Vidadi Babanlı: “Fəxri adı yazıçını “noxtalamaq” üçün verirdilər” - MÜSAHİBƏ

Vidadi Babanlı: “Fəxri adı yazıçını “noxtalamaq” üçün verirdilər” - <span style="color:red;">MÜSAHİBƏ
23 aprel 2014
# 08:00

Kulis.Az məşhur yazıçı Vidadi Babanlı ilə müsahibəni təqdim edir.

- Siz də Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almaq üçün gedənlərdənsiniz. Bildiyimizə görə təhsilinizi yarımçıq qoyub geri qayıtmısınız...

- Mən Universitetin filologiya fakültəsini bitirmişdim. Hətta bir il Sabirabadda müəllimlik də etmişdim. Sonra müəllimlikdən ayrılıb Bakıya gəldim, mənə Moskvada təhsil almağı təklif etdilər. Həm rus dilini öyrənmək, həm də dünya ədəbiyyatı ilə tanış olmaq xətrinə bu təklifi qəbul etdim. O vaxt dünya ədəbiyyatı nümunələri Azərbaycan dilində çox az idi.

Qorkidə tədris ili başlayan kimi məni çağırdılar rektorun yanına. Rektor o vaxt Seryogin idi... İçəri girəndə gördüm, şəxsi işim rektorun stolunun üstündədir. Fikirləşdim ki, ali təhsil aldığım üçün geri qaytaracaqlar. Rektor yer göstərdi, əyləşdim. Sənədləri gözdən keçirib, qayıtdı ki, “Babanlı, siz axı ali təhsil almısınız, bura nə üçün gəlmisiniz?” Məqsədimi olduğu kimi başa saldım. Rektor qımışdı və təklif etdi ki, sizi aspiranturaya götürək. Qiymətlərim də buna imkan verirdi. Hətta dedi ki, şeirlərinizin sətri tərcüməsinə baxmışıq və bəyənmişik. Bildirdi ki, aspirantura şöbəsi yeni açılıb və mənə orda oxumaq təklif olundu. Rektora rus dilini bilmədiyimi, bunun da çətinlik yaradacağını dedim. Bildirdi ki, narahat olmayın, sizə və bir neçə tələbəyə rus dili kursu təşkil olunacaq.

Aspirantlar üçün verilən təqaüd yüksək olduğu üçün həvəsləndim. Həm də o zamanlar köməyim yox idi. Atam müəllim idi, külfətimiz də böyük idi. Razılaşdım. Rektor katibəsini çağırıb mənim adımdan ərizə yazdırdı, ərizəyə dərkənar qoydu və başa saldı ki, artıq hər şey həll olunub, gedim hazırlaşım, 10 gündən sonra dərslər başlayır. Mən təkrar çətinliyimi, hazırlaşa bilməyəcəyimi dedim. Güldü və başa saldı ki, narahat olmayın.

İmtahanlarda kömək etdilər və aspiranturaya qəbul oldum.

- Yataqxanada qalırdınız?

- Şəhərdən kənarda - Peredelkinoda yataqxanada qalırdıq. Sentyabrda yağışlar başladı. Mən də Azərbaycandan gedəndə qalın paltar götürməmişdim. Moskvanın iqlimindən xəbərim yox idi. Nazik köynək-şalvar və “pasanoşka” ilə getmişdim. Olan- qalan pulum da qurtardı. Qəbul olunduğumuzu Maarif Komissarı təsdiqləmədiyi üçün təqaüd də almırdıq. İki gün ac-susuz qaldım. Qaydaya görə bir aylıq yemək pulunu öncədən yeməkxanaya vermək lazım idi. Həmin vaxt Nəbi Xəzri ilə Salam Qədirzadə yuxarı kursda oxuyurdu. Gecə Salam Qədirzadə yanıma gəldi və gördü ki, ac-susuz üzüstə yatmışam. Geri qayıtmağa pul yox, borc istəməyə də heç kəsi tanımıram.

- Azərbaycanlılardan kimsə yox idi?

- Şəhərdən kənarda olduğum üçün, heç kəsi tapmaq imkanım yox idi. Salam gəlib hal-əhval tutdu, xoş-əhvalla məni təbrik elədi. Soruşdum, nə münasibətlə təbrik edirsən? Dedi, “Smena” jurnalında şeirlərin çıxıb. Moskvada heç yanı tanımadığım, heç bir redaksiyaya getmədiyim üçün mənə elə gəldi ki, Salam Qədirzadə məni dolayır. Dedim, ay Salam, görmürsən hansı vəziyyətdəyəm? Niyə belə edirsən? And aman elədi ki, əgər inanmırsansa, get yeməkxananın jurnallar olan stolunun üstünə bax. Yenə inanmadım. Qolumdan tutub yeməkxanaya gətirdi və baxdım ki, jurnalın 9-cu nömrəsində iki şeirim çap olunub. O zaman imzam Vidadi Şıxlı idi... Babanlı soyadımdır... Vidadi Babanlı imzasına sonradan keçdim. Hə... Nəbi Xəzri də gəlib təbrik elədi məni. Dedi, neçə ildir burda oxuyuruq, heç bir redaksiya bizim şeirimizi çap eləməyib. Sən isə dünən beş, bu gün şeş! Sən demə Moskvadan bir tərcüməçi Yazıçılar İttifaqına gəlib və gənclərin şeirləri ilə maraqlanıb. Ona mənim də şeirlərimi təqdim ediblər. Mənim şeirlərimi bəyənib və “Smena”ya təqdim edib.

Nəbiylə getdik redaksiyaya, qonararı aldıq. Nəbiyə də yaxşı qonaqlıq verdim.

- Nə qədər idi qonararınız? Yadınızada qalar hər halda...

- 310 manat idi deyəsən... Gəldik Qorki küçəsindəki “Bakı” restoranına. Nəbi Xəzri ilə çörək yedik, sonra getdik mənə ayaqqabı, şalvar aldıq. Yerdə qalan pulu da gətirib yeməkxanaya verdim.

Aspiranturada bir il oxuyandan sonra bərk xəstələndim, sətəlcəm oldum. Moskvanın havası mənə düşmədi. Oranın Yazıçılar İttifaqının xəstəxanasına apardılar. 10 gün müalicə olunduqdan sonra mənə dedilər ki, 6 ay bu iqlimdə qala bilməzsən. Ədəbiyyat İnstitutundan sənədlərimə dərkənar qoyub, göndərdilər Azərbaycana, aspiranturaya burda davam elədim. O vaxt aspiranturanın direktoru Vəfa Quluzadənin atası Mirzəağa Quluzadə idi. Nizami adına Ədəbiyyat İnstitutunun direktoru idi. O da sənədlərimi aldı, 3 ay get-gələ saldı. Səməd Vurğun həmin vaxt Elmlər Akademiyasının vitse-prezidenti idi.

- 50-ci illər...

- 53-cü ilin söhbətidir. Stalin öləndən sonra hakimiyyət dəyişdi. O zaman Səməd Vurğunu akademiyanın vitse-prezident, Mirzə İbrahimov Ali Sovetin sədri, İmam Mustafayev isə birinci katib idi.

- Hakimiyyət yazıçıların əlində imiş ki...

- Bircə İmam Mustafayev kənd təsərrüfatı üzrə mütəxəssis idi... Gəldim Səməd Vurğunun yanına. Katibəsi dedi, yanında qonağı var, indi çay aparacam, deyərəm, imkan olsa sizi qəbul edər. Səməd Vurğun gənc şair sözünü eşidəndə məni o saat qəbul elədi. Qonaq çıxmamışdı hələ... Onun yanındakı adam Seyfulla Şamilov idi.

- Bunları yazmısınız? Biz rast gəlməmişik...

- Bəli. Bunlar “Gizlinlər” adlı kitabımda var. Kitab 2005-ci ildə az tirajla çap olunub. Çox yayılmayıb. Özümdə də cəmi ikisi var...

- Seyfulla Şamilov repressiya olunmuşdu...

- Hə, Seyfulla Şamilov 37-də tutulmuşdu. Tutulmamışdan Yazıçılar İttifaqının katibi idi. Səməd Vurğun o tutulandan sonra qalanların başına gələnləri Seyfulla Şamilova danışırdı.

- Qorxmurdu bəs?

- Artıq yox idilər... Nə Stalin, nə Bağırov!

Mən onların danışıqlarını öz dillərindən eşitmişəm və həmin kitabda yazmışam.

Səməd Vurğun söhbətini bitirəndən sonra mənə dönüb, nə istədiyimi soruşdu. Vəziyyəti danışdım. Telefonu götürüb Mirzəağa Quluzadəyə zəng elədi, dedi, bu uşağın işini niyə ləngidirsən? O da nə isə izah elədi, bəhanə gətirdi. İşim düzəlmədi. Bu dəfə Səməd Vurğun mənə təsəlli verib dedi ki, iki yana baxan çaş olar, ay bala, get şeirini yaz, alimliyi burax. Mən özüm də aspiranturada oxumadım. O vaxt Səməd Vurğunun sözü etalon idi. Mən də ona ulaq asdım və elmin arxasınca getmədim.

- Sonralar peşman olmadınız ki?

- Maddi sıxıntılar olanda bir balaca peşmançılığım olurdu.

- Amma sovet dövründə yazıçılar yaxşı dolanırdılar. Müstəqillik dövründə çətin oldu...

- Sovet dövründə bir əsərin qonorarı ilə iki il dolanmaq mümkün idi. Amma mən çox çətinliklərə düşdüm. “Vicdan susanda” ilk dəfə çap olunanda məni bərk tənqid etdilər, əsri partiya iclasında müzakirə etdilər. Bu müzakirələr məhkəməyə oxşayırdı.

- Siz partiyanın üzvü idiniz?

- “Gəlin” povestim çıxan kimi diqqəti cəlb elədi. Çətinlik çəkmədən məni partiyaya keçirdilər. Gənc və istedadlı yazıçı kimi partiyaya üzv olmuşdum. Sonra “Vicdan susanda” əsərinə görə işdən çıxarıldım, dörd il işsiz qaldım və borca düşdüm. Qəzetlərə, radioya oçerklər yazıb, ailəmi dolandırırdım.

“Bakı” qəzetinin baş redaktoru Nəsir İmanquliyev məni sənaye müəssisələrinə müxbir kimi göndərirdi. Çox yaxşı insan idi. Allah ona rəhmət eləsin. Yazımın çıxmasını gözləmədən qonorarımı verirdi.

Bir müddət sonra “Vicdan susanda” Moskvada dalbadal 200 min tirajla çıxdı. “Vicdan susanda” iki kitabdan ibarətdir. Əvvəlcə biri, sonra digəri, lap sonda isə ikisi birlikdə çap olundu. Ordan yaxşı qonorar aldım, borclarımı verdim, vəziyyətimi düzəltdim.

- Necə oldu ki, tənqid olunan əsər sonra çap olundu?

- Moskvada bəyənmişdilər. Yoxsa mümkün deyildi.

- Belə çıxır ki, ruslar bizə qarşı özümüzdən daha humanist olub?

- Bəli, düz deyirsiniz... Tənqidçi Məmmədcəfər Cəfərovla eyni binada qalırdıq. İndiki Həsən Seyidbəyli küçəsində... Bir axşam rastlaşdıq. Dedi, sənin əsərini mənə rəy üçün göndərmişdilər, bəyəndim və bəzi qeydlərimi də yazıb göndərdim. Yaxşı olar ki, sən bu əsəri rus dilinə tərcümə etdirəsən. Rus yazıçıları daha obyektiv münasibət göstərəcəklər. Dedim, ay Məmmədcəfər müəllim, mənim vəziyyətimi bilirsiniz, az qala partiyadan çıxarırdılar!

- Əsəri kim tərcümə elədi?

- “Bakraboçi”də bir qadın vardı, Vəzirova. Sətri tərcüməni o etdi. Özüm də tərcüməyə müəyyən kömək etdim. Sətri tərcüməni oxuyub bəyənəndən sonra müsbət rəy yazıb, bədii tərcüməyə verdilər. Sonra “Literaturnaya qazeta”da əsər haqqında müsbət rəylər yazıldı. Bədii tərcüməni Lidiya Libedinskaya etmişdi.

- Moskva mühitini görmüsünüz, baxıram, kitabxananıza dünya ədəbiyyatının ən maraqlı nümunələri var, üstəlik dünyagörmüş insansınız, sizdən bir söz soruşum: niyə Azərbaycanda dissident ədəbiyyatı yaranmadı?

- O vaxt buna şərait yox idi. Amma belə götürəndə “Vicdan susanda” dissident əsər idi.

- Axı siz partiyanın üzvü idiniz...

- Amma məni dörd il işsiz qoydular. Partiya iclasında partiya biletimi Mirzə İbrahimovun üstünə atdım. Mirzə İbrahimov təklif verdi ki, partiyadan çıxarılım. Əli Vəliyev, Süleyman Rüstəm buna etiraz elədi. Osman Sarıvəlli və Rəsul Rza da məni qorumağa çalışdı.

- Siz bilmirdiniz ki, vicdansız bir cəmiyyətdə, vicdandan yazmaq təhlükəlidir?

- Nə bilim, vəhy kimi gəldi, yazdım. Əsərin adını başqa cür qoysam da, məni incidəcəkdilər.

- Belə başa düşürəm ki, siz özünüzü dissident yazıçı hesab edirsiniz?

- Elə oldu ki, məni işsiz, ailəmi çörəksiz qoydular. Heç yanda işə götürmədilər. Dörd ildən sonra kinostudiyada dublyaja götürdülər. Amma Moskvada yazılandan sonra, burda da haqqımda yazmağa, tərifləməyə başladılar.

- Nədənsə narazı görünürsünüz...

- Narazılıq belədir ki, məni bir az gözdən uzaqda qoydular, ad vermədilər, qarşımı kəsdilər...

- Dissident yazıçı bütün bunlardan imtina edir, siz isə fəxri ad istəyirsiniz...

- Niyə başqaları “Xalq yazıçısı” olsun, mən yox? Mənim də yaradıcılığıma baxın, onların da!

- Pasternak o vaxt Nobeldən belə imtina elədi.

- Pasternakı məcbur elədilər, qoymadılar almağa.

- Bəlkə siz də istəməyəsiniz?

- Olmur axı. Ailədə, yaxınlar arasında səhv anlaşılır. 70 illiyim oldu, 75 illiyim oldu heç bir iş görmədilər. Amma dünyanın heç yerində belə fəxri adlar yoxdur. Bütün sovet ölkələrində bu adlar vardı, amma Rusiyanın özündə yox idi.

- Məncə fəxri adınız var axı...

- Mənə 1986-cı ildə Əməkdar İncəsənət Xadimi adı veriblər.

- Yazıçıya incəsənət xadimi demək olarmı?

- Bu da bir siyasət idi. “Noxtalamaq” üçün verirdilər.

- Sizə elə gəlmirmi ki, fəxri ad verməsələr nəvələriniz gələcəkdə bununla fəxr edə bilər?

- Mən indi də alnıaçıq gəzirəm. Hər yerdə məni ehtiramla qarşılayırlar.

- Füzulini, Sabiri, Mirzə Cəlili oxuyanda onların fəxri adına görə oxumuruq axı. Hətta xalq yazıçılarını belə tituluna görə oxumuruq.

- Səməd Vurğun deyiləndə aldığı heç bir mükafatın, fəxri adın adı çəkilmir. Axundova da çar vaxtı orden vermişdilər. Yazıçı yalnız əsərlərinə görə sevilir. Çoxlu fəxri adları olan adamlar var ki, heç yada düşmür.

- Yazınızda da yazmısınız ki, sizə gizli badalaq vuranlar olub. Sizə kim mane olur?

- İstedadsız adamlar var ki, həvəsə gəlib gənclikdə bir-iki əsər yazıblar, indi isə bekarçılıqdan söz aparıb-gətirməklə məşğuldurlar. Mənim 70 illiyimdə, başda Anar olmaqla bütün yazıçılar 4 rayonda yubileyimi keçirdilər. Ondan sonra ara vuranlar Anarla aramı vurdular və münasibətlərimiz tamam korlandı.

- Bəlkə Anar müəllim yazıçı kimi sizi qısqanır?

- Onu deyə bilmərəm. Özündən soruşun (gülür).

- Kimlərdir ara vuranlar?

- Çoxusu ölüb, adlarını çəkmək istəmirəm. Sağ olanları da tanımırsınız. 15 ildir AYB-yə getmirəm. Münasibət soyuyub. Aranı vurdular. Anar yaxşılıq edib, dörd rayonda yubileyimi təşkil etdi. Sonra aranı qatdılar.

- Konkret hansı şər-böhtanı atıblar sizə?

- Dedilər, guya mən kiminsə təsiri altında yazıram. Bundan böyük şər ola bilərmi yazıçı üçün? Mən hər zaman həyatdan yazmışam.

- Qeyd edirsiniz ki, sizi kimdənsə təsirlənməkdə qınayırlar. Siz də buna əsəbiləşmisiniz. Axı ədəbiyyatda bu normal qəbul olunur. Bu sizi niyə əsəbiləşdirir?

- Axı mən mövzularımı həyatdan götürmüşəm. Plagiat, oğurluq sayılır bu. “Ana intiqamı” əsəri ilə bağlı söz yaymışdılar ki, guya Hüseyn Cavidin birpərdəli “Ana” pyesindən götürmüşəm. Amma bu əsərlər ayrı-ayrı şeylərdir. Sadəcə hər ikisində ana ürəyinin böyüklüyündən söhbət gedir.

- Siz birmənalı olaraq ədəbiyyatda təsirlənmək məsələsini qəbul etmirsiniz?

- Hər kəs gərək özü yazsın. Mən qəbul etmirəm. Bir çox yazıçılar var ki, müşahidələri yoxdur, həyat bilikləri yoxdur və kitablardan gəlirlər.

- Buna münasibətiniz necədir?

- Buna münasibətim pisdir. Hər yazıçının öz müşahidələri, ifadə qabiliyyəti olmalıdır.

- O zaman siz Yusif Səmədoğlunun “Qətl günü” romanını qəbul etməzsiniz...

- Orda Yusifin özünün müşahidələri, süjeti yönəltməsi var. Bu əsərdə təsir güclü deyil.

- İsa Hüseynovun yaradıcılığının “Yanar ürək”dən sonrakı mərhələsini də qəbul etməzsiniz o zaman...

- O, başqadır. Deyirdi, mənə hər şey göydən gəlir və diktə edirlər. Çoxları onu qəbul edə bilmirdi. Elə zənn edirdilər ki, onun əqli problemi var. Mən “İdeal”ı oxuyanda gördüm ki, belə əsəri yazıçı yaza bilməz. Bu doğurdanda diktə olunub.

- Şəxsi münasibətləriniz necə idi?

- Biz qohumuq, dayıoğlu-bibioğluyuq! Mən bir yaş İsadan böyük idim. Uşaqlığımız bir yerdə keçib. Yazıçılığa başlayandan sonra uzaqlaşdıq bir müddət. Amma yaxın idik.

- Ölüm xəbərini necə qarşıladınız?

- Çox ağır qarşıladım. Tez-tez zəngləşirdik. Yaşamaq, yazmaq həvəsində idi.

- Sizin yaradıcılığınıza necə münasibət bəsləyirdi?

