“Ən bərbad ad günüm 14 yaşımda olub” – Sevinc Elsevərlə Müsahibə

“Ən bərbad ad günüm 14 yaşımda olub” – <span style="color:red;">Sevinc Elsevərlə Müsahibə
6 may 2019
# 12:10

Bu gün şair, yazıçı Sevinc Elsevərin ad günüdür. Kulis.az bu münasibətlə onu təbrik edir və şairlə müsahibəni oxucuların diqqətinə təqdim edir.

- Sevinc, ad günlərini necə keçirirsən? Ümumiyyətlə, ad günü bir yazar olaraq sənin üçün nədir?

- Uşaq vaxtı həmişə doğum günlərimdə valideynlərimdən diqqət gözləyirdim. Amma onlar üçün çox adi gün kimi keçirdi. Çünki həyatımız çox ağır idi. 90-cı illərdə insanlar ad günü hayında deyildilər. Bəzən evə qənd, yaxud quru çay almaq böyük dərd olurdu. Tort, üstündə şam, filan... bunları heç ağlıma da gətirmirdim. Heç yadıma da gəlmir ki, evimizdə belə törən olsun və ailəm başıma yığışıb tortun üstündəki şamları üfürməyimi gözləsin.

14 yaşımın tamamında ad günümdə tort kəsilib. O da necə? Yeniyetməliyi çox ağır keçirirdim və axmaqlıq eləmişdim. İntihara cəhd! Aprelin ortaları idi, özümü sətəlcəm eləmək məqsədilə paltarlı –paltarlı soyuq duşun altına girmişdim, sonra da kondisioneri taxıb qarşısında uzanmışdım. O vaxtkı ağlımla elə bilirdim məni ölməyə qoyacaqlar. Özü də qansız, xatasız-bəlasız ölmək istəyirdim. Ağlaya-ağlaya yatmışam, bir onda ayıldım ki, anam işdən qayıdıb, qapını sındırır.

Həmin axşamı qızdırmam qırxa qalxdı. Yazıq anam kasıb canıyla düşdü dərdə. Ümumiyyətlə, yaxşı övlad olmamışam. Özüm kimi övladım olsa, uşaq evinə atardım (gülür). Müalicə, dava-dərman başladı. Qızdırma kəsən kimi bütün bədənim səpdi. Hər şey cəhənnəm, üzümdəki səpkilər getmirdi, anam özünü öldürürdü ki, üzüm o gündə qalacaq, başqa bir şəhərə apardı məni müalicə üçün. Gəldi düşdü ad günümə, sinif rəhbərim sinif yoldaşlarımı yığıb bizə gəlmişdi. Tort bişirib gətirmişdilər. İlahi, mən necə utanırdım?! Üzüm-gözüm yaman gündə, bunlar da ad günü keçirməyə gəliblər. Təbii ki, ad günü bəhanə idi, mənə dəyməyə gəlmişdilər. Ancaq həyatımda keçirdiyim ən bərbad ad günüm idi.

İndi ad günləri kədərləndirir. Ola bilər, ömrün yarısındayam. Bu fikri şeirində işlədən şair heç əlliyə qədər yaşamadı. Amma düşünürəm ki, çox uzun yaşasam, yetmişəcən yaşayaram da. Belə çıxır ki, artıq geri sayım başlayıb. Zirvədən enirəm. Amma olsun. Həmişə içimdə bir hiss olub ki, ömür qısadı, tələsməliyəm. Vaxt həmişə az görünüb gözümə.

- Yəni, yaşın irəliləməyi səni qorxudur?

- Qorxulu yox, kədərlidir bəzən. Amma hərdən elə yorulursan, istəyirsən zaman tez ötüb keçsin, canın qurtarsın! Əksinə, çox yaxşı, firavan, sakit qocalıq arzusundayam. İstəyirəm arxayınlığa çıxım, yüküm azalsın. Və canım sağlam olsa, daha çox yazım, daha ciddiyyətlə, daha məsuliyyətlə!

Bu arzumu 29 yaşımda yazdığım bir şeirdə belə ifadə eləmişəm, o şeiri sevirəm, baxmayaraq ki, özümün bəyəndiyim şeirlər dostlarımın xoşuna gəlmir adətən.

-Hansı şeir idi?

-Mən sizə göndərərəm. İstəsəz cavab yerinə qoyarsız.

- Məhsuldar olsan da ədəbi mühitdən uzaq qaldın. Bu sənə necə təsir etdir?

-Əvvəllər bu məni çox incidirdi. Amma sonra anladım ki, ədəbi mühit əvvəlki mühit deyil. 2000-ci illərdəki münasibətlər dəyişib. Dostların çoxu ölkədən gedib. Bəziləri ədəbiyyatdan gedib. Bu gün çox şey dəyişib. Bizim balaca, amma hamının içinə düşməyə can atdığı, içinə düşməyə cəsarət edə bilməyənlərinsə uzaqdan həsrətlə baxdığı bir dünyamız vardı. Sevinirəm ki, mən o dünyada oldum.

Bəzi uşaqlarla dostluq daha da möhkəmləndi. Ən yaxın dostlarım bildiyim, içində böyüdüyüm həmin mühitdən çıxdı. Hətta həyat yoldaşım özü də. O, lap kinder sürpriz oldu!

Sənə deyim ki, ədəbi mühitdə olsaydım, çalışsaydım bir işdə, bu qədər məhsuldar olmayacaqdım. Darıxıb yazmışam nə yazmışamsa. İki daşın arasında həm də. Məişət qayğıları içində özümü quyuya düşmüş kimi hiss etmişəm və çabalamışam. Yazdıqlarım hamısı o çabalamalarımdı.

-Uşaq ədəbiyyatına marağın necə yarandı? Sanki mübariz şeirlər bitdi, uşağa yönəlik ədəbiyyata başladın?

- 2010-cu ildən yazıram uşaqlar üçün. Bir dəfə də demişdim bunu. Şamaxıda yaşayırdıq. Nilufər artıq məktəbəqədər hazırlıq yaşına çatırdı. Elsevərə dedim ki, uşağa kitablar al gətir. Oxuyacam ona, daha bəsdi oyuncaqla oynadı. Elsevər də ağına-bozuna baxmadan o dövrün üzdə olan uşaq yazarlarının bir neçə kitabını alıb gətirdi. Kitabları vərəqləyib dəhşətə gəldim. Başdan-ayağa zövqsüzlük! Dedim bunları oxuya bilmərəm uşağa, necə ədəbiyyat adına sırıyım bunları? Onda ağlıma gəldi ki, mən axı özüm yaza bilərəm. Həm də bu kitablarda yazılanlardan daha yaxşı yazaram. Üstəlik, uşaqlara deməyə sözüm də çoxdur. Başladım yazmağa. Elə həmin il “Beşik ” nəşriyyatında “Ayna, ayna, varmı məndən gözəl?” adlı kitab çıxartdım. “Donu qırmızı” nı 2013-cü ildə yazmışdım, çapı gecikdi. Sonra eyniadlı kitaba başqa bir povestimi, uşaqlar üçün işlədiyim pyesimi də saldım. Ötən il isə “Şeytan çarxı” çapdan çıxdı. Məktəblərə dəvət olunuram, kitablarımı oxuyan uşaqların reaksiyaları məni göylərə qaldırır. Necə həvəslə müzakirə edir, suallar verirlər. Uşaqlar üçün yazdığım bütün kitablarda onları humanizmə, azadlığı sevməyə, dostluğu, sevgini qiymətləndirməyə çağırıram. Göndərdiyim bütün mesajları göydə tuturlar. Müzakirələrdə də bunun şahidi oluruq. Mənimlə birgə bu görüşlərə qatılan “Kitabsevərlər” qrupunun üzvləri də buna şahiddir. “Sanki mübariz şeirlər bitdi, uşağa yönəlik ədəbiyyata başladın? - deməklə sanki demək istəyirsən ki, indi uşaq-muşaq işi görürəm. Əvvəllər daha ciddi işlə məşğul olmuşam. Elə deyil! Əsla! Məncə, indi daha ciddi, daha vacib işlə məşğulam. O uşaqların gözlərindəki sevinci, marağı görsəniz, necə hiss etdiklərini bilsəniz! Və hər müzakirənin sonunda mənimlə razılaşdıqlarını! Daha gözəl dünya arzusunda olduqlarını, bunun üçün əllərindən gəldiyi qədər çalışaqcaqlarını dilə gətirmələrini! Müdhiş bir sevinc verir mənə. Daha çox uşaqla görüşmək arzusundayam. Bacardıqca daha çox uşaqla! Hətta onların hamısı ilə bir-bir görüşmək, danışmaq, söhbətləşmək, qucaqlaşmaq istərdim! Kaş ki buna imkan ola!

- Sevinc, nədən ruhlanırsan yazmağa?

-Bəzən səbəbini, hardan gəldiyini özüm də bilmədiyim bir coşğuyla yazmışam. Bəzən hava təsir edib. Bəzən duyduğum dəhşətli kədər. Bəzən darıxmaq! Nədən ruhlanıram ruhlanım, sonucuna sevinmişəm. Əgər yazdığım mətn ürəyimdən olubsa, xoşbəxt hiss etmişəm. Yazmağı sevirəm. Zatən bütün işlər sevgiylə başa gəlir.

Görüntünün olası içeriği: 5 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, sakal ve açık hava

-Azərbaycanda qadın yazar olmağın çətinlikləri nədir?

-Bunu ən ağır formasında hiss edən qadın yazarlardan biri olmuşam. Tənqid, hətta təhqir olunurdum. Nə etdiyimi, niyə etdiyimi bilirdim, davam edirdim. Ümumiyyətlə, qələm adamlarının hamısı üçün çətindi. Qadın olmağın dözülməz ağırlığı var bir də. Azərbaycanda nəinki qadın yazar olmaq, qadın satıcı, qadın bərbər, qadın tibb bacısı, qadın həkim, qadın polis və s. olmaq da çətindi.

-Sevinc, nə səni mutlu edər?

-19 yaşımda “Bu mənəm” adlı kitab çıxartmışdım. Sən də görmüşdün o kitabı. O kitab Rabindranat Taqorun bu sözləriylə başlayırdı: “Ah, ey dünya, mən öləndə öz sükutun içərisində mənim üçün bircə xatirə saxla: “Sevirdim”;

Bax, bilsəm ki, məndən də belə bir xatirə qalacaq, məni, çox sevdiyimi xatırlayacaqlar, bu, məni mutlu edər!

-Bu da həmin şeir:

İyirmi doqquz yaşıma həsr edirəm...

(yaşıdlarım qorxmasınlar, bu yaşda qocalmırlar)

qocalmaq istəyirəm

daha saçlarımın

dənə-dənə ağarmasından əndişələnməmək

dişlərimin bir-bir laxlamasından bezməmək

cavan ölüb getməkdən

uşaqlarımı yetim qoymaqdan

qorxmamaq istəyirəm...

qocalmaq istəyirəm

bilirəm onda ölümlər

çox incitməyəcək

ağzımda oynayan

protezim utandırmayacaq...

modabaz qadınsam parik taxacam

sadə bir möminsəm şal

onda ki, qocalmaqdan qorxmayacam

bütün qorxular arxada qalacaq

unudacam gözəlliyimi itirmək qorxusunu...

uzaqgörən falçı kimi

görmüş olacam

uşaqlarımın gələcəyini

sevimli şəhərimin köhnəliyini-yeniliyini...

bütün həyatım

oxuyub bitirdiyim kitab kimi

eləcə duracaq ovuclarımda

yenidən oxumaq istərcəsinə

bu kitabı yazanın

bir az daha uzun yazmadığına

heyfslənəcəm...

qocalmaq istəyirəm

onda qısqanmayacaq ərim heç bir kişiyə

azad və hürr olacam

əxlaqımda qüsur aramayacaqlar

ah, necə özgür olacam...

qoca nənəm siqaret sümürərdi

acıqlanmazdı atam

siqaret çəkən gənc xanımların əxlaqına

şübhəsi vardı oysa...

xatırlayıram

gedib-gəlib “ay sənin birçəyin ağarsın”

alqış edən nənəm bilirmiş

qocalmağın necə gözəl nemət olduğunu...

qocalmaq istəyirəm

küçələrdə azad yeriyə bilən

qadın olmaq istəyirəm

gözəl, ağıllı, namuslu olmağa məcbur olmayan

bir qadın

bir adam

küləyin ətəyini qoparıb-qoparmayacağı

umrunda olmayan...

artıq təkcə keçmişindən hesab soran

təkcə keçmişinə hesab verən

tək dərdi əriylə qoşa gömülmək olan bir qadın

ağ və qara saçlarımın

bir-biriylə müharibəsindən bezdim

hər gün birinə haqq verməkdən

gah qaranı

gah ağı seçməkdən bezdim

qocalmaq istəyirəm

ama gəncliyi qısqanan deyil

gəncliyi qısqandıran birisi kimi qocalmaq

əlbəttə...

# 3137 dəfə oxunub

Müəllifin son yazıları

# # #