Söz azadlığı tənqidimizə nə verib? – Elçin yazır... III YAZI

Söz azadlığı tənqidimizə nə verib? – Elçin yazır... III YAZI
1 noyabr 2017
# 12:14

"Söz azadlığı" bir tərəfdən böyük ədəbiyyatın yaranmasını tam şəkildə istedadın öhdəsinə buraxırsa, o biri tərəfdən də tənqidimizin həmin istedadı (şairi, nasiri, dramaturqu) axtarmasını və tapıb ədəbi prosesə gətirməsini tələb edir, ancaq biz bunu görürükmü? -təəssüf ki, yox və bu baxımdan tənqidimizdə açıq-aydın bir ətalət, inertlik nəzərə çarpır. Bu inertlik nəinki cavan istedadları axtarmağa, əgər yoxdursa, belə bir vəziyyətin səbəbini göstərməyə, nəzəri izahı ilə çıxış etməyə imkan vermir, hətta artıq öz bədii sözünü demiş, ədəbiyyatda özünü təsdiq etmiş ayrı-ayrı yazıçıları da layiqincə qiymətləndirməyi bacarmır. Bu cəhət isə öz növbəsində, ədəbi prosesimizdə dediyim həmin keyfiyyət və kəmiyyət qarşıdurmasında kəmiyyətin keyfiyyəti xeyli dərəcədə üstələməsinə, aparıcı qüvvəyə çevrilməsinə xidmət edir.

Bu söylənənlər göydən asılı qalmasın deyə, yəqin konkret misallara ehtiyac var və baxın, bizim tənqidimiz orta nəslə (bəlkə də artıq yaşlı nəslə!) mənsub Məmməd Oruc, yaxud Saday Budaqlı, yaxud da Sadıq Elcanlı kimi görkəmli yazıçılarımızın yaradıcılığının elmi-nəzəri təsnifatını veribmi, onların əsərlərinin bədii-estetik mündəricatını təqdim etməyi bacarıbmı? - axı bu gün bu səviyyəli yazıçılarımızın sayı çox deyil, ancaq bu sualın cavabında mənim üçün heç bir tərəddüd yeri yoxdur: xeyir, verməyib.

Bilmirəm, Saday Budaqlı "Zədə" romanını nə vaxt yazıb, ancaq bundan asılı olmayaraq, bu roman mənim üçün təzə əsərdir və yalnız ona görə yox ki, ilk dəfədir oxuyuram, ən başlıcası ona görə ki, buradakı Firidun bəy Köçərli demişkən, təhkiyeyi-kəlamın səliqəsinə və səlistliyinə, xislətin dərinlərinə varmaq istəyinə və bacarığına, bu və ya digər dərəcədə son illərdə barmaqla sayılası Azərbaycan romanlarında rast gəlmək mümkündür.

Saday Budaqlı "Zədə"ni də daxil etdiyi hekayələr və povestlər kitabını hekayələrindən birinin adı ilə "Yolüstü söhbət" (Aspoliqraf", 2015) adlandırıb, ancaq buradakı əsərlər ("Şəbəkə" və "Fevral" povestlərini də ayrıca qeyd etmək istəyirəm) elə bədii-psixoloji emosiyalar palitrası yaradır ki, o "söhbət" heç vəchlə yolüstü deyil, müfəssəl və miqyaslıdır.

Sadıq Elcanlının nəsri realist bir nəsrdir, onun hekayə, povest və romanlarında həyatın realist təsviri əsas yer tutur, ancaq bəzən onun istedadı və düşüncələri, onun bədii təxəyyülü realizm çərçivələrinə sığışmır, o, fantastikaya, mifologiyaya müraciət edir, ancaq bu zaman da söhbət mücərrəd mifik bir aləmdən getmir, çünki bütün bunlar realist yazıçının həyatda, real gerçəklikdə gördüklərinin bədii-estetik inikası, yəni onun dediyim həmin bədii təxəyyülünün ifadəsidir.

Sadığın "Zülmət" romanı mifoloji-fantastik bir əsərdir və orada elə bir münbit, bəzi məqamlarda isə polemik zəmin var ki, tənqid bu romanın əsasında ədəbi prosesimiz üçün vacib olan ciddi bədii-estetik problemlər qaldıra, ciddi ədəbi polemika apara bilər. İnsan və cəmiyyət - bu, ədəbiyyatın əbədi mövzularından biridir və Sadıq Elcanlı əsərin qəhrəmanı Butay Əhmədovun simasında, onun daxili aləminin psixoloji dərinliklərinə vararaq, heç bir pafosa, yaxud da ah-uflara yol verməyərək həyatın, yaşayışın nə qədər mürəkkəb və ziddiyyətli olduğunu özünəməxsus orijinal bir bədiiliklə göstərə və göstərdiklərinə inandıra bilmiş, tənqid isə bu romanı ədəbi prosesin faktına çevirə bilməmişdir.

Professor Nizaməddin Şəmsizadə "Ədəbiyyt qəzeti"ndə tənqid haqqındakı müzakirədə deyir ki, "tənqid ədəbiyyatın mənafeyini" naşı oxucudan, kütlədən qorumalıdır ("Ədəbiyyat qəzeti", 7 oktyabr 2017) və bu, doğru və aktual çağırışa o zaman əməl etmək olar ki, professional ədəbiyyatımızın çağdaş nümayəndələrinin əsərlərini ədəbi prossesin təqdir və təkdir obyektinə çevirək, müzakirə predmeti yalnız adlarını çəkdiyim bu yazıçıların yox, məhz bu tipli yazıçılarımızın yeni-yeni əsərləri olsun.

Onların əsərləri haqqında adda-budda məqalələri mən də oxumuşam, ancaq onların yaradıcılığı, təkrar edirəm, tənqidimizin mütəşəkkil diqqətini tələb edir, məziyyətləri də, çatışmazlıqları da miqyaslı nəzəri-estetik təhlil üçün layiqli bədii materialdır.

Sonrakı ədəbi nəslə mənsub, misal üçün, Mübariz Cəfərli, yaxud Şərif Ağayar kimi yazıçıların əsərləri haqqında az yazılmayıb, ancaq mən deyə bilmərəm ki, professional tənqid onların yaradıcılığını diqqətlə izləyir, halbuki bu yazıçıların əsərdən əsərə inkişafı, orijinal bədii təfəkkür tərzləri, bir tərəfdən sırf milli özünüifadələri, o biri tərəfdən isə mənəvi-psixoloji problematikalarının artıq milli çərçivələrə sığışmayan miqyası, sadə təhkiyə ilə mətnaltı mürəkkəb və ziddiyyətli insani hissiyyatlar, talelər mənzərəsini yaratmaq bacarıqları həmin diqqəti tələb edir.

Tənqidimizin müasir bədiiyyata məhz belə bir mütəşəkkil diqqəti, eyni zamanda, bizim ədəbi prosesimizdə get-gedə artan məhəlliçiliyin qarşısını almağa yardımçı olar və yaranan diqqətəlayiq bədii əsərlərin dinamikası ədəbi prosesdə də özünün nəzəri inikasını tapsa, həmin ədəbi prosesdəki çatışmazlığı aradan qalırmaq üçün müsbət enerji verə bilər.

Tənqidimizin "diqqətsizliyi" ilə bağlı başqa bir xarakterik misal: mən həmişə təəssüf etmişəm ki, bizim istedadlı nasirimiz Yaşar ildə bir hekayə yaza, ya yazmaya, halbuki məhz "Söz azadlığı" bu fitri hekayəçimiz üçün geniş imkanlar yaradır və yadıma gəlir, vaxtı ilə mən onun hekayələrinin insan psixolojisində görünməyəni (gizlədiləni!) görmək və mənalandırmaq bacarığına görə Qarşinin hekayələrini xatırlatdığını yazmışdım - təsir baxımından yox, istedadın yönü (istedadın xarakteri!) baxımından.

Yaşarın istedadı ilə hekayələrinin sayı tamam tərs mütənasibdir və bu yerdə mən tənqidimizin biganəliyini bir daha vurğulamaq istəyirəm. Aydın məsələdir ki, tənqid Yaşarın yerinə hekayə yazmayacaq, ancaq tənqid onun yazdıqlarını ədəbi prosesin diqqət mərkəzinə çəksəydi, öz ciddi nəzəri-estetik sözünü desəydi, bir tərəfdən janrın problemlərini ədəbi prosesin predmetinə çevirərdi, o biri tərəfdən də, güman edirəm ki, müəllif üçün bədii stimul rolu oynaya bilərdi və yeri düşmüşkən deyim ki, rus ədəbiyyatşünaslığından fərqli olaraq, rus tənqidi də 70 illik fasilədən sonra - Sovet dövründə Qarşin yaradıcılığı hakim ideolojiyə doğma deyildi - X1X əsrin 80-90-cı, XX əsrin 10-cu illərində rus ədəbi prosesinin qəhrəmanlarından biri olan, 33 yaşında həyatını faciə ilə sona yetirmiş Vsevolod Qarşinin yaradıcılığını yenidən ədəbi prosesə qaytara bilməyib. Rus ədəbiyyatşünaslığı Qarşin yaradıcılığını "Söz azadlığı"nın yaratdığı imkanlar daxilində tədqiq edir, ancaq ədəbi prosesdə onun adı çəkilmir və bu fikirdə ziddiyyət axtarmaq lazım deyil, söhbət klassik irs və ədəbi prosesdəki bədii-estetik təmayüllərdən gedir.

Ancaq biz öz "cari" problemlərimizə qayıdaq.

Tənqidin biganəliyi yazıçının öz yaradıcılığına biganəliyə gətirib çıxarmaq gücünə malikdir və hamı Vaqif Nəsib ədəbi-bədii iradəsinə sahib deyil ki, onilliklər boyu tənqidin biganəliyinə yeni-yeni elə hekayə, povest və romanlarla cavab versin ki, bu əsərlər müasir nəsrimizin uğurları olsun.

Bu mənada mən aktiv və aktiv olduğu qədər də səviyyəli qələm sahibi Nizami Cəfərovun "Afaq Məsud dünyası" silsilə məqalələrini xatırlatmaq istəyirəm, çünki Afaq Məsud bizim az saylı o görkəmli müasir yazıçılarımızdan biridir ki, tənqid son 25 ildə onun haqqında az yazmayıb, ancaq o biri tərəfdən, mən deyə bilmərəm ki, bu yazıların nəzəri-estetik ehtiva dairəsi Afaq yaradıcılığının bədii-estetik mündəricatı haqqında tam təsəvvür yaradır. Nizami Cəfərovun silsilə məqalələrinin əhəmiyyəti ondan ibarətdir ki, bu məqalələr Afaq yaradıcılığının canlı bir orqanizm kimi bütöv, tam bədii-estetik portretini təqdim edir və bu məqalələrdə toxunulan (və qaldırılan) ciddi yaradıcılıq problemləri ilə, o problemlərin izahı (təhlili və həlli) arasında üzvi bir vəhdət var, yəni problemin ciddiliyi ilə onun həllinin elmi-nəzəri səviyyəsi üst-üstə düşür.

İndii başqa tipli bir misal gətirmək istəyirəm.

