21 yaşlı Rəşad Məcidin şeiri: BAXIB GÜLƏCƏKSƏ BOYAT ŞEİRIMƏ

21 yaşlı Rəşad Məcidin şeiri: <span style="color:red;">BAXIB GÜLƏCƏKSƏ BOYAT ŞEİRIMƏ
12 avqust 2014
# 11:44

Kulis.Az Rəşad Məcidin “21 yaşımla söhbət” şeirini təqdim edir.

21 yaşımla söhbət

21 yaşımın ayrılıq günü,

Qoyma öləziyim, qıyma ki, sönüm!

İlhamı şam kimi yanıb tükənir,

Bir zaman şerini əzbərlədiyim,

Odlu misrasını əzbər dediyim

İşıqlı şairlər, cavan şairlər.

Sönür ekranlarda, gen kürsülərdə

şeiri özlərindən tez qocalanlar,

Odları tükənən – yavan şairlər.

Təzə söz adına

Köhnə bayatını təkrarlayırlar.

Elə bir yerdəcə sayır, sayırlar,

Şöhrətin ardınca çapan şairlər.

Yanaqdan süzülən bir cüt yaş kimi

Sürüşüb gözümdən düşür gümanım.

Sirli yaddaşımın sınır tilsimi:

«Nehrəsi çalxanır qoca zamanın».

21 yaşımın son gecəsində

Özümün özümlə davam başlayır.

Sevgimin atəşi dinir səsimdə,

Şerimlə, sözümlə davam başlayır…

…Otuz beş yaşımda qalxıb kürsüyə

İyirmi bir yaşımda yazdığım şeiri

Əgər soyuq-soyuq, hissiz-ürəksiz

Təzə söz adına oxuyacamsa,

Gəncliyin yarımçıq misralarını

Yamayıb, közəyib toxuyacamsa,

Baxıb görəcəmsə

İyirmi bir çıxıbdı iyirmi birimə!

İyirmi bir yaşında bir təzə qardaş

Baxıb güləcəksə boyat şerimə,

Candərdi alqışlar, yalan şöhrətlər,

Çiçək yağışları,

gül yağışları

Salondan yollanan «bol səxavətlər»

Söndürəcəkdirsə olan odumu,

Başımın altına tük yastıq qoyub

«Dostlar» öyəcəksə

istedadımı.

Gəl öldür bu axşam,

sındır bu axşam.

Yaşımın yaşılı çağına baxma.

Şerin od qoxulu səltənətinə

Ey ilham pərisi, məni buraxma!..

1985

# 2104 dəfə oxunub

Müəllifin son yazıları

# # #