Səməd Vurğunu pərt eləyən gənc xanım... – Yazarlardan qeyri-adi əhvalatlar

Səməd Vurğunu pərt eləyən gənc xanım... – <span style="color:red;">Yazarlardan qeyri-adi əhvalatlar
4 may 2019
# 18:42

Kulis.az məşhur Azərbaycan yazıçılarının həyatından maraqlı əhvalatları təqdim edir.


Cəlil Məmmədquluzadə bir dəfə Tiflisdə yolla gedərkən gənc bir oğlan onun cibinə girərək əlyazmalarını çıxarır. Demə, bu hadisəni polis uzaqdan görürmüş. Tez gəncin arxasıyca qaçaraq onu yaxalayır. Cəlilin gəncə yazığı gəlir, elə polisin yanında ona yaxınlaşıb ərklə deyir:

– Sənə neçə dəfə demişəm ki, tələsmə, niyə tələsirsən, bir neçə gündən sonra jurnalda çıxar oxuyarsan.

Sonra ərklə də kağızı cavan oğlandan alır. Polis onların bir birini tanıdığını zənn edib oradan uzaqlaşır.

***

Mirzə Cəlilin "Qurbanəli bəy” hekayəsi 1907-ci ildə kiçik kitabça halında çıxır. Bir qrup gənc ziyalı Qurbanəli bəy tipində bir bəylə zarafatlaşmaq üçün onun yanına gəlirlər. Deyirlər ki, bəy, Molla Nəsrəddin sənin barəndə hekayə yazıb, amma adını dəyişib. Hekayəni bəyə oxuyurlar. Bəy razılıq əlaməti olaraq başını yırğalayıb möhkəmcə gülür. Hekayənin axırına çatanda isə yaman dilxor olur. Deyir ki, yalandı. Mən bir qonaqlığa görə axurda gizlənənlərdən deyiləm. Ondansa arvad ləçəyi bağlamaq daha yaxşı olardı. Cavanlar zarafatın alındığını görüb bəyin üstünə gedirlər:

– Bəy, eybi yox, Tiflisə yolun düşəndə gedib cavabını verərsən.

– Ay kişilər, mən qonaqlara qonaqlıq da vermişəm, o pristav köpəyoğluna at da bağışlamışam. Amma bu gör nə yazıb?! Məni bir qonaqlığa görə axura salıb. Elə günü sabah gedib cavabını verəcəyəm.

Deyilənə görə səhəri gün həmin adam Tiflisə gedib Mirzə Cəlili tapır və əhvalatı ona nəql edir:

– Molla, vallah-billah, nəyə inanırsan inan, mən axura girməmişəm, sizə yalan deyiblər. Kişi də bir atdan ötəri axura girər?! Onda gərək biz adımızı gədə qoyardıq.

Mirzə Cəlil başa düşür ki, bəyi aldadıblar. Odur ki, deyir:

– Eybi yoxdur, bəydadaş, gələn dəfə yazanda axura girmək əhvalatını pozaram. Onda məndən inciməzsən ki?

– Yox, vallah. Bir yaxşı at da sənə bəxşeyiş edərəm... – deyə cavab verir.

***

Məmməd Səid Ordubadinin 70 illik yubileyində dramaturq Sabit Rəhman onu təbrik edir:

– Mirzə, o gün olsun, 150 illik yubileyinizi də bu gözəl zalda qeyd edək.

Ordubadi dözmür:

– Gədə, sən o vaxta qalmazsan!

***

Məmməd Səid Ordubadi "Kommunist” qəzetində işlədiyi vaxt o dövrün böyük maarifçiləri Nəcəf bəy Vəzirov, Abdulla Şaiq və Əbdürrəhim bəy Haqverdiyev birləşərək ona baş çəkirlər. Ordubadi onlarla görüşdükdən sonra cəld zəngi basıb katibəni çağırır:

– Get arxivin açarını bura gətir!

– Hansı arxivin açarını?

Nəcəf bəy Ordubadinin dillənməsinə imkan verməyərək gülə-gülə deyir:

– Ay qız, gördüyün adamların hamısı arxiv malıdır. Məmməd Səid bizi arxivə qoymaq istəyir.

***

Süleyman Sani Axundov Qori müəllimlər seminariyasında oxuduğu vaxt növbətçi olur. Onu çörək almaq üçün bazara göndərirlər. Seminaristlərin bir neçəsinin Süleymanla arası olmur. Ona görə də onun barəsində növbətçi müəllimə səhv məlumat verib deyirlər ki, guya o, çörəyi və digər ərzaqları ucuz qiyməti alır, pulun qalanını isə özünə saxlayır. Bu fakt seminariyada səs-küy yaradır. Sadəlövh və səmimi insan kimi tanınan Süleyman növbətçi müəllimin evinə nə qədər gedib belə olmadığını desə də xeyri olmur. Onu elə qapıdan qovurlar. Gənc seminarist axırda ona heç kimin inanmayacağını anlayıb intihar etmək qərarına gəlir. Hətta tapança ilə özünə yüngül xəsarət də yetirir. Məhz, bu hadisədən sonra məsələ aydınlaşır. Böhtançı seminaristlərdən tutmuş növbətçi müəllimə qədər hamısı ondan üzr istəyir.

***

Süleyman Sani Axundov bir dəfə Mirzə Cəlili evinə qonaq çağırır. Ocağın üzərində qoyduğu yağın əriyib-əriməməsini bilmək üçün mətbəxə girir. Görür, ocağın üstündə xeyli müddətdir qalan yağın demək olar ki, hamısı əriyib buxar halında havaya qalxır. Cəld Mirzə Cəlilə səslənir:

– Mirzə, inanmazsan yağ uçur.

– Mirzə Cəlil də tənbəllik etməyib mətbəxə gəlir. Görür ki, ocağın üstündəki qabda heç nə yoxdur. Molla Nəsrəddin kinayəsini işə salır:

– Əsl jurnalın malıdı. Yaz, ver, çap edək. Görək müsəlmanlar bu dəfə buna nəmənə möcüzə uyduracaq.

***

Bir gün Səməd Vurğun rayonların birinə tədbirə gedir. Kənd onu çox gözəl qarşılayır. Qucaqlayan kim, dil-ağız edən kim. Birdən şair görür ki, qəşəng bir qız bayaqdan ona baxır. Şair onun yanına gəlir və xoş təbəssümlə:

– Qızım sənin nə gözəl gözlərin var! – deyir.

Hiss edir ki, hamı bir anlıq tutulur. Kənardan anası gəlib qızı aparır. Qızın kor olduğunu bilən şair çox pis olur. Səhəri Bakıya qayıdır və o hadisəni uzun müddət unuda bilmir.

Bir gün evdə olarkən qapı döyülür və bir xanım əlində çiçək şairə tərəf gəlir. Səməd Vurğun bir anlıq sevincindən nə edəcəyini bilmir. Həmin qızı tanımışdı. Onun gözlərini əməliyyat nəticəsində sağaltmışdılar. Şair deyir:

– Qızım yadındadır, sənə o vaxt "gözəl gözlərin var” deyirdim. Bax indi görürsən şair heç vaxt yalan danışmır.

***

Bir gün şair Qabil təzə aldığı "Volqa”yla bağ evinə gəlir. Bir az yeyib-içəndən sonra kefi kökəlir, dəmlənir, maşını yumaq qərarına gəlir. Şairin bağ qonşusu da eyni rəngdə "Volqa” alıb qapıda saxlayıbmış.

"Əhvalı yaxşı olan” Qabil işə başlayır. Həvəslə maşını yuyur. Birdən bayaqdan onu seyr edən qonşu zarafatyana deyir "Şair, xahiş edirəm maşını yaxşı yu”.

Qabil çəpəki baxaraq:

– Ə, get işinə-gücünə... – deyir.

Qonşu gülərək içəri keçir. Qabil axır ki, maşını yuyub qurtarır. Oturub dincini alan zaman görür ki, həmin qonşu gəlib onun yuduğu "Volqa”ya oturub gedir. Sən demə, şair bayaqdan ona "Yaxşı yu!” deyən qonşunun maşınını yuyurmuş.

***

Bir gün Yazıçılar Birliyindəki gənc yazarların könlündən yaxşı bir yeyib-içmək keçir. Amma pul yox, adam çox. Bilmirlər ki, nə etsinlər.

Çıxış yolunu yenə də Hüseyn Arifdə görürlər. "Pul məsələsinə” baxan Əli Vəliyevdən ancaq o pul "qopara” bilərdi. Nə isə, Hüseyn Arif yazarların təklifini qəbul edir və fəaliyyətə başlayır. Fikirləşir ki, Əli Vəliyevdən necə pul qopara bilər. Həmin vaxtlarda da Vəliyevin "Samovar tüstülənir” povesti təzə işıq üzü görmüşdü. Hüseyn Arif oxumadığı povesti tərifləyib nəsə əldə etmək istəyir. Qapını döyüb içəri keçir.

– Əli müəllim, sizin o əsəriniz mənim lap ürəyimdən xəbər verir.

Əli Vəliyev ona diqqətlə baxıb deyir: "Hüseyn, pul yoxdu!”

– Yox, Əli müəllim ordakı kənd həyatı məni valeh etdi.

– Dedim ki, pul yoxdur.

– İnsan obrazları da çox canlı idi.

– Əşi, dedim pul yoxdur da!

Hüseyn Arif ondan pul çıxmadığını görüb hirslə bayıra çıxır və deyir.

– Ay mürtəd, elə yaxşı olub oxumamışam povestini.

# 2948 dəfə oxunub

Müəllifin son yazıları

# # #