Bizim iki görkəmli yazıçımızın - Kamal Abdullanın "Yarımçıq əlyazma" və Aqil Abbasın "Dolu" romanlarının meydana çıxması "Söz azadlığı" dövrü ədəbiyyatımızda əhəmiyyətli hadisə oldu və bu əsərlər haqqında da az yazılmadı, ancaq yazılan o məqalələr "Söz azadlığı" dövrü tənqidimizin hadisələrinə çevrilə bildimi?

Xatırlayıram, 1964-cü ildə İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinin tamaşası teatr aləmində etap səciyyəli bir hadisəyə çevrildi və bu tamaşa haqqında Cəfər Cəfərovun "Təklik faciədir" adlı məşhur məqaləsi də teatrşünaslığımızda etap səciyyəli hadisəyə çevrildi, nəzəri-estetik enerjisi ilə teatr tənqidənə yeni nəfəs gətirdi. Yaxud Yaşar Qarayevin 1970-80-ci illərdə "60-cılar"ın yaradıcılığı haqqında yazdığı məqalələr tənqidimizdə həmin yaradıcılıqla bağlı yeni bir yolun, hətta magistralın açılışında az rol oynamadı.

Kamalın da, Aqilin də romanları haqqında üç-dörd məqalədən başqa, qalan məqalələr müasir ədəbi prosesimizdəki "məqalə axını" içində izsiz-soraqsız axıb getdi. Eyni sözləri bizim başqa bir görkəmli yazıçımız Seyran Səxavətin romanları ilə bağlı da söyləmək olar və bütün bu dediklərimdə söhbət, təbii ki, bu əsərləri quru-quru tərifləməkdən yox, onların konseptual təhlilindən gedir.

Yaxud, baxın, əsas etibarilə görkəmli şair və publisist kimi tanıdığımız Sabir Rüstəmxanlı bəhs etdiyimiz dövrdə bir sıra romanlar yazıb və mən deyə bilmərəm ki, tənqid bu romanları görməyib, görüb, onlarla bağlı təqdimatlar, görüşlər keçirilib, ancaq bu yazılanlar, bu təqdimatlar, görüşlər Sabirin romanları haqqında bir küll halında "Söz azadlığı"nın tələb etdiyi nəzəri-estetik miqyası ehtiva etməyi bacarıbmı? Güman etmirəm ki, bu sualın da cavabı müsbət olsun və təkrar edirəm, söhbət obyektiv konseptual təhlildən gedir.

"Söz azadlığı" dövrü ədəbiyyatımızda "roman axını", "hekayə axını", "şeir axını" ilə eyni dövrün tənqidindəki "məqalə (və məqaləciklər) axını" arasında zəncirvari bağlılıq var və bu şırhaşır axan güclü axının qarşısını almaq, aydın məsələdir ki, asan iş deyil, bu, "Söz azadlığı" dövrünün miqyasına, yaratdığı imkanlara ekvivalent olan nəzəri-estetik savad, səriştə, eləcə də ədəbi fədailik, təpər və böyük də məsuliyyət tələb edir.

Simptomatik bir misal da çəkmək istəyirəm: bizim böyük tədqiqatçımız Zümrüd Quluzadə tam bir səmimiyyətlə (və məsuliyyətlə!) etiraf edir ki, "mən 55 ildir sufizmi öyrənirəm, hələ deyirəm heç nə öyrənməmişəm" ("Aydın yol", 26 dekabr 2014), ancaq əlinə yenicə qələm alaraq ədəbi prosesin taybatay açıq və gözətçisiz darvazasından dərhal içəri girmiş bir kimsə heç bir əsas gətirə bilmədən öz quru hökmü ilə hansısa bir şairi (istedadsızı və yaxud da istedadlını) sufi adlandırır, səriştəli tənqidimiz isə susur və nəticədə, sufizmin adını eşidib mahiyyətindən xəbəri olmayan həmin hökm verən kimsə sufizmdən xəbəri olmayan həmin şairi sufizmdən xəbəri olmayan kütləyə sufi şair kimi tanıdır, yəni mahiyyət qalır bir tərəfdə, səriştəsizlik sufizm haqqında bəsit bir təsəvvürlə ədəbi prosesi az qala idarə etməyə başlayır.

Bu yerdə mən bir mühüm məsələnin də üzərində dayanmaq istəyirəm: gənclik və ədəbi proses, yəni gənclərin yaradıcılığı və bu yaradıcılığın ədəbi prosesdəki təqdimatı.

Yaşları aşağı-yuxarı elə "Söz azadlığı" dövrünün yaşı ilə üst-üstə düşən maraqlı bir yeni ədəbi generasiya artıq özünü ifadə etməyə başlamışdır, poeziyada da, nəsrdə də elə nümunələrə rast gəlirsən ki, müəllifi tanımasan da, intuitiv hiss edirsən: bu, məhz "Söz azadlığı"nın gətirdyi yeni nəfəsdir, hələ pöhrədir, ancaq indidən gələcəyin miqyaslı qol-budağından xəbər verir, ancaq bu generasiyanın yaradıcılığının ədəbi prosesdəki inikası nədən ibarətdir? - bəzi dayaz məqalələr, müsahibələrdəki um-küs, giley-güzar, primitiv mülahizələr.

Nə üçün belədir?

Bəli, professional tənqid bu yeni yaradıcılığa lazımı diqqət yetirmir, ancaq güman edirəm ki, əsas məsələ (strateji məsələ!) bunda deyil, əsas məsələ ondadır ki, ədəbi prosesdə bu yeni generasiyanın öz tənqidçi nəsli görünmür, yoxdur və bu yerdə mən yaxın keçmişimizə kiçik bir ekskurs etmək istəyirəm.

İndi, aradan bu qədər illər keçdikdən sonra, fikirləşirəm ki, 60-cı illər sovet dövrü ədəbiyyat tarixində bütün ziddiyyətlərinə baxmayaraq, ideoloji mənada nisbətən liberal, hətta hansı bədii-estetik məqamlardasa romantik onillik idi və bu kontekstdə liberallıq sosrealizm doqmalarından yorulmağın, dediyim həmin bədii-estetik məqamlarda isə aşkar bir etirazın ifadəsi idi. Məhz həmin romantika öz-özlüyündə yalnız "kiçik insanın" deyil, "böyük kiçik insanın" oxuculara təqdim edilməsində böyuk rol oynadı və bu cəhət əvvəlki ədəbi nəslin ayrı-ayrı nümayəndələri, "60-cılar"ın isə bütün ədəbi nəsli üçün səciyyəvi idi.

Bu o demək deyil ki, "60-cılar"ın hamısı ancaq və ancaq gözəl əsərlər yaradırdı, yox, ancaq onların yaradıcılığının diferesial mahiyyətindən asılı olmayaraq, bu yaradıcılıqda bir küll halında o romantizmin ab-havası var idi. Güman edirəm, elə bu cəhətə görə də çox çəkmədi ki, "60-cılar"ın öz tənqidçi nəsli yarandı - həmin romantika doğma bir cazibə ilə onları özünə çəkdi və onlar "60-cılar"ın əsərlərinin mahiyyətinə varmağı bacararaq, nəzəri-estetik təhlilləri ilə bu yazıçıları ədəbi prosesə təqdim edə bildilər.

Bir az tez, bir az gec tənqidə gəlməklərinə baxmayaraq Yaşar Qarayevlə başlayan bu güclü tənqidçi nəsli ədəbi prosesin aparıcı qüvvəsinə çevrildi və qısa zamanda özünü təsdiq etdi. Onların əksəriyyəti bu gün nüfuzlu professorlar, akademiklərdir və onlar yalnız "60-cılar"dan yazmırdılar, onların yaradıcılığı klassik ədəbiyyatımızı, folkloru, dünya ədəbiyyatını da ehtiva edirdi, onların arasında dilçilər, türkoloqlar var idi və "60-cılar"ın özünüifadələri, dediyim kimi, onlar üçün də doğma və məhrəm idi, məncə, hətta yaradıcı bir stimul rolu oynayırdı.

Ədəbiyyat, aydın məsələdir, fərdi hadisədir, heç bir ədəbi nəsil kollektiv şəkildə roman, yaxud şeir yazmır, söhbət ümumi ədəbi prinsiplərdən gedir, hətta deyərdim ki, yeni bədii-estetik və ədəbi-nəzəri manifestdən gedir və həmin tənqidçilər nəslinin o zamankı uğuru onda oldu ki, "60-cılar"ı bir küll halından hadisə kimi qəbul və təqdim etməyi bacardılar. Ola bilsin ki, bu, təhtəlşüur bir qavrama idi və "təhtəlşüur" dedikdə bunu mən indiki kontekstdə bədii ədəbiyyatın ədəbi tənqidlə sinxron inkişafının ifadəçisi kimi, təbii qanunauyğunluq mənasında işlədirəm. Onların nəzəri-estetik hazırlıqları imkan verdi (hətta onları sövq etdi) ki, "60-cılar" yaradıcılığını diferensial olaraq da oxumağı bacarsınlar və "60-cılar"ın fərdi üslub xüsusiyyətlərini analizdən keçirib, ədəbi prosesə gətirsinlər, "60-cılar"a həm bir bütöv kimi, həm də fərdi olaraq qiymət versinlər.

Mən Azərbaycan ədəbi prosesinin bu təcrübəsini ona görə xatırladıram ki, yuxarıda haqqında danışdığım həmin yeni ədəbi generasiyanın, onlarla həmfikir olan, onların uğurlarını da, çatışmazlıqlarını da onlarla birlikdə bölüşən, onlara yuxarıdan aşağı baxmayan tənqidçilər nəsli hələ ki, ədəbi prosesdə iştirak etmir. Tək Qan Turalı ilə iş aşmaz, Qan Turalı kimi öz üzərində işləyən (bunu onun məqalə və esselərindən hiss etmək çətin məsələ deyil) başqa imzalara - bütöv bir ədəbi nəsl anlayışını yaradacaq imzalara ehtiyac var, həm də buna yalnız o gənc yazıçıların, şairlərin yox, "Söz azadlığı" dövrü Azərbaycan ədəbi prosesinin ehtiyacı var.

Mənim bu dediklərimdən belə çıxmasın ki, yaşlı nəsl nümayəndələrinin gənclər haqqında yazmağına ehtiyac yoxdur - belə bir nəticə kökündən yanlış olar, söhbət ədəbi nəsillərin həm bədiiyyatda, həm də tənqiddə bir-birini əvəz etməsindən gedir; söhbət nəsillərin bir-birini daha yaxından hiss etməsindən gedir. Klassik misal: Belinsi Puşkindən bir az böyük, Qoqol və Lermontovla təxminən yaşıd idi və məhz Belinski Puşkini də, Qoqolu, Lermontovu da hələ X1X əsrin birinci yarısında rus ədəbi prosesinin faktına çevirdi, onların böyüklüyünü gördü və bunu göstərməyə nail oldu.

Bizim Tehran Əlişanoğlu, yaxud Cavanşir Yusifli, yaxud da Əsəd Cahangir kimi ədəbi prosesdə nüfuz qazanmış tənqidçilərimiz artıq "Söz azadlığı" dövrünün "qocamanlarıdır", Nərgiz Cabbarlı, Elnarə Akimova, Südabə Ağabalayeva, Günel Eyvazlı, Samirə Əşrəf … gənc və istedadlı qələm sahibləridir (görürsüz, deyəsən, "Söz azadlığı" xanımları özünə daha artıq cəlb edir!), ancaq deyə bilmərik ki, onların əsas diqqət mərkəzi gənclikdir. Ədəbi prosesdə imzaları yeni-yeni görünməyə başlamış müəlliflərin də gənclər haqqında yazılarına, hətta bəzən ciddi və səriştəli yazılarına rast gəlmək mümkündür. Misal üçün, mən Gülnar Səmanın "Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış" ("Ədəbiyyat qəzeti", 4 iyun 2016) adlı xülasə tipli məqaləsini maraqla oxudum və bu məqalənin yaxşı cəhəti ondadır ki, oxuyursan və aşkar hiss edirsən: haqqında bəhs olunan, bax, bu gəncləri oxumaq lazımdır, onların yaradıcılığından daha ətraflı, daha artıq bir təfərrüatla, daha mütəmadi yazmaq lazımdır.

Ədəbiyyat canlı orqanizmdir və onun inkişafı, ədəbi nəsillərin bir-birini əvəz etməsi düz xətt boyu getmir, bu, serpantin bir dağ yoludur, əyrisi-üyrüsü, enişi-yoxuşu var və bu kontekstdə sinxronluq çox əhəmiyyətlidir: ədəbi nəslin tam şəkildə özünü ifadə və təsdiq etməsi üçün nəsrin, poeziyanın və tənqidin vəhdəti olduqca effektli bir cəhətdir. Bizim ədəbi gəncliyin yaradıcılığının ədəbi prosesin aparıcı qüvvələrindən birinə çevrilməsi üçün onu daha artıq dərəcədə hiss edən və anlayan, təqdirini də, təkdirini də məhz bu hissiyatın, bu qavramanın sayəsində ədəbi prosesə çıxara biləcək öz həmnəslinə ehtiyacı bu gün açıq-aşkar görünməkdədir.

"Gənc tənqidçi nəsli" dedikdə mən estrada ab-havasından (əvam inkarçılıqdan, effektsiz haray-həşirdən, primitiv çayxana söhbətlərindən - elə "Söz azadlığı" dövrü bir daha sübut etdi ki, bu, tamam mənasız bir işdi!) uzaq, ədəbiyyatın maraqları ilə yaşayan, ədəbiyyatın geniş mənada missiyasını axtaran və həvəskarın yox, professional yolla addımlamağa başlamış ədəbi qüvvəni nəzərdə tuturam. Biz həvəskar şairin, yaxud nasirin yazdıqlarını həvəskar tənqidçi (!) tərəfindən ədəbi prosesə təqdim olunmasına azmı təsadüf edirik? Bu - ədəbi prosesimizin xəstə cəhətlərində biridir və bəyəm, bunu təsəvvür etmək olar ki, həvəskar pilot 250 sərnişini olan təyyarənin sükanı arxasında otursun?

Qısaca olaraq, bəzi digər məsələlərin də üzərində dayanmaq istəyirəm.

Mətbuatımızı, saytları izlədikdə, aşkarca görünür ki, "qruppa" mənafeyini güdmək, nəzəri-estetik təhlil əvəzinə bəsit və məhdud təbliğatçılıqla məşqul olmaq, hətta bəzən "Söz azadlığı"nı söz terrorizminə çevirmək cəhdi - bu gün bizim ədəbi prosesdə xeyli dərəcədə yayılmış bir cəhətə çevrilməkdə, hətta get-gedə təmayül (mənfi təmayül!) "səlahiyyəti" qazanmaqdadır. Deməliyəm ki, bu xəstəlik bizdə təzə bir şey deyil, hələ keçən əsrin 20-ci illərində də (sinifi mübarizə demaqogiyası, yeni dünya qurmaq fanatizmi), 30-cu illərdə də (sonu güllələnmə və Sibirlə qurtaran ifşaçılıq), müharibədən sonra, xüsusən 19-cu partiya qurultayında Malenkovun məruzəsindən sonra 40-50-ci illərdə də (konfliktsizlik "nəzəriyyəsi", kosmopolitizmə qarşı mübarizə), nisbətən sakit 60-70-ci illərdə də siyasi konyukturadan istifadə olunmaqla müxtəlif formalarda mövcud idi. Bu xəstəlik 80-ci ilin ikinci yarısı, 90-nın əvvəllərində siyasi-ictimai kataklizmin problemləri içində göründü, yəni mənfi əhəmiyyətini itirmədi, sonrakı illərdə isə nisbi (qısa müddətli!) sakitlik yaransa da, yenidən yavaş-yavaş baş qaldırmağa, bu dəfə də "Söz azadlığı"ndan bəhrələnməyə başladı.

Bu xəstəlik yalnız bizim ədəbi prosesin hadisəsi deyil. Baxın, V.Artamonov uzun illərin məşhur rus tənqidçisi Andrey Turkov ilə söhbətində deyir: "Tənqidçi həmişə sözün həqiqi mənasında tənqidçi olmur, bəzən bir-biri ilə atışan qüvvələrin əlində silaha, ya da təbliğatın alətinə çevrilir." Turkov isə bu fikrə münasibət bildirərkən: "Allaha şükür ki, bunlar məndən yan keçib"- deməklə canını qurtarır. ("Literaturnaya qazeta", 22 iyun 2016.)

Məsələ bir tənqidçinin, iki tənqidçinin "məndən yan keçib"ində deyil, məsələ bizim tənqidimiz üçün də əyləc rolu oynayan və ümumi nəzəri-estetik keyfiyyəti aşağı salan bir kəsirdədir, ancaq bu və buna bənzər "kəsirləri" kim açıb göstərməlidir, kim bu cür "kəsirlərə" qarşı ədəbi mücadiləyə qalxmalıdır? Aydın məsələdir: tənqidin özü! Başqa bir yer, başqa bir ümidgah yoxdur ki, orda kömək axtarasan.

