Biz o bəyaz nöqtənin içində yaşayırıq- 6 MİLYARD KM UZAQDAKI PLANETİMİZ

Biz o bəyaz nöqtənin içində yaşayırıq- 6 MİLYARD KM UZAQDAKI PLANETİMİZ
9 avqust 2016
# 09:00

Gördüyünüz bu şəkildəki zolaq üstündəki kiçik nöqtə Yer kürəsidir. Şəkli NASA-nın fəza gəmisi 1991-ci ildə çəkmişdi. Şəkli maraqlı edən əsas cəhət isə onun 6.4 milyard kilometr uzaqdan çəkilməsidir.

Kulis.Az bu şəkil haqqında məşhur alim Karl Saqanın nitqini təqdim edir.

Bu solğun nöqtəyə yenə baxın. Ora bizim evimizdir. O bizik. Sevdiyiniz və tanışınız, adını eşitdiyiniz, yaşayan və ölən hamı onun üzərində gəzişir. Bütün şadlığımızın və kədərimizin cəmi, minlərlə bir-birini təkzib edən din, ideologiya və iqtisadi nəzəriyyə; tarix boyu yaşayan hər ovçu və yığıcı, hər qəhrəman və hər qorxaq, hər mədəniyyət qurucusu və dağıdıcısı, hər kral və kəndli, hər sevgili cütlük, hər ana və ata, ümid dolu uşaq, ixtiraçı, kəşfiyyatçı, əxlaq müəllimləri, simasızlaşmış siyasətçi, hər super star, hər “böyük lider”, hər məsum və günahkar onun üzərinə günəş şüası düşən o toz zərrəsinin içindədi...

Kainatın sonsuzluğu qarşısında dünya çox balaca bir səhnədir. Bütün o generallar və imperatorlar tərəfindən axıdılan qan çaylarını düşünün. Qazandıqları zəfərlə bir toz dənəsinin bir anlıq hökmdarı oldular. O zərrənin bir küncündə oturanların başqa bir küncdən gələn və özlərinə bənzəyən başqaları tərəfindən edilən amansız əziyyətləri düşünün. Necə səhvə yol verdilər, bir-birilərini öldürmək üçün necə də həvəsli idilər, bir-birlərinə necə də nifrət edirdilər.

Təkəbbürümüz, özümüzə verdiyimiz böyük əhəmiyyət, kainatda ayrıca bir mövqeyimiz olduğu haqqında sayıqlamalarımız – hamısı bu balaca işıq nöqtəsi tərəfindən darmadağın edilir. Planetimiz, onu çevrələyən kosmosun qaranlığı içində yalnız bir toz zərrəsiyik. Bu böyük boşluq içində bizi bizdən qurtarmaq üçün köməyə gələcək heç kim yoxdur.

Dünya üzərində həyat olduğunu bildiyimiz yeganə planetdir. Ən azından yaxın gələcəkdə gedə biləcəyimiz başqa bir yer yoxdur. Qonaq edə bilərik, ancaq hələ ki, yaşaya bilmirik. Bəyənin, ya da bəyənməyin –sığına biləcəyimiz yeganə məkan Yer kürəsidir.

Astronomiyanın insanı təvazökarlaşdırdığı və ona şəxsiyyət qazandırdığı deyilir. Bəlkə də insan qürurunun nə qədər axmaqca olduğunu bundan daha yaxşı göstərən bir şəkil yoxdur. Məncə, bu şəkil bir-birimizə daha yaxşı davranmaq məsuliyyətimizi vurğulayır. Və əlbəttə ki, bu mavi nöqtəyə, bircə yuvamıza.

# 1214 dəfə oxunub

Müəllifin son yazıları

# # #