Faciənin qarşısını ala bilərdik – Rasim Qaracanın unuda bilmədiyi hadisə

Faciənin qarşısını ala bilərdik – <span style="color:red;">Rasim Qaracanın unuda bilmədiyi hadisə
22 iyul 2016
# 15:32

Kulis.Az "Unuda bilmirəm" layihəsində Rasim Qaracanın xatirəsini təqdim edir.

Nəyi xatırlayırsansa demək onu unutmamısan. Ən unudulmazı olmur. İkincisi, unuda bilmədiyin və heç kəslə paylaşa bilməyəcəyin o qədər şey var ki. Nə desən səmimi olmaz. Sonrası, bəzən insan gələcəyi də xatırlaya bilər... Dahası, unuda bilmədiklərimiz bizim yazdıqlarımızdadır.

Təqribən 7-8 yaşlarda olardım. Əli Bayramlı (İndiki Şirvan – R.Q.) şəhərində, evimizin yanında inşaat işləri gedirdi, sonradan mənim oxuyacağım məktəbin təməli atılırdı. Biz məhəllə uşaqlarıyla qaz borusunun üstündə oturub prosesə tamaşa edirdik. Belə bir hadisə baş verdi: sahəyə bir motosiklet girdi, yük maşınlarından birinin arxasında saxladı və sürücü varıb öz işinin-gücünün arxasınca yollandı. Bir az keçmiş “Kamaz” hərəkətə gəldi, fınxırdı, tüstü buraxdı, yavaş-yavaş geriyə verməyə başladı. Olay gözümüzün qabağında, 10 metrəlikdə cərəyan edirdi, motosikletin təkərlər altında qalacağı qaçılmaz idi. Hay-küy salıb faciənin qarşısını ala bilərdik. Ancaq görün biz neylədik. Biri-birimizi dürtmələyib, "Baxın-baxın, indi masklet çezəcək" dedik və canlı tamaşadan ləzzət almağa başladıq. Bammm! Təp-təzə motosiklet devrildi, təkər altında qalıb əzik-üzük oldu. Biz də gülüşməyə başladıq. Hadisəyə toplaşan adamlar bizi söyüb oradan qovdu... Bu hadisə həyatımda mənə böyük dərs oldu. Gözlənilən faciənin qarşısını almamaq kimi bir sorumluluğa imza atmamağa çalışdım o gündən bu günə.

# 1125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #