Dünyanın bütün boşluqlarını şeirlə doldurdu – Bizimkilər Küçük İsgəndərdən danışdı

Dünyanın bütün boşluqlarını şeirlə doldurdu – Bizimkilər Küçük İsgəndərdən danışdı
6 iyul 2019
# 12:10

Xəbər verdiyimiz kimi, bu yaxınlarda məşhur türk şairi Küçük İsgəndər vəfat edib. Kulis.az Azərbaycan yazarlarından Küçük İsgəndər haqda münasibət öyrənib. Cavabları təqdim edirik.

Qismət Rüstəmov

Image result for qismət rüstəmov

“Küçük İsgəndərin poeziyası romantik həssaslıqla andeqroundun sərtliyi arasında qərar tutmuşdu, yəni bir tərəfiylə nə qədər marginal, sərt, açıq-saçıq, birbaşa, jarqonlarla dolu idisə, o biri tərəfiylə sadəlikdən, duyğusal olmaqdan utanmayan tərzdə idi. Onun şeirləriylə birlikdə türk poeziyası özündə olmayan yeni məcraya - Allen Ginzberqin, Lourens Ferlingentinin dünyaya məşhur etdikləri "Beat nəsli"nin poetikasına qoşuldu, bununla da türk ədəbiyyatına əvvəllər tabu olan, heç kimin həndəvərinə fırlanmadığı mövzular, temalar gəldi. Küçük İsgəndər bestsellərlər dünyasında ikiqat marginallaşan poeziyaya ölənəcən sadiq qaldı. Bir dəfə demişdi ki, Türkiyədəki ədəbiyyat dərgiləri şeirə "dolgu malzemesi", boş qalan səhifələri doldurmaq kimi baxır. Amma o, bu haqlı gileyi poeziyanın xeyrinə çevirməyi bacarmışdı, dünyanın bütün boşluqlarına şeir təklif etməklə...”

Mirmehdi Ağaoğlu

Image result for mirmehdi ağaoğlu

Küçük İskəndərin mən qeyri-standartlarığını, üsyankarlığını sevirdim. Məsələn "Türkiyə" şeiri ilə. Onun poeziyasında, bu şeirin də tarixçəsindən görünən hippi ruhu mənə xoş gəlirdi. Şair olmadığım üçün onun yaradıcılığı barədə geniş danışa bilməyəcəm, amma deyim ki, İskəndərin şeirlərində enişli-yoxuşlu intonasiya var. Öz dilindən dinləyəndə bu intonasiya xüsusilə aydın duyulur.

... 2014-cü ildə Türkiyədə olanda Qismətlə bir yerdə Küçük İskəndərlə tanışdıq. İstanbul Kitab Fuarı çərçivəsində Ataol Bəhramoğlunun yaradıcılığına həsr olunmuş panel keçirilirdi. Paneldə yer alan şairlər arasında o da vardı. Tədbirdən sonra yaxınlaşıb Azərbaycandan olduğumu, müsahibə götürmək istədiyimi dedim. Dərhal da razılaşdı, nömrəsini verdi, dostunun da nömrəsini verdi ki, birdən özünə zəng çatmasa dostu ilə əlaqə saxlayarıq. Hətta görüş yerini də təyin etdik. Görüşümüz barədə Qismətlə ondan götürdüyümüz müsahibənin girişində yazmışam. Bu haqda burda da danışıb yormaq istəmirəm, Seymur Baycanın sözü olmasın, arzulayanlar tapıb oxuya bilərlər.

Bircə onu deyim ki, şan-şöhrəti neçə-neçə ölkələrə yayılan şair, bir binanın yarızirzəmi yerində, kirayədə qalırdı. Sadə, təmtəraqsız həyatı vardı. Hələ onda, o bir saatlıq görüşdə hiss elədim ki, bütün ömrünü yalnız indiyə, bu dəqiqəyə xərcləyib, necə deyərlər anı yaşayıb. Üstünə gərgin, stressli bir həyatın əsəbiliyi çökmüşdü. Özünü nə qədər təmkinli aparsa da, əsəbilik hiss olunurdu. İndi o günü xatırlayıram, onu evində qürub ab-havası vardı, adamı sıxırdı, nə bilim, bəlkə də yanılıram, elə deyilmiş.

Müsahibə vaxtı onun yanına bir dostu gəldi. Küçük İskəndər dedi ki, dostum bu yaxında bacısını itirib, depressiyadadı, ona görə də tək qala bilmir. Ancaq mənə elə gəldi ki, əslində tək qala bilməyən Küçük İskəndərdir, dostu yox, sadəcə bunu etiraf etmək istəmir.

Fərid Hüseyn

Image result for fərid hüseyn

“Küçük İsgəndərlə İstanbulda görüşüb ədəbiyyat söhbəti etmişəm. Xatırlayıram ki, tanışlığımızın tarixçəsi İstanbul Kitab Sərgisindən başlamışdı. O, son dərəcədə rəngarəng düşüncəli bir şair idi. Onun şeirinin özəlliyi komplekssizliyində idi: yaşadığı həyat tərzini şeirlərində gizlətmirdi. Qəbul edilməyəcək dərəcədə deməzdim, insanların, hətta oxucularının belə onu anlamağa bəzən səmimiyyəti çatmırdı. Dilə basqı edən, dilin hələ anlamadığımız qatdakı imkanlarına nüfuz edə bilən şair idi ki, bu da dırnaqarası dil mühafizəkarlarını qıcıqlandırırdı.

Şübhəsiz ki, o, Türkiyə ədəbiyyatı üçün önəmli bir imza idi, ən əsası isə ciddi şeirşünas idi. “Can yayınları” onun şeir haqqındakı yazılarını ayrıca kitab halında çap edib. Həmin kitabı oxuyanda heyrət elədim. Çünki sevdiyin şairlərin yaradıcılığındakı təyinatını müəyyənləşdirmək, öz içində müəllifləri qiymətləndirmək baxımından müstəsna kitabdır. Əlbəttə, Küçük İskəndər böyük ideyaların şairi deyildi, daim həzin bir lirik kimi xatırlanacaq. İnsanın özü olmaqdan başqa çarəsi qalmadığı ağrılı anlarda oxucular daim onun şeirlərindən nələrisə pıçıldayacaqlar.

Maddi ehtiyac ucbatından həddən artıq çox və aşağı keyfiyyətli mətnlər də yazırdı, amma o mətnlərin heç biri ləyaqəti alçaldan yazılar deyildi, sadəcə özünü və oxucusunu yorurdu. İnsan kimi də həlim, mehriban idi. Onun kitablarını oxumağa, bəlkə də, “ömür çatmaz”, amma hesab edirəm ki, bir kitablıq unudulmaz şeriləri qaldı və çağdaş Türkiyə şeiri həm də onun timsalında maraqlıdır. Allah rəhmət eləsin, inandığı həqiqətlər yazdıqlarını hifz eləsin.”

Ramil Əhməd

Image result for ramil əhməd

“Küçük İskenderin ilk şeirləri 1980-ci illərin ortalarında, ilk kitabı isə 80-lərin sonunda nəşr olunub. Bunu ona görə xatırlatdım ki, onun Türk şeirində yerini anlamaq üçün dönəmini bilmək önəmlidir. O yazmağa başlayanda toplumda ən çox oxunan, sevilən şairlər “ikinci yeni” şairləri idi. O dönəmdə Turgut Uyar, Edip Cansevər yeni vəfat etmiş, İlhan Berk, Cəmal Sürəya, Ece Ayhan, Ülkü Tamer, Sezai Karakoç kimi şairlər sağ idilər. Bundan başqa Garipçilər olaraq bilinən “birinci yeni” şairlərindən Oktay Rıfat yeni vəfat etmiş, Melih Cövdət Anday şeirini 1940-lardan etibarən yeniləyərək bütün dönəmlərə ayaq uyduran şair kimi önplanda idi. Hələ unutmayaq ki, adlarını çəkdiyimiz şairlərin bəzilərinin özünə ustad bildiyi Fazil Hüsnü Dağlarca da yaşayırdı. Bütün bu nəhənglərin arasında ədəbiyyata yeni gələn Adnan Özər, Toğrul Tanyol, Haydar Ərgülən, Küçük İskəndərin təmsil etdiyi 80-cilər nəsli də formalaşırdı artıq. Yəni Küçük İskəndər yazmağa başlayanda bir şair olaraq bu isimlərin yanında oxunmaq, fərqli bir üslub yaratmaq çətin iş idi. Bütün bu isimlərlə yanaşı 1990-larda Türkiyədə Küçük İskəndər oxucuları formalaşmışdı. Ədəbi mühitdə də ondan öncəki ustadlar Küçük İskəndər haqqında övgüylə danışır, haqqında esselər yazırdılar. 2000-ci illərdən etibarən Küçük İskəndər toplumun ən müxtəlif təbəqələrində tanınan, populyar bir şair idi. Qısacası, o, Türk şeirinə bənzərsiz bir nəfəs gətirmiş, özünə qədər Türk şeirində olmayan yeni bir dil yaratmışdı. Xaotik bir şeir dünyası vardı, orada hər şey deformasiya olmuş, sözlər tək bir mənayla sabitlənməmişdi. Fukonun işlədiyi anlamda bütün iqtidarlara qarşı bir şeiri vardı. Son 20 ildə Türkiyədə şeir oxuma gecələrini ənənəyə çevirən də o idi. Ancaq onun kafelərdə şeir oxuması başlanğıcda üsyankarlıq, yeni bir tərz yaratma məsələsi idi, son illərdə isə maddiyyat məsələsinə çevrildi. Kütləyə xitabən yazdığı şeirləri də oldu, romanı da... İlk dəfə Küçük İskəndər oxumaq istəyən oxuculara onun 1990-cı illərdə yazdığı şeirləriylə başlamalarını, bir də Metin Kaçanın “Ağır Roman” əsəri əsasında çəkilən eyniadlı filmdə Küçük İskəndərin aktyor performansına baxmalarını önərirəm.”

# 2903 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #