Fikrət Qoca qətlə yetirilən oğlundan yazdı: “Bir təsəllim var”

<b>Fikrət Qoca qətlə yetirilən oğlundan yazdı:</b> <span style="color:red;">“Bir təsəllim var”
21 dekabr 2017
# 21:00

Kulis.az Fikrət Qocanın “Orda bəzi hakimlər də məhkum stulunda oturacaq” yazısını təqdim edir.

Bu ilin mart ayının on birində gecə saat ikidə telefon səsinə oyandım:

- Oğlun Yalçın ölüb, - dedilər.

O vaxtdan bu günə kimi telefon səsindən qorxuram.

Sonra öyrəndim ki, üç cavan oğlan Yalçını döyə-döyə öldürüblər. O vaxtdan bu günə kimi istintaq, məhkəmə işi davam edirdi. Onu da deyim ki, mən məhkəmə işi ilə qətiyyən maraqlanmırdım. Əslində, o zalda durub danışıqları dinləmək, qatillərin üzünü görmək mənim üçün dözülməz əzab olardı. Bir də mənim orada olmağım nəyi dəyişərdi. Oğlum ölmüşdü, qatillər tutulmuşdu. İstintaq aparılmışdı. Prokuror əsas qatilə on doqquz il, o biri iki nəfərə birinə dörd, birinə üç il iş istəmişdi.

Dostlar-tanışlar da cinayət işinin nəticəsini soruşanda "maraqlanmıram" - deyirdim. Maraqlanmadığıma özümü də inandırmağa çalışırdım.

Dekabrın on dördünə keçən gecə çox narahat oldum. Əslində, səksən üç yaşlı kişinin rahat yatmaq istəyi özü gülüncdü. Amma bu narahatlıq bir az artıq idi. Yoldaşım təzyiqimi ölçdü. Dərman verdi. Ürək ağrısına demək olar ki, son illər vərdiş eləmişəm. Amma bu gün ağrının ətrafında bir havasızlıq, darıxma da vardı. Elə bil içimdə Yalçının səsini eşidirdim. Yadıma düşdü ki, xeyli zamandı məzarını ziyarət etməmişəm. Səhər yoldaşımı inandırdım ki, daha ağrım-acım yoxdu.

- Gedim idarəyə, bəzi təcili işlərim var, onları görüm, tez qayıdacam. Bu gün dördüncü gündü. Qəbiristanlığı ziyarət günüdü. Gedim Yalçını, qardaşımı, anamı, qohumları ziyarət eləyim, çoxdandı getməmişəm.

- Gedim nədi? Gedək! Sənin ürəyinin əsl dərmanı ordadı, gedək.

- Raya, sən getmə, hava soyuqdu.

- Yox, gedəcəm. Tez gəl, isti paltar gey, çörək ye, dərmanlarını iç, gedək!

Böyük rus şairi Sergey Yesenin demiş:

"Ölüm yeni deyil qədim dünyada...

Düzdü yaşamaq da təzə iş deyil".

Düzdü, yaşayan hər kəs bilir ki, ömrünün sonunda onu ölüm gözləyir. Ömürün maraqlı cəhəti də ordadır ki, heç kəs bu ölümün harda, nə vaxt gələcəyini bilmir. Ürəyimizin hər döyüntüsü ilə, atdığımız hər addımla biz ona doğru gedirik. Atalar, analar oğul çiynində gedir. Ən ağırı, dözülməzi oğulun atanın çiynində getməsidir. Mən onu heç bir ataya arzu etmirəm. Oğul vətən uğrunda, xalq uğrunda şəhid olanda başqa məsələ. Mən oğulun belə ölümü ilə qürur hissi keçirərdim. Dərdim mənə yaşamaq gücü verərdi.

Oğlumun ölümündə özüm də günahkaram. Üç qızım bir oğlum vardı. Oğluma lap əvvəldən şərt qoymuşdum. Demişdim sən kişisən. Bacılarına instituta daxil olmaqda çətinlik çəksələr, kömək edərəm. Amma sən özün daxil olmalısan. Bir il onu tikintidə fəhlə işlətdim.

İnşaat Mühəndisləri İnstitutuna daxil oldu, qurtardı. Şeir yazırdı, bacardıqca çapına mane oldum. Şairlik eləməyə qoymadım. 1995-ci ildə mənim 60 illiyim ərəfəsində məndən xəlvət Anar onu Yazıçılar Birliyinə üzv qəbul etdi. Bir müddət Baş nazirin müavininin köməkçisi işlədi, daha sonra xarici işlər nazirinin köməkçisi vəzifəsində, sonra Ukraynada Azərbaycan səfirliyində birinci katib, sonra geri çağırıldı, bir neçə il sərəncamda qaldı. İki qızı, bir oğlu vardı. Bir dəfə nazirlə görüşdüm. Söz verdi, sonra yadından çıxdı, bir neçə tanışımla, dostum bildiyim adamla görüşdüm, hamısı söz verdi, unutdu. Mənim o üzüm yoxdur ki, tez-tez yadlarına salam, qapılarını döyəm. Uzaq başı iki dəfə deyirəm, sonra üzüm gəlmir. Vəzifəli yoldaşlarım bəziləri niyə belə yaddaşdan zəif olur? Verdikləri sözü aylarla unudur. Bilmirəm. Bu yeni xəstəlikdi. Hərdən özüm-özümdən soruşuram oğlum sağ olsaydı, amandı oğluma iş verin deyib insanların qapısını hər gün döyə bilərdimmi? Yox, bacarmazdım. Deməli, mən də onun ölümündə iştirak etmişəm. Balalarının yanına işsizlikdən gəldiyi hər gün onun ölümünü bir az da yaxınlaşdırıb...

Saat dörddə Yalçının məzarı yanında idik. Molla Quran oxuyurdu. Telefonum zəng çaldı. Bir xanım səsi idi:

- Alo. Alo... Fikrət müəllim.

- Buyur, qızım.

- Bağışlayın, deyəsən, yas yerindəsiniz.

- Bəli.

- Qısa bir sualım var - saytdanam.

- Qızım, mümkünsə bir azdan zəng edin.

- Baş üstə, bağışlayın.

Telefon susan kimi yenə zəng oldu.

- Eşidirəm, buyurun - bir az kənara çəkildim.

- Fikrət müəllim, siz hakimin verdiyi qərarla razısınız.

- Hansı hökmlə? Hansı qərarla?

- Siz məhkəmədə yox idiniz.

- Yox, hansı məhkəmədə?

- Yalçınla bağlı, bu gün hakim hökm oxuyub.

- Nə deyib?

- Prokurorun 19 il istədiyi əsas caniyə beş il iş verib. O birilərin birinə üç il, birinə iki il. Siz bununla razısınız?

- Qətiyyən yox - Daha nələrsə dedim. - Mən danışmırdım hikkəm, dilim danışırdı.

Mən həmişə düşünürdüm, mənə nə fərqi var kimə neçə il iş verəcəklər. Mənim oğlum dirilməyəcək. Sən demə, özü-özünü aldatmaq buna deyirlərmiş.

Raya qolumdan yapışdı:

- Nə oldu yenə? Kim idi zəng edən? Qəbiristanlıqda da səndən əl çəkmirlər.

- Qorxuram jurnalistlər məndən heç qəbirdə də əl çəkməyələr, - dedim.

Telefonu söndürmüşdüm, lakin hələ ürəyimdə müxbirlə danışırdım. Görəsən, o hakimin bir oğlu öldürülsəydi, oğlunun üç balası yetim qalsaydı, yenə qatilə qarşı belə humanist qərar çıxarardı?

Mən hüquqşünas deyiləm. Amma məntiq adlı amansız bir şey var. Prokurorun 19 il istədiyi işə necə olur hakim 5 il iş kəsir. Burda açıq-aydın bu iki nəfərdən biri haqsızdır.

Amma bir təsəllim var, hamı axırda ölür. Deyirlər orda da sorğu-sual olur. Görəsən, ordakı hakimlər də belədir? Burdakı hakimlər də orda məhkum stulunda oturacaq. Haqq incəlir, üzülmür. /http://edebiyyatqazeti.az/

# 976 dəfə oxunub

Müəllifin son yazıları

# # #