- Adətən biz əsərlərimizi bir-birimizə vermirdik oxumağa. “Məhşər”i oxuyub ona irad bildirmişdim ki, Nəsiminin məhəbbət məsələsi alınmayıb. Bircə “Məhşər”i əlyazmada oxumuşam. O da hərdən mənə kiçik qeydlərini bildirirdi.

- Dünyasını dəyişəndə çoxları yazdı ki, son dövrlərdə Azərbaycanın ən böyük yazıçısı vəfat etdi. Sizcə doğrudanmı o, ən böyük idi?

- Mən də razıyam bu fikirlə. O, böyük cəsarətlə yazırdı. Onun kimi yazmağa cəsarət edən yox idi. Cəsarətli adam idi! Ona görə doğru deyirdilər. Mən onun yaradıcılığının ilkin dövrünü çox sevirəm.

- Ədəbiyyatda “qazaxlı” söhbəti gəzir. Belə baxanda Qazaxda doğulmuş çox istedadlı imzalar var. Siz bu söhbətlərə necə münasibət bəsləyirsiniz? Doğrudanmı qazaxlılar ədəbiyyatda xüsusi istedada malikdirlərmi?

- Görünür, nə isə var. Mən internetdə də oxuyuram ki, guya sənətdə Qazax imperiyası yaranıb. Hardadır o imperiya? Ədəbiyyatda hər şeyi istedad həll edir. Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, İsa Hüseynov, Mehdi Hüseyn, mən... Görünür havasına, suyuna görədir. Nağılına, dastanına, aşığına, sazına görədir bu istedad.

- İsa Hüseynov saz çala bilirdi, siz necə, bacarırsınızmı?

- Mən bacarmıram. Mənim atam müəllim olduğu üçün başqa-başqa kəndlərdə yaşadıq, sazdan uzaq düşdüm. Ana babam, İsa Hüseynovun isə ata babası koxa olub - Omar Koxa. Onun aşıqlarla sıx ünsiyyəti, dostluğu vardı. İsa ona görə saza bağlıdır. Omar Koxa dünyasını dəyişəndə onu saz çala-çala qəbiristanlığa apardılar. Bəlkə də İsa Hüseynov ona görə vəsiyyət etmişdi ki, qəbrinin üstündə saz çalınsın.

- Siz məqalənizdə deyirsiniz ki, ədəbiyyata gəlin-qaynana münasibətlərini ilk dəfə mən gətirmişəm. Bir yazıçının bununla öyünməyi nə dərəcədə düzgündür?

- Mən “Gəlin” povestini yazmışam, 54-cü ildə jurnalda çap olunub. Sonra “Qaynana” pyesi yazılıb. Daha sonra Mirzə İbrahimov “Böyük dayaq”da qayınata-gəlin münasibətini yazıb. Bunlar məndən sonra yazılıb. “Qaynana” pyesini Məcid Şamxalov yazmışdı. Bu mövzunu ilk dəfə mən yazmışam. Moskvada oxuduğum illərdə yazmışam. İlk dəfə İlyas Əfəndiyev oxuyub, məktub yazmışdı.

- Gənclərin yaradıcılığını izləyirsinizmi?

- Dörd ildir ki, izləyə bilmirəm. Yazmışam, amma oxumamışam. İlqar Fəhmi xoşuma gəlirdi, amma onu sonradan izləyə bilmədim. Oxuya bilmirəm. Ancaq gənclərin arasında istedadlılar da var. Heyf ki, çoxları qalmaqalla məşğuldur. Əsl yazıçı öz yaradıcılığı ilə məşğul olmalıdır. Mən niyə bəzilərinə cavab vermirdim? Qulağıma səs gəlirdi ki, onlara baş qoşma. İndi o adamlar yoxdur. Ancaq əsərlər qalır və həmişə meydandadır.

İstedadlı adam yazmaya bilməz. Çünki istedad gec-tez çəkib gətirir. Maddi çətinlik olsa da, ruhdan düşməsinlər.

Şərif Ağayar

Ağa Cəfərli

Cəlil Cavanşir

# 5137 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #