimsəsiz çöllərimizi görürəm.

Salonun divarından tablo asmaq məsələsi gündəmə gələndə mənim ilk olaraq yadıma Levitanın rəsmləri, evdəkilərin yadına isə məscid minarələrinin fonunda saqqallı ülamənin böyüdülmüş fotosu düşdü. Bu məni həyəcanlandırdı. Tələsməliydim, evə fikir, söz azadlığı və sair kimi nəsnələr ayaq açmışdı. Gecikərəmsə, salonun divarından saqqallı ülamənin boy vermək ehtimalı vardı. Yubanmadan internetdə Levitanın rəsmlərini axtardım. “Əbədi rahatlığın üzərində” rəsmi xoşuma gəldi. Rəsmdə çayın sahilindəki təpənin üstündə tənha koma, komanın həyətində tutqun rəngli çay daşları təsvir olunmuşdu. Rəsmi diskə köçürtdüm.

Qış. Şaxta. Soyuq qarın üzərindən soyuq külək əsir. Belə havalarda yola çıxmaq mənim üçün əzabdır. Amma məcburam, saqqallı ülamənin xəyalı mənə rahatlıq vermir. İllərin əzab-əziyyəti bahasına başa gələn öz evimdə, özcə salonumda belə birisinin şübhəli baxışlarının daima məni təqib eləyəcəyini düşünəndə belə başımda tüklərim vız dururdu. Di gəl, evdə razı deyildilər, yoldaşım köhnə, amma heç vaxt aktuallığını itirməyən bayatısını deyirdi. Guya bu iş mənlik deyilmiş, fərli-başlı bir şey ortalığa çıxarda bilməyəcəkmişəm. Doğrudur, birbaşa demirdi, gizli eyhamlarla işarə vururdu. Amma birbaşa desəydi, mənə bu gizli eyhamlar qədər yer eləməzdi.

Getməli, bu işin mənlik olduğunu hər kəsə sübut eləməliydim. Getdim də. Dostumun bu işlə məşğul olan tanışları var idi. Diski onların emalatxanasına apardım. Orda mənə cavan və gözəl bir qızı göstərdilər. Qız diski alıb kompüterə qoydu, rəsmə baxdı və mənə tərəf döndü. Sifətində heyrət ifadəsi var idi.

- Mən sizə başqa seçim eləməyi məsləhət görərdim, - istehzayla dedi.

Gözəl qızlar özlərindən razı olurlar, amma bu qız qədərindən artıq razı idi. Özlərindən razılar da məndə bir qayda olaraq qıcıq yaradırlar.

- Mənsə sizə iki yaşınız qədər sənətdə olan birisinə məsləhət verməməyi məsləhət görərdim, - soyuq səslə dedim.

Qız tutuldu, heyrətdən sifəti uzandı. Heç təsəvvür eləməzdim, dedi, mənə deyiblər sizin yerlərdə mollalar qarışqa sürüsü kimi qaynaşırlar. Bir əlləriylə çalmalarından, bir əlləriylə də əbalarının yaxalıqlarından yapışaraq hər yerdə dolaşır, hənalı saqqallarını tumarlamaqdan yorulmurlar.

“Sən işini gör, - qaşqabaqlı halda dedim -, “mən indi onlara haralarındansa yapışmağı, nəyisə tumarlamağı qadağan eləyə bilmərəm”.

Qız başını yuxarı qaldırmadan rəsmi böyüdəcəklərini, kətana köçürəcəklərini, bəyəndiyim çərçivəyə salacaqlarını dedi. Bu mənə təxminən beş yüz manata başa gələcəkdi. Az pul deyildi, amma razılaşmalı oldum. Ortalıqda ülamə söhbəti var idi.

Səhərisi çərçivəyə salınmış, boz kağızla örtülüb səliqə ilə sarınmış tablonu mənə verdilər. Dedilər, şüşəsi çox zərifdir, gərək son dərəcə ehtiyatlı olum.

Ehtiyatlı olmağa çalışırdım. Amma sanki bu qış günü adamlar da, quşlar da, külək də, qar-buz da çərçivənin şüşəsini sındırmağı qarşılarına məqsəd qoymuşdular. Adamına, quşuna, küləyinə qarşı mübarizə aparır, çərçivəni qorumağa çalışırdım, amma bəzən əsəblərim dözmürdü. Az qala çərçivəni başıma qaldırıb yerə çırpmaq, alın, sizin olsun, istəmədim, aparmadım deyə bağırmaq istəyirdim. Bir sözlə çərçivəni rayona sağ-salamat çatdırmağım sadəcə möcüzə idi.

Çərçivəni salonun ortasına qoydum. Ürəyim qürurla döyünürdü. Demək, bu iş mənlikmiş! Demək, ortalığa fərli-başlı iş çıxarda bilirmişəm!

Təntənə ilə tablonun iplərini açdım. Boz kağızı qopartdım və rəsmə baxanda başımda tüklərim biz-biz durdu. Yox! Ola bilməzdi! İnsan bu qədər şanssız olarmı? Mənim koma kimi təsəvvür elədiyim kilsə, çay daşları isə qəbirlər idi, üzərlərində dəmir xaçlar var idi. Levitan bu rəsmində komanı, çay daşlarını yox, çayın sahilindəki tənha kilsəni və kilsənin həyətindəki qəbiristanlığı təsvir eləmişdi.

- Sənin tablon bu imiş? – yoldaşım etinasız halda dedi.

- Hə də, - pərt halda dilləndim.

- İndi sən bunu neyləmək istəyirsən?

- Divardan…

- Kilsəni, qəbiristanlığı? – elə heyrətlə dedi ki, daha təkid eləməyin bir anlamı qalmadı. Tablonun heç vaxt salonun divarından asılmayacağını dərk eləmək elə də fəhm istəmirdi.

Pulumu havaya sovurmuşdum, amma etiraf eləyim ki, məni puldan çox, çəkdiyim əzab-əziyyət yandırırdı. Yoldaşım isə sancmağındaydı, sənə dedim axı, getmə, aralığa bir şey çıxarda bilməyəcəksən. Qulaq asmadın, getdin, gətirdiyin də bu. Yenə müsəlman qəbiristanlığı olsaydı dərd yarıydı. Yoxsa hansı müsəlman evinin divarından xristian kilsəsinin, qəbiristanlığının rəsmini asar? Bunu çıxart evdən. Yoxsa namaz qılan qohumlarımızdan heç biri bizdə çörək yeməz.

Yeməzlər, yeməsinlər, hirslə qışqırdım, sanki tabloyla bağlı uğursuzluğumun səbəbkarı namaz qılan qohumlarım imiş. Olmaya bizdə mütləq çörək yesinlər deyə, mən onları məcbur eləməliyəm? Ya qarşılarında diz çöküb onlara yalvarmalıyam? Bəlkə onlar bizdə çörək yeyəndə sinəmdən orden asacaqlar? Ya olmaya Yazıçılar Birliyindən günü sabah zəng eləyib deyəcəklər, nəhayət gəl, təqaüdünü al, namərdlikdən əl götürmüşük.

- Zəng eləməyəcəklər, - yoldaşımın səsində buz soyuqluğu var idi.

- Nədən bilirsən? – tutulub qaldım.

- Ordan, - yenə də əlini tabloya tuşlamışdı.

- Tabloda yazılıb mənə zəng eləməyəcəkləri?

Yox, başını yırğaladı, mən bu məsələdə onlara haqq qazandırıram. Yəni sənə təqaüd verməməkdə ədalətsiz iş görmürlər. Hətta haqlı olduqlarını düşünürəm. Aylarla xəyal edib, günlərlə çalışıb, əziyyət çəkib, sonda aralığa qəbiristanlıq çıxardan bezdarnı üzvünə birlik nəyə görə də təqaüd verməlidir?

Yaralı yerimdən vurmaq fürsətini heç vaxt əldən vermirdi. Yenə də vermədi.

İndi bu tablonu neyləyə bilərdim? Divardan asa bilməzdim, bu məsələ gündəmdən çıxmışdı. Atmağa da heyfim gəlirdi.

Şair dostum yadıma düşdü. Rəssamlardan, onların əsərlərindən danışmaqdan yorulmazdı. Kitablarımı oxuyurdu. Heç vaxt xoşuna gəldiyini, ya gəlmədiyini demirdi, yalnız kitabı oxuyub qurtarandan sonra sual verirdi. Sən bu yazıçını niyə öldürübsən? Sən bu ovçunu niyə öldürübsən? Onun nəzərində mən peşəkar qatil idim, kimi istəsəm, öldürə bilərdim. Yəni bunu yəqin eləmişdi, sadəcə, nədənini bilmək istəyirdi. Mən də başdan sovdu cavablar verirdim, axır dözə bilmədim, dedim: “Mən seçim qarşısındaydım. Ya yazıçını öldürməliydim, ya səni. Düşündüm, daşındım, hələlik yazıçını öldürməyə qərar verdim. Amma belə gedərsə, səni də öldürməyim gündəmə gələ bilər”.

Məndən incimişdi. Amma tablonu yalnız ona bağışlaya biləcəyimi düşünəndə belə xırda məqamların üstündən keçməli oldum. Ona zəng elədim, çox da uzatmadan, bizə gəl, dedim, sənə Levitanın gözəl bir əsərini bağışlamaq istəyirəm. Təbii ki, surətini. Kətana köçürdülüb, bahalı çərçivəyə salınıb. Apar, as evinin divarından. Bu isə dirəndi. Bəs sən özün niyə asmırsan evinin divarından? Ona görə ki, dedim, bizdə Levitana düşmən gözüylə baxırlar. Elə düşünürlər ki, Levitan olmasaymış, rəsmlərini çəkməsəymiş, mənə orden-medal verəcəkmişlər, Yazıçılar Birliyi ən nəhayət inadına son deyib, məni də təqaüdə təqdim edəcəkmiş, rayonun mərkəzində isə heykəlimi qoyacaqmışlar.

O isə artıq mənə qulaq asmırdı. Levitanın tablosunu ona bağışlamaqda ciddi olduğumu anlayan kimi də telefonunu söndürmüşdü. Heç şübhəsiz uça-uça bizə gəlirdi.

Özümə gəlməyə macal tapmamış qapı döyüldü. Qapını açıb, kandarda dayanmış şairi gördüm. Töyşüyür, üst-başından buxar qalxırdı. Özünə gəlmək üçün dərindən nəfəs aldı, dumanı əlinin arxasıyla özündən kənara qovdu və nəhayət içəri keçdi.

- Hanı sənin tablon? – soruşdu.

- Budur, - tablonu ona göstərdim.

- Bu?! – şair bağırdı, yəni sözün əsl mənasında.

- Hə də! Sənə bir işmi oldu?

- Sən bunu mənə bağışlamaq istəyisən?! – şair bağırmağındaydı.

- Hə, - mənsə ondan fərqli olaraq sakitcə dedim.

İndi də bu ürəyini tutub yerində fırlanırdı, nəhayət dayandı. Demək, aparım evimizin divarından asım, yana-yana dedi, sən doğrudan da məni öldürmək məsələsini gündəmə gətiribsən. Arvadım aylıq maaşının yarısını çadraya, digər yarısını da qurbanı olduqlarına ehsan verməyə xərcləyir. Bu tablonu evə aparıb ona göstərəndən sonra öləcəyimə şübhə eləməyə bilməzsən. Kilsəni, kilsə qəbiristanlığını divardan asmaq fikrinə düşməyim belə həyatla vidalaşmağım üçün kifayətdir.

Bəs neyləyək, deyirəm, hər halda ata bilmərik. Azından buna yeddi yüz manat xərcləmişəm. Hələ üç günlük əzab-əziyyətimi demirəm. Deyir, aparaq çayçıya bağışlayaq. Çoxdandı çayxanasının divarından asmağa tablo axtarır. Mənim adam tanımaqda xüsusi qabiliyyətim var, ona belə yaxşılıq eləməyimizin əvəzində azından bizə altı ay pulsuz çay verəcək.

Tablonu götürüb çayxanaya getdik. Şairin nəsrdən anladığı bir şey yox idi, bu məlum idi, adam tanımaqda xüsusi qabiliyyətinin olmadığı da məlum oldu. Çayçı altı ay pulsuz çay vermək təklifini yaxın qoymadı, o cümlədən tablonu da. Siz məni müflis eləmək istəyirsiz? Bunu divardan assam burda kim çay içər? Məscid yaxınlıqdadır, əsas müştərilərim axund və onun tələbələri, dindarlardır. Kilsənin, xaçlı qəbirlərin rəsmini divarda görsələr, məni kafir elan eləyərlər.

Qonşu stolda kapitanla serjant çay içirdi. Söhbətimizi eşitmişdilər. Kapitan dedi, tablonu bizə bağışla, şöbənin həbsxanasında divardan asaram. Qoy dustaqlar baxıb, bu dünyanın əbədi olmadığı, ölüm-itim olduğu haqda da düşünsünlər. Əclaf işlərdən əl götürsünlər.

Dərhal razılaşdım, tablonu rayona gətirəndə necə sevinirdimsə, ondan yaxa qurtardığıma görə də eləcə sevinirdim. Qoy aparıb assın həbsxananın divarından, dustaqlarımız ölüm-itim haqda da düşünsünlər. Əclaflıqla məşğul olmasınlar. Belədə ölkəyə bir faydam da dəymiş olurdu. Sayəmdə dustaqların əxlaqı dəyişəcəkdi. Doğrudur, ölkəyə fayda vermək mənə baha başa gəlmişdi, ancaq neyləməli, söhbət ölkəyə fayda verməkdən, xüsusi ilə əxlaqı dəyişdirməkdən gedəndə belə xırda məqamları çox da şişirtməmək lazım gəlirdi.

Kapitan tablonu apardı.

Beş-altı aydan sonra kapitanla rastlaşdım. Ondan soruşdum, nə oldu, dustaqlarınızın tablodan xoşları gəldimi? Ölüm-itim haqda düşünürlərmi? Çiyinlərini çəkdi, nə haqda düşündüklərini bilmirəm, dedi, bu əclaflar heç vaxt ağıllı işlər haqda düşünməzlər. Amma altı dustaqdan dördü xristianlığı qəbul elədi.

