Bir ayrılıq bərabərdir iki sevgiyə - Fərid Həsənzadədən Yeni Şeirləri

Bir ayrılıq bərabərdir iki sevgiyə - <span style="color:red;">Fərid Həsənzadədən Yeni Şeirləri
4 iyun 2018
# 17:33

Kulis.az Fərid Həsənzadənin yeni şeirlərini təqdim edir,

***

Nə vaxt ayrı düşdük biz,

bu qədər uzaq olduq?

Məsafəyə, yollara

qoşulub ortaq olduq.

Ölçü kilometrlər -

ürəklərin yarası.

Nəylə ölçülür görən

bəs ürəklərarası

məsafələr və yollar?

bəlkə belə ölçü yox.

Zaman uzağı kəsmir,

zamanın ülgücü yox.

Şeirim də sənə çatmır,

fikir ver, uzaqdasan.

Ya uzaq bir dənədi

ya sən hər uzaqdasan.

***

Qanım donur,

donur qanım,

Qollarım sinəmdə çarpazlananda.

Dinclik tikanlarını batırır köksümə,

Unutmaqdan qorxuram elə bil.

Şəklini vird edirəm gözlərimdə,

Bəzən toqquşuram səninlə,

Bəzən də

addım-addım sənə tərəf gəlirəm

payızın qollarından.

Bir ayrılığın iki sevgiyə bərabər olduğunu

öyrənəndə sevinmişdim,

Daha çox sevmişdim riyaziyyatı,

Deyəsən bir az da ayrılığı...

Gördüyün kimi,

Mən kiçik şeylərlə xoşbəxt oluram.

Yadındadı,

bürcümü soruşanda

utanmışdım deməyə?

İndi deyirəm: həsrət bürcündənəm.

***

1.

Saat 16:00,

səni gözləyirəm.

Adamlar keçir.

Hər kəs insan, hər kəs yad,

İnsan insana bu qədər doğma olmazmış.

2.

Boş siqaret qutusu.

Zibil yeşiyinə qırılıb atılıb

bütün siqaretlər.

Biri bütövdü -

sən atdığın.

3.

Dolaşıb bir-birinə bütün sətirləri

sənə yazdığım məktubun.

Mürəkkəb toxunub şəhadət barmağıma,

Sənə göndərə bilmədiyim

məktubun izləri.

4.

Qayıqların ən yaxın dostudu külək,

bir də saçlarının.

Ağız dolusu danışmağın

nə zərəri olacaq ki

Sözlərin uçub getməsindən başqa?

5.

Saat 20:00,

şam yeməyi.

Səni gözləmirəm.

Adın daim dilimdədi,

səhvən dilimi dişləyəcəkdim,

adını dişlədim.

# 1061 dəfə oxunub

Müəllifin son yazıları

# # #