Məşhur tərcüməçi: “Folknerlə aramda ahəng yarada bilmədim”

Məşhur tərcüməçi: <span style="color:red;">“Folknerlə aramda ahəng yarada bilmədim”
8 iyul 2017
# 14:13

Türkcə 120 tərcümə kitabı çıxmış tanınmış tərcüməçi İlknur Özdəmirin APA-ya müsahibəsi:

- Qabriel Qarsia Markes demişdi ki, “Yüz ilin tənhalığı” romanında özümün gördüyüm 42 qüsurun heç birini tənqidçilər görmədiyi halda əsərin italyan dilinə tərcüməçisi 6 qüsuru görə bilmişdi. Sizcə, Markes “səhv” deyəndə nəyi nəzərdə tuturdu? Siz də böyük yazarların “səhvlərini” yaxalayırsınızmı?

- Adını vermək istəmədiyim, bir yazarın italyan dilinə tərcüməçisini tanıyıram. O yazarın kitabları xaricdə Türkiyədən daha çox bəyənilir. Bunun səbəbini soruşanda tərcüməçi mənə demişdi ki, biz bəzi cümlələri düzəldirik. Demək ki, ya səhvləri görürlər, ya da fikirlərin düz ifadə edilmədiyini. Tərcüməçinin üzərinə böyük iş düşür. Şəxsən mən “səhvlər” tapdığımı düşünmürəm, ancaq düzgün ifadə edilməyən fikirlərə rast gəlirəm. O biri tərcüməçi arkadaşlarım da onları Türkcəyə tərcümə edərkən düzəldirlər. Amma səhvdirsə. Yoxsa yazarın cümləsini bəyənməməkdən söhbət gedə bilməz. Tərcüməçilik çox əziyyətli iş olsa da, zəhmət haqqı o əziyyəti ödəməyən işdir. Çünki tərcüməçi bir hekayəni və ya romanı başqa dildən alıb öz dilində yazan insandır. Yazarlıq qabiliyyəti olmayan tərcüməçilərin tərcümələri keyfiyyətli olmaz. Ona görə tərcüməçinin özündə də bir az yazarlıq qabiliyyəti olması lazımdır. O vaxt meydana daha mükəmməl tərcümələr çıxar. Tərcüməçinin tərcümə etdiyi dildən əvvəl Türkcəni yaxşı bilməsi lazımdır. Türkcəni yaxşı bilməyən, dildən yaxşı istifadə etməyən, dilin qaydalarına bələd olmayan bir tərcüməçinin işləri həqiqətən heç yaxşı olmur. Tərcümə etdiyiniz yazarın mənsub olduğu ölkənin mədəniyyətini də yaxşı bilmək lazımdır.

- Nevzat Erkmen Ceyms Coys-un “Ulysses” romanını 40 ilə tərcümə edib, sonra da əsərin daha yaxşı başa düşülməsi üçün 800 səhifəlik “Ulysses sözlüğü” yazib. Amma İrlandiya Erkmene çox qiymət verir, adı dövlət protokolunun üst sıralarındadır. Səhv etmirəm ki?

- Mən Nevzat bəylə tanış olanda demişdi ki, ağıllı insanlar tərcümə işi ilə məşğul olmazlar. Hər şeydən əvvəl, tərcümə könül işidir, bu işlə sevmədən məşğul olmaq mümkün deyil. Bu işi çox sevmək lazımdır. Mən tərcümə etməyi çox sevirəm. Bir müddət sonra bu iş insan üçün həyat tərzinə çevirilir. Bu işdən zövq almasanız, görməzsiniz. Nevzat bəy bu işi ancaq pul üçün görməyib. Özünü bu işə verəndən sonra illər boyu ayrıla bilməyib. Biz ana dilimizə yaxşı əsərlər qazandırmaq üçün tərcümələr edirik. Bu işi şan-şöhrət üçün yox, sevdiyimiz üçün görürük. Pul qazanmaq istəyənlər də var. Çox satılan kitablardan pul qazanmaq mümkündür. Kitab çox satılanda tərcüməçi öz əməyinin bəhrəsini görə bilir. Bu işə başlayana qədər mən özümdə tərcüməçilik qabiliyyətinin olduğunu bilmirdim, təsadüfən meydana çıxdı. Həyata tərcüməçi kimi başlamamışam, müəyyən mərhələdən sonra oldu. Xatırlayıram ki, bir dəfə 100 səhifə tərcümə edib yarımçıq qoydum.

- Sirr deyilsə, kimin əsərini yarımçıq qoydunuz?

- Yox, deməyim. Daha əvvəl işlədiyim nəşriyyatda olmuşdu. Əvvəlcə maraqlı kitab təsiri bağışlamışdı, ancaq kitab mənə görə deyildi, heç cür ahəng yarada, kitabın içinə girə bilmədim. Tərcüməm səthi olurdu, ona görə başqa bir tərcüməçiyə verdik. Tərcüməçi o kitabı sevməlidir yoxsa yaxşı tərcümə olmaz.

- “Kırmızı kedi” nəşriyyatının stendlərinə baxanda Virciniya Vulf ilə ahəng yaratdığınıza qəti əmin olmaq mümkündür.

- Vallah, rəhmətliklə (gülür).... təsadüf oldu. Burda “Mrs. Dalloway”i tərcümə etməyim üçün təkid etdilər. Tomris Uyarın tərcüməsi var ikən mən onu necə tərcümə edə bilərdim? Dedilər ki, o tərcümədən 35-40 il keçib, yenidən tərcümə edilməsi normaldır. Baxan kimi özümü kitabın içində gördüm. Sonra Virciniya Vulfun həyatını öyrəndim, onsuz da bütün kitablarında həyatından izlər var. Mənə çox təsir etdi. 100 ildən də o tərəfə Britaniyada qadın haqlarının tam tanınmadığı dönəmdə (özü də məktəbə getməyib evdə təhsil alan yazardır) o şeyləri yaza bilməsi, xəyal gücü mənə çox təsir etdi və tərcüməyə məmnuniyyətlə davam etdim. Pol Auster də mənim o şəkildə ahəng qurduğum bir yazardır. Stefan Tsveyq ilə də dialoq yarada bilirəm. Son vaxtlarda onun bir neçə əsərini tərcümə etdim və tərcüməyə davam edirəm. O da insan duyğularını, insan acılarını çox dərindən yazan bir qələm sahibidir. Bilirsiniz ki, indi heç kim o cür yazmır, onun kimi yazar yoxdur. O dönəmin əziyyətlərinə məruz qalmış bir yəhudi ziyalısı kimi insan ruhunu çox dərindən analiz edən, dərinliklərə enə bilən yazardır.

- Aslı Biçendən soruşmuşdum ki, Folknerin “Abşalom, Abşalom” romanını necə tərcümə edə bildin? Demişdi ki, 6 ay özümə gələ bilmədim.

- Bəzən olur.

- Siz neçə ay özünüzə gəlmirsiniz? Məsələn, Vulfv ya Tsveyqi bitirəndən sonra…

- Vallah, Vulf mənə çox dərindən təsir edir. Şüur axını ilə yazır. Hazırda “Dəniz fənəri”ni tərcümə edirəm. Tərcüməni bir tərəfə qoyun, oxunması da çətin kitabdır. Necə olub ki, bu qədər dərindən düşünə bilib? Onun təsirindən çıxa bilmirəm. ”Lissabona gecə qatarı”nın təsirindən də o cür çıxa bilməmişdim. Kitabın tərcüməsini bitirən kimi qalxıb Lissabona getdim. O şəhəri görməli idim, “Yazarın yazdığı yerləri bir də mən görüm”- dedim və qalxıb getdim. Mənə təsir edən çox əsər var, təxminən 120 əsər tərcümə etmişəm, inanın ki, indi çoxunu xatırlaya bilmirəm.

- Bu baxımdan möhtərəm dostumuz Seçkin xanımla təxminən yanaşı irəliləyrsiniz.”Şüur axını”nı xatırlatdınız. “Ulysses”dəki şüur axınına görə Coys, Yunqun qəzəbinə düçar olub, məktubunda Yunq ona “qarğış edib”. Markesin isə ən yaxşı şüur axını və daxili səsin Vulfda olduğunu deyib. Siz necə dəyərləndirirsiniz?

- Məncə də ən yaxşı daxili səs Vulfdadır, tanıdığım yazarlar arasında o, ən yaxşı şəkildə ifadə edir. Öz daxili səsini çox yaxşı əks etdirən yazardır. Markes ədəbiyyata jurnalistikadan gələn yazardır. Onun həyat və yaradıcılığı ilə bağlı amerikalı tədqiqatçının yazdığı əsəri də mən tərcümə etmişəm, nəşriyatımızda çıxıb. Köşə yazarlığından gələn bir yazarın magik realizmi bu qədər böyük ustalıqda verməsi ədəbiyyatda çox nadir hadisədir. Kitaba “Bir söz sehrbazı Markes” adını da tərcümədən sonra mən qoydum. Gerçəkdən Markes sehrbazdır.

- Xatirələrini yazandan sonra da gördük ki, əsərlərində yazdığı süjet və motivlərin hamısı öz yaşadığı hadisələrdir.

- Jurnalistikadan gələn yazarlarda çox rast gəlinən şeydir. Türk jurnalistikasından ədəbiyyata keçən yazarların romanlarına baxanda onu görürük.

- Yaşar Kamal...

- Bəli, bəli, başda Yaşar Kamal olmaqla. Jurnalist həyata fərqli baxır, həyatı yaxalamağa çalışır, köşə yazılarında da onları əks etdirir. Romana keçəndə isə-yenə əsərində özü olur, ancaq bu dəfə başqa yazı texnologiyaları da tədavülə daxil olur.

- Folknerin yazı texnikasını Türkcəyə tərcümədə qorunduğuna görə, bəzən onun tamamilə fərqli yazı tərzinə baxıb deyirlər ki, cümlə qura bilmir. Başda Talat Halman olmaqla, tərcüməçilərin Folknerin tərzini qoruması Türkcəyə bir şey qazandırıb, yoxsa türk dili bundan nəsə itirib?

- Mən Folknerlə öz aramda ahəng yarada bilmədim. Bir neçə il əvvəl tərcümə etmək istədim, bir neçə hekayəsini tərcümə edəndən sonra onunla ahəng yarada bilmədiyimi gördüm. Bəzən ingiliscədə qulağa xoş gələn kəlmələr Türkcəyə hərfən tərcümə ediləndə eyni ləzzəti verməyə bilir. Və ya Amerikan ədəbiyyatı ilə çox yaxından məşğul olanlar Folkneri daha dərindən bilirlər, mən oxucuların da onunla dil tapacağına ümid edirəm.

- Hər il Türkcə neçə mühüm əcnəbi əsər tərcümə edilir, statistikanız varmı?

- Məncə, 80-90 önəmli yazarın əsəri çap edilir. Bəzən yeni yaradılmış nəşriyyatlar da çox yaxşı yazarları tapıb çap edirlər. Kitabların hamısını oxumağa, əlbəttə ki, vaxtımız yoxdur, ancaq məncə, hər il ən azı 50-60 yaxşı əcnəbi yazarın yeni kitabları çap edilir.

- Hazırda “Kırmızı kedi” nəşriyyatı uzun illərdən bəri bazarda olan Can yayınları, Yapı ve kredi yayınları, İş bankası yayınları v.s. nəşriyyatlarla ciddi rəqabət içindədir. Bu barədə siz nə düşünürsünüz?

- Burada işə başlayandan bir müddət sonra həmkarlarımızdan biri dedi ki, “Kırmızı kedi” nəşriyyatının ədəbiyyat cizgisi Can yayınlarına çox bənzəyir. Bu, çox normaldır, çünki mən 10 il Can yayınlarında işləmişəm. Nəşriyyatın sahibi rəhmətlik Ərdal Öz məni çox sevərdi, heç vaxt işimə qarışmazdı, əsərləri özüm seçim tərcümə edərdim. Mən nəşriyyat işini ondan öyrəndim. Ordakı cizgini burda davam etdiririk. Əlbəttə ki, daha çox kitab satılmasını biz də istəyərik, ancaq müəyyən keyfiyyət cizgisinin altına düşməmək lazımdır. Nobel mükafatı alan bəzi yazarları Can yayınlarında çap etmişdik. Bir naşir yaxşı kitabların dalınca düşəndən sonra keyfiyyətsiz kitab çap etməsi mümkün deyil. Biz burada eyni səviyyəni qoruyuruq. Səhvlərimiz də var, bəzi kitablarımız gözlədiyimiz kimi satılmır. Yaxşı yazarların 1-2 kitabını həmişə çap etməyə çalışırıq.

# 1363 dəfə oxunub

Müəllifin son yazıları

# # #