Fəxri Uğurlu: “Atam bizi atıb ölümün tərəfini tutdu” - MÜSAHİBƏ

Fəxri Uğurlu: “Atam bizi atıb ölümün tərəfini tutdu” - <span style="color:red;">MÜSAHİBƏ
25 noyabr 2017
# 12:45

Bu gün tanınmış şair Ağa Laçınlının ölümündən on il keçir. Yaşasaydı 77 yaşı olacaqdı. Kulis.az bu münasibətlə şairin oğlu, yazıçı Fəxri Uğurlunun Ağa Laçınlı haqda müsahibəsini təqdim edir.

- Fəxri bəy, xəyallara dalmaq, xatirələrlə baş-başa qalmaq, ötənlərə qayıtmaqla aranız necədir?

- İnsanın yalnız keçmişlə yaşaması da, gələcəyə hədsiz aludəliyi də patologiyadı, xəstəlik, dəlilik əlamətidi. Zamanın indiki zamanı isə yoxdu. Fikrimcə, tək sağlam təmayül budu: insanın azından bir əli, bir ayağı, bir gözü əbədiyyətlə təmasda olmalıdı. Əbədiyyət dediyimiz o bir anın içində keçmiş də var, gələcək də; həm də bunların hər ikisi indiki zamandadı.

- Ötənlərdə qalan acılı günlər də xatirəyə çevriləndə şirinləşir. Biz isə doğrudan da şirin və maraqlı keçən günlərinizi vərəqləyəcəyik. İstəyirik ki, sizin atanızla bağlı xatirələrinizi oxucularımızla paylaşaq. Deyin, Ağa müəllim sizin üçün təkcə ata idimi?

- Bu suala "Tanrı dağları" silsiləsindən olan "Ehsan" adlı yazımdan bir sitatla cavab vermək istəyirəm (yazıda bu sözləri hekayənin özünə ehsan verən qəhrəmanı Toğrul bəyin qızı deyir): "Atam bizə evdə dərs öyrətməzdi, deyərdi mən sizin məktəbdə müəlliminizəm, evdə yox. Vay o günə evdə sizə müəllimlik eləyəm, məktəbdə atalıq… Çətinə düşəndə köməyimizə anamız çatardı. Öz-özümə deyərdim, bəlkə atam düz eləmir, bəlkə evdə bir cür, məktəbdə ayrı cür olmaq yaxşı iş deyil? Sonra başa düşdüm, yox, ailən-uşağın varsa, evdə evin kişisi, arvadının əri, uşağının da atası olmalısan. Ustadlığını, müəllimliyini məktəbə saxlamalısan. Vay o günə, atam demiş, ustadlığını evdə sınaqdan keçirib dədəliyini məktəbdə göstərəsən. Atam evdə bizi göydən endirən atamızdı, məktəbdə - göyə qaldıran atamız…"

- Yaddaşınızın alt qatına qayıtmaq, kiminləsə də paylaşmadığınız xatirələrinizi bölüşmənizi istərdik. Elə şeylər, elə məqamlar olub ki, bu şəxsən sizə aid idi? Uşaq yaddaşınızda atanız necə qalıb?

- Bu, olduqca geniş mövzudu. Mənim yaddaşımın alt qatı cildlərə, kitablara sığmaz. Qısaca onu deyə bilərəm ki, lap uşaqlıqdan atamla həmsöhbət, sirdaş olmuşam. Şeirlə-sözlə, şairlərin adıyla, məsələn, Səməd Vurğuna "Səmət Burqun" deyə-deyə dil açmışam. İlk əzbər bildiyim şeir parçası atamın ilk kitabında dərc olunmuş "Sibir çayları" şeirindən bir bənd olub:

Arazın dərdi

Dərya qədərdi.

Nə bəxtəvərdi

Sibir çayları...

Yeri gəlmişkən, Yazıçılar Birliyinə də ilk dəfə atamın qucağında getmişəm. İndi kimsə məni orada qonaq kimi qarşılayanda gülməyim gəlir. Atam danışardı ki, səni Yazıçılar İttifaqına aparmışdım, Süleyman Rüstəm çıxdı qarşıma. Qucağımda səni görcək dedi, adə, bu lap fırt eləyib sənin burnundan düşüb ki! Dedim, ustad, düz tapmısız, oğlumdu, bir yaşı tamam olub, gətirmişəm İttifaqa üzv qəbul elətdirəm. Deyirdi Süleyman Rüstəm şaqqanaq çəkib güldü, sonra da baş barmağını çiyninin üstündən geri tuşlayıb dedi: "Adə, məndən ötdü, filankəsə dəydi, filankəsə dəydi..." O, çəkdiyi adları burda açıq yazmıram, çünki həmin qələm adamları çoxdan bu dünyadan köçüblər. Hərçənd, Süleyman Rüstəmin dediyində heç bir qərəz olmayıb, sadəcə, atamla zarafatlaşıblar.

- Ağa Laçınlı sözün bütün mənalarında ağayana bir kişi idi. Tələbələri onu həmişə "Bizim Ağa müəllim" - deyə xatırlayırlar. Bəs zaman keçdikcə, yaşınızın üstünə yaş gəldikcə Ağa müəllim sizin üçün daha kim olurdu, onu necə tanıyırdız?

- Atamın vəfatından keçən on il ərzində onun haqqında onlarla xatirə yazısı, şeir yazılıb. Yazanların bir qismi də atamın tələbələridi. Ölümündən sonra mən onun haqqında çoxlu xoş söz eşitmişəm. Bu müddətdə atama dostlarının, doğmalarının, qələm yoldaşlarının, tələbələrinin gözüylə baxmaq məndən ötrü çox maraqlı oldu. Ötən on il bir həqiqətə əminliyimi qat-qat artırdı: valideynin övladına ən qiymətli mirası, doğrudan da, təmiz ad-sanmış. Bu mirasa heç bir sərvət tən gələ bilməz.

- Atanızın ətrafında müxtəlif təbəqənin adamları olub. Onlarla münasibəti necə idi?

- Atam adamlara təbəqəsinə, silkinə, rütbəsinə görə fərq qoymazdı, hamıyla bir dildə danışardı. Ancaq namərd, dönük, yaltaq adamlarla dil tapa bilməzdi, belələrini görəndə ya dinməzcə yan keçər, ya da oxundan çıxardı.

- Laçına, Oğuldərə kəndinə münasibəti məlumdur. Şeirlərində, söhbətlərində təsadüf etmişəm. Bəs bizim bilmədiyimiz, sizin aşkar edə biləcəyiniz nələr vardı?

- Atam doğma yurda münasibətini şeirlərində eninə-uzununa ifadə eləyib. Sovet dönəmində Azərbaycanın müstəqilliyi onun ən böyük idealıydı. Atamın ötən əsrin 70-ci, 80-ci illərində çıxmış kitablarında olduqca sərt, açıq mətnlə yazılmış antisovet şeirlər var. "Qlavlit"də işləyən yurdsevər, elsevər dostlarının əliylə o yazıları sakitcə, haysız-küysüz senzuradan keçirdirdi, ancaq antisovet şeirlərini reklam eləmirdi. Ümumiyyətlə, reklamçılıq onun xarakterinə tamam yad bir məsələydi. O, tarixin ədalətinə arxayın idi, hərçənd ədalətin ucsuz-bucaqsız dəryasından atamın təşnə ürəyinə bir içim su düşmədi. Ölkəmiz müstəqillik qazanandan sonra onun əziyyəti əvvəlki illərdən artıq oldu, üstəlik, dədə-baba yurdu viran qaldı. Ancaq atam bu qismətdən çox da gileylənmədi, bir para yaşıdı kimi sovet bayrağının həsrətini çəkmək onun ağlının ucundan da keçmədi.

- Atanızla ata-oğul müstəvisindən kənara çıxıb dost ola bildinizmi? Bir yerdə səfərə çıxmaq və sair baxımından...

- Atam mənlə yola çıxmağı çox xoşlayardı, deyərdi sən yanımda olanda işlərim yağ kimi gedir, qapılar üzümə taybatay açılır. Buna görə də ta uşaqlıqdan atamla çox yoldaşlıq eləmişəm. Mənim on-on bir yaşım olanda birlikdə Moskvaya getmişik, əsgərliyimin bir ili tamam olmamış dörd dəfə yanıma gəlib, mən hərbi xidmətdən qayıdandan sonra Laçının kəndlərini gəzmişik. Az-maz özümü tanımağa başlayandan sonra onun yazılarının ilk oxucusu, ilk tənqidçisi də mən oldum. Tez-tez deyərdi biz ata-bala deyilik ki, qardaşıq.

- Tanınan, sevilən şair idi. Dünyasını dəyişdikdən sonra, necə düşünürsüz, unudulmadı ki, yoxsa oğlanlarının qələm adamı olması rəhmətliyin anılmasına səbəb oldu? Axı insanlarımızın unutqanlığını çox görmüşük...

- Məncə, qələm adamı dünyadan köçəndən sonra övladları onun xatirəsinin keşiyində qılınc-qalxanla, dəhrə-baltayla durmamalıdı. Bizim borcumuz onun ədəbi irsini nizama salmaq, imkan düşdükcə üzə çıxarmaq, bir sözlə, görmək istəyənlərə göstərmək, təqdim eləmək olmalıdı. Yalnız bu qədər. İndi çox dəyərli qələm adamı unudulub. Heç gözümüzün qabağında olanların da layiqli qiymətini hər saat verə bilmirik. Görünür, yeni formasiyaya hələ qədəm qoya bilməmişik, dünyanın gedişatına hələ pəncərədən baxırıq. Sovet ədəbi prosesindən qopmuşuq, di gəl, dünya ədəbi prosesinə inteqrasiya oluna bilməmişik. Gün gələcək, biz ötən yüzildə yaranmış ədəbiyyatımıza bir ayrı gözlə baxacağıq, onda çox itib-batmış adlar üzə çıxacaq. O zaman cavanlı-qocalı ədəbiyyat dəllallarının, ədəbi monopolistlərin olmayan söz bazarında qiymətini öldürüb bir qırağa tulladığı neçə-neçə qələm cəfakeşi adının üstünü örtmüş tozun içindən silkinib qalxıb layiq olduğu dəyəri alacaq. Onların yazdıqları yenə əllərdə gəzəcək, əsərləri dərsliklərə düşəcək. Bu baxımdan mən atamın da ədəbi taleyindən narahat deyiləm, onun ədəbiyyatımızdakı yerini aydın görürəm.

- Müəllim kimi necə idi, heç könlünü qırdığı tələbəsi olubmu? Kollektivdə necə idi? Ağır-səngin kişi olmasına rəğmən xeyirxahı, bədxahı vardımı?

- Bu suala atamın tələbələri, iş yoldaşları daha düzgün cavab verə bilərlər. Bircə onu bilirəm ki, atam tələbə kəsməzdi, tələbədən rüşvət almazdı. Hətta bəzən tanımadığı fağır tələbələri yaxşı tanıdığı zalım müəllimlərə tapşırıb onlara qiymət yazdırardı.

- Yadınıza salın, daha çox kimlərlə oturub-dururdu və bu yaxınlıq yeniyetməlik dövrünüzə qədər sizdə o insanlara bir doğmalıq hissi oyada bilirdimi?

- Atamın çox dostu-tanışı vardı, hətta mən deyərdim həddindən çox. Ancaq mənim yadıma gələli daim bir yerdə olduğu, tez-tez görüşdüyü, oturub-durduğu, yeyib-içdiyi dostu yoxuydu. Atamın qayğısı çox olardı, əylənməyə, şənlənməyə hər saat macal tapmazdı. Vaxtaşırı "Bilik" Cəmiyyətinin, ya da Yazıçılar Birliyinin xəttilə tanınmış qələm adamlarıyla yoldaşlı rayonlara ezamiyyətə gedərdi. O vaxtlar şairə, yazıçıya bölgələrdə böyük hörmət qoyulardı. Güman ki, belə səfərlərdə atamın dincəlmək imkanı da olurdu.

- Ağa Laçınlı köhnə kişilərdən idi. Adama elə gəlirdi ki, o, əsrin o tayında qalıb, insanlara, ətrafa, gənc nəslə münasibətdə mentalitet dediyimiz nədirsə bu kişinin xarakterindən köçürülmüşdü sanki. Evdə necə idi?

- Atam ənənəyə, keçmişə, köhnəliyə, mən deyərdim, lazım olduğundan da çox bağlıydı. Onun anasına, dayısına, atasının, əmilərinin xatirəsinə bağlılığına da mən bu kontekstdə baxıram. "Mentalitet" dediyiniz münasibətlər sistemi ondan ötrü hər qanundan müqəddəs, hər dəyərdən ucaydı. Sovet imperiyasının çökməyini arzulayanda atam içində böyüdüyü həmin o münasibətlər sisteminin də çökəcəyini, köhnə dünyanın darmadağın olacağını, daş üstə daşının qalmayacağını ağlına gətirmirdi. 2006-cı ildə yaşı doxsanı haqlamış anasının ölümüylə o köhnə dünyanın atamın kürək söykədiyi sonuncu divarı da uçulub-sökülüb yerlə bir oldu. Atamın arxası tamam boş qaldı, hətta bizim varlığımız da onu ovuda bilmədi. Bir il beş ay on yeddi gündən sonra - 2007-ci ilin 25 noyabrında atam bu dünyada hamıdan çox bağlı olduğu, neçə-neçə şeir həsr elədiyi anasının yanına köçdü. Hələ 2001-də yazdığı bir şeirdə anasıyla altı il sonrakı məzar qonşuluğunu belə təsvir eləmişdi:

Yerimiz bir kolun batıq dibində,

yan-yana yatmışıq bu daşlar kimi.

İndi ağlaşırıq ölü dilində

ayrılıb-tapışan sirdaşlar kimi.

Necə demişdisə, necə arzulamışdısa, elə də oldu.

- Ailəyə qarşı, xanımına, balalarına qarşı xüsusi bir münasibəti, tərbiyə metodu, tövsiyələri necə idi?

- Atam evdə öyüdverən, yolgöstərən dədə pozası almazdı. Danışardı gülərdi, zarafat eləyərdi. Bəzən də çox kür olardı. Ən çox üstündə əsdiyi buydu ki, biz eldən-obadan aralı düşməyək, kökümüzdən qopmayaq, millətimizə arxa çevirməyək. Bacardıqca hamıya yaxşılıq eləyək, ancaq pisin pisliyini də görməyə gözümüz olsun, şeytanın şərinə calanmayaq, iblisin fəndinə aldanmayaq. Nəhayət, ən başlıcası, haram tikə yeməyək.

- Siz, yaxud qardaşınız atanızın adına, nüfuzuna da söykənib "cızığınızdan" çıxmırdız ki? Sinif yoldaşlarınız, dost-tanış, tay-tuş, məhlə uşaqları arasında qürrələnmək, şıltaqlıq etmək baxımından?

- Atamızın adı bizə çox yerdə kömək olub, elə indi də olur. Ancaq bundan sui-istifadə eləmək, ya qürrələnmək... Doğrusu, bu sözün sualın özündə yer alması belə məni heyrətləndirdi. Bunlar bizim təbiətimizə tamam yad xasiyyətlərdi. Tay-tuş arasında bir üstünlüyümüz olubsa da, öz bacarığımıza, istedadımıza görə olub. Mən tələbəykən üç kitabım çıxmışdı, ancaq bununla qürrələnmək, özümü kimdənsə üstün bilmək ağlıma da gəlməyib. Uğurlardan zövq almaq desəniz, hə, bu, başqa məsələ...

- Ağa müəllim qonşu kimi necə idi?

- Qonşularla get-gəl eləməyi xoşlamazdı, ancaq hamısıyla normal münasibət saxlayardı, kiminsə bir köməyə ehtiyacı olanda qabağına düşüb hökumət qapısı döyməyə ərinməzdi.

- Bəs onun dost dedikləri, şairimizi dost olaraq tanıyanlar bu gün görünürmü?

- Atamın dostları onun adını həmişə əziz tutublar. Görünməkləri vacib deyil, sağ sədaları gəlsə, bəsimizdi.

- Gənc yazarlara münasibətdə necəydi? Əlindən tutduqları xatirini əziz tuturmu?

- Doğrusu, mən belə bir siyahı tutmamışam. Güman eləyirəm ki, atamın da beynində belə siyahı olmayıb. O, yaxşılığa görə əvəz ummazdı. Əgər əvəz umursansa, demək, qolundan qopan yaxşılıq deyil, faizli kreditdi. Atam da kimə yaxşılıq eləyibsə - mən onun varisi kimi yəqin deyə bilərəm - hamısının halalı olsun.

- Övlad valideynin əsəridir. Şairimizin adına şöhrət gətirən çox əsəri var. Bəs siz bir övlad kimi necə düşünürsüz, Ağa müəllimin ümidlərini doğrultmusuz?

- Atam mənə çox ümid bəsləyirdi, mənim ədəbi qənaətlərimə, bədii zövqümə çox inanırdı, hətta mən deyərdim, etiqad eləyirdi. Mən uşaq olanda onun Moskvada qələmə aldığı bir şeir var - "Evə məktub". Həmin şeir anama müraciətlə yazılıb. Şeirin sonlarında deyir:

Uşaqlara yaxşı bax,

Becər ev bağçasını.

Uşağının uşağı

Uşağına verəcək

Bu həyat boğçasını.

Uşaq himin, qurucun,

Varlığın, qoruyucun.

Bəlkə yüz ildən sonra,

Bəlkə min ildən sonra

Qayıdacaq süd borcun.

Gözləyirik hamımız,

Bəlkə ağ gün yağacaq.

Bəlkə bizim komamız

Yeni Günəş doğacaq...

Gördüyünüz-bildiyiniz kimi, mən bu yaşa çatmışam, ancaq nəinki Günəş, heç Günəşin zərrəsi də olmamışam. Təkcə atamın yox, mənə böyük ümid bəsləyən, güvənən bir çox adamın inamını doğrultmamışam. Səbəbləri barədə uzun danışa bilərik, ancaq indi yeri deyil...

- Yayda rayona getdiyiniz zaman ona diqqət necə olurdu?

- Atamın gedişi kəndimizdə bayram ovqatı yaradırdı. Bu gediş bizdən ötrü də bayrama çevrilirdi. Atam doğma yurdda dinə-imana gəlirdi, kürəyini dağlara söykəyəndə dağ kimi təpərli olurdu. Özü həmin anları onlarla yazısında ifadə eləyib. Hələ 1968-ci ilin yanvarında, yəni mən dünyaya gəlməmişdən səkkiz ay əvvəl yazdığı “Salam, köhnə dostlar” adlı şeirdə ondan əlli il sonra mənə ünvanladığınız bu suala belə cavab verir:

Hərənin bir cürə qarğaşası var,

Gəlir görüşümə bizim adamlar.

Sevgidən deyilmi

otbiçənlərin

Məni görən kimi yola çıxması?

Sevgidən deyilmi

ağbirçəklərin

Boynumu qucması, doluxsunması?

Eh, hələ uşaqlar, kinsiz şuluqlar,

O şöttü gedənlər, o könlü şuxlar!

Onlar da yanımda dövrə vurubdu,

Suallar altında heydən düşmüşəm.

Hamısı mat qalıb, dinməz durubdu,

Guya göy oğluyam, göydən düşmüşəm.

Gör necə qaydayla qayıdır Günəş,

Elə bil sapsarı tayadır Günəş.

Gəlir kənd axşamı, gəlir mal-qara,

Salam, naxırçılar, çoban-çoluqlar.

Siz hara, mən hara, ayrılıq hara,

Sizin öz şeriniz, öz payınız var.

Baxıram məclisə - adam doludu,

Yaşı ötənin də canı suludu.

Gəlib görüşümə körpə çağa da,

Gəlib anasının qolu üstündə.

Gəlməyən bəs kimdi?

Bu əziz gündə

Elə bil qorxuram soruşmağa da!

Sən də, ey yolumu gözləyən gözəl,

Gözünün selini gizləyən gözəl!

Çəmənə boylandım - sən düşdün yada,

Çətin ki, bir daha üzünü görəm!

Söykənib yenə də qoca palıda,

Düşüncə qoynunda donmaq istərəm!

Salam, köhnə dostlar, hüzurlu salam,

Of, necə rahatam, necə xoşhalam!

Necə kövrəlmişəm buludlar kimi,

Yer qədim, biz qədim, yurd-yuva qədim!

Hayıf! Gedə-gedə itirdiyimi

Qayıda-qayıda tapa bilmədim!..

- Zaman-zaman şahidi oluruq ki, insanlarımıza qarşı haqsızlıqlar baş alıb gedir. Siz atanızla bağlı ən çox nəyə təəssüf etmisiz, nədə, hansı zamanda yanında olmalıydız, ola bilməmisiz?

- Atam noyabrın 20-dən 25-nə kimi ölümün qapısı ağzında növbə gözlədi. Özü də növbəsini göz bəbəyitək qorudu, kimsəni irəli buraxmadı. O beş günü reanimasiyada yatmalıykən diz qatlamadı, şəhəri ayaqdan saldı. Həmin günlərdə mənim əlim onun əlinə çatmadı, çatsaydı, başqa cür olacaqdı. Ondan xeyli əvvəl - 1998-99-cu ilərdə dərin sağlıq böhranı keçirmişdi, ancaq yaxşı insanların timsalında qarşımıza çıxan Yaradanın sayəsində o ütüdən salamat qurtarmışdı. Onda atam bizlə - ailəsi, balaları, doğmalarıyla müttəfiq oldu, birləşib ölümü yendik. 2007-də isə belə olmadı, atam bizi atıb ölümün tərəfini tutdu. Heç yastığının yanını kəsdirməyə də macal tapmadıq. Mənə elə gəlir anası onu öz ölümünə çağırırdı. Tam əminəm ki, ölümün səltənətində anasıyla, atasıyla, dünyadan köçüb getmiş cəmi əzizləriylə görüşüb qucaqlaşmağa atamın böyük, çox böyük ümidi vardı...

Söhbətləşdi: Faiq Balabəyli

“Ədəbiyyat qəzeti”

# 1310 dəfə oxunub

Müəllifin son yazıları

# # #