Allah dünyanı altı günə dağıtdı – Emin Akifdən Yeni Şeirlər

Allah dünyanı altı günə dağıtdı – <span style="color:red;">Emin Akifdən Yeni Şeirlər
6 aprel 2018
# 13:32

Kulis.az gənc şair Emin Akifin yeni şeirlərini təqdim edir.

Allah dünyanı altı günə dağıtdı

birinci gün,

atam yaxasını açıb partlatdı ürəyini,

mən cəhənnəm,

yandı anam,

saçları kül oldu...

ikinci gün,

adamlar minarələri raketə çevirdilər,

Allaha uçmaq üçün,

de görüm,

neyləməliyəm,

bu dünyadan sağ-salamat qaçmaq üçün?

üçüncü gün,

bu şəhərdə

acından ölən qocanın yası da gözəl keçdi ha,

biləsən,

sən neynirsən?

doğman kimdi,

dostun kim?

necə keçir sağlığın?

məni soruşsan, deyim,

bir-iki qapı qonşu qalıb uzaq qohumdan yaxın,

bilmirəm kimin ömründə partlayacağam...

dördüncü gün,

adamlar bir-birinə it kimi hürdülər,

itlər Allah kimi susdular...

beşinci gün,

dünyaya zəng gəldi Allahdan,

amma yenə susdu,

danışmadı.

altıncı gün...

hamı ilə bir-bir danışdı Allah,

bircə mən danışmadım.

işimizə qarışmayın,

söhbətimizi heç kim bilməsin,

bəlkə biz heç barışmadıq?!

***

İsa çarmıxa çəkilməsəydi,
bilməyəcəkdik,
biçarədi
mıxlanan qolları, ayaqları
Allahın hər yerdə olduğuna işarədi.

sonra Gün kimi batdı,
sonra bir də doğulmadı İsa.

Musa gəlməsəydi,
bilməyəcəkdik,
Allahın çomağı var,
ayırır sevdiklərimizlə yollarımızı
dənizlər kimi.

Məhəmməd gəlməsəydi,
bilməyəcəkdik,
hörümçəklər tək adamların cangüdənidi,
Allah - Musanın çomağıdı,
Məhəmmədin hörümçəyidi,
İsanın bədənidi.

sonda
heç vaxt hörümçəkləri öldürməyən adam
çomağa söykənib
İsanı gözlədi.

sonra Gün kimi batdı,
sonra bir də doğulmadı adam...

***

keçən gün,
bilmirəm nə vaxtsa,
məni əsgər meyitlərinin içindən sağ tapdılar,
məni donmağa qoymayan sinəmdəki gülləni
çıxartdılar,
anama verdilər,
sonra əsgər meyitlərinin boğazından bayraq tapdılar
- gödəkçələrinin üstündəki...

keçən gün,
bilmirəm nə vaxtsa,
pürrəngi qardan adam düzəldən uşaq tapdılar,
mərmi gilizlərindən burnu,
əsgər papağından papağı qar adam...

keçən gün,
bilmirəm nə vaxtsa,
Nabat xala tutdu qolumdan,
nəvəsinin kəmərini göstərdi,
"ay əclaf, bəs, sən niyə ölmədin?" - deyib
kədərini göstərdi,
sonra qucaqladı məni,
ağladı nəvəsini.

keçən gün,
bilmirəm nə vaxtsa,
əyilib torpağı öpən adamlara,
torpaq üstünü örtərək özünü bağışladır...

keçən gün,
bilmirəm nə vaxtsa,
harda bir ağlayan adam gördümsə qaçdım,
elə o zamandan bəri,
dözə bilmirəm ağlayan adamlara,
onlar torpaq qoxuyan yağış dadır...

# 1290 dəfə oxunub

Müəllifin son yazıları

# # #