Anar Elçinin üzünə necə bozardısa... Əkrəm Əylislinin xatirələri

Anar Elçinin üzünə necə bozardısa...  Əkrəm Əylislinin xatirələri
23 may 2014
# 15:00

Kulis.Az yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından hissələri təqdim edir.

“Axund”un Səməd Vurğundan niyə zəhləsi gedirdi?

Əkrəm Əylislinin Qaqarinli XATİRƏLƏRİ

Stalinlə səhərə qədər içmiş yazıçı - Əkrəm Əylislinin xatirələri

"Fikrət Qoca Əlcəzairdə fransızlara qarşı vuruşmaq istəyirdi"

Əkrəm Əylisli Nazim Hikmətin yalanını necə tutdu?

Nəhənglərin döyüşü: Əkrəm Əylisli ilə Mirzə İbrahimovun davası

Nəhənglərin döyüşü: Mirzə İbrahimov və Əkrəm Əylisli

Beşinci olay: ÇİNDƏN GƏLƏN GÖYƏRÇİNLƏR

1

Qırx ildən çox şəhərdə yaşasam da, yuxularımın çoxusunu yenə kənddə görürəm. Görəsən niyə?

Axı niyə, görəsən, şəhər mənim varlığımda indiyəcən heç bir mistik-mənəvi ərazi, ruhi “torpaq sahəsi” tuta bilməyib?...

Bir zamanlar yuxularımı yazıya alardım - ən maraqlı yuxularımın bir növ gündəliyini tutardım. Sonra yazmadım, əl çəkdim bu işdən, çünki yuxularımın işığı azaldı, rəngi soldu və bunun baiskarı, söz yox ki, adamlar oldular: əvvəl həyatda ürəyimi talayanlar, sonra qarışqa kimi yuxularıma daraşdılar, onların rəngini-işığını dən-dən daşıyıb apardılar.

Yuxunu yazıya almaq, əslində mümkün olan iş deyil. Əvvəla, ona görə ki, vaxtın yuxudakı hərəkəti bizi ayıq ikən əhatə eləyən həyatın vaxt ölçülərindən – adi insan şüuru ilə dərk olunmaz dərəcədə fərqlidir. İkincisi, bizim yuxu görən gözlərimiz, deyəsən, öz gözlərimiz deyil, sanki hələ dünyaya gəlməzdən əvvəl də biz bu dünyanı (özümüzdən xəbərsiz) haçansa bir dəfə də görmüşük və haçansa, özümüzdən xəbərsiz gördüyümüz o kosmik, qanadlı aləmin işığı, rəngi, havası indi, yatandan-yatana, ara-sıra bizi axtarıb tapır. Və əgər belə olmasaydı, həyatda heç vaxt uçmayan insan yəqin ki, yuxuda da uça bilməzdi.

Mən yuxuda, son dəfə, 1982-ci ilin payızında “Ağ dərə” adlı povestimin – hədsiz dərəcədə həssas və xəyalpərəst – balaca qəhrəmanı Mehdi ilə bağlı bir hadisəni yazanda uçmuşam. Sonra, 84-cü ilin, səhv etmirəmsə, axırlarında (“Ağ dərə”dəki mövzunun bir növ davamı olaraq) “Dəhnə”ni yazmağa başlayanda yenə çox qəribə bir yuxu gördüm. Bu yuxuda mən uçmurdum, amma uçan adamlar kimi yüngül və rahat idim. Yuxarı Əylisin aşağı başında – gözdən uzaq bir yerdə - yolun qırağında bir parça ağ buludun üstündə oturub, bu gözəl dünyamıza ləzzətlə tamaşa eləyirdim. O bulud göydə deyildi, yerdə idi. Daha doğrusu, yerdən vur-tut bir adam boyunca yuxarıdaydı, amma burası da vardı ki, o buluddan bir adam boyu aşağıdakı o yer, o torpaq da elə o buludun özü kimi yüngül idi, yumşaq idi. Dünya yüpyüngül, yupyumşaq idi. Həm də səhərin lap erkən çağıydı, dünyanın ən bakirə bir vədəsiydi. Nə bir insan, nə bir heyvan... Əylisin bütün real, fiziki həyatı zərif (ağımtıl-bənövşəyi) xəyala çevrilib, ruh kimi, iy kimi, işıq kimi dünyanın o qəribə havasına hopmuşdu.

O havada mənim haçansa Əylisdə görüb, sonra bir qismini Bakıda və bir qismini də, bəlkə elə, Əylisin özündəcə itirdiyim rənglərin hamısından bir az vardı. O havada nənəmin səsi vardı, Tanrının mənim qismətimə uzaq göylərdən göndərdiyi bir könüllük sevgi payını yerdə (küçədə, məktəbdə, çayda, çeşmədə) öz körpəcə gözəl canında gecə-gündüz bir şirin işıq kimi gəzdirən O QIZIN gözlərinin ilahi rəngi vardı, bir vardı, bir zamanlar iyi burnuma dəyib, tamı ruhuma hopmuş otun, gülün, çiçəyin, həlim nəfəsi vardı...

O səhər yuxudan ayılanda bir müddət mənə elə gəldi ki, haradansa – başqa bir planetdən – yüngülləşib, cavanlaşıb, gözəlləşib – bu dünyaya təzədən qayıtmışam. Ancaq mən nə biləydim ki, o yuxunun yüngüllüyü canımdan tez çıxsa da, onun fikri-zikri, dərdi-səri – hələ bir neçə il də - mənə rahatlıq verməyəcək. Və günlərin bir günü mən öz aləmimdə Bakı ilə guya həmişəlik vidalaşıb, bir zaman yuxumda gördüyüm o AĞ BULUDUN yerində öz qanadlı arzularıma yuva qurmağa gedəcəyəm və (sən Böyük Allahın işinə bax ki!) Naxçıvanın Vilayət rəhbərliyi və Ordubadın raykom katibi – Yazıçılar İttifaqının bir əl boyda kağızının əsasında – Əylisdə, ürəyim istəyən yerdə ev tikməyə mənə icazə verəcək və bir vaxt yuxuda gördüyüm o AĞ BULUDUN yerində günlərin bir günü mən doğrudan da özümə ev tikməyə başlayacağam.

O vaxtdan təxminən on il keçir. Və gör nə zamandan bəridir ki, mən yuxuda – az qala hər gecə - o AĞ BULUDUN yerində tikdirdiyim evi axtarıram. Mən o yuxularda Əylisi qarış-qarış gəzirəm, bircə o evə gedib çata bilmirəm, çünki o evi tikməzdən əvvəl gördüyüm Əylisdə o AĞ BULUDUN yerindən də savayı, sən demə, Allahın haçansa nəfəsi, işığı dəymiş Əylis yolu, Əylis yamacı, Əylis dağı, Əylis dərəsi varmış...

...Bizə atamızdan qalan ev dağ yamacında idi və bizim evdən yuxarıda dağın lap “qarnına” söykəli bir ayrı ev də vardı. Ancaq bizim həyətimiz, bağ-bağçamız çox böyük idi və o bağ-bağçanın yuxarı başı dağın “qarnına” dirənib durmuş o evdən də bir az o yana, necə deyərlər, düz “Allahın yanınacan” gedib çıxırdı. “Allahın yanı” dediyim o yerdən – bağçamızın qurtaracağından və dağın ətəyindən arx gedirdi, su keçirdi. Və uşaqlığımın ilk çağlarında evimizdən o arxın yanınacan gedib çıxmaq məndən ötrü həm böyük şücaət, həm də böyük səyahət idi. Görəsən: o arx haracan gedirdi, o su haralaracan axırdı?... – hər dəfə o arxın qırağına çatanda bu fikir məni götürürdü. O su məni heç vaxt görmədiyim bağlara-bostanlara aparırdı. Və deməli, bu dünyanın ilk fiziki xəritəsi mənim xəyalımda beləcə - su ilə, o suyun şəkli və səsi ilə - dumduru, apaydın rənglərlə, boyalarla çəkilirdi. Bu da bir xəritə idi! Və onun adi xəritələrdən əsas fərqi onda idi ki, buranın bağı-aranı xətlərlə, işarələrlə yox, içində Tanrının işığı olan ürək qanı ilə qeydə alınırdı.

Bağçamızın dağa bitişik o yuxarı tərəfi də iki yandan daş hasara alınmışdı. Hasarın bir tərəfi - evi bizim evdən də ucada olan - dağın lap "qarnına" söykəli o evin həyət-bacasıydı. Bu biri tərəf hamının “YENİŞ DİBİ” dediyi yer idi. Və o zamanlar mənim hələ görmədiyim, tanımadığım sehrli yollardan, yamaclardan keçib, bizim bağçanın başındakı o arxla uzaq-yaxın bağlara-bostanlara axıb gedən o suyun “YENİŞ DİBİ” deyilən o yerdə də bir böyük lağımı vardı. O lağımı kimsə gəlib açanda bir müddət su – şəlalə şaqqıltısı ilə - üzüaşağı axırdı və o şəlalə şaqqıltısını eşidəndə, nədənsə, mənim həmişə ucadan oxumağım gəlirdi!...

Ancaq mən oxumaqdan da, nədənsə, qorxurdum. Hətta o alçaq daş divarı aşıb o yana keçməyə də heç vaxt cürət eləmirdim. Hələlik mənim cəsarətim o hasarın üstündə oturub, o suyun şırıltısına tamaşa eləməyə çatırdı... Bir dəfə o hasarın üstündə məni yuxu aparır. Yumalanıb o tərəfdəki kol-kosun içinə düşəndən sonra da yuxudan ayılmıram. Məni uzun müddət axtarıb, axırda – axşamtərəfi – o kol-kosun içində tapırlar.

...Ayılanda başıma xeyli adam toplaşmışdı. Ancaq o adamların içində atamdan savayı mən heç kəsi tanımırdım. Mən bunu indiyəcən heç vaxt heç kəsə deməmişəm: o vaxt mən o kol-kosun dibində yuxudan ayılanda hansısa qara paltarlı yad adamlar, bel ilə, qazma ilə, bizim sarı rəngli dağları – lap kəllədən – sökdükcə sökürdülər. O qara paltarlı adamların boyu insan boyundan balaca idi. Onların sayı-hesabı məlum deyildi. Sizə nə qədər mistik və müəmmalı görünsə də, boyu insan boyundan balaca olan o qara paltarlı adamları – Moskvada tələbə olduğum vaxtlar – bir dəfə mən yuxumda GÖYƏRÇİN şəklində gördüm. Qara kostyumlu, qara qalstuklu bu adam-göyərçinlər Moskvanın Gertsen küçəsində hansısa “çin” dilində qara-qara danışa-danışa küçə ilə gedib-gələnlərin pasportunu yoxlayırdılar. Sonra, bir gün, o qara paltarlı, qara plaşlı adamların keçmiş Lenin meydanından bizim “Domsovet” yaxınlığındakı evimizin həyətinə axın-axın axışdığını gördüm. Bu “axından” sonra yazdığım “Yəmən” adlı povestimin qəhrəmanı Səfalı müəllimin gördüyü yuxu, sizdən nə gizlədim, o qara axının məndə doğurduğu ilkin hissiyyatın mistik mənzərəsidir. O yuxu, qısaca, belədir ki, Səfalı müəllim bir gecə Ayı yuxusunda görür. Görür ki, Ayın qara səthi qara paltarlı insan cəsədi ilə doludur və haçansa Aya ilk dəfə ayaq basan – indi səfil kökünə düşmüş – astronavt Nil Armstronq, sərxoş və düşkün bir görkəmdə həmin insan cəsədlərini ora-bura daşıyır.

Amma o dağların sökülməyi, vallah-billah, yuxu deyil və o zaman, o axşamtərəfi o qara “dağsökənləri” də mən yuxuda yox, məhz yuxudan ayılandan sonra görmüşəm. Və nə olsun ki, Əylisin sarı rəngli dağlarını bir vaxt söküb-dağıdan o qara paltarlı liliputları haçansa gözümlə görməyimə indi heç özüm də heyrət etmədən inana bilmirəm!... Və əgər o qara paltarlı liliputlar o sarı dağları sökürdülərsə, bəs o dağlar niyə indi də “cağbacağ” yerində durur? Bəs o liliputlar sonra nə oldular görəsən? Bəlkə onlar da, o meydandan bizim həyətə axışan adamlar kimi, Yerdə öz qara işlərini bitirib, köçüb başqa planetlərə getdilər?... Hər halda, bir şeyə əminəm ki, əgər bir vaxt mən o “dağsökənləri” Əylisdə gözümlə görməsəydim, sonra – Gertsen küçəsindəki “Çindən gəlmiş” – o adam-göyərçinləri bir vaxt “Domsovet”in qabağındakı o meydandan bizim həyətə axışan o qara paltarlı – ürəksiz və beyinsiz – insan axınını da heç vaxt görməyəcəkdim...

İndi o Yeniş Dibinin tez-tez yuxuma girməyinin bir səbəbini mən elə o əhvalatda görürəm. Ancaq o Yeniş Dibinin yuxularıma belə tez-tez girməyinin, bilirəm ki, başqa səbəbləri də var və bu səbəblərin biri atamla bağlıdır. Və bunu da lap yəqin bilirəm ki, atam (biz ona “baba” deyirdik) əsgər gedəndə hələ mənim heç dörd yaşım da tamam olmamışdı.

Yadıma gəlir ki, evimizdən son dəfə çıxanda, həyətimizin qabağında, babam başıma yüngülcə sığal çəkmişdi. Sonra mən, ağlaya-ağlaya, yol yuxarı babamın dalınca qaçmışdım. Və orada – məhz o Yeniş Dibində babam, yəni atam məni qucağına almışdı, bərk-bərk bağrına basıb, üzümdən-gözümdən öpdükcə öpmüşdü və elə oradaca babam məndən ötrü birdən-birə həmişəlik qeyb olmuşdu: deməli, adına “Yeniş Dibi” deyilən o yer, elə babamın məzar yeri kimi də, mənim yaddaşımda xüsusi yer tutmaya bilməzdi.

Bir də - SU!... Bağçamızı dağdan ayıran divarın tuşundakı o lağımdan – gah gurhagur, gah ahəstə-ahəstə - yamac yenişə axıb gedən o suyun SƏSİ... Bu dünyada bizdən əvvəl baş vermiş və bizdən sonra baş verəcək ən xoş, ən nəcib olayların söhbətini sudan yaxşı, sudan səlis, sudan təmiz bir dildə axı bizə kim danışa bilər?! Və elə buna görə də, bəlkə, yuxularımda heç o yamacın özünü görməyəndə də mən hərdən o suyun səsinin də ayrıca yuxusunu görə bilirəm. Hətta indi – çoxdan bəri – yalnız təsadüfdən-təsadüfə üzünü gördüyüm ölən və qalan köhnə dost-tanışlarımın – Əbülfəz Elçibəyi də ayrıca qeyd etməklə - İsinin, Ramizin, Vidadi Paşayevin, Natiqin, Dilsuzun, Mövludun, Vaqif Səmədoğlunun yuxuda o “Yeniş Dibi”ndən, o suyun dili ilə məni çağırdığını eşidirəm. “Ürəyim çox sıxılanda Ramizin, Mövludun yoxluğunu, bir də Əylisin varlığını daha kəskin hiss eləyirəm”: bunu bir-iki il əvvəl gündəliyimə yazmışam. Ancaq mənim hələ bəlkə iki-üç yaşım olanda (yəni atam hələ əsgər getməmiş) dünyasını dəyişmiş – evləri bizim evdən də yuxarıda olan o evin ağbirçəyi – Sara xalanın bir dəfə o suyun səsi ilə məni necə şirin-şirin çağırdığını yadıma salanda indi də tüklərim biz-biz olur. Özü də harda olsa yaxşıdır: MİNSKDƏ... Minskin otuz-qırx kilometrliyində arvad qohumlarımın bağ evində günorta yeməyindən sonra, çarpayıda, paltarlıca uzanmışdım. Və elə gözümə təzəcə yuxu gələndə Sara xala o suyun səsi ilə məni çağırırdı ki!... Yerimdən dik atıldım. Tez də adamlardan uzaqlaşıb özümü meşəyə verdim və bəlkə yeddi-səkkiz saat – o səs qulağımda – tək-tənha meşələri dolandım...

Bəli, “Yeniş Dib”i belə “Yeniş Dibi”dir. İndi sizə nəql etmək istədiyim yuxu isə mənim son vaxtlar o Yeniş Dibində gördüyüm yuxuların bəlkə ən qəribəsi və ən məzəlisidir. Onu da deyim ki, mən öz povest və hekayələrimin bir çox səhnələrinin işığını və ağrısını əvvəl yuxuda görüb, sonra o ağrının və işığın söz mənzərələrini yaratmağa çalışmışam. Olaylarımın bu fəslini elə birbaşa yuxularımdan başlamağımın səbəbi isə ötən ilin payızında gördüyüm və hələ də heç cür unuda bilmədiyim bir yuxunu kiməsə danışmağın təbii ehtiyacından yaranıb.

2

Mən o yuxunu görməsəydim, bu fəsil, söz yox ki, yazılmayacaqdı. Və elə buna görə də, ötən ilin payızında gördüyüm o yuxunu indi, mümkün təfsilatı ilə və necə deyərlər, ağına-bozuna baxmadan, Sizə danışmağa çalışacağam.

...Həmin o “Yeniş Dibi” deyilən yamacın başında, sizə tanış o arxın qrıağında, bir nəhəng qayanın dibindəki sarı qumun üstündə biz ANARLA böyür-böyürə uzanmışdıq. Dağ qumu iri olur, şüşə qırığı kimi, ucubiz və iti olur. Ancaq o qum dəniz qumu kimi yumşaq və rahat idi. Anarın başında, gün yandırmış, bozumtul-qəhvəyi, nimdaş çoban papağı vardı. O, bir qıçınıdizdən qatlamışdı, bir qıçını, şelləmə, qumun üstünə uzatmışdı və bu halında Anar hədsiz dərəcədə rahat, xoşbəxt və işıqlı idi.

YUSİF SƏMƏDOĞLU qıraqda – sol tərəfdə - qayanın dalında gəzinirdi. Yusifin kölgəsi hərdən arxın suyunun üstünə düşürdü və arxda, qayanın dalında gəzən adamın məhz Yusif olduğunu da mən elə - hərdən suyun üstünə düşən – o kölgədən bilirdim. Və orada – o qayanın arxasında Yusif – qovrulmuş fındıq idimi, qoz ləpəsiydimi – nəydisə tez-tez cibindən çıxarıb, ovuc-ovuc ağzına atırdı. Yusifin ağzının şaqqıltısı aləmi götürmüşdü. Və nədənsə mənə elə gəlirdi ki, o şaqqıltını, xırçıltını salmaqda Yusif özgə heç kəsə yox, məhz ELÇİNƏ acıq vermək istəyir, halbuki Yusif o fındığı, ya qoz ləpəsini dişlərinin arasında eləcə xırçaxırç xırçıldadanda Elçinin o həndəvərdə hələ heç izi-tozu da yox idi...

Sonra – qayanın sağ yanından – Elçin də mənim bu qəribə yuxumun “ön səhnəsinə” çıxdı. Haradansa (yəqin ki, dağın dal tərəfindən) bir qucaq kəngər (yaxud kəncər – Əylisin yerli camaatının, bir də nehrəmlilərin ləhcəsində, nə qədər qəribə olsa da “C” və “Ç” səsləri yoxdur) yığıb gətirmişdi. (Kəngər uşaqların ən çox sevdiyi – çaşıra, baldırğana bənzər – dağ bitkisidir. Yeyilməli vaxtı 10-15 gündən çox olmur: sonra qartlaşıb adicə tikanlı qanqala çevrilir. Kəngər barədə Əylisdə hətta belə bir əfsanə də var. Yeddi qardaşın yığıb gətirdiyi kəngəri bir bacı biroturuma yeyir və onun qarnını yaranda baxıb görürlər ki, orada vur-tut bir qaşıq, doşab kəfinə oxşar, su kimi şey var).

Bəli, o bir qucaq kəngəri Elçin, kəmali-səliqə ilə, qoltuğundan yerə boşaldıb, arxın qırağına uzandı və həmin kəmali-səliqə ilə də onları bir-bir soyub, ağzında xırçıldada-xırçıldada ləzzətlə yeməyə başladı.

Bir müddət heç kəsdən səs çıxmadı. Sonra Yusifin – arxın suyundan – titrək səsi gəldi:

- Bəs bizə?

- Nə bizə? - Elçin hirsli-hirsli dedi. - Protez dişinən BALDIRĞAN yeyəcəksən? (Və mənə elə gəldi ki, "kəngər" demək əvəzinə Elçin Yusifin acığına qəsdən "baldırğan" dedi).

Yenə, bir müddət, heç kəs cınqırını çıxarmadı. Və sonra – qayanın yan-yörəsini bir də dolanıb, bizə yaxınlaşanda – bayaqkı fındıq, ya qoz ləpəsinin əvəzinə bu dəfə Yusifin əlində mən bir ovuc təptəzə aşıq gördüm. Yusif aşıqların birini mənə göstərdi:

- Bax bu SAQQA AŞIQ... – dedi, ancaq sözünün dalını gətirmədi. (Və bu dəfəki sətraltı mənanı da mən belə başa düşdüm ki, özünün “Xalıq dilinə” Elçindən və Anardan yaxşı bələd olduğunu bu sözlərlə Yusif mənə qandırmaq istəyir).

Belə xırda intriqalardan ucada durduğunu gözəl bilən və özünün bu üstünlüyünün gizli həzzini də, ürəyində, əlavə bir sevinc kimi, xımır-xımır həzmi-rabedən keçirməkdə olan Anar isə başındakı yumşaq çoban papağını indi mənim lap üzümə dirəyib, xoşbəxtliyin düz yeddinci qatından yenə dünyaya, Əylisə, mənə və ÖZÜNƏ ləzzətlə tamaşa eləyirdi.

Dağlardan yığıb gətirdiyi kəngərin axırına çıxandan sonra Elçin də qıçının birini dizdən qatlayıb, o birini rahatca qumun üstünə uzatdı və qəribə bir uşaq sevinci ilə Əylisin dam-daşına, ağac-budağına – yuxarıdan aşağı - ləzzətlə tamaşa eləyə-eləyə, birdən-birə, mənim lap ürəyimdən xəbər verən belə bir təklif irəli sürdü:

- Gəlin, - dedi, - uşaqlığımızı yada salaq. Məsələn: dünyaya göz açanda bizim bu həyatda gördüyümüz birinci hal-qəziyyə harda baş verib və bu hal-qəziyyə necə baş verib. Və bu hal-qəziyyə baş verəndə biz neçə yaşda olmuşuq və indi bu hal-qəziyyəni biz necə və nə şəkildə yadımıza sala bilirik və bunu yadımıza salanda biz üç adam ayrı-ayrılıqda hansımız hansı hissləri keçiririk?.. Başla, Anar, birinci sən başlayacaqsan!

- Mən niyə?! – Və Anar Elçinin üzünə birdən-birə necə bozardısa, onun, yəni Anarın xoşbəxt sifətindəki bayaqkı gur işıqdan bircə saniyənin içində heç əsər-əlamət də qalmadı. Üstəlik, o qıllı-məzəli çoban papağı da sanki su kimi buxarlanıb, Anarın başından bir andaca qeybə çəkildi. Və mən öz aləmimdə bu dəfə belə bir sarsaqqulu qənaətə gəldim ki, Elçinin o kəngəri eləcə, təkbaşına yeməyi – sırf tərbiyəvi nöqteyi-nəzərdən - Anarı möhkəmcə narazı salıb.

Yusif hələ də bizdən bir azca aralıda, ayaq üstdə, qayanın böyür-başında dolanırdı. Yaxınlaşıb:

- Başla, Anarik! – dedi. – Höcət eləmə. Rəhbərliyin dediyinə qulaq asmaq lazımdır! – Və bunu deyəndən sonra Yusif “Koroğlu” operasının çox məşhur melodiyalarından birini (nədənsə, nə Bülbülün, nə Lütfiyar İmanovun, nə də özünün səsi ilə yox!) peşəkar inqilab fədaisi Nemət Pənahovun – nəcib və intellektual – xoş avazı ilə ucadan oxumağa başladı:

- ÇÜNKİ OLDUN DƏYİRMANÇI, ÇAĞIR GƏLSİN DƏYƏN KO-KO-KOYO-ROLOĞLU!...

Və Nemət Pənahovun, bağışlayın, Yusif Səmədoğlunun bu şaqraq zənguləsindən xoşlanıb, vəcdə gəldiyimə görə, bu yerdə mən də ürəklənib söhbətə qarışdım. Xalis həmşəri ləhcəsində və şəxsən özümə məxsus unikal bir çırtqozluqla:

- Bəsdirin! – dedim. – Qurtarın bu saray intriqalarını!... MİLLƏTİN TURBİNASINDAN XALQA DURBİNLƏ BAXMAQ YETƏR DAHA!...

Əgər “turbina” və “durbin” sözləri qulaq qafiyəsinin lap əla növündən olmasaydı, möhtərəm millət vəkillərimizin xətrinə dəyə biləcək bu, axırıncı cümləni mən, söz yox ki, deməyəcəkdim. Ancaq elə bu, qulaq qafiyəsinin hikmətindənmi, ya nədəndirsə, o cümləni deyəndən sonra məndəki o adi “bıtavoy” çırtqozluq birdən heç üzüm də gözləmədən) əsl şair həyasızlığına çevrildi.

- Bu minvalla, - dedim, - millət hərlənib-fırlanıb, əvvəl-axır, yenə gedib o mənfur “Domsovet”in qabağına yığışa bilər. Və orda, partbilet yerinə, bu dəfə, banknotların (bağışlayın: deputat vəsiqələrinin!) alovu fısqırıb ərşin ənginliklərinə doğru elə bir sürətlə ucalar ki, hələ o Domsovetin qabağındakı yerin asfalt döşəməsi bir yana dursun, sizi inandırıram ki, bu dəfə lap dənizin özü də - neftqarışıq – od tutub yanar!... Həzərat, yaddan çıxarmayın ki, öz ədəbsiz əməllərini əxlaqsız və həyasızcasına dönə-dönə təkrar eləməkdə tarix vağzal cığır... bağışlayın, vağzal ceyranlarından bir o qədər də fərqlənmir. Tarixin bizə öyrətdiyi əsas elm isə vur-tut bundan ibarətdir ki, o bizə heç vaxt heç nəyi öyrətmir!... Sizi, bu məsələdə, bəri başdan ayıq salmaq məqsədilə mən öz yeni poemamın – sərbəst vəznli meyxana üslubunda yazılmış – dahiyanə bir parçasını ali nəzər-diqqətinizə yetirməyi bu millətin qarşısında özümə borc bilirəm:

Turbinadan bir-iki metr aşağı

Milsənerlər qovur arvad-uşağı.

Nə işinədi artistin, ya aşığın –

Tapsın bu millətin itmiş qaşığın...

Pəh! Pəh!...

- Əkibala, qaşıq məsələsində çox dərinə getmə!... – Yusif bığaltı gülümsünüb, özünün böyük tarixi əhəmiyyəti və şəksiz milli mənəvi dəyəri olan qiymətli bığlarını fəxr ilə eşə-eşə dedi və dönüb, qayanın yan tərəfinə bir də keçdiyi yerdə arxın qırağındakı yekə bir daş Yusifin ayağının altında birdən şaqqıltı ilə parçalandı. Və (bu, nə zülm idi, Allah!) o yekə daş parçası, göydə quş kimi uça-uça gedib Ali Sovetin binasının başındakı kümbəzə necə zərb ilə toxundusa, ordan – çin dilində danışan – bir dəstə qara qalstuklu göyərçin qulaq qafiyəsi metodikasının elmi əsasları üzrə - eyni vaxtda həm “pırr”, həm də “fırr” eləyib, bir göz qırpımında göyə qalxdı...

Qəfildən öz-özünə açılan pəncərə nəfəsliyinin (yəni fortoçkanın) taqqıltısına yuxudan ayıldım.

Şəhərin axşamkı sakit havası birdən-birə tamam dəyişmişdi. Dəli Xəzri Bakının ağac-budağına yenə rəhmsizcəsinə divan tutmağa başlamışdı. Və dənizdən təzəcə baş qaldıran günəşin zərrin şəfəqləri – elə bu gecə yazdığı şeiri ünvanına çatdırmağa tələsən – xoşbəxt bir vətən şairinin munis çöhrəsini andırırdı...

3

...Gözümü dünyaya açanda ilk gördüyüm – xırdaca bacasından Allahın ucsuz-bucaqsız Günbatanı görünən – balaca bir otaq olub, əzizim Elçin! Əzizim Anar! Əzizim Yusif Səmədoğlu!... Və 60-cı illərin ortalarında – Həmidə xanımın Cəlil Məmmədquluzadə barədəki xatirələri nəşr olunandan sonra – o balaca otağı hər yadıma salanda həmin xatirələrin bir yeri həmişə qulağımda səslənib: “...Yuxuda gördüm ki, məni zirzəmidə diri-diri basdırmaq barədə məhkəmə hökm çıxarıb. O zirzəminin hər yerini kərpiclə bərk-bərk hörmüşdülər. Yuxarıda – tavanın altında bir xırdaca baca yeri qalmışdı. Gördüm oranı da hörmək istəyirlər, başladım qışqırmağa ki, heç olmasa o bacanı hörməsinlər – məni işıqdan, havadan tamam məhrum etməsinlər”.

Həmidə xanımın xatirələrinin bu yerini elə ilk dəfə oxuyanda da mən qorxmuşdum, xoflanmışdım. Sonralar (dəqiq desəm, 1989-cu ilin payızında – sizin məndən də yaxşı tanıdığınız ölməz Şeyx Nəsrullah həzrətlərinin ölü diriltməyin yeni, daha səmərəli metodlarını bu dəfə “Domsovet”in “turbinasından” xalqa bəyan elədiyi o gözəl zamanlarda) Mirzə Cəlilin Moskvada çıxan bir kitabına söz yazanda, mənə birdən-birə elə gəldi ki, o baca və zirzəmi təkcə Mirzə Cəlilin yox, elə mənim də bütün həyatımın leytmotividir. Bəlkə ona görə ki, uşaqlığımı yada salanda ilkin xatırlaya bildiyim o balaca otağın da yuxarıda – tavanın altında – bir xırdaca bacası vardı. Bəlkə ona görə ki, Mirzə Cəlili, əsasən, ömrünün son illərində təqib etməyə başlayan o qorxu məndə, illər uzunu, həmişə olmuşdu. Yəni bu dünyadan mənə açılan və yaxud məndən bu dünyaya açılan o işıq və hava “bacasını” kiminsə hörə biləcəyindən elə həmişə qorxmuşdum. Bir də Allahdan gizli deyil ki, mənim bu dünyadan – bir bacalıq işıqdan və havadan savayı – elə böyük təmənna, ya umacağım heç vaxt olmayıb...

Ancaq, təxminən əlli beş il bundan əvvəl, həyata göz açanda gördüyüm o balaca otağın Mirzə Cəlilin yuxuda gördüyü zirzəmi ilə oxşarlığı yəqin ki, yalnız rəmzi, simvolik oxşarlıqdır. Bizim o, bacası günbatana baxan balaca otağımız zirzəmidə deyildi. Sadəcə, otaqlarımızın ən kiçiyi idi və biz ilin üç-dörd ayını ona görə o balaca otaqda yaşayırdıq ki, o biri otaqlarımız çox böyük idi və payızın-qışın sərt, soyuq vaxtlarında o böyük otaqları qızdırıb, səhərəcən isti saxlamaq heç bir vəch ilə mümkün olan şey deyildi.

Və bu dünyada indiyəcən gördüklərimin içində yadıma gələn birinci “HAL-QƏZİYYƏ” budur ki, mən o balaca otaqda atamın taxta çarpayısının üstündə tək-tənha uzanmışdım. Axşamtərəfi idi. Yuxarıdakı tavana bitişik bacanın soyuq şüşəsindən göyün bir parçası görünürdü. O bir parça göyüzü gümüş kimi saf idi, təmiz idi və orada – o apaydın göy parçasının üstündə bir yekə ulduz da vardı. Və o ulduz orada par-par parıldaya-parıldaya, vallah, billah, mənə öz dilində nəsə deyirdi...

Və, Pərvərdigara, mənim körpə şüuruma bu fikir birdən-birə hardan yerləşdi ki, bir vaxt mən bu dünyada olmayacağam və onda bu dünyada heç nə olmayacaq, bu dünya mənimlə bir yerdə haçansa yox olacaq, puç olacaq.. Və bu fikir birdən-birə məni nə yaman hala saldı, Allah...

Mənə açıq-aşkar nəsə demək istəyən o sözlü, dilli-ağızlı ulduza baxmaqdan da mən, nədənsə birdən-birə qorxdum. Gözümü bacadan çəkdim. Və bir də baxıb gördüm ki, göyüzü ulduzla doludur və mənim o ulduzları görməyimə otağın tavanı, divarı – heç nəyi mane olmur. Ancaq dəhşət burasındaydı ki, o ulduzlar təkcə məndən yuxarıda deyildi, məndən aşağıda da bir dünya ulduz vardı. Deməli, mən öz evimizdə deyildim, öz otağımızda deyildim: məndən aşağıda – bir göy, məndən yuxarıda – bir göy, mənsə bu iki ulduzlu göyün arasındaydım... Bəli, belə bir “hal-qəziyyə”, əzizim Elçin! Ancaq bütün bu hal-qəziyyə, vallah, billah, yuxuda baş verməmişdi. Bu, mənim bu dünyada öz gözümlə gördüyüm və bu günəcən xatırlaya bildiyim – qorxu və həyəcanla dolu - ilk reallıq idi.

Həyata göz açandan bəri ağlaya-ağlaya, gülə-gülə oxumağa başladığım “DÜNYA” adlı kitabın ikinci səhifəsi kimi, evimizin gündoğana baxan səkkiz gözlü iri pəncərəsinin qabağındakı həyətin ağappaq qarı və o ağappaq qarın içindən başını çıxarıb, qorxa-qorxa, üşüyə-üşüyə, sevinə-sevinə günəşli, işıqlı aləmin tamaşasına durmuş sapsarı bir çiçək – NOVRUZGÜLÜ – yadıma gəlir, bir də yəqin ki, ilk dəfə - məndən dörd yaş böyük qardaşım Cavidin dilindən eşitdiyim – bu şeirvari sözlər: “Bayrama nə qaldı, nə?... Əlli gün... Əlli günü say, ötür, qarmala, quzu gətir”.

Bunun dalınca yenə o balaca otağımız gözümün qabağına gəlir. Və mənim körpə ürəyimə zaman-zaman yazılacaq şeirvari və naqılvari - sehrli sözlərin ikinci nümunəsi - bu dəfə anamın səsində yadıma düşür: "Əmisi - saqqalı peyman zəmisi. Xalası - dağ laləsi. Dayısı - dağlar ayısı. Bibisi - itin birisi".

Payızın, qışın uzun gecələrində o balaca otağımızda əzəl-axşamdan yorğan-döşəyə uzanıb, vaxt keçirmək üçün danışmağa söz axtaranda, yaxşı yadıma gəlir ki, bizim – qardaşım Cavidin və mənim – təkidli tələbəmizlə az qala hər gecə anam bu balaca şeir nağılını təkrar-təkrar danışırdı. Və anam, bunu hər dəfə deyəndə, dediyinə təxminən belə bir düzəliş verirdi ki, əminiz yazıq adamdı, özü də xəstədi, onu heç əsgərliyə də aparmayacaqlar. Dayınızı da əsgər aparmayacaqlar – müəllimlərin çoxusun əsgər aparmırlar. Xalanız – bacım Fatma – lalədən də, lap hər cürə güldən də yaxşıdı, - Allah onu çox görməsin bizə. Bibiniz də çox yaxşı adamdı. İpək kimi xasiyyəti var. Orda (yəni o şeirfason deyimdə) elə deyilməyinə baxmayın... Bir əminiz də vardı – Naib əminiz – cavan ikən naxoşladı öldü. Bir əminiz də var – Bayram əminiz – elə yaxşı adam idi ki!.. Heç bilinmir indi haralardadı. Müharibədən qabaq çıxdı getdi aran yerlərində müəllimlik eləməyə. Day qayıdıb gəlmədi buralara... Bir Xəccə xalanız da var. Türkiyədə. O vaxt erməni-müsürman davasında Mustafa çovuş Xəccə bacımı aldı, arvad elədi özünə. Xəccə xalanız iki uşaq da doğmuşdu o Mustafa çovuşdan: biri – Ədilə, biri də Saleh. Sonralar Mustafa çovuşu hökumət qoymadı buralarda qalsın. Dədəm bir fayton aldı onlara – minib getdilər Türkiyəyə. Bəli dayınız qabaqlar kağız yazardı onlara. Onlardan da kağız gələrdi. İndi day çoxdandı ki, kağızları-zadı da gəlmir. Bilinmir – öldülər, ya qaldılar...

Hər dəfə o qafiyəli balaca nağılla başlanan söhbət beləcə hər gecə uzanıb gedirdi. Bu yolla anam – ölən və qalan bütün qohum-əqrəbamız barədə özünün bildiklərini nə ki var, bizə danışırdı. Ancaq, nə qədər qəribə olsa da, nəinki gedənlərin, ölüb-itənlərin, hətta o vaxt Əylisdə sağ-salamat öz dövranını sürən dayımın, əmimin, bibimin barəsində də mən, o zaman, anamın dediyi o sözlərdən savayı hələ heç nə bilmirdim. Onda mən hələ bu dünyada evimizdən və həyətimizdən savayı heç yeri görməmişdim. Bircə İsmət nənəm (anamın anası) bizə tez-tez gələrdi. Həmin o “dağ laləsi” Fatma xalamı gərək ki, bir-iki dəfə həyətimizdə görmüşdüm. Xalamgilin evi, bilirdim ki, “Xanlar məhləsinin” yanındadır. Bibimgilin “Yuxarı məhlədə”, əmimgilin “Aşağı məhlədə” olmağı da mənə anamın söhbətindən məlum idi. Dayımın anamla lap çoxdan – hələ anam atama ərə getdiyi vaxtdan – küsülü olduğunu isə mənə nənəm demişdi.

Payızın soyuqları başlanandan, ta yazda havalar qızanacan gecəli-gündüzlü yatıb-durduğumuz o balaca otaqdan elə bu – yazdıqlarım yadımda qalıb. Və qəribə burasındadır ki, o otağı xatirimə gətirəndə əksər hallarda mən orada özümdən savayı heç kəsi yadıma sala bilmirəm. Və o balaca otaqdan mənim xatirimdə qalan hər şey, nədənsə, yalnız özümlə bağlıdır. Bir də - sanki haradansa, hansı bir dünyadansa bu dünyaya özümlə birgə gətirdiyim – bir daimi qorxu və səksəkə!... Görəsən biz bu dünyaya niyə belə qorxa-qorxa gəlirik?... Sonra gedəcəyimiz O DÜNYA bəlkə elə bir dəfə görüb gəldiyimiz O DÜNYAYA bir də qayıtmağın qorxusudur?...

O zaman məndən ötrü bu dünya elə gündüzlər də kifayət qədər qorxulu, təhlükəli olurdu. Məsələn, günün günorta çağı elə durduğum yerdəcə birdən mənə elə gəlirdi ki, göydəki Günəş qopub yerə düşə bilər, yaxud həyətdə otlayan inəyimiz çıxıb bizim həyətdən həmişəlik gedə bilər. Və yaxud haradasa – uzaqlarda “bəzzat-bəzzat” hürən bir it orada zəncirdən açılıb, gəlib bizim həyətdə məni tuta bilər... Gecələr isə, elə ki, qaranlıq düşürdü, elə bütövlükdə bu dünya məndən ötrü bir qara qorxuya çevrilirdi.

...Bir dəfə axşamtərəfi nənəm bizə gəldi: onda mən bəlkə də artıq beş yaşın içindəydim. Nənəm dedi ki, keçəni bizdə qalacaq, sabah tezdən məni də özümə yol yoldaşı götürüb, DİZƏYƏ – dədə yurduna baş çəkməyə gedəcək.

- O xarabanın nəyinə baş çəkməyə gedirsən? – anam dedi.

- Aparırsan barı Cavidi apar. Bundan sənə nə yoldaş olacaq?

Ancaq qəribə şey idi: Dizəyə nənəm Cavidi yox, məni aparmaq istəyirdi (Görünür, Cavidin hədsiz nadincliyinə və sözəbaxmazlığına nənəm də bələd idi).

Və lap indiki kimi yadımdadır ki, anamı yumşaldıb, yola gətirəndən sonra nənəm həyətimizin qabağını yaxşı-yaxşı sulayıb-süpürdü, hələ hava qaralmamış ora palaz açdı və orada – aydın və açıq ulduzlu göyün altında – mənə də, özünə də yer saldı.

O ulduzlu göyün altında o gecə mən bəlkə bir quş yuxusu da yatmadım. Hər halda, hələ göydə ulduz var ikən nənəm durub, əvvəl samovarı salıb, sonra dəstəmaz alıb, namazını qılmağa başlayanda mən artıq ayılmışdım, oyaq idim. Buna görə də, nənəm çayı dəmləyib, məni bir ağız astaca çağıran kimi mən yerimdən sıçrayıb dik ayağa qalxdım. Və mənim bu hərəkətim, aman Allah, nənəmi nə yaman sevindirdi!... Nənəm məni elə şirin-şirin tərifləyirdi ki, elə bil nəğmə oxuyurdu:

- Bu balamın yuxusu quş yuxusuydu. Bu balam nə qəşəng baladı!.. Bu balam ipək baladı, bu balam mələk baladı. Mənim qəşəng balamın bu dünyada nəyi olacaq? Mənim qəşəng balamın bu dünyada yeddi oğlu, bir qızı olacaq...

4

Sonra nənəm – bir əlində çörək dəsmalı, o biri əli ilə mənim əlimdən yapışıb – kəndin kimsəsiz küçələrilə üzüaşağı yol gedəndə də, yuxudan tez durduğuma görə, məni hələ də tərifləyirdi:

- Yuxusu – quş yuxusu – güldən ayıq, kəklikdən oyaq balam... Bu balamın yolu Məkkə yoludu – ürəyi nurlu balamın... Bu balam nənəsinin gül balasıdı. Mənim qız həyalı, utancaq balamdı bu...

Ancaq, Allah özü şahiddir ki, mən o səhər heç nədən utanıb-eləmirdim. Mən o səhər yenə hər şeydən qorxurdum: ömrümdə birinci dəfə gördüyüm küçələrdən, yolboyu ordan-burdan o küçələrə sirli-sirli tamaşa eləyən pəncərələrdən, o küçələrdəki bağlı qapılardan qorxurdum. Hətta haradasa – həyətlərdə, bağçalarda – arxlardan, lağımlardan şırıltısı gələn adicə su da mənim ürəyimə dolmuş o qorxunu sanki bütün aləmə car çəkirdi.

Və bunu nənəm də elə bil duyurdu, hiss eləyirdi. Və sanki bunu bildiyinə görə nənəm çox ucadan və bacardıqca şən səslə danışmağa çalışırdı:

- Bu ev xalangilin evidi. O qapı əmingilin qapısıdı... Bax, o əriyin meyvəsi, görürsən, hələ də gömgöydü. Ona görə ki, o ağacı lap uzaq kəndlərdən – çox soyuq yerlərdən gətirib əkiblər, elə adına da “payız əriyi” deyirlər. O cəviz ağacını görürsən? Bax, o ağacda bir qoca qarğa olur. Odu bax, yuvası görsənir orda. O qarğa çox bilici qarğadı. Hələ heç dava başlanmamış, sən demə, o başıbatmış qabaqcadan hər şeyi bilirmiş. O neybət düz üç gün o ağacda özün didib-dağıtdı. Barmaq yoğunluğunda budaqları dimdiyiynən qırıb tökürdü. Başıbatmış az qalırdı öz yuvasın da dağıda, sonra xəbər çıxdı ki, dava başlanıb...

Sonra biz evləri, qapıları arxada qoyub, bağların arasındakı uzun yola çıxdıq. Amma hələ tez idi, çox tez idi. Hələ günün işartısı heç dağlara da düşməmişdi. Və bu qədər sübh-tezdən yola çıxmağı lazım bilən nənəm indi gedib o Dizəyə çatmağa, deyəsən, qətiyyən tələsmirdi. O, hər bağın yanında dayanırdı, bağa tamaşa eləyirdi, mənə hər bağın barəsində nəsə bir nağılvari əhvalat danışırdı.

Yol boyu rastımıza çıxan hər çeşmədə nənəm əvvəlcə əl-üzünü yuyub, sonra sudan bir ovuc doldurub içirdi və o sudan bir ovuc doldurub içməyi hər çeşmənin başında nənəm məndən də təvəqqe eləyirdi.

- Bu, Nov çeşməsidi, bala. Bunun suyun içənin heç vaxt qarnı ağrımaz... Şam çeşməsinin suyu çay qoymağa yaxşıdı. Bazar çeşməsinin suyu yaxşı, xörək bişirməli sudu, xamır yoğurmalı sudu. Ancaq Meydan çeşməsinin suyun gərək qaynadıb içəsən. O da elə sudu, qarın köpürdən sudu. Bir az da gedək, sənə bir çeşmə də göstərəcəyəm: SINAQ çeşməsin. Bax, Əylisin bütün çeşmələrinin şahı o Sınaq çeşməsidir. Onun suyu hər şeyə yarayır: istəyirsən iç, istəyirsən – çay qoy, xörək bişir. Lap baş yumağa da ondan yaxşı su bu kəndin heç yerində yoxdu. O Dizədə - bizim dədə-baba mülkümüzdə də bir yaxşı çeşmə varıdı. İndi, deyirlər, quruyub. Biz o suyu qab-qaşığa, pal-paltara – hər şeyə işlədərdik. Ancaq içməyə, çay qoymağa, xörək bişirməyə hər gün gedib, suyu o Sınaq çeşməsindən gətirərdik. Bir dəstə qızıydıq. Bir-birimizə çox vaxt heç xəbər də eləməzdik. Səhər tezdən, bir də axşamtərəfi həmişə eyni vaxtda, yol ağzında yekə bir dəstə tutub, Sınağa suya gedərdik. Deyərdik, gülərdik, yüz oyundan çıxardıq o yollarda. O qızların, sonra, öləni öldü, qalanı da – İrandan-Turandan beləsinə - hərə bir yerə ərə getdi. Heç bilmirəm nədəndi, bala, Dizənin o vaxtların ilin bu vədələrində tez-tez yuxumda görürəm. Bu gün, dedim, gedim bir baş çəkim ora. Necə olsa, dədə yurdudu...

Qəribə şey idi: nənəm o Dizəni görməyə həm tələsirdi, həm də elə bil qəsdən vaxtı uzadırdı ki, biz ora mümkün qədər gec gedib çataq. Xüsusilə o SINAQ çeşməsindən nənəm uzun müddət əl çəkə bilmədi. Orda, nənəmin dediyinə görə, biz yolu yarı eləmişdik. Dizəyə çatmaq üçün gəldiyimiz qədər də yol getməliydik. Ancaq yolun o yerində nənəm birdən-birə fikrini dəyişdi.

- O tərəfdə bir qəşəng çeşmə də var, - dedi. – Gedək o çeşməyə də baxaq, sonra ordan Dizə yoluna çıxarıq.

Və bu yerdə mənə birdən-birə tam aydın oldu ki, nənəm o “Dizə” deyilən yerə getməkdən qorxur. Birdən ürəyimə damdı ki, biz bu gün aləmi ayaqdan salsaq da, o “Dizə” deyilən yerə heç vaxt gedib çata bilməyəcəyik. Və biz o Sınaq çeşməsindən üzüaşağı xeyli yol gedib, başqa bir çeşmənin yanına yetişəndə mənim körpə ürəyimin bu qəribə fərziyyəsi də tamamilə doğru çıxdı. Ordan nənəm o DİZƏNİ uzaqdan-uzağa mənə göstərdi:

- Odu, bax, Dizə oradı, - dedi. - O ağaran divarları görürsən? O divarlar baban Kəbləlinin viran qalmış evinin divarlarıdı... Allah, Allah, o ağacların tutaq ki, özün qurutdular, doğrayıb yandırdılar, bəs kölgəsi nə oldu – bəs kölgəsi hara getdi o ağacların!.. Yox, bala, yox, mən day burdan o yana getməyəcəyəm. Bu dünyanın üzündən kölgəsi də qeybə çəkilmiş o ağacların ah-naləsi məni öldürər, bala... İnşallah, böyüyərsən, özün gedib, oraları da gəzib-dolanarsan...

Bayaqdan bu yazının içində nənəmi hər dəfə danışdırdıqca öz-özümü təkrar elədiyimi özüm də gözəl bilirəm. Bilirəm ki, mənim yazılarıma yaxşı bələd olanlara bu mətnin hər sözü, hər cümləsi tanış gəlir. Və bu saat bu sözləri yaza-yaza hətta mənə elə gəlir ki, əgər məni bir insan kimi Allah yaradıbsa, bir yazıçı və söz adamı olaraq, mən nənəmin, bir də anamın sözündən və səsindən yaranmışam. Ancaq ömrümdə ilk dəfə öz evimizdən, öz həyət-bacamızdan kənarda, nənəmlə birgə keçirdiyim o günü, sizdən nə gizlədim, mən belə yazmaq istəmirdim. Mənim o gün gördüyüm Əylis bu dünyanın özü boyda idi və bu dünyanın özünün də məhz o Əylis boyda olduğuna mən sizi inandırmaq niyyətindəydim. Daha doğrusu, mən sizi inandırmaq istəyirdim ki, bizim uşaq gözü ilə gördüyümüz bir kənd, ya bir şəhər küçəsi, bütövlükdə, bu dünyanın özündən yalnız fiziki miqyasına görə fərqlidir. Başqa sözlə: bir kənd yeri, ya bir şəhər küçəsi də, mahiyyətcə, elə bu dünyanın kiçildilmiş modeli, sıxılmış mənzərəsidir. Və sonralar – bütün həyatımız boyunca – bu dünyada gəzib gördüklərimiz də elə bəlkə bir kənd yerinin, ya bir şəhər küçəsinin bir vaxt bizim körpə varlığımızda bu dünya barədə oyatdığı ilkin təsəvvürdə oxşadığına görə mənalı və maraqlıdır. Hər halda, şəxsən mən – Yəməndəmi, Kaliforniyadamı – harda olmuşamsa, orada haçansa gördüyüm bir Əylisi təkrarən gördüyümü zənn eləmişəm. Mənim bu dünyada Əylisdən sonra gördüklərim bir vaxt Əylisdə gördüklərimdən (aldığım təəssüratın miqdarına görə) bəlkə az olub ki, çox olmayıb. Və elə buna görə də, yəqin ki, amerikalı Folknerin bu sözlərini nə zamandan bəridir ki, yaddan çıxara bilmirəm: “Doğma yurdun bir poçt markası boyda yerindən yazıçı ömrü boyu əsər yaza bilər və o poçt markası boyda yerin barəsində hər şeyi yazıb qurtarmağa, inanın ki, bir yazıçı ömrü bəs eləməz”.

Bəli, belə-belə işlər!... Deməli, bu dünyada bir mənalı ömür yaşamaq üçün bu dünyanın bir poçt markası boyda MƏNƏVİ ƏRAZİSİNƏ sahib olmaq tamamilə kifayət imiş!..

...Mən indi bilirəm ki, bizim evdən o dədə-baba mülkümüz Dizəyəcən vur-tut dörd kilometrə yaxın yol olardı. Yanından Dizənin hər yeri ovuc içi kimi görünən o sonuncu çeşmə isə yəqin ki, Dizədən, ən uzağı, yarım kilometr aralıdaydı. Və orada – o çeşmənin qırağındakı yaşıl otun üstündə nənəm tələsmədən süfrə açdı.

- Ye, bala, sən otur, rahatca çörəyini ye, - dedi. – Mənim də namazımın vaxtıdı. Qoy, qılım namazımı, sonra mən də gəlib oturub, yeyəcəyəm.

Və elə nənəm o namazı qılanda, o süfrənin başındaca, görünür, özümdən xəbərsiz, məni yuxu aparmışdı. Özü də, mən bu dəfə yəqin ki, “quş yuxusu” yox, “daş yuxusu” yatmışdım və məni yuxudan oyatmağa bu dəfə nənəm, görünür, qıymamışdı. Çünki biz o çeşmənin qırağında əylənəndə hələ Günəş göyün ortasındaydı. Biz evə çatanda isə gün batmışdı, axşam düşmüşdü, anam tövləmizin qabağında inəyimizi sağırdı.

...O axşam nənəm, bilmədim, evlərinə ketmişdi, yoxsa elə gecəni bizdə gecələmişdi. Ancaq ertəsi gün gözümü açanda nənəmi də, anamı da başımın üstündə gördüm.

Anam hisrli-hirsli deyinirdi:

- Dedim: aparma uşağı. Apardın, naxoşladıb gətirdin. Yazıq uşaq tamam od içindədi, əl-ayağı, hər yeri əbir töküb. ("Əbir tökmək" Əylisdə allerji səpməyə deyirlər).

- Bəlkə qızılca çıxardır? – Nənəm ümidsiz, ağlar səslə dilləndi.

- Qızılcaya oxşamır. Sətəlcəm-zad olmasa yaxşıdı. Allah göstərməsin!

Anamın fərziyyəsi doğru idi: mən möhkəmcə sətəlcəm olmuşdum.

O sətəlcəmdən nə qədər yatdığımı deyə bilmərəm. Ancaq bunu lap arxayınca deyə bilərəm ki, o xəstəliyi keçirdiyim bütün dövr ərzində mən hər dəfə gözümü açanda nənəmi, gecə-gündüz, həmişə başımın üstündə görmüşdüm və bəlkə heç huşum özümdə olmayanda da nənəmin, həzin səslə, Allaha nəsə dediyini və sanki Allahın da nənəmlə nə haqdasa gizli söhbət elədiyini sətəlcəmdən yatdığım o dövrdə mən həmişə eşitmişdim.

O xəstəlikdən sağalıb, ilk dəfə həyətə çıxanda mən yenə bu dünyanın yerində tamam başqa bir dünya – dəyişib-təzələnmiş büsbütün başqa bir, xəyali aləm gördüm. Mənim həyatımda belə şeylər sonralar da olacaqdı. Ancaq o dörd-beş yaşımın içində, görəsən, bu, neçənci dəfəydi ki, dünyanın mənzərəsi mənim nəzərimdə birdən-birə bu qədər tanınmaz dərəcədə dəyişirdi. Bu hansı planetin sehrli işığı, hansı qalaktikanın qəribə rəngləriydi ki, o rəngdə və işıqda Əylisin hətta ağır-ağır dağları, qayaları da – çəkisiz, cansız-cəsədsiz – yüpyüngül bir xəyala, əfsanəyə çevrilirdi...

5

Mən o xəstəlikdən duranacan payız xəlvətcə gəlmişdi. Tut ağaclarının yarpağı sapsarı idi. Qırmızı yarpaqlı ərik ağacları orda-burda, çıraq kimi, səssiz-səmirsiz yanırdı... Sapsarı payız armudu, qıpqırmızı payız alması, sarımtıl-qırmızımtıl albuxara, çəhrayı-bənövşəyi zoğal, sarı heyva, ağ üzüm, qara üzüm – ağaclar rəng alıb, rəng verirdi. Ancaq Əylisin bütün bu payız gözəlliklərini bəlkə heç qələmə almağa da dəyməzdi - əgər o gün, o xəstəlikdən sonra mən dünyanın o qəribə yüngüllüyünü, o kosmik çəkisizliyini görüb duymasaydım.

Bəli, dağlar çəkisini, ağırlığını itirib, göyüzünün o sehrli işığında sarımtıl-qırmızımtıl çadır kimi, eləcə yan-yana düzülmüşdü. Bəs o göyüzünə nə olmuşdu görəsən: orada – dağlardan bir azca yuxarıda göyün ətəyində əl-ələ verib uçuşan bəlkə mələklər idi? Və indi mən haçansa bir Əylis göyünün ətəyində, yumşaq dağların üstündə mələklərin uçuşunu gözlərimlə gördüyümü sizə deyəsi olsam, siz mənim ağlıma, dərrakəmə şübhə etməzsiniz ki?...

Uşaqlığımın ilkin çağlarının - o “dağsökən liliputlardan” və bu “mələk uçuşundan” sonrakı – üçüncü hadisəsini xatırlayanda məni indi də vahimə basır. Və indi öz aləmimdə o dövrü ölçüb-biçəndə mənə elə gəlir ki, bu hadisə o “Dizə” əhvalatından bir il sonra və bəlkə ilin də elə düz o vədəsində - yəni yayın axırlarında baş vermişdi.

Bağçamızda, arxın qırağında, yumşaq çimin üstündə uzandığım yerdə, özümdən xəbərsiz, yuxulamışdım. Bir də gözümü açıb gördüm ki, Dizədə, suyu çoxdan qurumuş bir arxın qırağında dayanmışam.

Gün əyilmişdi. Hava da bir elə isti deyildi. Ancaq məni hər yandan dövrəyə almış qupquru dağın-təpənin təbii sarılığına elə bil mənim o çağacan heç vaxt görmədiyim bir başqa, tünd sarı rəng də əlavə olunmuşdu. Bu dünyanın işığı sapsarı saralmışdı və dünyanın o sapsarı saralmış işığında qorxudan, çıxılmazlıqdan savayı heç nə yox idi.

Bu sarı rəng sonralar məndən ötrü QİYAMƏT GÜNÜNÜN daimi rəmzinə çevriləcəkdi. Məsələn 90-cı ilin bir qara Yanvar gecəsi Atom Müharibəsinin olub bitdiyi dünyanı da mən yuxuda məhz o rəngdə görəcəkdim. O yuxuda bir mən olacaqdım, bir də Atom Savaşından hələ təzəcə çıxmış sapsarı bir dünyanın ölü mənzərəsi olacaqdı. Eynilə o mənzərə: Dizə, sarı dağlar və çıxılmazlıq...

Uşaqlıq doğrudan da xalis möcüzədir: axı insan dörd kilometrlik bir yolu yuxulu-yuxulu necə gedə bilərdi? Özü də: AYAQYALIN!.. Qoy, inanan inansın, inanmayan inanmasın: o Dizə arxının qırağında, o sapsarı dağların ətəyində birdən yuxudan ayılanda hələ mənim əlim-ayağım bu dünyanın bircə daşına da toxunmamışdı.

Sonra: o sarı dağların ətəyindən – qorxudan ağlaya-ağlaya – evimizə tərəf qaçanda, yollardakı daş-çınqılın yalın ayaqlarımı necə əzib-ağrıtdığını lap indiki kimi xatırlayıram. Ancaq o daşlı-çınqıllı yollarla qorxudan ağlaya-ağlaya evimizə qaçanda, sən demə, mən təkcə ayaqlarımı əzməmişdim – o yollarda dönə-dönə yıxılıb, əl-qolumda, üz-gözümdə də salamat yer qoymamışdım. Mən bunu, evimizə çatanda, anamın səsindən başa düşdüm. Anamın o təhər qışqırmağını, o cür fəryad qoparmağını mən heç vaxt görməmişdim:

- Evin yıxılmasın, bala, özünü harda bu günə salmısan!.. Bu, nə qandı, bala, bu, nə üz-gözdü!.. Bu nə zülümdü, Allah!.. Şeytan səni nə yaman kirləyib, yazıq balam, görüm kor olsun o şeytanı!..

Anam ağlaya-ağlaya su qızdırdı. Ayaqlarımı isti suda tələsə-tələsə yudu. Samovardan su açıb, üz-gözümün qanını da yaş tənziflə silib təmizlədi. Sonra bir nimçə süzülmüş bal gətirib, əlimə, üzümə-gözümə sürtdü. Yaralarım tez sağaldı. Ancaq o əhvalatdan sonra, bu dünyanın dağılmağının qorxusu məndən daha bərk yapışdı. Və məndəki bu qəribə qorxudan bir gün adamlar da xəbər tutdular: bundan sonra mənim qara günlərimin yeni silsiləsi başlandı.

Adamlar kəndin küçə-bacasında mənə göz verib, işıq vermirdi. Mənim hər şeydən qorxduğumu bilən yekə-yekə arvadlar hətta anamın yanında da məni qorxutmaqdan çəkinmirdilər:

- Gedirəm, inəyinizi tutum aparım! – deyirdilər və mənə elə gəlirdi ki, o arvadlar gedib bizim inəyi doğrudan da tutub apara bilər.

- Pətəklərinizin birin mənə ver də, nə olar. Verməsən, özüm gedib götürəcəyəm!

- Gedib, küçə qapınızı çıxardacağam!

- Qapınızın ağzındakı xar tutun baş budağın kəsəcəyəm...

Bu sözləri yaşlı kişilər də deyirdi, cavan-cavan qızlar-oğlanlar da deyirdi. Hətta məktəbin qapısını hələ təzə-təzə tanıyan – məndən beş-üç yaş böyük – colma-cocuq da məni bu sözlərlə hər yerdə qorxudurdu.

Mən yalvarırdım, ağlayırdım. Deyirdim ki, yox, mənim inəyimi aparmayın, mənim pətəklərimə əl vurmayın, bizim küçə qapımızı çıxartmayın, tutumuzun baş budağın kəsməyin... Və adamlar hardan mənim o cür ağlamağıma həmişə gülürdülər. Axı o adamlar hardan biləydilər ki, o tutun bir budağının kəsilməyi, yaxud o qapının öz yerində olmamağı məndən ötrü bu dünyada nəyinsə öz yerini dəyişməyi deməkdir və bu dünyada nəyinsə öz yerini dəyişməyi məni ona görə qorxudur ki, bu dünyanın bir gün tamam dağılmağının qorxusu mənim həmişə içimdədir.

Və bir gün mən həyətimizin yuxarı qurtaracağındakı – dağın döşü ilə uzanıb gedən – o arxın qırağında oturub, ordan üzüaşağı kənözümə belə bir qərara gəldim ki, əgər atam əsgər getməsəydi – evimizdə olsaydı, bu dünyanı heç kəs dağıda bilməzdi: bizim inəyimizi, pətəklərimizi heç kəs öz evinə apara bilməzdi, tutumuzun baş budağını kəsməyə, qapımızı yerindən çıxarmağa heç kəs cürət eləməzdi. Durduğum yerdən bir az aşağı enib, yoncanın sıx yerindən bir qəşəng “Fatma nənə” (zooloji adını bilmirəm) böcəyi tutdum. Böcəyi ovcuma qoyub, günbatan tərəfə baxdım, çünki o “Yeniş Dibində” məndən son dəfə ayrılanda atam üzü günbatana sarı getmişdi. Üç dəfə:

- Fatma nənə, get babamı tap gətir! – dedim. Və böcəyin birdən qanad açıb – düz o səmtə - günbatan tərəfə uçduğunu görəndə o gün məndə atamın lap tezliklə qayıdıb evimizə gələcəyinə bir zərrə də şübhə yeri qalmadı.

Ancaq atam evimizə heç vaxt qayıtmadı. İnəyimizi satdıq. Paxıl qonşular, lap nağıllarda olduğu kimi, günlərin bir günü od vurub pətəklərimizi yandırdılar. Həyətimizdəki o qoca tut ağacı da günlərin bir günü qurudu. Və sonra dünyanın elə pis vaxtları gəldi ki, bir qaranlıq gecə pis adamlar bizim küçə qapımızı da xəlvətcə çıxarıb apardılar.

Mənim o balaca dünyam, bu minvalla, yavaş-yavaş dağılıb getdi.

... Sonra mən özüm üçün, beləcə, çox dünyalar quracaqdım. Və o dünyaları da adamlar, gözüm baxa-baxa, dağıdıb talan eləyəcəkdilər. Bu talanın səbəbini mən gah anlayacaqdım, gah da anlaya bilməyəcəkdim. Anlayanda heyrətə gələcəkdim, anlaya bilməyəndə çaşıb qalacaqdım. Ancaq özümə təzə-təzə dünyalar yaratmaqdan mən heç vaxt əl çəkə bilməyəcəkdim. Və beləcə - axıracan, son məkana, son mənzil başınacan...

# 4150 dəfə oxunub

Müəllifin son yazıları

# # #