Mənə dodağını hədiyyə gətir – Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR

Mənə dodağını hədiyyə gətir – <span style="color:red;">Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR
31 avqust 2016
# 14:00

Kulis.Az gənc şair Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Bu abırlı şəhərin ən pozğun adamıyam

Bu şəhərin dənizi okeana qovuşmur,
Bu şəhərin gölü də kiçik deyil göl kimi.
Bu şəhərdə saralıb tənhalığın rəngi də,
Bu şəhəri pozdular, şəhər idi gül kimi...

Bu şəhər tənhalığın qədrini bilmir hələ...
Bilmir ki, bu tənhalıq neçə şairlər doğur.
Bilmir ki, bu şeirlər öz-özünə yaranmır,
Gündüzlər ağrı çəkir, gecə şairlər doğur.

Bu şəhərin hər yanı polis nəzarətində,
Bu şəhərdə sevişmək cavanlara dərd olur.
Bu şəhərin hər yanı kirayə ev elanı,
Sevişməyə yer gəzən tənha adamlar dolu...

Bu şəhərin göyləri qara bulud geyinir,
Evləri xarabalıq, yolları gölməçədi...
Bu şəhərlə bir şəkil çəkdirdim bu gün səhər,
Atdım poçt qutusuna, get, götür gör, necədi?

Orda saçım uzundu, üz-gözümü tük basıb,
Sən tutduğun o dodaq, daha əlimə gəlmir.
Xeyli arıqlamışam, yağış isladıb məni,
Gülmə mənə, bu şəhər, mənim qədrimi bilmir.

Bu şəhərdə tənhalar əlil hesab olunmur,
Dövlət təqaüd vermir darıxan adamlara.
Bu abırlı şəhərin ən pozğun adamıyam,
Gəlib o əxlaqlılar, çəksinlər məni dara!

Mənə dodağını hədiyyə gətir

Səndən gileylənib sənə gələrəm,
Olaram qəm-kədər ortağın sənin.
Elə qəh-qəh çəkib ağlayaram ki,
Səsimdən kar olar qulağın sənin.

Şəkilə çevrildin bu köçümdə sən,
Toz tutdun evimin hər küncündə sən.
Elə təklənərsən öz içində sən,
Sinənlə dolacaq qucağın sənin.

Yağış sevgilindim, yağıb gəlirdim.
Göydən hədiyyələr yığıb gəlirdim.
Dəli tufan kimi axıb gəlirdim,
Söndü, tüstüləndi ocağın sənin.

Bu sənə yazdığım son iki sətir:
Bizdən ayrı düşən sevgiyə xatir,
Mənə dodağını hədiyyə gətir.
Görüm əvvəlkimi dodağın sənin?!

Kişilər ağlayanda

Mən indi bildim nə var
Bu gözlərdən o yanda.
Necə məsum olurmuş
Kişilər ağlayanda...

Ürəyində bir yığın
Xatirənin harayı...
Hər yeri ağlayırmış
Gözlərindən savayı!

Əlləri titrəyirmiş,
Kirpikləri əsirmiş...
Vücudunu deyil də,
Qəm ruhunu əzirmiş!

Image result for aşk

Şam kimi ərisə də
Ürəyi yavaş-yavaş,
Dilində hıçqırıq yox,
Gözündə bir damla yaş.

Qəh-qəhələr varsa da
Gülüşünün içində,
Bir körpə ağlayırmış
Hər kişinin içində!

Tənhalıq da tərk edir

Xoşbəxt olmaq istəyən
gör nə qədər adam var?
Çimdik-çimdik, ovuc-ovuc
xoşbəxt olur adamlar!

Mən öz tənhalığımda
xoşbəxt ola bilirəm.
Güzgüdə bir adamla
danışıram, gülürəm.


Darıxıb əylənirəm,
sevinib üzülürəm.

Məni boş ver, birdənəm,
mən öz dərdimə şadam.


Amma dəyişilirəm -
daha özümə yadam.
Gör haçandır güzgüyə
gələ bilmir o adam.

Sevinmişdim, bir dənəm -
tənhalıqda qəm nədir?
Kiçik xoşbəxtliklərin
ən böyüyü məndədir!
Görürəm, daha məni
tənhalıq da tərk edir...

Biz dünyadan gedəndə

Bir kürəklik dostum ol,
bir qucaqlıq sevgilim.
Həm uşaqlıq sevgilim,
həm qocalıq sevgilim...

Uzaqda uzağım ol,
yaxında ən yaxınım.
Harda çətinə düşsəm
qollarına sığınım.

Özümdən səni çıxsam
məndə heç nə qalmasın.
Səndən özümü çıxsam
səndə heç nə qalmasın.

Tək bizim sevgimizlə
dolsun bu dünya, dolsun...
Biz dünyadan gedəndə
dünya da tənha qalsın!

Bir uşaq öldüyü gün

Onda bütün bu dünya şəndi, əyləncəliydi.
Hər uşaq bir küçənin şıltağı, dəcəliydi.
Onda qum doldururdu uşaqlar tumanına.
Üz-gözü bulaşırdı bir ocaq dumanına.


Gah suya tullanırdı, üşüyürdü uşaqlar.
Ağac gövdələrinə işəyirdi uşaqlar.
Dəmirlərin pasını yaxırdı üst-başına.
Hələ daş da atırdı dostuna, qardaşına.


Özündən böyükləri danlayırdı, söyürdü.
Hirsi soyumayanda yumruğuyla döyürdü.
O söyüşlər, döyüşlər incitmirdi heç kəsi.
Bir uşaq sevgisiydi, bir uşaq əyləncəsi...


Onda başqa cürəydi, sevimliydi uşaqlıq...
Hərəsi bir sığallıq, hərəsi bir qucaqlıq..
Sonra nələrsə oldu, hər şey qəfil dəyişdi.
Dəcəl, şıltaq uşaqlar bir anda böyükləşdi.


Ta ki, bir uşaq öldü kiminsə gülləsindən.
Onda uşaqlıq öldü bütün yer kürəsində.
Heç kəs uşaq olmadı, böyük doğuldu hamı.
O gündən öldü, getdi, dünyanın dadı, tamı.


O gündən indiyəcən darıxır bütün bəşər.
Darıxır otlar, qumlar, darıxır gölməçələr.
Ərik ağaclarında kal əriklər darıxır.
Bütün düzlər, dərələr, təpəliklər darıxır.


İndiyəcən darıxır hamı uşaqlıq üçün.
Öldü getdi uşaqlıq bir uşaq öldüyü gün.

# 1422 dəfə oxunub

Müəllifin son yazıları

# # #