Allahım, sən alma bu gözəlliyi... - Ülkər Piriyevanın şeirləri

Allahım, sən alma bu gözəlliyi... -  Ülkər Piriyevanın şeirləri
11 may 2016
# 11:49

Kulis.Az BSU Yaradıcılıq fakültəsinin tələbəsi Ülkər Piriyevanın şeirlərini təqdim edir.

Bu yerlər

Bu yerlər, bu yerlər məni yaşadan,

Ürəyim havasın udduğu yerdir.

Gecələr içində canı sıxılan,

Bir zaman günəşi batdığı yerdir.

Müqəddəs torpağın lap buz halında,

Gəzərəm üstündə ayaqyalın da.

Gör neçə igidin vətən yolunda,

Özünü alova atdığı yerdir.

İçində yüz arzu, min arzu dünya,

İnsan sevgisinə tamarzı dünya.

Bir daha eşıdıb bilsin bu dünya,

Türklərin ocaqlar çatdığı yerdir.

İgidlik verilib ər gözəlinə,

Donaram, bir qarış çıxsam çölünə.

Vətən bayrağını alıb əlinə,

Sinəsi üstündə tutduğu yerdir.

Bəzən görərsən ki, bəxt də, qaradır,

Torpaq hara baxsan, para-paradır.

İlahim, ibadət yerim buradır,

Qəhrəman oğullar yatdığı yerdir.

Yolu çətin oldu, çətin millətin,

Əzabı çox imiş mətin millətin.

Zülmdən qurtulan bütün millətin,

Azadlıq tamını daddığı yerdir...

Həyat

Ağacdan, insandan, daşdan, qayadan,

Hamıdan, hər şeydən keçirsən, həyat.

Beləmi tapşırıb Ulu Yaradan,

Canı şərab kimi içirsən, həyat!

Dərdimi bölüşdüm dənizlə, çayla,

Hönkürə-hönkürə səslə, harayla.

Məqamla, fəsillə, saatla, ayla,

Hər kəsin vaxtını ölçürsən, həyat!

Səninlə gah küsər, gah barışarıq,

Sənli fikirlərim qatmaqarışıq.

Hər kəsin qəlbində bir cürə işıq,

Boyadan-boyaya köçürsən, həyat!

Hərarət duyulmaz sönmüş çıraqdan,

Sevgim kül bağlayıb qaçır ocaqdan.

Gah gözdən salırsan, gah ucalıqdan,

Əzirsən, döyürsən, biçirsən, həyat!

Hər ömrün öz yası, toyu, büsatı,

Dağılan lələyi, sınmış qanadı.

Mən haqqı gəzirdim dərd qabaqladı,

Kaş, erkən biləydim, nə cürsən, həyat!

Allahım sən alma bu gözəlliyi

Düşüb yer üzünə Tanrıdan gəlir,

Torpaq gözəlliyi, su gözəlliyi.

Hələ qoy yaşayaq günlər içində

Allahım, sən alma bu gözəlliyi...

Bir üzü qaranlıq bir üzü işıq,

Elə başdan-başa dünya yaraşıq.

Hələ gözəllikdən heç doymamışıq,

Allahım, sən alma bu gözəlliyi...

Haqq ilə nahaqqı ayırır insan,

Ruhunu söz ilə doyurur insan..

Qəlbini içindən sıyırır insan,

Allahım, sən alma bu gözəlliyi...

Hər xeyir tapılar bir itən şərdə,

Nə deyim sonumda gizlənən dərdə...

Gözəllik eşqiylə gəzir bəşər də,

Allahım sən alma bu gözəlliyi...

# 1084 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #