Yanımda yatanın adı dəyişir, yuxuma gələnin üzü dəyişmir - YENİ İMZA

Yanımda yatanın adı dəyişir, yuxuma gələnin üzü dəyişmir - <span style="color:red;">YENİ İMZA
5 oktyabr 2016
# 13:30

Kulis.Az “Yeni imza” layihəsindən Pərviz Arifin şeirlərini təqdim edir.

Darıxmaq

Darıxmaq hissi başlar, sözün şirin yerində

Özünlə rastlaşarsan şeirlərin birində.

Qəfil cılızlaşarsan səadətin gözündə

Ürəkdən ağlayarsan xəyalların dizində.

İtirdiyin saf eşqi gəzərsən hər qadında

Baxışların taparsan haçansa övladında.

Zamanla büdrəyərsən əzablı dərd önündə

Ömürdən əl çəkərsən sonuncu ad günündə.

Əcəl son etirafdır hər insanın dilində

Ölüm hədiyyəmizdir yaşam müqabilində.

Bir ağac ömrü

Bu qoca təbiətdə

cavan bir ağac idim

su verdilər böyüyüm...

amma susuz deyildim,

mən əslində “ac” idim.

Böyüdükcə böyüdüm

artdı qolum-budağım

torpaq oldu çarığım

bulud oldu papağım.

Böyüdü yarpaqlarım

çoxaltdılar yükümü.

boy atsam da yuxarı

unutmadım “kökümü”

Düşdüm qara, yağışa

budaqlarım sındılar

yenə məndən zəiflər

“kölgəmə” sığındılar.

Dünən su gətirənlər

Bu gün əzab verdilər.

“belimə” də çıxdılar.

“meyvəmi” də dərdilər.

Külək kimi başımın

üzərində əsdilər

gördülər büdrəyirəm

doğradılar, kəsdilər

Bu taxta pəncərə də

qapı da məndən oldu...

mənə dəyən “balta”nın

sapı da məndən oldu...

Yavaş-yavaş

Bir göz qırpımında sevgi yaşadın

İndi bacarırsan öl yavaş-yavaş.

Bu kədər bir günün kədəri deyil

Damlalar yaradır göl yavaş-yavaş.

Dərdi demirəm ki, dərd olar sənə,

Özüm öz dərdimə gülürəm yenə

Əgər çox yanırsa ürəyin mənə.

Dərdimə şərik ol, gül yavaş-yavaş...

Keçmişə baxıram çoxdu gedənim

Sabah da bu günüm olar dünənim.

Qismət sənin olsun, qalıq da mənim

Sevgini həsrətə böl yavaş-yavaş

Yalan gerçək imiş, həqiqət yuxu

Sənə aldanacaq hələ bir çoxu.

Ömrümün sonuna nə qalıb axı?!

Halallıq istəsən, gəl yavaş-yavaş...

Yağışlı gecə

Göylərdən ayrılan nur damcıları

Torpağı öpməyə çox tələsirdi.

Buludun hönkürüb ağlamağına

Külək də qorxudan tir-tir əsirdi.

Bu yağışlı gecənin

səhərəcən yolu var.

soyuğa dözümlü ol

qarşımızda bir ömür

şaxta, sazaq, dolu var.

əllərin dona bilər

al, geyin əllərimi.

Soyuq olsa hazıram

yolunda bir ocaq tək

yandırım illərimi.

Arzumu buz edir hər soyuq baxış

Közərmək üzrədir odlanan ürək.

Sən mənim gözümdən süzülən yağış

Mən sənin saçına toxunan külək.

Kaş ki fəsil dəyişə

xəyallarım isinə.

Arzularım solacaq

Qəlbin ehtiyacı var

günəşin istisinə.

Yağış yağır hələ də

hava yenə sıxıcı.

Nə soyuq şeirdi bu?!

dəftəri örtürəm ki,

üşüməsin oxucu...

Mərhəmət

Yoxluğun buz edib duyğularımı

De necə sağalım, necə düzəlim?!

Dərdin boğazımda ilişib qalıb

Bir qurtum “ümid” ver, özümə gəlim.

Axı sənə qarşı pis olmamışam...

Kədəri üzündən itirən mənəm.

Sənə üz çevirən “xoşbəxtliyini”

Tapıb, ayağına gətirən mənəm.

Yolumuz ayrıldı gözlənilmədən

Barı yuxuma gəl bir vaxt eləsən.

Mən onsuz heç kimlə yola getmirəm

Sən də inanmıram yola gələsən...

Mən səndən nifrətlə uzaqlaşmıram

Sadəcə başa düş, hər şey dəyişib.

Ağacın sonuncu meyvəsi kimi

Daha ayrılığın vaxtı yetişib.

Mərhəmət hökm edir davranışıma

Deyəsən heç nədən deyilsən agah.

Nə günah etmisən bağışlamışam.

Mən bir az insanam, bir az da Allah...

***

Hər gün həyatımın dadı dəyişir

Doğması dəyişir, yadı dəyişir

Yanımda yatanın adı dəyişir.

Yuxuma gələnin üzü dəyişmir...

# 2320 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #