Amerika həkimlərinin yalan diaqnozu – Rosenhan eksperimenti

Amerika həkimlərinin yalan diaqnozu – Rosenhan eksperimenti
29 avqust 2016
# 16:22

Rosenhan eksperimenti 1972-ci ildə ABŞ psixoloqu, Stanford Universitetinin professoru David Rosenhan aparılıb. Təcrübə psixiatriya klinikalarında qoyulan diaqnozların nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlamaq məqsədi daşıyırdı.

Təcrübə iki hissədən ibarət idi. Birinci hissədə 8 nəfər iştirakçı uydurulmuş mental problem simptomu ilə müxtəlif psixiatriya klinikalarına müraciət edirlər. Təcrübənin ikinci hissəsində bir neçə psixiatriya klinikasına xəbər verilir ki, növbəti üç ayda bir neçə şəxs onlara uydurma simptomlarla müraciət edəcək.

Təcrübənin iştirakçısı olan səkkiz psevdopasient (yalançı xəstə) müxtəlif sosial qruplardan seçilir. Qrupun tərkibi belə idi: universiteti psixologiya ixtisası üzrə bitirmiş 20 yaşlarında məzun, pediatr, psixiatr, rəssam, evdar qadın, və üç psixoloq (Rosenhan onlardan biri idi).

Onlar təcrübədə psevdonimlərlə iştirak edirdilər. Təcrübə ərzində səkkiz iştirakçı Amerikanın müxtəlif ştatlarında yerləşən müxtəlif səviyyəli 12 psixiatriya klinikasına xəstə kimi müraciət etdilər. İştirakçılar klinikaya eyni şikayətlə gəlirdilər: onlar səslər eşidirlər. Bu səslər "boş", "boşluq", "düşmək" kimi sözlər deyirdilər. İştirakçıların uydurma şikayətləri bununla bitirdi, bundan sonra isə hər bir iştirakçı klinika həkimlərinə öz həyatında baş verən real hadisələri təsvir edirdi. Bu real hekayələr onların öz valideynləri, bacı-qardaşları, ailə üzvləri, dostları və iş yoldaşları ilə olan münasibətlərini əhatə edirdi. İştirakçılar klinikadakı psixiatrlara həyatlarında baş verən hadisələri olduğu kimi danışır, bu hadisələrin onları sevindirdiyini və ya məyus etdiyini açıq bildirirdilər. Bu hadisələr və iştirakçıların onlara reaksiyası əslində tam normal idi və onlarda heç bir patologiya yox idi.

Psixiatriya klinikasına xəstə kimi qəbul edilən iştirakçıların klinikadakı sonrakı davranışı tam normal olurdu, onlar, ilk şikayəti çıxmaq şərti ilə heç bir əlavə uydurma anormallıq göstərmirdilər. Bundan başqa, sonradan iştirakçılar həkimlərə özlərini yaxşı hiss etdiklərini və daha səslər eşitmədiklərini söyləyirdilər. Onlar həkimlərlə və real pasientlərlə dostcasına davranır, özlərinin "sağalmaqda olduqlarını" göstərmək üçün həkimlərlə əməkdaşlıq edirdilər.

Səkkiz iştirakçıdan yeddisi müraciət etdikləri klinikalara şizofreniya diaqnozu ilə qəbul edildilər. Onların klinikada 7 günlə 52 gün arasında qaldılar. Müddətin sonunda onlar həmin klinikalardan " remissiya səviyyəsində şizofreniya" diaqnozu ilə buraxıldılar. Klinikada olduqları müddətdə heç kim onların davranışından şübhəyə düşmədi və onların uydurma xəstə olduqlarını fikirləşmədi. İştirakçılar şizofreniya diaqnozu ilə daxil olduqlarından klinikada onları müalicədən sonra da mental cəhətdən normal, sağlam adam kimi qəbul etmədilər.

Baxmayaraq ki, klinikalarda həkimlər iştirakçıların mental xəstə olduqlarına əmin idilər, klinikaların real pasientləri bir neçə halda iştirakçıların davranışından şübhələnmişdilər. Əsil mental xəstələrdən bir çoxu iştirakçılardan bəzilərinə bildirmişdilər: "Siz dəli deyilsiniz. Siz jurnalistsiniz... Siz xəstəxananı yoxlayırsınız."

Təcrübənin kişi iştirakçılarından birinin erkən uşaqlıqda anası ilə münasibətləri yaxın, atası ilə isə uzaq və soyuq olub. Yeniyetməlik dövründə isə əksinə, o anasından bir qədər uzaqlaşmış, onunla atası arasında yaxın, dostcasına münasibət formalaşmışdır. (Əslində münasibətlərin belə şəkil alması gənc oğlanlar üçün çox təbiidir.) Pasientin bu məlumatı klinikanın həkimi tərəfindən belə təhlil edilmişdir: "Onun anası ilə yaxın münasibətləri yeniyetməlikdə soyumuşdur. O atası ilə olan uzaqlığın sonradan çox sıx münasibətə çevrildiyini bildirir. Münasibətlərdə affektiv stabillik yoxdur." Sonra həkim təhlilini davam etdirir: "Baxmayaraq ki, pasient bir neçə yaxın dostu olduğunu bildirir, hiss olunur ki, bu münasibətlərdə də əhəmiyyətli ikitirəlik ola bilər."

Həkimlərin səhv diaqnoz qoyması göstərir ki, onların iştirakçılara münasibəti güclü bias (qabaqcadan mühakimə) əsasında formalaşır. Onlar sağlam adamı xəstə hesab etməyi, xəstəni sağlam hesab etməkdən üstün tuturlar, çünki onların fikrincə bu cəmiyyət üçün daha təhlükəsizdir. Lakin bu zaman həkimlər qoyduqları səhv diaqnozun şəxs üçün nə ilə nəticələnəcəyi barədə düşünmürlər, başqa sözlə, onlar şəxsin mənafeyini nəzərə almırlar.

Təcrübənin birinci hissəsi göstərdi ki, psixiatriya klinikaları sağlam adamı asanlıqla xəstə kimi qəbul edə bilərlər. Rosenhan qərara gəldi ki, yoxlasın, psixiatrik klinikalar mental xəstəni sağlam adam hesab edə bilərlərmi? Bir neçə psixiatriya klinikasında xəbərdarlıq edildi ki, növbəti üç ay ərzində onlara bir və ya daha çox psevdopasient müraciət edəcək. Klinikalarda xəstələrlə üzləşməli olan hər kəsdən – tibb bacıları, psixiatrlar, terapevtlər və psixoloqlardan – xahiş edildi ki, onlara müraciət edən şəxsin nə dərəcədə sağlam və ya mental xəstə olduğuna diqqət etsinlər.

Klinika işçiləri onlara müraciət edənlərdən 193 nəfərini dəqiq yoxlamadan keçirdi. Onlardan 41-i klinikanın müxtəlif işçiləri tərəfindən psevdopasient hesab edildi. Bu o demək idi ki, klinika işçiləri bu şəxslərin şikayətlərini uydurulmuş hesab etdilər. Əslində isə bu müddətdə həmin klinikalara təcrübə iştirakçıları müraciət etməmişdilər.

Təcrübənin nəticələrini D. Rosenhan 1973-cü ildə Science jurnalında, "On being sane in insane places" adlı məqalədə nəşr etdirdi.

Mənbə: Vikipedia

# 1110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #