Gözləyə-gözləyə qaldım, göydən üç alma düşmədi… - Anar Aminin şeirləri

<b>Gözləyə-gözləyə qaldım, göydən üç alma düşmədi…</b> - <span style="color:red;">Anar Aminin şeirləri
30 dekabr 2017
# 15:00

Kulis.az Anar Aminin şeirlərini təqdim edir.

Şəkil çəkə bilmirəm...

Nə varsa sən çəkmisən, şəkil çəkə bilmirəm,

qarışıb bir-birinə boyaqlarım, İlahi.

Bəlkə, göyü zirvələr saxlayır başı üstə,

yerdən göyə dirənib dayaqların, İlahi.

Yerin baca, göyün ev, arada pərdəyəm mən –

aralıqda qalmışam, hələ bəridəyəm mən.

Hamını yuxu tutub, elə bir yerdəyəm mən,

ayaq üstə yatıbdı oyaqların, İlahi.

Yaratdığın hər şeyə vuruldum, – Sənə çatdım,

düşüb burulğanlara buruldum, – Sənə çatdım,

Gecə-gündüz yol gəlib, yoruldum, – Sənə çatdım,

səndən o yana getmir ayaqlarım, İlahi!..

Biri varmış, biri yoxmuş…

Mən ki, ağılsız deyildim, bilmirəm nə üçün, niyə

anam dedi: – Ağıllı ol! Ağıllı olmaq istədim –

Beləcə hər qış gecəsi nağıl dinləyə-dinləyə

göydəki üç alma üçün nağıllı olmaq istədim…

Biri varmış, biri yoxmuş... hər nağıla başlayanda,

dedi: – kiri, sonun gözlə! Susdum, heç alma düşmədi.

Ağzım sulana-sulana anamdan alma istədim,

gözləyə-gözləyə qaldım, göydən üç alma düşmədi…

Günlər ötdü, aylar bitdi, belə qış getdi, yaz gəldi –

nağıl deyə-deyə anam nağıllara atdı məni.

Heç kimə inanmasam da, anama çox inanırdım –

ay ata, neynəmişdim ki, anamda aldatdı məni?..

Dünyanın ən gözəl kəndi

Əliqasımlıdan sonra, Bədirlidən az oyana

Təklədən, Abazallıdan bəri bizim kəndimizdi.

Sağındakı Babaxanlı, solundakı İnilidi

qanrılsan Şiləvəngədən geri bizim kəndimizdi.

O qanrılan... Adəm oğlun vüsal vurar, hicran yıxar,

bu eşq ki, var dinc dayanmaz, onu qovar, bunu sıxar...

Peyqənbər dinsiz-imansız, Şair dərdli yerdən çıxar,

neçə-neçə dərdli kənd var, biri bizim kəndimizdi.

Şairlərdi dərdli yerin dərdini hiss edib duyan,

hara getsək sevinc yoxdu, qəm kədərdi o yan, bu yan...

Başına yaylaq su tökən, ayağını aran yuyan,

bəlkə dünyanın ən gözəl yeri bizim kəndimizdi.

# 1796 dəfə oxunub

Müəllifin son yazıları

# # #