Tənqidçi Barxatov isə elə həmin "Literaturnaya qazeta"nın səhifələrində "Tənqid? Hanı o tənqid?"- deyə soraqlaşır və yazır ki, "tənqid indi sadəcə eskort-xidmətə çevrilib." (4-10 mart 2015.) Tənqidin "eskort-xidmətə çevrilməsi" də yeni hadisə deyil, ancaq sovet dönəmində bu hadisə ikili xarakter daşıyırdı: tənqid həm hakim ideolojinin eskort-xidmətinə çevrilirdi, həm də ayrı-ayrı yazıçıların. Bizdə isə tənqid adı ilə ədəbi prosesə həmlə edən yazılar artıq dediyim həmin "kütlə zövqü"nün ifadəsi olduğu üçün, elə ona, yəni "kütlə zövqü"nə eskort-xidmət gəstərir, professional tənqid isə öz sözünü demir.

Tənqid Balzakın madam de La Şanteri kimi dərdini içinə salıb, yalnız adda-budda comərdliklə məşqul ola bilməz, çünki tənqiddə xeyriyyəçiliyin təbiəti başqadır, o ədəbi kəsirlərə, əngəllərə, yəni ədəbi prosesin ümumi mənzərəsini solğunlaşdıran cəhətlərə qarşı mübarizə tələb edir.

Tənqidimizdə qəribə bir proses baş qaldırıb - janr öz simasını itirir. Dörd-beş çap vərəqi həcmində bir əsər roman adı ilə çap olunur və tənqidimizin də bu əsərə münasibəti romana münasibəti ifadə edir, buna görə də çox zaman uğursuzluğa düçar olur. Bəzən də müəllif yox, elə tənqidin özü nəyə görəsə (?!) belə əsərin roman olduğunu ədəbi prosesin boynuna qoymaq istəyir, ancaq buna nail ola bilmir, çünki müddəalarının bünövrəsi yanlışdır və həmin müddəalar özünü doğrultmur.

Məlum məsələdir ki, bədii-estetik "povest" anlayışı bizə rus ictimai fikrindən keçib və ən başlıcası isə, Azərbaycan nəsrində janrlaşıb (yalnız elə İsa Hüseynovun povestlərini yada salaq), ədəbiyyatımızın xəritəsində geniş miqyaslı bir yer əldə edib, indi biz bu janrı nəsrimizin nəzəri təsnifatından çıxarmaqla nə qazanırıq?

Xarici klassikaya nəzər salaq: çağdaş Azərbaycan ədəbiyyatının və tənqidinin yeni yaranmış meyarları ilə yanaşsaq, onda, misal üçün Sveykin, yaxud da Merimenin, yaxud da başqa bir yazıçının iri həcmli hər novellası bir romandır - görün, bu yazıçıların neçə romanı olur? Hamıya aydın olan bir həqiqəti bəyəm, bir daha təkrar etməyə ehtiyac var ki, məsələ janrda yox, əsərdədir? Bəyəm, dörd-beş çap vərəqi bir əsəri roman kimi təqdim etmək (və tərifləmək) onun əhəmiyyətini, bədii siqlətini artıracaq?

Tənqidimiz üçün nisbətən təzə bir problemə də toxunmaq istəyirəm: "Söz azadlığı" Azərbaycan ədəbiyyatşünaslığında yeni bir sahə - mühacirşünaslıq yaratdı və tənqid də bunu ədəbi prosesin predmetinə çevirə bildi. Bizim mühacirətşünaslığımız barədə düşünəndə, bəzən pessimist notlar meydana çıxır ki, misal üçün, yalnız elə rus mühacir ədəbiyyatınada üç Nobel mükafatçısı var, bizim mühacir ədəbiyyatımızda kim və nə var?

Əlbəttə, bu, metodoloji baxımdan yanlış bir təfəkkür tərzidir və hərgah belə meyarlarla yanaşsaq, yalnız mühacir ədəbiyyatına deyil, ümumiyyətlə, ədəbiyyata münasibətimiz belə olsa, onda, bir halda ki, Servantes, Rable, Tolstoy var, bizim nasirlərin özlərinin və tənqidin də onlardan yazmağının mənası nədir? Şekspir olan yerdə… - davam etməyək və kökündən səhv olan bu sualları yarımçıq kəsək - hər bir xalqın ədəbiyyatı (və ümumiyyətlə, sənəti!) onun tarixinin, taleyinin və dilinin kontekstində qiymətlidir.

Mən Nikpur Cabbarlının doktorluq dissertasiyası ilə bağlı bu barədə ayrıca yazmışam ("525-ci qəzet", 10 iyul 2017) və söhbəti uzatmaq istəmirəm, elə bilirəm ki, məsələ aydındır, ədəbi mühacirətşünaslığımızın yaranması son illərin əlamətdar hadisəsidir, ancaq bir şərtlə: hissə qapılmayaq, tədqiqat və təqdimatlarımızda vətənpərvərlik emosiyaları bədii-estetik dəyərləri üstələməsin, yəni, misal üçün, hansı bir mühacir şairimizsə qürbətdə vətən həsrəti çəkdiyinə, bir insan kimi taleyinin acılığına görə sənətkarlıq dərəcəsinin fərqinə varmadan, onu Mikayıl Müşfiq, yaxud da Səməd Vurğunla, Süleyman Rüstəm və Rəsul Rzayla eyni sıraya qoymayaq. Ədəbiyyat olduqca sərt bir məfhumdur, onun bədii-estetik meyarlarına sentimentallıqla yanaşıb, güzəştə getmək olmaz və əslində bu, heç mümkün də deyil, geci-tezi var, zaman hər bir qələm sahibinin yerini dəqiq müəyyənləşdirir.

"Söz azadlığı" dövründə müsahibələrin ədəbi prosesdə aktiv iştirakında təəccüblü bir şey yoxdur - müsahibəni aparan da istədiyi sualı verə bilir (və verir), müsahibə verən də heç nəyi gizlətmədən və heç nədən çəkinmədən bu sualları cavablandıra bilər, ancaq müsahibələr çox zaman da səviyyəsiz müsahibələr ədəbi prosesin simasını müəyyənləşdirməyə başlayanda - bu, pis, hətta çox pisdir.

Müsahibəni nəzərdən keçirirsən və dərhal hiss edirsən ki, müsahibə aparanın müraciət etdiyi yazıçının əsərlərindən xəbəri yoxdur - bəzən müsahibə götürən bunu heç gizlətmir də. Ya da müsahibə verənin primitiv fikirləri, ədəbiyyat haqqında bəsit düşüncələri, sənətə ibtidai münasibəti, özünü heç vəchlə doğrultmayan iddiaları və s. ilə rastlaşırıq.

Yaradıcılıq, ədəbiyyat, ümumiyyətlə, sənət haqqında söhbət, həyata münasibət haqqında düşüncələr qalır bir tərəfdə, um-küs, arağı nə qədər içmək, bayağı "ilk məhəbbət", gizli, ya da tamam aşkar obıvatel intriqası söhbətləri başlayır, yəni müsahibə - öz-özlüyündə maraqlı və lazımlı bir janr - ədəbi prosesə obıvatel əhval-ruhiyyəsi aşılayır. Araq içməyi ictimailəşdirmək obıvatel reytinqini yəqin ki, çoxaldır, ancaq ədəbiyyatın təxirəsalınmaz problemləri, fərdi yaradıcılıq psixologiyası, eləcə də, dediyim kimi, həyata, varlığa münasibət bu operativ janrdan kənarda qalır. Sonra da kütlə ədəbi zövqünün kütləşməsindən danışırıq… Əlli ildən sonra kiminsə həvəsi olsa və bu tipli müsahibələri oxusa, yəqin fikirləşəcək ki, deyəsən, cəmiyyət bir az xəstəhal olub.

Bu yazıda mən tez-tez tənqidin elmi-nəzəri hazırlığı məsələsinə toxunuram, ancaq bu gün tənqid üçün mühüm cəhətlərdən biri də onun fədailiyi, zəhmətkeşliyidir (tənqidlə bağlı zəhmətkeş deyən kimi, ilk olaraq bizim hörmətli tənqidçimiz Vaqif Yusifli yadıma düşür!), çünki həm bədii (çox zaman da qeyri-bədii) təsərrüfat, həm də ədəbi prosesdə saf-çürük edələcək yazı-pozu kəmiyyət etibarilə o qədər çoxdur ki, bunları oxuyub, ədəbi mücadilənin öhdəsindən gəlmək böyük zəhmətkeşlik, fədailik tələb edir. Bu yerdə mən Tehran Əlişanoğlunun hər dəfə böyük əzab-əziyyət və fədakarlıqla (mən bunun şahidiyəm) meydana çıxartdığı "Tənqid.Net" jurnalını xüsusi qeyd etmək istəyirəm, çünki jurnalın indiyə kimi nəşr olunmuş nömrələri bir küll halında "Söz azadlığı" dövrü tənqidimizin özünəməxsus mini-ensiklopediyasıdır.

Sovet dövrü ədəbi-elmi cameədə böyük nüfuza malik olan "Voprosı literaturı" jurnalı nəşr olunurdu (həcmi və tirajı xeyli azalmış bu jurnal indi də - hələ ki! - nəşrini davam etdirir) və 80-ci illərdə o jurnalın müəlliflərindən biri olduğum üçün, oradakı redaksiyanın işi ilə yaxından tanış idim. Jurnalın redaksiya işçilərinin də, fəxri yox, işgüzar redaksiya üzvlərinin də çoxu Rusiyanın tanınmış tənqidçi-ədəbiyyatşünasları idi və "Voprosı literaturı" onların müştərək gərgin əməklərinin bəhrəsi idi. "Tənqid.Net"i isə Tehran müəllim tək hazırlayırdı və deməliyəm ki, milli ədəbiyyatımız və tənqidimiz, eləcə də ədəbi ənənələrimiz kontekstində bu nəşr məhz "Söz azadlığı" dövrünün yaxşı bir faktıdır.

"Söz azadlığı" dövrünün başqa nüm nümunəvi uğurları barədə də danışmaq olardı və misal üçün, siz baxın, tənqidçi kimi hələ sovet dönəmində formalaşmış Vilayət Quliyev, yaxud İsa Həbibbəyli, Nizaməddin Şəmsizadə, yaxud Şirindil Alışanov, o zaman lap cavan olan Nizami Cəfərov kimi qələm sahiblərimizin yazdıqlarını 25-30 il bundan əvvəl yazdıqları ilə müqayisə edin - əsaslı bir fərqi görəcəksiz və bu fərq yalnız təcrübənin gətirdiyi inkişafın göstəricisi deyil, eyni zamanda, "Söz azadlığı"nın gətirdiyi nəzəri-estetik çərçivəsizliyin, sərbəstliyin ifadəsidir.

Ancaq ümumilikdə bu azadlıq tənqidimizə nə verib? Çağdaş ədəbi prosesimiz "Söz azadlığı" sınağından çıxa bilibmi? Bu sualların cavabı artıq deyəsən, özümü təkrar edirəm, təəssüf ki, tənqidimizin xeyrinə deyil. "Söz azadlığı" tənqidimizə hələ ki, bu azadlığa layiq bir bədii-fəlsəfi dərinlik və nəzəri-estetik miqyas gətirməyib.

Mən uzun zaman tənqidin tədqiqi ilə məşğul olmuşam və deməliyəm ki, bəli, ədəbi prosesin simasını tənqid müəyyən edir, ancaq tənqidçi heç vaxt ədəbi prosesin sevimlisi olmayıb, çünki bədiiyyatın tənqidçi ilə dil tapmağı elə də asan məsələ deyil və bu, tarixən belə olub. Anekdotvari bir əhvalat yadıma düşür: Aleksandr Dümadan məşhur bir tənqidçini dəfn etmək üçün beş frank istəyirlər. Düma on frank verərək deyir: "- Alın bu on frankı, iki tənqidçi dəfn edin." Bu, əlbəttə, zarafatdı, ancaq hər halda, yazıçının (incimiş yazıçının!) tənqidçiyə gözəl münasibətinin ifadəsi deyil və nəinki yazıçının, tənqid edilən tənqidçinin də öz həmkarına münasibəti, bəzən dözümsüz olur, hətta aşkar bir indi dəbdə olan sözlə desək, stress keçirir, həmin mənəvi sarsıntı içində tələsik elə bir cavab yazır ki, "özünümüdafiə" naməsi tənqid edilən yazısından da aşağı səviyyədə olur.

Bu tipli yazıların üstündə dayanıb, vaxt itirməyək, onları bir kənara qoyub, bu həqiqəti deyək ki, tənqid həmişə tənqid olunub, ancaq tənqidi tənqid edən də elə tənqid özü olub və bu yazının əvvəllərində də qeyd etdiyim kimi, tənqid özünü tənqid edə bilirsə, bu özünütənqidin nəzəri-estetik səviyyəsi varsa, deməli, bir tərəfdən tənqidin zəifliyini göstərirsə, o biri tərəfdən özünün qadirliyini də ifadə edir.

Sovet dönəmində tənqidin tənqidi ilə bağlı Azərbaycan tənqidinin çox tutarlı bir ənənəsi yaranmışdı və Məmməd Cəfər Cəfərovun, Cəfər Cəfərovun, Kamal Talıbzadənin, Yaşar Qarayevin tənqid haqqında məqalələri dediyim həmin ikiliyi - öz zəifliyini göstərmək bacarığını - ifadə edən yaxşı nümunələr idi, ancaq bu məqalələrin özləri də ideoloji çərçivələr arasında sıxılırdı, demək istədiyi sözün miqyası o ideoloji çərçivələrə dirənib qalırdı.

Ancaq biz deyə bilərikmi ideoloji çərçivələrdən azad olmuş tənqidimizin həmin ənənəsi bu gün qol-budaq atıb? Yox, nəinki qol-budaq atıb, ilin sonundakı bəzi icmal məqalələri (məruzələri) nəzərə almasaq, o ənənələr unudulmaq üzrədir. Aydın məsələdir, "Söz azadlığı" olmadan böyük ədəbiyyat yaratmaq çətin işdir, ancaq eyni zamanda, "Söz azadlığı" anti-ədəbiyyat üçün də münbit zəmin yaradır və bu baxımdan bizim tənqidimiz həm "Söz azadlığı" şəraitində böyük ədəbiyyatın (yəni istedadın, professional, geniş bədii-estetik mündərəcata malik ədəbiyyatın!) təəssübünü yaranmış əlverişli şəraitə layiq şəkildə çəkə bilmir, həm də ədəbi prosesdə özünütənqidə adda-budda rast gəlirik..

Hələlik belədir.

Mən bu qeydləri yazmağa başlayanda dedim ki, 25 il az deyil, yəni 25 il öz-özlüyündə hesabat üçün ciddi bir zaman vahididir, digər tərəfdən isə həmin 25 il ədəbiyyatın tarixi müqabilində bir andır, ancaq biz bilirik ki, hər anın da öz hökmü var.

Bu müddətdə biz tənqidimizdə "Söz azadlığı"nın yaratdığı imkanlardan tam istifadə edə bilməmişik və ədəbi prosesimiz bunu aydın şəkildə göstərməkdədir. Orasını da nəzərə alsaq ki, bu müddət təməlqoyma dövrüdür, deməli, itkilərimiz daha artıq əhəmiyyət daşıyır və bu itkilər növbəti 25 ildə daha qlobal itkilərə aparıb çıxara bilər.

Allaha təvəkkül, yoxsa qələmə?

Ancaq mən bu yazını daha pozitiv bir nöqtə ilə bitirmək istərdim və elə buna görə də bu yaxınlarda, xatirimdə deyil, hansı mətbuat orqanındasa gözəl lirik şair A.Kuşnerin söylədiyi bir fikir yadıma düşdü. Deyir ki, yasəmən ağacı sovet hakimiyyəti zamanı necə çiçək açırdısa, indi də elə çiçək açır və məncə, bu sözlərdə çox vacib bir həqiqət var: istedad epoxal dəyişiklərin belə, fövqündədir, çünki hansı epoxa olur, olsun, istedad o yasəmən ağacının çiçəklənməsini mütləq görəcək və bəşəri ədəbiyyatın min illərlə tarixi bunu çoxdan sübut edib.

Tənqidçi də həqiqi tənqidçidirsə, əlbəttə, o da istedad sahibidir və öz missiyasının öhdəsindən gələcək.

Sadəcə, vaxt itirməyək.

2017

# 1048 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #