Bütün adamlardan qorxuram, ana – Oğuz Ayvazdan YENİ ŞEİRLƏR

Bütün adamlardan qorxuram, ana – Oğuz Ayvazdan <span style="color:red;">YENİ ŞEİRLƏR
3 fevral 2017
# 08:30

Kulis.az Oğuz Ayvazın yeni şeirlərini təqdim edir.

Təbiət eskizi

dənizin üzərinə əllərimi sərdim,

sonsuzluğun şəkilini çəkirdi rəssam...

İtkin bir yalnızlıq bizimkisi...

bir uğultu səsi gəlir meşənin qaranlığında

nə bir çiçək, nə də bir quş qanadlanmış,

sevgiyə dair nə varsa qaranlığa qarışmış...

gecə son nəfəsini verdi günəşin təbəssümündə

ən incə paltarı yırtıldı təbiətin

yaşıl rəngə boyandı...

bir damcı düşdü yarpaqdan torpağa

bir kəpənək uçdu gözlərimin içindən,

bir ruh ağuşuna aldı məni,

ağacların nəfəsi üzümə vurdu

çiçəklər rəngləndi, quşlar cikkildədi

göy üzünə ucalmaq istədim...

Fevral şeiri

atam öləndə aylardan fevral idi
şəhərimiz soyuqdan donmuşdu,
heç qışda da adammı ölərdi?
heç ilin bu vaxtı getməkmi olardı?

atam öləndə günəş də
tərk etmişdi şəhərimizi,
evimizin işıqları söndü,
qaranlıq uddu bizi...

qar yağırdı, qar...
göydə uçuşan qar dənəcikləri
atamın gəzdiyi küçələri örtürdü...

atama baxdım,
üzündə uşaq
təbəssümünü basdırmışdılar
uşaqların köçü
başlamışdı gözlərində
hissə-hissə qopub
nəhəng ayrılığa yaxınlaşırdı
qayıqların limana
çatmaq sevinci vardı bədənində...

atam ölən gün biz çox ağladıq,
bircə qardaşım çox susdu,
indi bütün uzaqlar atadır,
indi bütün uşaq təbəssümləri xatırlamaqdır,
indi bütün qovuşmayanların adı atamdır...

Bacımın rəsmi

tər-təmiz, çirklənməmiş göy üzü çəkir kağızda bacım,
günəş olur orda, dağlar olur, uşaqlar olur.

göy üzünün rənginə boyanır əlləri,
balaca, totuq əlləri,
günəşi atama bənzədir,
dağları anama,
uşaqları bizə...

bulanıq görünür rəsmdəki uşaqlar,
günəşin sarısı qızarıq,
dağlar göy üzünə çox yaxın...

göy üzündən sonra boşluqdu kağızda
Tanrını çəkə bilmir bacım,
kağıza yerləşməyəcək deyir
həm də rəngi qurtarıbmış.

rəsmdə Tanrını axtarırıram hər gün
ona bir yer axtarıram,
ya uşaqların yanında,
ya dağların,
ya günəşin...

Dəniz üçün

səninlə dənizə gedirik,
balıqçılara gülümsəyirik,
onlara kömək edirik,
axşama balıq var əlimizdə
səni sevirəm
balığın dənizi sevdiyi qədər...

səninlə kinoya gedirik
qaranlığa düşən böyük işıqda kölgələrə çevrilirik,
film başlayanda səni öpürəm
başqa yerlərdə də öpüş səsi gəlir
səni sevirəm
filmlərə həyatı kimi baxan adamlar qədər...

səninlə parkda gəzişirik,
tum çırtlayırıq, dondurma yeyirik,
bir bomja pul veririk,
səni sevirəm
bomjun çarpayını sevdiyi qədər...

səninlə şəhərdə dolaşırıq,
qabağımıza çıxanlara sevgili deyirik
bizə xoşbəxtlik arzulayırlar,
gözəl sözləri əynimizə keçirib,
gülüşləri paylayırıq tənha adamlara
səni sevirəm
tənha adamların sayı qədər...

səninlə tanımadığımız adamlara məktublar yazırıq
xoş xəbərlər veririk onlara
uşaqları olacaq, toy olacaq, gözəl günlər gələcək
səni sevirəm
məktubları bağrına basan analar qədər...

səninlə evimizə gedirik
hər yeri təmizləyirik
yemək bişiririk öpüşə-öpüşə
axşama süfrə hazırlayırıq
bacımla-qardaşım gələcək
rəqs edirik, əylənirik,
atamın, anamın şəkilləri
gülümsəyir bizə
səni sevirəm
atamın yolunu gözləyən anam qədər...

Qar

göy üzü ağ rəngə bulaşdı,
qar, qar deyə qışqırdı balaca uşaq əlləri,

göy üzünə qarışdı çığırtılar
adamlar qara bulaşdı, ağappaq oldu adamlar...

təmizləndi şəhərin əzabları
qara qarışdı uşaq səsləri...

rəqs elədi qar dənəcikləri havada
xatirələrin üstünə yağdı qar...

ağardı kimsəsiz küçələr,
şəhərimiz qarın altında qaldı, uyudu...

atamla anam qarda evləndi
atamı da, anamı da qarda itirdim...

bəlkə də qar olub kirpiklərimə yağdılar
bəlkə də uşaqların düzəltdiyi qar adam atam idi...

İnsanlardan qorxuram

bütün insanlardan qorxuram, ana

bütün küçələrdən,

bütün maşınlardan toqquşacaq kimi keçir gözlərimdən xatirələr...

mən qəhrəman ola bilmədim, ana

aciz oldum hər nəğmənin qarşısında

gözlərim yaşlı olanda daha gözəl oldu biləsən.

bütün kədərləri birləşdirib bədənimin içində gizlətdim

hərdən cırmaq atdılar,

təpik vurdular,

söydülər

döydülər,

elə bildim

bədənim dözməyəcək buna, ana,

elə bildim

baxdığım güzgülər parçalanacaq,

gördüyüm maşınlar toqquşacaq,

qarşılaşdığım binalar partlayacaq,

görüşdüyüm insanlar

qırıq-qırıq olacaq

heç biri olmadı, ana

bədənimin heç bir

hissəsi qopub düşmədi,

elə çox istəyərdim əzablarımı

kəsilmiş qollarım özü ilə aparsın,

ya da ayaqlarım olmasın

gedə bilməyim kiməsə,

kimsə gəlsin mənə.

bütün adamlardan qorxuram, ana

bütün küçələrdən,

bütün maşınlardan,

toqquşacaq kimi keçir

gözlərimdən xatirələr...

Image result for oğuz ayvaz

# 1273 dəfə oxunub

Müəllifin son yazıları

# # #