Qismət: “Ədəbi gəncliyi tənqid edənlər rüsvay olurlar” – MÜSAHİBƏ

Qismət: “Ədəbi gəncliyi tənqid edənlər rüsvay olurlar” – <span style="color:red;">MÜSAHİBƏ
27 mart 2017
# 10:32

Kulis.az şair Qismət Rüstəmovla müsahibəni təqdim edir.

– Qismət, sənət mühitimizdə ən çox işlənən ifadə "dünya ədəbiyyatına çıxmaq”dır. Səncə, dünya ədəbiyyatı ilə səsləşmə necə baş verməlidir?

– "Dünyaya necə çıxaq?” sualının içində, deyəsən, iki məqam var. Birincisi, absurd məqamıdır, "dünyaya necə çıxaq?” nə deməkdir, hamımız dünyanın içində deyilikmi? İkinci məqam isə bir az etiraf, bir az da natamamlıq kompleksi ilə bağlıdır, yəni gündə min dəfə ekranda-efirdə, orda-burda özümüzü öysək də, bunun doğru olmadığını bilirik. Əslində, "dünya” deyəndə hamı qərb dünyasını nəzərdə tutur və bu başa düşüləndir. "Dünyaya necə çıxaq?” sualını eşidən kimi, həmişə Borxesi misal gətirməyi sevirəm. O, ötən əsrin 30-cu illərində, Buenos-Ayresdə sonradan dünya ədəbiyyatına yön verən ən məşhur hekayələrini yazarkən Argentina dünyanın ucqarı idi. Borxes harda yaşamağından asılı olmayaraq özünü böyük ədəbiyyat ailəsinin, böyük ədəbiyyat süfrəsinin bərabərhüquqlu vətəndaşı hiss edə bilirdi. Amma borxeskimilər dünyaya tək-tək gəlir deyə, sənin sualının ətrafında düşünməyə dəyər. Əvvəla aparıcı dillərdən tərcümə və aparıcı dillərə tərcümə məsələsi sistemə düşməlidir. Tərcümə məsələsində mənə görə aparıcı istiqamət daha çox XX əsrin ikinci yarısından başlayan ədəbi iqtiqamətlər olmalıdır, bir də ki, ən vacibi eksperimental və nəzəri ədəbiyyatların tərcüməsidir. Bizim dildə nəzəri kitabların tərcüməsi yox dərəcəsindədir. Ədəbiyyatımızda eksperimentlərə qarşı dəhşətli qorxaqlıq var, bu sindrom da qırılmalıdır. Böyük ədəbiyyat birinci növbədə forma və üslub məsələsidir, yəni onsuz da yazmağa mövzusu olan müəllifin özünüifadə imkanlarının axtarışı. İkincisi, dəyişən, bir-birini əvəzləyən, yenilənən sənət məktəblərindən xəbərdar olmaq lazımdır. İnternet əsrində buna kifayət qədər imkanlar var, amma araşdırmaq zəhmətinə qatlaşanlar nə qədərdir? Düşünürəm ki, bizdə çox yaxşı poeziya nümunələri yaranır və mən bu mətnlərin bəzi hissəsini böyük dünya ədəbiyyatının tərkib hissəsi sayıram, hələlik o mətnlər aparıcı dünya dillərinə tərcümə olunmasalar da. Çağdaş dünya ədəbiyyatını çox yaxından və diqqətlə izləyirəm, yalan deməyək, problemlərimiz, tərgitməli olduğumuz rüsvayçı vərdişlərimiz var. Amma fikrimcə, fərdlər şəklində də olsa, müəyyən məsələlər artıq aşılıb.

– Dünya ədəbiyyatıyla bağlı yeniliklərə diqqət edərkən müşahidə edirik ki, hansısa yazıçı il ərzində oxuduğu və ya yazacağı kitabların anonsunu verir. Və ya nəşriyyat bir tələb irəli sürür, yazıçı da kitabla bağlı bir fikir ötürür. Amma bizdə belə bir düşüncə var ki, yazıçı yalnız yazdıqlarından ibarətdir. Yəni, yazıçı yazmalıdır və kimsə gəlib onu dünyaya çıxarmalıdır. Bu "Qodo intizarı”yla gözləmək məsələsinə münasibətini bilmək istərdim.

– Bu sovetdənqalma ədəbiyyat və ədəbiyyatçı tipi təəssüf ki, hələ də öz ömrünü başa vurmayıb. Bayaq rüsvayçı vərdişlər dedim, biri elə budur. Xaricdəki kitab yarmarkalarında yazıçıların imza günlərində çox olmuşuq. Nə görürük? Yazıçının ətrafında ədəbi agenti, fotoqrafı və s. olur. Bizdə buna vedrə bağlayarlar ki, belə də yazıçı olar? Niyə olmur ki? Niyə olmamalıdır ki? Kitab industriyası formalaşmalıdır, əgər formalaşsa, onda avtomatik şəkildə, ədəbi agent kimi peşələr də doğulacaq. Bu, təbii prosesdir. Deməli, yazıçı həm əsər yazıb, həm öz cibindən kitab çıxardıb, həm öz kitabını piştaxta arxasında satanda gülməli olmur, amma məsələn, yazıçının agenti, fotoqrafı olanda gülməli olur? Bunlar mədəniyyətimizin klişeləridir. Bəzən deyirlər ha, kitab niyə satılmır, səbəblərdən biri də budur: çünki kitab satmaq yazıçının işi deyil, yazıçının işi araşdırmaq, düşünmək və yazmaqdır. Kitab yazmaq fərdi işdir, amma onun tanıtımı, satışı, reklamı, yayılması kollektiv işdir. Çalışmaq lazımdır ki, ədəbiyyat professional sahəyə çevrilsin. Bunu ona görə etməliyik ki, ədəbiyyat maaş aldığımız yerdən boş qalan vaxtlarda məşğul olduğumuz ikinci iş olmasın. Amma günümüzün reallığı odur ki, əksəriyyətimiz HƏM DƏ ədəbiyyatla məşğul oluruq. Düşünürəm ki, ədəbi saytların yaranması bu prosesə təkan verdi. Saytlar bu prosesin birinci mərhələsidir, növbəti mərhələ isə artıq industrial mərhələ olmalıdır.

Başqa bir klişeni deyim, sifariş məsələsi. Əslinə qalsa, yazıçı sifarişlə də yaza bilər. Çağdaş dövrdə sifarişlə yazılan ədəbiyyat nümunləri var, bir qismi nəşriyyat sifarişiylə yazılan belletristikadır, bir qismi universitetlərin, institutların sifarişi ilə yazılan araşdırmalar. Türkiyədən bir misal çəkim. Türkiyə dövləti son illər öz ədəbiyyatlarının dünyada yayılmasına xeyli maddi dəstək verir, bu çərçivədə Tanpınarın əsərlərinə xüsusilə maya qoyurlar və effekt də verir. Ötən illərdə dünyaca məşhur esseist, araşdırmaçı, vaxtilə Borxesə kitab oxumuş Alberto Manquelə təklif etdilər ki, gəl Tanpınarın "Beş şəhər” kitabında yazdığı şəhərləri gəz, bir kitab yaz, o da gəldi, kitabı yazdı, qonorarını aldı getdi. Nəyi pisdi ki?

– Səlim Babullaoğlunu bir şeirində yazır:

mənə şeirlərində həyat yoxdu deyirlər,

bilirsiz, onlar həyat deyəndə yalnız özlərini,

öz ömürlərini nəzərdə tuturlar-

mən onları qınamıram,

çünki onların başqa həyatı yoxdu

və bu yaxşıdı.

Bu fikri – şeirlərdə həyat olmaması məsələsini bir az sənin yazdıqlarına da aid edirlər. Buna bəzən "səmimiyyət”, bəzən "ruh çatışmazlığı” deyirlər. Bu məsələyə, belə adqoymalara münasibətin necədir?

– Səlim bəy bu məsələni şeirində çox dəqiq ifadə edib. Rəhmətlik Aydın Dadaşovun məşhur bir fikri vardı, deyirdi ki, sentimentallıq əyalət təfəkkürünün önə keçməsidir. Bizdə həssaslıqla sentimentalizmi, sentimentalizmlə romantizmi qarışdırırlar. Amma bizim, şəxsən mənim problemim deyil, elementar şeylərin fərqini bilməyənlərin problemidir.

Belə şeylər niyə baş verir? Birincisi, biri var, ingilislər demiş, "main stream”, yəni, ana xətt, hər bir ədəbiyyatın ənənəvi qolu, bir də var ənəni mənimsəyib kənaraçıxma, sapma. Ənənəvidən kənara çıxan kimi tezcə səni damğalayırlar. Sonra isə qeyri-peşakar söhbətlər başlayır: ruh çatışmazlığı, səmimiyyət, hava və s.

İkincisi, XX əsr poeziyasında Ezra Paunddan, Eliotdan başlayan vacib istiqamətlər var: müəllifin öz şəxsi hisslərini mümkün qədər arxa plana sıxışdırması, əritməsi. Hislər o qədər əriməlidir ki, obyektiv reallığa çevrilə bilsin. Şeir, yaxud şeirin ideyası emosiya partlayışından doğula bilər, amma məsələn, Eliotun təcrübəsində açar məqam o idi ki, emosiyanı şəxsilikdən xilas etmək, etirafnamə olmağa qoymamaq, obyektiv və ya estetik hissə çevirmək lazımdır. Buna görə də "objective corelative”, yəni təxminən "obyektiv qarşılıq” deyə biləcəyimiz fənd yaratmışdı. Bu fəndlə o, bir sözün, obrazın, imajın, yaxud vəziyyətin oxucuda eyni hissi effekti doğuracaq şəkildə istifadəsini nəzərdə tuturdu. Yaxud "Bəhrəsiz torpaq” əsərində istifadə etdiyi, "kollektiv subyektivlik” fəndi ilə çağdaş insanın problemlərinə başqa dövrlərdə yaşamış şairlərdən gətirdiyi sitatlar kollajı ilə baxırdı. Sonsuz sayda allüziyalar... Bunlar ayrıca bir yazının mövzusudur, uzun sözün qısası, bilmək lazımdır ki, başqa cür də yazmaq mümkündür.

Üçüncüsü, bizdə poeziyanı irrasional hadisə sayırlar. Təbii ki, istənilən ədəbiyyat aktının içində sona qədər bilmədiyimiz nələrsə var, amma mən ədəbiyyatın rasional iş olduğuna inanıram. Çünki onun peşəkar kriteriyaları, formalaşmış ölçüləri var. Dediyin iradlar da daim bu fikri müdafiə etdiyim üçün yaranır. Halbuki özümü bir az axmaqlığa vursam, başqa cür də ola bilərdi.

– Hansı şairlər hansı üstünlüklərinə görə sənə ruhi və peşəkarlıq baxımdan doğmadır?

– Oxuduğum hər müəllifdən nəsə öyrənmişəm, ən çox da necə yazmamağı. Ona görə bu sualı sabah versən, başqa müəllifləri də xatırlaya bilərəm, amma indi yadıma Kavafis düşdü. Kavafis sağlığında cəmi 154 şeir çap etdirib. Ölümündən sonra bir xeyli qeydləri və çap olunmamış şeirləri tapılıb. Kavafis təkcə bütünlükdə bir şeiri üçün yox, bəzən bir misra üçün belə geniş və dərin araşdırmalar aparırdı. O, fərdi bir duyğusunu ifadə etmək istəyəndə, uydurma tarixi şəxsiyyətlər, personajlar yaradıb onların maskası arxasından danışır. Prozaik görünən misralarında yambik ölçüyə, yəni hecaların qısa və uzun olması qaydasına sadiq qalır. Şeirləri qafiyəsiz görünsə də, daxili qafiyələrdən və alliterasiyalardan istifadə etməyi sevir. Onun haqqında yazırlar ki, Kavafisin şeirləri roman icmallarına oxşayır. Kavafis şeirinin ana xətti xoşbəxtliyin qısa anlara sıxılıb qalmasından doğulan hüzn mənə də çox doğmadır. Kavafisin ayrı-ayrı personalarından dilindən danışmasını – buna dramatik monoloq da deyirlər – bir neçə şeirdə istifadə etmişəm. Amma indi öz yazdıqlarımdan danışmaq istəmirəm.

Türk poeziyasından çox şey öyrənmişəm. Məsələn, Orxan Vəlidən öyrənmişəm ki, şeir sadə, birbaşa da ola bilər. Bu siyahını çox uzatmaq olar. Adam hər sevdiyindən bir şey öyrənir. Bəzilərindən ümumi mənada dünyaya baxışı, bəzilərindən isə texnikanı öyrənirsən. Suzan Sontaqın bir fikrini xoşlayıram, deyir ki, başıma gələn hər şey mənim üçün maraqlıdır. Mən də bir az beləyəm, qrip oluram, açıb qalın-qalın tibb kitabları oxuyuram, şərab içirəm, açıb şərabın tarixçəsini araşdırıram və həyat mənim üçün buna görə zəngin, sonsuz və maraqlıdır.

Son dövrlər poeziyamızda təşbehlər həddən artıq çox yayılıb. Şairlər sanki nəyisə nəyəsə bənzətməyəndə yaza bilmirlər. Məncə, bu həm də müəllifin zəifliyindən xəbər verir. Sənin bu məsələyə münasibətin necədir?

– Yəqin aşırı obrazlılığı nəzərdə tutursan. Bu dillə bağlı məsələdir. Mallarmenin məşhur fikri var, deyir ki, şeir fikirlərlə yox, kəlmələrlə yazılır. Yəni şeir dil hadisəsidir. Fərid, sənin şeirində belə bir misra vardı, "təşbehsiz gözəllikləri sevirəm – Allahın adları kimi”. Nə demək istədiyini başa düşürəm və qismən bölüşürəm də. Amma azca nəzər etsək görərik ki, hətta gündəlik dil belə latent, yaxud aktiv metaforlar, məcazlar dənizidir. Məsələn, "sənə min dəfə demişəm” birləşməsindən gündə nə qədər ifadə edirik? Bəlkə də gündə min dəfə?! (Gülür) Bu, dilin təbiəti ilə bağlı məsələdir. Əslində, belə bir şərti ümumiləşdirmə apara bilərik ki, iki cür yanaşma var: Bir tərəf fikirlərini mümkün dərəcədə bəzəksiz ifadə etməyə çalışanlardı, digər tərəf isə metaforizm tərəfdarları. Sadəlik tərəfdarları deyirlər ki, həyat öz təbiiliyində, sadəliyində gözəldir, ikincilər isə təxminən düşünürlər ki, dilin makiyajı olmasa həyat dözülməzdir. Hər ikisi məqbuldur, əsas ölçünü qaçırmamaqdır. Əslində isə bütövlükdə nə elədir, nə belə, bu ikisinin ortası olmalıdır. Elə sənin misrandakı kimi, bir tərəfində bəzəksiz şəkildə olan "təşbehsiz gözəllikləri sevirəm” hissəsi, o biri tərəfində isə "Allahın adları kimi” təşbehi.

– Məsələn, Füzuli yazırdı ki, mən Məcnundan da çox sevirəm, amma başqaları deyirdilər ki, mən Məcnun kimi sevirəm. Tutaq ki, mən bir tənhalıq yaşayıram, təbii ki, mənim tənhalığım başqalarınkından daha böyükdür, çünki mən onu hiss edirəm. Amma başqalarının tənhalığını müşahidə edirəm. Nəyə görə mən içimdə yaşadığım bir şeyi başqasının tənhalığına bənzətməliyəm?

– Burada artıq məncə şairin dünyaya münasibətinin tipindən danışmaq lazımdır. Təxminən belə demək olar ki, Füzuli introvertdir, öz içinə doğru genişlənir, bütün dünyanı özünə oxşadır, Nizami isə ekstravertdir, çölə doğru genişlənir, özünü bütün dünyaya bölüşdürür. Nə qədər müəllif varsa, o qədər də metod var, əsas odur ki, özünə qarşı dürüst olasan.

– Müsahibənin birində "Gələcəyin tarixi” kitabını yazandan sonra istədiyin reaksiyanı almadığını demisən. Maraqlıdır, gözlədiyin reaksiya necə idi?

– Əvvəl başqa cür düşünürdüm, indi isə başqa cür yanaşıram. Kitaba çoxlu reaksiya gözləmirdim. Çünki bu kitabdakı yazılar vaxtilə ayrı-ayrı saytlarda, jurnallarda çap olunmuşdu. Ona görə maraqlananlar yazıların əksəriyyətini saytlardan oxumuşdular. Zaman keçdikcə kitab öz taleyini yaşamağa başlayıb. Bu kitabın tipi elədir ki, bir günün, bir ayın içində coşqun reaksiyalar gözləmək əbəsdir. Yavaş-yavaş, amma davamlı şəkildə kitab öz təsirini göstərir.

– "Poeziya haqqında etüdlər” adlı kitab yazacağın ehtimal olunur. Maraqlıdır ora daxil edəcəyin müəllifləri öz zövqün əsasında seçmisən, yoxsa oxucuları da nəzərə almısan?

– İstənilən seçim subyektivdir, çünki mütləq mənada kimsə kənarda qalır, hamını oxumaq, əhatə etmək olmur. Mənim üçün populyarlıq heç vaxt meyar olmayıb, inanmadığım, dəqiq bilmədiyim heç nə haqqında yazmıram.

– Tərcüməçiliklə də məşğul olursan. Belə bir fikir var ki, tərcüməçi yazıçının meymunudur və ona xəyanət edir. Bu fikirlə razısan?

– Pis tərcüməçi həmişə yazıçıya xəyanət edir. İstənilən tərcümə şərhdir, yozumdur. Bu mənada, Nabokovun diliylə desək, çalışmaq lazımdır dil daltonizmdən qaçasan. Müəllifin açıq- aşkar ifadə etdiyi bir hissəni tərcümə edə bilməyəndə özünü korluğa vurub qaçmaq olmaz. Qüsursuz tərcümə mümkün deyil.

– Müsahibələrini, yazılarını oxuyanda həddən artıq sitatlara rast gəlirik. Çoxlu müəlliflərdən, nəzəriyyəçilərdən, şairlərdən, şeirlərdən nümunələr gətirirsən. Sənə elə gəlmir ki, buna həddən artıq yol verirsən?

– Düşünürəm ki, insan oxuduqlarını daha çox bölüşməlidir. "Çox sitat gətirmək” haqqında ənənəvi düşüncələr indiki sosial şəbəkələr erasında öz əhəmiyyətini tamamilə itirib, çünki hamı nəsə paylaşır, bir-birinin adını tag edir, yəni artıq hamı sonsuz sayda sitatlar, kollajlar içindədir. "Sitat” anlayışı artıq ənənəvi mənasını itirib. Bu müsahibə çıxanda mənim adımı da işarələyib, paylaşacaqsınız, məncə, bu, çox normaldır. Burda əsas məsələ kimin nədən və nə məqsədlə sitat gətirməsidir. Biz nəyi sitat kimi seçiriksə, o həm də bir az elə özümüzük. Əgər bir şeyi kimsə məndən qabaq daha yaxşı formada deyibsə, eləcə onu aktuallaşdırmaq lazımdır. Bu bir az da pedaqoji instinktdir. Sizə bir şey deyim, indiki dünyada yalnız "öz fikrim” düşüncəsi aktuallığını itirib, çünki bunu narsisizm sayırlar, düstur belədir: öz fikrin, üstəgəl sitatlar, yaxud tərsinə. Bayaq poeziyadan danışanda özünü ayrı-ayrı maskaların arxasından ifadə etməkdən söhbət açdıq, bu metodu mən şüurlu şəkildə esselərimə və müsahibələrimə də tətbiq edirəm. Düşünürəm ki, başqalarını anlamağa çalışmaq və onların fikrini aktuallaşdırmaq insanın özündə təvazökarlığı tərbiyə etməyinin bir növüdür.

– Maraqlıdır, bizdə həmişə oxuduqlarını bölüşənlər gözə batır, illərlə oxumadıqları ilə fəxr edənlər isə yox.

– O da bir seçimdir. Sevdiyim bir ifadə var: mövzunun keçmişini öyrənmək. Bu mənad,a oxumaq mənim üçün peşakar vərdişdir. Mən başqa cür yaşaya bilmirəm, yəqin oxumayanlar da öz məntiqləri ilə başqa cür yaşaya bilməyənlərdir və bu normaldır.

– Əsəd Cahangir sizin şeirlərinizi "second hand” olduğunu söyləyir. Bu ifadəni sən də tez-tez işlədirsən. Kitabının adının da götürülmə olduğunu deyir. Bu fikrə münasibətiniz necədir?

– Əsəd Cahangir həmin fikri bir antologiyaya ön sözdə yazıb. Əsəd şeiri özünə sərf eləyən kimi "başa düşüb”. Əsəddi də... Deqradasiyaya uğramış, bütün meyarlarını, dəyərlərini salıb itirmiş bir adamdır. İndi ciddi ədəbiyyat söhbətlərində onu ancaq lətifə qəhrəmanı kimi, gülüş obyekti kimi misal çəkirlər. Qaldı ki, kitabımın adının götürmə olmasına və digər məsələlərə, biz elə dövrdə yaşayırıq ki, google-da istənilən kitabın adını yaz, yüz min dənə həmin ada, sözə bənzəyən, yaxud elə birə-bir uyğun gələn kitab, film çıxacaq. Bu nəyi dəyişir ki? Bilirsən, bu adamlar görürlər ki, gənclər artıq mövqe sahibidir, sayt, qəzet, jurnal baş redaktorudur, əsədkimilər aşkar-gizli şəkildə arzulayırdı ki, cavanlar uğursuz olsun, amma arzuları gözündə qaldı. İndiki dünyada yalançı vaizliklə cavanları aldatmaq olmaz, məsafələr qısalıb, sərhədlər şəffaflaşıb, ona görə də kahinlik etmək istəyənlər belə gülməli vəziyyətə düşürlər. İndi niyə deyirlər ki, gəncləri tənqid etmək lazımdır, çünki ədəbi orqanların başında gənclərdir, köhnə jurnalistika metodu ilə gənclərə bir daş atırlar ki, reaksiya gəlsin, gündəm olsunlar. Amma alınmır da, Bizi – ədəbi gəncliyi tənqid edənlər günü-gündən rüsvay olurlar...

– Amma o sənin şeirlərinizi bəyənmir, sən də onun bəstələrini. O, şeirlərini sevməməyini izah edir, bəs sən niyə onun bəstələrini bəyənmirsən?

Mahnılar deyirəm e sənə (gülüş). Adamın birini bir manatdan Sumqayıta aparan marşrut şoferlərinin qulaq asdığı tipdə diringilərdi də. Amma sənə deyim, hamıya örnək olası hadisədir: deməli, adam utanmaq hissini itirəndə belə olurmuş.

– Bu "Second hand” məsələsi son vaxtlar bir çox adam haqqında deyilir. Burda da bir nəzər yetiriləsi məqam var: sadə, o qədər də böyük mənsəb sahibi olmayan gənclər, yaxud orta yaşlılar yazanda "second hand” olur, amma bəzi vəzifəli adamlar yazanda bəhrələnmə, dünya ədəbiyyatı ilə səsləşmə... Niyə belə qəribə hal müşahidə olunur?

– Düz deyirsən, bu məqam da var. Amma problem vəzifə sahibi olmaqda deyil, problem könüllü yaltaqlıqda, riyakarlıqdadır.

– Əsəd müəllim dinə münasibətdə həssasdır, bəlkə sənin şeirlərini sevməməyinin səbəbi şeirləridə dini motivlərin az olmasıdır?

– Şeirlərimdə qabarıq olmasa da, dini motiv var. Amma lap olmaya da bilər, çünki belə meyar yoxdu axı. Amma ədəbiyyatın manısı olan bu cür adamların qiymətləndirdiyi, yaymaq istədiyi şeylər heç din deyil axı. Əksəriyyəti xurafatdı, mövhumatdır. Bunları dinə "ayı xidməti” göstərməkdir. Mərhum türk ilahiyyatçısı Yaşar Nuri Öztürkün bir kitabı var: "Allah ilə aldatmaq” Bunların fəaliyyəti Öztürkün dediyi kimidir. O, "Qurani-Kərim”in özündən konkret sitatlar gətirərək yazır ki, müqəddəs kitabın özündə Allah xəbərdarlıq edir, mənim adımdan istifadə edib sizi aldatmaq istəyəcəklər, aldanmayın. Məsələn, desən ki, idealist fəlsəfə Platonun ideyalar nəzəriyyəsindən başlayır, bunu başa düşmək olar. Nitşe xristianlığa nə deyirdi: "Kütlələr üçün platonizm”. Amma desən ki, Platon müsəlmandır, rüsvayçılıqdır. Eramızdan əvvəl yaşamış bir filosof necə VII əsrdə yaranmış bir dinin nümayəndəsi ola bilər? Belə ədəbi dəyərləndirmə nə qədər normaldır, təxminən belə, "Elçinin "Baş” romanı onun meracıdır”. Bu nəyə və kimə xidmətdir, bilmirəm, amma dəqiq bilirəm ki, ədəbiyyata və dinə xidmət deyil. Müstəqilliklə birgə bizim ən böyük qazancımız sekulyarlığımız, dünyəvi dövlət olmağımızdır. Bu adamlar isə hər müsahibədə, televiziya proqramında bir yol tutublar: bütün Qərb dəyərlərini söymək, Şərqi təbliğ etmək adı altında isə xurafat yaymaq, beyinləri zəhərləmək. Ən yaxşı münasibət düzgün əməli işdir, məsələn, Səlim Babullaoğlunun "ATV kitab” layihəsi əsasında Mustafa Məsturun romanını çap etdirməsi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan və Seyfəddinin Hüseynlinin redaktoluğu ilə çap olunan "Dünya ədəbiyyatı” jurnalının "İran” və "Oman” nömrələrini çıxarması, Məsihağa Məhəmmədinin "Şəms və Mövlana” kitabı, Müşfiq Ötgünün "Tanımadığımız Konfutsi” kitabı və s.

– Sən şairsən, ona görə nasirlər haqqında sual verməyəcəm: Əsəd müəllimin müsahibəsində haqqında xoş söz dedikləri şairləri bəyənirsənmi, onların yaradıcılığına münasibətin necədir?

– Adları çəkilən müəlliflərin hamısını oxuyuram və hərəsini bir cəhətinə görə bəyənirəm. Bu nəğməkar-tənqidçilər düşünməsin ki, bizi ədəbiyyata yeni gələn nəsillə qarşı-qarşıya qoyacaqlar, belə xam xəyala düşməsinlər.

– Sizcə, ümumiyyətlə, şair özünü və yazdıqlarını isbat etməyə məcburdurmu?

– İsbat necə olur? Mükəmməlin olmadığını unutmamaq şərtilə, həmişə daha yaxşısını, daha kamilini, daha dərinini yazmaq cəhdi ilə. Amma burda yadıma çoxdandır demək istədiyim bir başqa məqam düşdü. Fikrimi əsaslandırmaq üçün araşdırmaçısı olduğum Orxan Pamukun yaradıcılığı ilə bağlı bir məqamı yada salmalıyam. Deməli, Pamukun ilk romanı "Cövdət bəy və oğulları” çap olunandan sonra dövrün görkəmli tənqidçisi Fəthi Naci onun haqqında "Romanda böyük istedad” adlı bir məqalə yazmışdı. Həmin məqalənin axırında tənqidçi yazır ki, Pamuk böyük "istedad” dediyim üçün mənə qəzəblənməsin, "böyük istedad”ın "böyük yazıçı”ya çevrilməsi üçün bircə yol var, daha uğurlu romanlar yazmaq. Bu fikirləri elə-belə xatırlamadım. Bizim mühitdə geridəqalmış, əyalət təfəkkürünün təzahürü olan qiymətləndirmələr, etiketlər hələ də işləkdir. Bunların da başında "istedad” söhbəti durur ki, cavanların çoxu bu sözlə hipnoz olub illərlə yerində sayırlar. Fəthi Nacinin də dediyi kimi, "istedad” anlayışı ədəbiyyat dünyasının müəllifi ilk yazdıqları ilə qəbul etdiyi dövrə aiddir. Çünki aydın məsələdir ki, əgər müəllif istedadlı deyilsə, avtomatik şəkildə müzakirədən kənardır. Bu rakursdan baxanda məlum olur ki, bir nəfərin istedadlı olduğunu qəbul edəndən sonra illər boyu ona tərif kimi "istedadlısan” demək, əslində, o qədər yaxşı şey deyil. Belə çıxır ki, bu sözlə onun yerində saydığını, ilk yazdığından bir addım da qabağa getmədiyini, bir atımlıq barıtını olduğunu deyirik. Dünyanın bütün ciddi qurumlarında, mükafat jürilərində bircə meyar, kriteriya var: ustalıq. Bu isə yalnız çox çalışmaqla, zəhmətlə başa gəlir. Məsələn, Nobel Komitəsinin ədəbiyyatçılara verdiyi məşhur monetanın üstündə latınca təxminən belə yazılıb: "ustalığa yiyələnərək dünyanı şərəfləndirənə”. Uzun sözün qısası, "istedad” ədəbiyyat dünyasına giriş kartıdır, amma bu dünyaya qəbul olunandan sonra o kartı nə qədər boynundan asıb göstərirsən-göstər, savadını, zövqünü, ustalığını artırmırsansa, yəni gəldiyin günkü kimisənsə, onda tezliklə sözün gülməli mənasında elə həmişəlik "istedadlı” qalacaqsan.

– Nədənsə elə bil bugünkü şeirdə kütləvilik yaranıb. İntonasiyadamı, deyiş tərzindəmi, "ibarələr” formasındamı... Məncə, bir yol tapmaq lazımdır. Sən heç bu barədə, poeziyanın yeni imkanları haqqında nələr düşünürsən.

– Son illərdə bizdə çoxlu tərcümələr olunur, amma dünya şairlərindən çox azının kitabı bütöv şəkildə çap olunur. XX əsrdə estetikanı dəyişən bir neçə şairin şeirləri ya "seçmələr” şəklində, ya da lap yaxşı olar ki, "bütün şeirləri” şəkində dərc olunsun. Şeir yazan çoxdur, amma poeziyada məktəblərindən, estetikalardan xəbəri olanlar çox azdır. Dünyada poeziya haqqında fundamental araşdırmalar, poetik lüğətlər var və s. Yeni imkanlar daim yenilənməklə baş verə bilər, özünü aldatmaqla yox. Yadıma düşmüşkən, bu yaxınlarda professor Cavanşir Yusifli mənə Əli Kərim haqqında yazdığı kitabı hədiyyə etdi, böyük zövqlə oxudum, bu təkcə Əli Kərim haqqında deyil, ümumən bizim poeziyanın dünya poeziyası ilə kəsişdiyi nöqtələrə çox gözəl bir baxışdır. Fürsət düşmüşkən elə burdan anonsunu verim, Cavanşir müəllim Tomas Eliot haqqında bir kitab yazıb bitirib, bu yaxınlarda Eliotun şeirləri ilə birgə o kitabı çap edəcəyik, sonra biz bir yerdə Tomas Tranströmerin, Çeslav Miloşun şeir kitablarını hazırlamışıq, yaxın zamanlarda onlar da işıq üzü görsə və ümid edirəm ki, öz təsirini göstərəcək.

– Bir də yaradıcı ömür yaşamaq qismət olsa, hansı yazılarınızı yazmazdın və ya nə cür fərqliliklər edərdin?

– Bəzi şeirlərim var ki, onları yazmazdım. Yeni bir şeir kitabı hazırlayıram, xeyli şeirim o kitaba düşməyəcək. Etiraf edim ki, bir az təcrübəsizlikdən olub, bir az da bəzi şeyləri auditoriyaya reaksiyasına hesablanmaqdan indi mənə gülməli gələn şeylər yazmışam. Amma indi mənə gülməli gələnləri əzbərləyənlər var, bu da qəribə bir ironiyadır.

– Dedin ki, bəzi şeirlərin auditoriyanın reaksiyasına hesablanıb. Amma maraqlıdır ki, bəzən o auditoriyaya hesablanmış şeirlərsiz tanınmaq çətin olur. Buna münasibətin necədir? Yəni, o şeirlərin sayəsində məşhurlaşıb sonradan imtina etmək nə dərəcədə düzgündür?

– Doğru deyirsən, həmin şeirlər ona görə yazılmışdı ki, digərlərini oxutdursun. Nə qədər alındı, bunu demək çətindir, indi düşünürəm ki, bu düzgün deyildi.

– Şair üçün ən uğurlu əlavə peşə hansıdır?

– Məncə, normal məvacib olsa, ən yaxşısı müəllimlikdir. Dildən, kitablardan, ünsiyyətdən ayrı düşmürsən və həmişə formada qalırsan.

– Səncə, sərbəst şeirin imkanları getdikcə tükənirmi?

– Maraqlı sualdır, bunun ətrafında düşünməyə dəyər. Məncə, sərbəst şeirin malik olduğu ərazi hüdudsuzdur, orada həmişə "ayaq dəyməmiş”, "işğal olunmamış” yerlər olacaq. Bu mənada bəlkə də sərbəst şeirdə yox, obrazlar, məcazlar sisteminin, poetik alətlərin tükənmişliyindən, köhnəlməyindən danışmaq olar. Mən Con Bartın XX əsrdə yazılmış beş ən təsirli ədəbi essedən biri sayılan "Tükənmişliyin ədəbiyyatı” adlı bir essesini tərcümə etmişəm, saytlarda dərc olunub. Bart daha çox romandan danışsa da, bizim söhbətimiz kontekstində bunu poeziyaya da aid etmək olar. O yazır ki, klassik realist proza artıq öz ömrünü tükədib, yaradıcı roman öz başlanğıcını Borxesdən, Bekketdən, Nabokovdan, yəni klassik prozanın sərhədlərindən kənara çıxmış müəlliflərdən götürməlidir. Onun ötən əsrin 60-cı illərində uzaqgörənliklə dediyi şey baş tutdu, artıq bugünkü dünyada roman adını çəkdiyimiz adamların açdığı cığırlarla inkişaf edir. Artıq bədii mətn klassik realist əsərlərdə olduğu kimi, dərsini bilməyən uşağın yanındakının dəftərindən həyatı üzünü köçürmək deyil. Ədəbiyyat reallığı sona qədər təqlid etməyin qeyri-mümkünlüyünü çoxdan başa düşüb. İndinin müəllifi gərək "fiction”, "metafiction”, yəni fiktivlik nəzəriyyəsindən xəbərdar olsun.

– Məni ən çox bir şey düşündürür indi, bizim ədəbi nəsl poeziya baxımından əvvəlki nəsillərdən irəlidədir, söhbət fikri poeziyadan gedir, yəni qalıcı, fərqli fikirlərlə yazılanlardan. Ancaq düşüncə miqyasımızı hər nə qədər fərqli olsa da, məncə, tutduğumuz yol tam mənada, "kanal açmaq” anlamında yeni deyil. İstərdim dediklərimə əlavə edəsən...

– Mən fikirləşirəm ki, böyük poeziya, böyük ədəbiyyat həmişə marginal olur. Onu böyük edən hansısa ənənəyə bağlandığı yer yox, mənimsədiyi ənənədən qopub öz ənənəsini yaratdığı məqamlardır. Amma konvensional ədəbiyyat marginalları ya bilərəkdən görməzdən gəlir, ya da ancaq tənqidi mənada hədəf götürür. Müstəqillik dövrü poeziyamız ayrıca bir kanaldır, çox ciddi paradiqma dəyişikliyi baş verib, buna hələ ki, dürüst qiymət verilməyib. Bunu yeni ədəbiyyatı, onun paradiqmalarını, dilini başa düşən və ona adekvat öz dilini, üslubunu quran tənqid, ədəbiyyatşünaslıq öncül olacaq. Konvensional xətt isə indidən məhvə məhkumdur.

– Qismət yazılan kitablarda nə çatmır ki, onları açırsan oxuya bilmirsən. Niyə dünya müəlliflərinin araşdırmaların oxuyursan, əti ətindən, ruhu ruhundan, reallığı canayaxın, ağrıları doğma dahilərimiz, üstün şəxsiyyətlərimiz haqqında yazılan bir çox araşdırmaları əksərən oxumaq olmur.

– Doğru təsbitdir. Oxumaq olmur, çünki heyranlıq var, yaltaqlıq var, saxtakarlıq var, təkcə analiz yoxdur. Oğuz Atayın sözünü xatırlayırsanmı? O deyirdi ki, qərbdə analiz edirlər, biz heyran oluruq. Bizim akademik olmalını publisistik, publisistik olmalını akademik yazmaq istəyirlər. Bir subyekti ya məhv etmək, ya da göylərə qaldırmağa çalışırlar. Faktları bir-birinə tikən, onları parıldadan təxəyyüldən məhrum kitablar yazılır. Görünür, bizim öz həyatımıza münasibətimiz saxtadır. Nə olur-olsun, mən pessimist deyiləm. Pessimizm tənbəllikdən doğur, ondan qaçmaq lazımdır. Biz sevdiyimiz işlə məşğuluq, bundan başqa da özümüzü ifadə edə biləcəyimiz yer yoxdur. Bizim missiyamız yaxşı mətnlər yazmaqdır, yaza bilməyəndə də başqasının yazdıqlarını təqdim etmək. Heç nə eləyə bilməyəndə susmaq, ancaq oxumaq.

– Müəlliflərin problemlərindən biri də "iradə asudəliyi”dir. Yəni, yazdıqlarının sahibi ola bilmirlər.

– Bu, daxili azadlıqla və yazdığına inanmaqla bağlı məsələdir. Yaxşı mətnin bütövlüyü, təkcə onu təqdir edənlərin yox, həm də qərəzli olmamaq şərtilə onu tənqid edənlərin cəmindən ibarətdir. İnformasiyanın bilgiyə üstün gəldiyi dövrdə belə şeylər olur.

Söhbətləşdi: Fərid Hüseyn, Cahan Seyidzadə

artkaspi.az

# 1365 dəfə oxunub

Müəllifin son yazıları

# # #