Heyrətdən özümü itirdim, hər halda bunun tabloyla əlaqəsi yoxdur, dedim. Bəs sizcə nəylə əlaqəsi var, kapitan hirsləndi. Birbaşa tabloyla əlaqəsi var. Heç olmaya öləndən sonra elə gözəl yerdə dəfn olunmaq istədilər.

Necə yəni o kilsəni, o qəbiristanlığı, hardan tapacaqdılar? Olmaya elə zənn eləyirdilər bütün xristianları soyuq və tutqun Rusiyanın çayları boyunca səpələnmiş tərki-dünyalığı təlqin eləyən tənha kilsələrin qəbiristanlıqlarında dəfn eləyirlər? Şəxsən mən şoran torpaqlarda xristianların dəfn olunmasının şahidi olmuşam. Ətrafda nə çay, nə də kilsə var idi. Soyuq külək əsdikcə şoran çölün acı yovşanları titrəşirdi. Havadan da duz və acı yovşan qoxusu gəlirdi.

Kapitanı çağırdılar. O gedəndən sonra serjantdan soruşdum, doğrudanmı dustaqlar tabloya görə dinlərini dəyişdilər? Bilmirəm, dedi, heç şübhəsiz tablonun da rolu oldu, amma əsasən kapitana görə oldu. Dustaqlar ondan soruşdu: “Sən müsəlmansan?” “Hə”, - kapitan onlara dedi. “Onda biz müsəlman ola bilmərik”, - dustaqlar dedilər

Qüssələndim. Təkcə dünyadakı müsəlmanların sayının dörd nəfər azalmasına görə yox. Sağ ikən bir gün görə bilməyən, heç olmaya öləndən sonra elə sakit, sadə, qüssəli yerdə dəfn olunmaqlarını arzulayan tanımadığım dustaqlara görə.

Salondan tablo asmaq məsələsi təxirə salınmışdı. Evdəkilər təkid eləmirdi, mənim də həvəsim yox idi. İlk təşəbbüsümün uğursuzluqla nəticələnməsi məni ruhdan salmışdı. Amma işlər birdən dəyişdi. Orta məktəbi bu il qurtarmış yaxın qohumum Biləsuvarlı bir mollanın yanına ayaq açmışdı. On il ərzində müəllimləri ona heç nə öyrədə bilməmişdilər, molla nəsə öyrədə biləcəkdimi, məlum deyildi, amma mollanın yanına ayaq açanı xarici görünüşünü, yerişini, hərəkətlərini, hətta ləhcəsini də dəyişmişdi. Süni quzu dərisindən çin papağı, qara palto geyir, təsbeh fırlayır, saqqalını bir sağa, bir sola tumarlayırdı. Danışanda “getməkdəydi”, “gəlməkdəydi” demək əvəzinə, “getməklikdəydi”, “gəlməklikdəydi” deyirdi. Hələ ustalaşmamış, hər şeyi ustadından öyrənməyə macal tapmamışdı. Bəzən “lik”lərdə ifrata varır, iki-üç dəfə təkrar eləyirdi. Məsələn, “Qurbanı olduğum ata doğru getməkdəydi” əvəzinə, “Qurbanı olduğum ata doğru getməkliklikdəydi” deyirdi.

Mənim zavallı Azərbaycanıma özündən razı qızın dediyi kimi belələri qarışqa sürüsü kimi doluşurdular. Hər tərəfdə dolaşır, uçuşurdular. Hətta mən düşünməyə başlamışam, belə gedərsə, ölkədə normal danışan birisini tapa bilməyəcəyik.

Bu tələbə evdəkilərə hansısa qurbanı olduğunun fotosunu göstərmiş, salonun divarından asmağı məsləhət görmüş, müəyyən qədər dəstək də qazanmışdı.

Yəni tələsməliydim. Levitanın iki rəsmini internetdən götürdüm, Bakıda böyütdürdüm, kətandan çox ucuz, amma möhkəm süni parçaya köçürtdürdüm. Yerli ustalar ucuz qiymətə palıd taxtalarından çərçivələr düzəltdilər. Zəmi və ağcaqayın meşəsinin tablolarını salonun divarından asdıq. İkicə tablo salonun ab-havasını büsbütün dəyişdi. Sevinirdim, ən nəhayət belə işlərin mənlik olduğunu sübut eləyə bilmişdim.

Ən çox da salonu əsrlər öncəsi torpaqlarımıza ayaq açmış yadellilərin işğalından xilas eləyə bildiyimə görə sevinirdim.

aslan-quliyev

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

# # #