Mənim sevimli müəllifim – Ayxan Ayvazın “Buri”si haqqında...

Mənim sevimli müəllifim – <span style="color:red;">Ayxan Ayvazın “Buri”si haqqında...
11 aprel 2017
# 12:14

Mina Rəşid

Ayxan Ayvazın “Buri” kitabı haqqında

Əlimdə balaca, yüngül, üzərində gülümsəyən uşaq şəkli olan bir kitab var.

Bu kitabın müəllifinin yazıları mənim üçün o qədər doğmalaşıb ki, harada qarşıma çıxsa oxumalıyam. Ondan ki, onun ifadə tərzi fərqlidi, yazıları yığcam, səmimi və düşündürücüdür.

İstedadlı gənc yazar Ayxan Ayvazın kitabına daxil etdiyi hekayələrin çoxunu mətbuatdan oxusam da onları bir daha təkrarladım. Onun yazılarını təkrar oxumaq da maraqlıdır. Bu yazıları düşünərkən həyətdən gələn gözəl aramsız oxuyan bir quş səsi də sanki, oxumağın, yazmağın bir tale işi olduğunu söylədi. Çünki nə o şirin avazlı quş, nə də şırıl-şırıl axan şəlalə kimi mənim qəhrəmanım da kiməsə, nəyəsə, hansı məqsədəsə görə yazmır. Yazılar elə saf, işıqlı bir dünyadan oxucuya yollanır ki, o sənin sevimli müəllifinə çevrilir.

Hekayələrin içərisində “Buri” mənə daha çox təsir elədi. Onu ilk dəfəydi oxuyurdum. Həm də amansız, gerçək həyatla İNSAN üz-üzə dayanmışdı burada. İnsanın qəlbini duymurdu, səsini eşitmirdi, kor idi, kar idi həyat...

Bu hekayə yazıçı Linda Li Rattonun “Yuxuların çin olduğu yerdə” adlı əsərini xatırlatdı. Anadangəlmə əlil olan, sürünə-sürünə məktəbə gedən 8 yaşlı qız deyir: “Anacan, nədən müəllimə heç o pişik qədər mənə qayğı göstərmir?”

“Buri”nin qəhrəmanı İsaniyə də acından bir çörək oğurladığına görə nə satıcı, nə alıcı, nə də hakim, heç kim rəhm eləmir...

Bir də “Atamın nobel nitqi”. Heç nə demirəm. Sadəcə hekayədən bu parça yetər, düşünürəm...

“Əziz qonaqlar, uşaqlarımın gözündə zəif, bacarıqsız adam olduğumun fərqindəyəm. Mən qurd olub ətrafı çalıb-çapa bilmədim. Özümdən həya eləməyim məni adam olmağa qoymadı. Adam var, üzdən baxırsan hər şey yerli-yerindədi, amma yoldaşlıq eləyib bələd olanda görürsən ki, tamahı baş yarır, közü həmişə öz qabağına çəkməkdən utanmır. Ona görə axıra qədər qalan dostlarım da yoxdur...”

Ayxan Ayvaz çoxunun görmədiyi və ya görmək istəmədiyi həyat həqiqətlərini özünəməxsus ifadə tərzi ilə qələmə alır. Məsələn, “Şəhərin xatirələr kimi aydın küçələri” (“Kağızda ölmək), “Evin kir-pas atmış, köhnə, bükülən qocanı xatırladan görkəmi mənə kəndimizi xatırlatdı”, “Üstümüzə yol gəlirdi” (“Monoton”), “Mən də işğal olunmuş torpaq kimiyəm” (“Sənin işğal günün”), “Uşaqlıq həmişə xəyalən geri qayıtmaq mümkün olan bir yerdi və ya uşaqlığın yoxdursa, daha doğrusu, xatırlamırsansa, demək, vətənin də yoxdur” (“Atamın nobel nitqi”)

Mənim sevimli müəllifim, yaşın çox olmasa da gördüklərin, yaşadıqların çox olub. Və sən qəlbinlə, qələminlə bunları heç vaxt unuda bilməzsən. Nə qədər qorxulu adamlar tanısaq da tanıdığımız, bəlkə hələ tanımadığımız işıqlı adamlar da az deyil.

O, ürəkdən sevənlər və sənin danışdığın əhvalatlara inananlar da...

# 1275 dəfə oxunub

Müəllifin son yazıları

# # #