Telefonçu işləyən kasıb yazıçımızın kədərli hekayəsi MƏTN

Telefonçu işləyən kasıb yazıçımızın kədərli hekayəsi  MƏTN
3 iyun 2014
# 14:19

Görkəmli yazıçı Məmməd Oruc 20 ildən üzərində işlədiyi “Tülkü kölgəsi” povestinə 2014-cü ilin may ayında tamamlayıb.

Yazıçının Kulis.Az-a təqdim etdiyi povesti iki hissədə çap edirik.

Tülkü kölgəsi

Məmməd Oruc

İnqilab küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi yerdə qarşısını kəsib üzünə gülümsəyən çal saçlı, şıq geyinmiş kişini nəhayət ki, tanıya bildi. Eyvazxanla ən azı on beş il idi ki, görüşməmişdilər. Həmkəndlisi idi. Eyvazxan ondan iki yaş kiçik olsa da, Rayon komsomol komitəsində eyni gündə komsomol andı içib komsomola keçmişdilər və bu təntənəli tədbirdən sonra da sıcaq münasibətləri yaranmışdı, odu-budu qarşılaşanda əl verib tay-tuş kimi görüşməyə başlamışdılar.

Nədənsə, hərdən Bakıda Eyvazxanla qarşılaşanda o qəbul mərasimini, o qəbulda Eyvazxanın keçirdiyi həyəcanı və sonra da onlara –o gün komsomola qəbul olunanlara- verdiyi limonad qonaqlığını xatırlayırdı, o limonadın tamını ağzında hiss eləyirdi və ona elə gəlirdi ki, sonralar heç zaman o dadda, o tamda limonad içməyib.

O qəbulda Eyvazxanın keçirdiyi nigarançılığın səbəbini də bilirdi: komsomol anketini doldurarkən təvəllüdünü iki yaş artıq yazdırmışdı, səbəb məlumdu, vaxtından qabaq komsomol olmaq istəyirdi.

Orta məktəbi bitirəndən sonra Bakıda neçə dəfə qarşılaşmışdılarsa, Eyvazxan onu eyni tərzdə dindirmişdi.

Yenə də ucadan, gülə-gülə tanış sorğuyla soruşdu:

-Daha «Kirpi»də şeirlərin çıxmır, şair, yoxsa, yazmırsan?

Eyvazxanın bir zaman onun «Kirpi» jurnalında çıxan şeirlərini hələ o zaman oxuduğunu bilirdi, amma inana bilmirdi ki, Eyvazxan o zamanlar məmə yeyəndən pəpə yeyənə kimi hamının tanıdığı «Kirpi» jurnalının fəaliyyətini dayandırmasından və eyni zamanda, onun ən azı ədəbi aləmə səs salan yaradıcılığından xəbərsizdir.

Həqiqətən də hələ onbirinci sinifdə oxuyarkən «Kirpi» jurnalında iki şeiri çıxmışdı və o şeirlər onu bütün rayonda tanıtmışdı, amma məsələ burasındadır ki, o şeirlərin çapından sonra o şeir yox, çağdaş Azərbaycan ədəbiyyatında, hətta, hərdən müzakirələrə səbəb olan hekayələr, povestlər, esselər yazmışdı. Hətta bir neçə dəfə televiziya ekranında da görünmüşdü, yazıçı kimi müsahibə vermişdi.

-İndi harda işləyirsən, şair?

Yazıçı bu sualın cavabını düşünmürdü, fikirləşirdi ki, görəsən, Eyvazxan onun haçansa, haralarda işlədiyini bilirmi? Amma yenə də təmkinlə:

-Düzünə qalsa, indi iş axtarıram, -dedi-işləmirəm.

Eyvazxan bu dəfə başını bulaya-bulaya gülümsədi. Və onun qoluna girdi:

-Bəyəm, mən ölmüşəm ki, sən iş axtarasan, -dedi, -getdik…

Bir il idi ki, yeni qəzetlərin, jurnalların redaksiyalarında iş axtarırdı, amma uğurlu nəticə yoxdu, bu bir ildə ona qalan işsizlik haqqında yazdığı «İşsizlik» adlı povest idi ki, onu da hələ üzə çıxarmamışdı.

…Çox getmədilər, həmin prospektlə küçənin kəsişdiyi yerdəki qədim tikilidə, beşinci mərtəbədə yerləşən otaqlardan birində qabaq-qənşər əyləşdilər və Eyvazxan masanın üstündəki telefonları nişan verib:

-Sənin bu ofisdə işin telefonlara cavab vermək olacaq, şair,-dedi və sonra da qapının yanında oturmuş sarıyanız qadını nişan verdi, -bu da bizim buxaltırımız Gülarə xanımdı, əminəm ki, söhbətiniz tutacaq.

Qapının yanındakı masanın arxasında oturmuş qadın onun üzünə şəfqətlə gülümsəsə də, o dərhal üzünü yana çevirib, Eyvazxana təşəkkür etmək istədi, amma nədənsə deməyə söz tapmadı.

…Yazın son ayı idi, üç ya dörd gün idi ki, Bakıda ara vermədən şimal küləyi əsirdi və ümumiyyətlə Bakıda ara verməyən küləklər əsəndə o, baş götürüb harasa getmək istəyirdi…

Onun işsizliyini çoxdan özünə dərd edən arvadı bu məsələdən halı olanda:

-Eyvazxanın bizə qohumluğu da çatır,-dedi və dərhal da soruşdu:

-Sənə nə qədər aylıq verəcək?

-Onu danışmadıq.

-Hər halda soruşsan yaxşıdı, -arvadı dedi, -indi başqa zəmanədi, hamı xeyrini güdür.

Hər halda, o uzun qış gecəsini rahat yatdı, çünki ürəyincə olmasa da iş tapmışdı, iş axtarmaq əzabından canı qurtarmışdı.

…Ticarətlə məşğul olan bu özəl idarədə artıq adam olduğunu üçüncü iş gününün tamamında tam anlasa da, fikirləşirdi ki, nə etməli, gərək qismətilə barışa.

Bəstəboylu, sarışın hesabdar isə, sən demə onu yaxşı tanıyırmış, ən adi yazılarından belə xəbərdarmış…

-Mən Sizin daimi oxucunuzam, mən Sizi çoxdan görmək arzusunda idim,- bu sözləri ona Eyvazxanın yanında söylədi, -demək qismətimdə bir şey varmış.

Onu heyrətə gətirən isə qadının səsi idi: insanın səsi özündən nə qədər gözəl olarmış, ilahi…

Hesabdar qadının növbəti sualı isə onların arasına daha bir körpü saldı.

-Siz şeir də yazırsız?

-Yox…

-Bəs Eyvazxan müəllim niyə Sizə şair deyir?

Çiynini çəkdi:

-Nə bilim… Deyir də…

Əslində Eyvazxanın onu adıyla yox, şair deyə çağırması, şair deyə başqalarına təqdim etməsi əsla xoşuna gəlmirdi, bu müraciətin alt qatında, həm də səsin tonunda məsxərə hiss eləyirdi və ona elə gəlirdi ki, hesabdar da bunu duyub.

* * *

-Bəlkə, düşüb aşağıdan mənə bir siqaret alasan?

Həyatında birinci dəfə idi ki, özündən yaşca kiçik adam onu uşaq kimi buyururdu. Hər halda bu təklifi eşitməzliyə vurmağı bacardı, amma anladı ki, bu təklifə görə hesabdar ondan betər pərt olub və bu təklifdən sonra katibə ilə ikilikdə qalanda hiss elədi ki, Gülarə xanım ona nə deyirsə, könlünü almaq üçün söyləyir.

-Siz ki, bu millətin dərdini yaza bilirsiz, təcrübəniz var, niyə susursunuz?

Yazıçı hələ yaxşı tanımadığı bu qadının sualından bir anlığa çaşsa da, söz altda qalmaq istəmədi:

-Axı, nədən yazım?

-Necə yəni nədən?-Qadın nədənsə çəkinirmiş kimi astadan dilləndi,-Qarabağ müharibəsindən… Siz yazmırsız, qrafamanlar yazır, qrafoman da nə yazacaq? Göz qabağındadır hər şey.

Qadın elə bil onun qaysaq bağlamış yaralarını qoparırdı və o danışmağa söz tapmırdı.

Hesabdar yenə səsini qaldırmadan dilləndi:

-Atəşkəsdən yazın, bəyəm siz də bilmirsiz ki, bu atəşkəs nə üçündü? Kimlərə xidmət eləyir?

Əslinə qalsa, o on gün qabaq Bişkekdə imzalanmış atəşkəsə sevinirdi. Fikirləşirdi ki, yəqin daha hər gün Qarabağdan Bakıya şəhid gətirməzlər, nahaq qan tökülməz, dörd il, beş il hərbi xidmətdə olan cavanlar, o cümlədən də onun oğlu əsgərlikdən qayıdar, ali məktəbə girər…

Dodaqucu mızıldandı:

-Axı, indi heç oxuyan da yoxdur….

Nitqində azacıq Şəki ləhcəsi duyulan hesabdar qadın etirazını dərhal bildirdi:

-Bəyəm mən oxucu deyiləm?… -Ani gülümsəyəndən sonra məzə ilə, müəmmalı tərzdə sözünün ardını gətirdi, -Sizə bir oxucu bəs deyil?

Tanış sual idi, bir italyan kinosunda yazıçıya vurulmuş qadın ona belə bir sual verir, amma o filmin adını yadına sala bilmədi.

Qəribə idi, dünən təsadüfən qarşılaşdığı bəstəkar dostu da tövsiyyə eləmişdi ki, atəşkəs haqqında bir əsər yazsın. Söyləmişdi ki, mükafat almaq xatirinə artıq özü belə əsər yaradıb. Adını da qoyub: «Atəşkəs yallısı». Amma bu bəstəkar dostu lağlağıçının biri idi, o başa düşə bilməmişdi ki, sözü ciddidi, ya zarafat eləyir.

-Yazın, mənim üçün yazın, -Gülarə xanım dedi, -elə bilirsiz bir nəfər üçün yazmağa dəyməz?

Bu sualın alt qatı isə onu bir xeyli düşündürdü. Əlbəttə, o özü də yazmaq istəyirdi, onu da bilirdi ki, yazmağa başlasa yüngülləşəcək, eyni açılacaq, qarmaqarışıq fikirlərdən xilas olacaq…

Ömrünün beşinci onilliyini yarılamış yazıçı bütün bunlarla yanaşı, amma onu da bilirdi ki, hər axşam evə pul aparmalıdı ki, uşaqları səhər heç olmasa şirin çay içəndən sonra dərsə getsinlər, amma o bilmirdi ki, bütün bunları hesabdar qadına izah eləsin, ya yox?

Bu atəşkəs söhbəti bir gün öncə də bu idarədə çözələnmişdi və son sözü də Eyvazxan demişdi: «Hər halda bu atəşkəs bizim ofisi dirçəldəcək!» Sonra da üzünü hesabdara tutmuşdu: «Elə deyilmi, Gülarə xanım?» Elə bil sahibkar hesabdarın müxtəlif mövqeyindən xəbərdar idi və ona da nə isə anlatmaq, eşitdirmək istəyirdi.

Ən gözlənilməz sözü də Gülarə xanım dedi: -Bu təslim aktıdı!

Eyvazxan isə bu sözdən qəzəbləndiyini dərhal ifadə elədi.

-Sizə hörmətim var, Gülarə xanım, amma bir də bu idarədə ağzınıza gələni danışmayın, bəyəm Siz bilmirsiz o akta kim qol çəkib? Mən partiya üzvüyəm, mən azərbaycanlıyam, mən Azərbaycan xalqına xidmət edirəm!

Eyvazxan elə bil özü yaratdığı idarədə, öz işçiləri arasında yox, hardasa mötəbər bir kürsüdən nitq irad eləyirdi:

-Bizim bir vəzifəmiz var: Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə namusla xidmət etmək!!!

Yazıçı bu idarənin Azərbaycan dövlətçiliyinə necə xidmət etdiyini bilirdi, bilirdi ki, bui darə qazancının üçdə ikisini Azərbaycan dövlətindən gizlədir. Bunun nə demək olduğunu əlbəttə, anlayırdı, amma başa düşə bilmirdi ki, dovşanı arabayla tutan dövlətdən bunu necə gizləmək olar?

Özünə qalsa, bunun fərqinə varmazdı, bunları Gülarə xanımdan eşitmişdi.

Yenə limonad tamı verən komsomola qəbul günü yadına düşdü, elə bil Eyvazxan həmin nitqi davam etdirirdi və dəyişən yalnız məkandı.

-Unutmayın ki, bu atəşkəs bizim Ofisin qarşısında yeni üfüqlər açacaq, biz Avropa ölkələrinə çıxacağıq, orda öz ofislərimizi yaradacağıq!

Və birdən-birə üzünü Yazıçıya tutdu:

-Elə deyilmi şair?

Yazıçı başını yüngülcə tərpətməklə onunla razılaşdığını bildirdi.

Eyvazxan isə:

-Onda, qardaşımsan, -dedi, -qaç aşağıdan mənə bir siqaret al…

Amma söhbətin tamamında o yenə də sahibkarın, artıq ona tanış sualından sarsıldı.

Yazıçı dərhal Gülarə xanımın üzünə baxdı ki, anlasın: qadının qulağı bu sözü çalıbmı? Onun yanaqları bir anın içində allanmışdı və bu yanaqların nədən allandığını anlamaq üçün yazıçı olmaq lazım deyildi. Bəlkə də sahibkarla ikilikdə olsaydılar, zarafata salıb cavabını verərdi, deyərdi ki, mən sənə siqaret alanam? Amma tükü tükdən seçən, bu hesabdarın yanında onu pərt etmək istəmədi. Və üstəlik Eyvazxan siqaret almaq üçün ona pul uzadanda bir daha kəsdirdi ki, bütün bunlar bu idarədə, ona xüsusi rəğbət bəsləyən Gülarə xanımın yanında onu sındırmaq üçündü.

Yəqin ki, cibində siqaret almağa yetdik parası olsaydı, heç sahibkarın ona uzatdığı şax manatlıqları götürməzdi, çünki o pulu sahibkarın əlindən alanda da elə bil içində nə isə qırılıb töküldü.

Küçəyə çıxanda bir anlığa səmti də kəsdirə bilmədi, amma bir neçə addım atandan, xəzri küləyi üz-gözünü yalayandan, alnının tərini qurudandan sonra anladı ki, başqa yolu da var: sakitcə, qalmaqalsız bu idarəyə də tüpürüb getsin: -xoruz yoxuydu, sabah açılmırdı?

Küçədəki qəzet köşkündən siqaret alandan və ağır-ağır beşinci mərtəbəyə qalxıb amerikan «Kent»ini sahibkarın qarşısına qoyandan sonra fikirləşirdi ki, işdən azad olunmaq üçün rəsmi ərizə yazsın, yoxsa elə sakitcə qalxıb bu idarəni tərk etsin? Bir qədər götür-qoy eləyəndən sonra ikinci yolu seçdi, çünki birdən-birə nədənsə ona elə gəldi ki, birinci yol artıq söz-söhbətə səbəb olacaq və bu söz-söhbət də çox güman ki, onun daha bir məğlubiyyəti ilə qurtaracaq.

Bıçaq vursan qanı çıxmazdı, sanki tikan üstə oturmuşdu və görünür hesabdar da bunu sezdiyindən telefon zənglərinə də özü cavab verirdi və o hiss eləyirdi ki, Gülarə xanımın bu xidməti nəyə görədi…

Gün ərzində nə qədər götür-qoy eləsə də, axşam saat altının tamamında işdən çıxanda sözünü hesabdara bir kəlmə ilə dedi:

-Hələlik, Gülarə xanım, bəlkə bir daha görüşmədik..

Hesabdarın bu sözdən qəhərləndiyini sezdi və onu da hiss elədi ki, Gülarə xanım da ona nə isə demək istəyir, ona görə də ləngidi.

-Başqa bir iş tapandan sonra gedərsiz, -hesabdar qadın canıyananlıqla dedi, -niyə gedirsiz? Donuzdan bir tük çəkmək də qənimətdir.

O, Gülarə xanımın sahibkardan xoşu gəlmədiyini ilk gündən hiss eləyirdi, amma bu dərəcədə yox, ağlına da gəlməzdi ki, o öz müdirini təzə tanış olduğu bir adamın yanında belə alçaldar.

Qapıdan çıxanda Gülarə xanımla həmrəy olduğunu sözünün alt qatında bildirdi:

-Yox, mənə heç donuzun bir tükü də lazım deyil.

* * *

Təzə iş yerindəki bu söz-söhbəti evdə hələ açıb-ağartmasa da, ertəsi gün Eyvazxan özü onu axtarıb tapdı:

-Mən sənin belə dəymədüşər olduğunu bilməzdim şair,-dedi, -qələt eləmişəm səni siqaret almağa göndərmişəm, bağışla, üzr istəyirəm dönə-dönə.

Yazıçı danışmağa söz tapmasa da sahibkar öz mühakimələrini bir-birinə calayırdı:

-Mən sənə ərk eləmişəm, mən səni qardaşım bilmişəm siqaret almağa göndərəndə, burda nə var ki? Bəyəm biz qardaş döyülük? Yadındadı raykomda komsomola keçməyimiz? –O dinmədi, -Sən canın yadındadı?

-Hə, yadımdadı…

-Yadındadı məndən nə soruşdular?

-Yox…

-Məndən soruşdular ki, komsomola niyə keçirsən? Mən də cavab verdim ki, onun mübariz sıralarını genişləndirmək üçün… Yadındadı məni necə alqışladılar?

Hə, o qəbul mərasimində onun alqışlanması yazıçının yadında idi, amma indi o başa düşə bilmirdi, bu yadasalma nədən ötrüdü?

Hər halda bu xatırlama tək bir məqamı ilə yaddaşına hopmuş o limonad qonaqlığını da göyərtdi. Hələ onda hiss eləmişdi ki, bu limonad qonaqlığı yalnız onların komsomola qəbulu ilə bağlı deyil, o özünü onlarla bir yerdə komsomola keçən qızlara –daha doğrusu, o qızlardan birinə göstərmək istəyir.

Yalnız o qız o limonaddan içməmişdi və bununla bəyan eləmişdi ki, qarğa, məndə qoz var.

Hər halda bu xatirələr onun eynini açdı, təzələdi və bir də hiss elədi ki, saqqızı oğurlanır. Fikirləşirdi ki, o da nə isə deməlidi.

-Söhbət məni siqaret almağa göndərməyindən getmir!

-Bəs nədən gedir? –Sahibkar qeyzlə dilləndi, -bəlkə başqa günahım da var sənin yanında? De bilim də.. Varsa, bir daha qələt eləmişəm.

Sən demə, sahibkar həqiqətən qəbahətini bilirmiş:

-Bir səhvim olub, -Eyvazxan birdən-birə astadan dilləndi, -gərək mən səni o qəhbəçənin yanında buyurmayaydım, axı o bizim can-ciyər olduğumuzu bilmir, amma biləcək, lazım gəlsə, mən onun yanında da səndən beləcə üzr istəyəcəm.

Qanını bir daha qaraldan hesabdarın ünvanına işlətdiyi söz oldu; axı yaşı əllini haqlamış bu qadının qız adı üstündə idi və özü də cızığından çıxmışa oxşamırdı. Bir qədər güləyən olsa da, hiss olunurdu ki, bu da yəqin hələ də gəzdirdiyi qız adı ilə bağlıdı: yaşının fərqində deyil.

-O nəcib qadındı, -yazıçı dedi, -nahaq onun haqqında belə danışırsan, o…

Amma Eyvazxan onu sözünü bitirməyə qoymadı:

-Yaxşıdı, yaxşı olsun da, mən səni pis adamla bir otaqda oturtmamışam ki?

Yazıçı ümumiyyətlə baş aça bilmirdi ki, sahibkarın bu canfəşanlığı nədən ötrüdü, amma bilirdi ki, Eyvazxan qırsaqqızdı, əzəldən tutduğunu buraxan deyil.

-Bilirsən mən təmiz adamam, sənin təmiz adam olduğunu uşaqlıqdan bilirəm, amma mənim ətrafım canavar sürüsüdür, -Eyvazxan dedi, -mənim yanımda bir nəfər halıma yanan olmalıdı, ya yox? Bilirsən mən sənin qara qaşının, qara gözünün aşiqi deyiləm, mən sənin saf ürəyinin heyranıyam…

Beləcə, xoş sözlərlə Eyvazxan nə qədər qılığına girsə də, yerli-yersiz dilinə gətirdiyi atalar sözləri ilə onu güldürsə də, o etirazını ötkəm səslə bildirdi:

-Yox, Eyvazxan, üz vurma, mən bir daha o ofisə gəlməyəcəm!

Sahibkar elə bil yazıçını var gücünü toplayandan sonra dilinə gətirdiyi bu sözü gözləyirdi, sanki cavabını da hazırlamışdı:

-Ofisə gəlmirsən, gəlmə də, kimdi səni zorla ofisdə oturdan? Bəyəm bizim işimiz ancaq ofisdə oturmaqdan ibarətdir? Səni göndərəcəm Qurd qapısına.

Yazıçı MDB məkanının bir neçə şəhəri ilə ticarət əlaqələri qurmuş bu idarənin əsas anbarının Qurd qapısı deyilən ərazidə yerləşdiyini eşitmişdi, amma heç vaxt fərqinə varmamışdı ki, o anbarda gündəlik iş nədən ibarətdir və şəxsən o, o anbarda nə iş görə bilər?

-Orda nə qədər istəsən boş vaxtın da olacaq, -sahibkar dedi, -lap istəsən «Kirpi»yə şeir də yazıb göndərə bilərsən.

«Kirpi» jurnalı ilə bağlı söhbətin yenidən beləcə yarızarafat, yarıgerçək tərzdə çözələnməsi xoşuna gəlməsə də, Qurd qapısındakı anbarda təklif olunan iş maraqlı göründü. Və deyəsən sahibkar onun bu halını bir göz qırpımında oxudu.

-Orda ayrıca kabinetin olacaq, ofisə baxma, ora genişlikdi, -sahibkar dedi və gülümsədi, -amma orda sənə buxaltır verə bilməyəcəm, -yenə gülümsədi, -xəlvət yerdi, əlindən xəta çıxar…

Sözün bu yerində yazıçı özü də gülümsədi, amma narazılıqla, başını bulaya-bulaya, ancaq sahibkar aman vermədi ki, o bir daha qəti şəkildə etiraz eləsin.

-Hə, indi dur gedək anbarın açarını alıb verim sənə,-dedi, -orda işi özün qurarsan, mənim yaralı yerim o anbardı.

Yazıçı özü də bilmədi ki, necə oldu daha etiraz eləyə bilmədi, necə oldu sahibkarın «CİP»inə mindi. Və yol boyu fikirləşdi: görəsən, bu məndən niyə əl çəkmək istəmir?

Qurd qapısına gedən yolu təxminən yarı eləyəndə sahibkar yenə onu söhbətə çəkdi:

-Sən oxumuş adamsan, şair,-dedi, -bu atəşkəsdən ağlın nə kəsir?

Yazıçı səmimi cavab verdi.

-Mən bunu alqışlayıram.-və dərhal da Hüseyn Caviddən misal çəkdi,-hər kim ki, kəssə tökülən qan izini, qurtaran dahi odur yer üzünü…

-Bəs bu atəşkəsi xəyanət kimi qəbul edənlərə nə deyərdin?

-Mən nə deyə bilərəm ki, hər kəsin öz arşını var.

Yazıçı son illər öyənlərin də gününü görmüşdü, söyənlərin də və kəsinliklə bu qənaətə gəlmişdi ki, siyasətə qarışmasın, çünki hiss eləmişdi ki, siyasətdə səmimi olmaq mümkün deyil.

-Bu atəşkəs bizim əlimizi-qolumuzu tamam açacaq, -Sahibkar dedi, -mən də səni göndərəcəm xaricə, olacaqsan bizim müvəkkilimiz, mən bilirəm ki, anbar sənə layiq yer deyil, amma neynəmək olar, deyir eşşəyə min ata çatıncan.

Hansı yolla olur-olsun, xaricə çıxmaq, bu ölkə düzələnəcən xarici ölkələrin birində dolanmaq, heç olmasa çörəyə möhtac olmamaq yazıçının başına çoxdan düşmüşdü, ona görə də daha nəyə isə etiraz ağlına da gəlmədi. Amma özlüyündə yəqin elədi ki, bir tərəfini qrunt sularının yuyub dağıtdığı və hardansa sızıb gələn sənaye tullantıların ümidinə qalmış üfunət qoxuyan bu sahillərə gəlib çıxmaq üçün gərək avtobusdan düşəndən sonra ən azı yarım saat piyada yol qət eləyə.

Uzunu yüz arşından da bəlkə bir qədər artıq olan bu anbarda nə saxlanıldığını bilməsə də, bu daş tikilinin son zamanlaracan rus əsgərlərinə məxsus olduğunu anbarın solmuş rəngindən və ulduz təsvirlərindən bildi və Sovet ordusuna məxsus ulduz təsvirlərindən başa düşdü. Divarların suvağına hopmuş, çox yerdə vergülü, nidası qopmuş yazılar da kim bilir neçə illər bu yerdə qərar tutmuş sovet ordusunun keçmişindən xəbər verirdi.

Sahibkar yaxınlıqdakı qaya parçasının üstünə qalxıb əllərini belinə qoyandan sonra:

-Bu yerlər hamısı mənimdi, -dedi, -bu tikilini də sökdürəcəm, bu gölü qurutduracam, bu yerdə bir cah-cəlal yaradacam ki, gəl görəsən, amma onda kim bilir sən hansı ölkədə olacaqsan.

Yazıçı, əlbəttə, sahibkarın vədinə inanırdı və artıq hansısa bir uzaq ölkənin xəyalı ilə yaşayırdı.

-Hə, necədi bu yerlər? Xoşuna gəlir?

Yazıçı özlüyündə verəcəyi cavabı bir qədər götür-qoy eləyəndən sonra:

-Anbar yeri kimi pis deyil, -dedi, -amma yolu çox naqolaydı, mən hər gün buraya necə gəlib gedəcəm?

Sahibkar əlini onun çiyninə qoyub ucadan güldü.

-Sən narahat olma, mənim qardaşım, səni hər gün buraya gətirən də olacaq, hər axşam burdan aparan da, amma, -sözünün ardını udqunandan sonra gətirdi, -hələlik bir həftə burda qalacaqsan...

Yazıçı səhər evdən çıxanda qarşısına çıxan ilk adamı yadına saldı. Çox sınamışdı, səhərlər o adamla qarşılaşanda qəribə hadisələrlə qarşılaşırdı.

Sahibkar bir də dilləndi:

-Hə, hələlik bir həftə burda qalacaqsan.

Yazıçı bunun səbəbini xəbər almadı. Soruşdu:

-Tək?

-Tək niyə? –Sahibkar dedi, -anbarın gözətçisi var, sənə qulaq həyanı olacaq, sənə çay dəmləyəcək.

Yazıçı fikirləşirdi: bu da sənin çün eşşəyə minib ata çatmaq. Demək sənə bu anbarı qorumaq tapşırılır: yəni şirəli bir gözətçilik vəzifəsi.

* * *

-Eldar!!! –Yazıçını xəyaldan sahibkarın bu qəfil bağırtısı ayırdı.

Anbarın hansı küncündəsə çıxıb qaça-qaça onlara sarı qaçan rezin çəkməli oğlanın iyirmi yaşı olardı, ya heç olmazdı.

Bu tösmərək, enlikürək oğlan ayaq saxlayandan sonra onların üzünə yox, yerə, rezin çəkmələrinin ucuna baxırdı və sanki elə bil qəbahət iş tutmuşdu ki, ümumiyyətlə, insanların üzünə baxmağa utanırdı…

Oğlan sahibkarla ədəb-ərkan qaydaları çərçivəsində görüşəndən sonra yazıçıya da əl verib adını söylədi, astadan:

-Xoş gəlmisiniz, -dedi.

Sahibkar üzünü yazıçıya tutub:

-Eldar mənim sağ əlimdi, mən bu idarəni onun gücünə yaratmışam,-dedi, -bu günəcən bu anbarı saxlayan odur, mənim işçilərimin arasında, çox demirəm, bir üç nəfər də Eldar kimi oğlan olsaydı, mən hər şeydən arxayın olardım.

Amma Eldarın «bəy tarifi» gözlənilməz bir sonluqla nəticələndi, o üzünü Eldara tutub:

-Amma bu gündən sənin rəisin daha mən deyiləm, Eldar bəy, -dedi və yazıçını nişan verdi, -bax bu şair əmin nə desə, ona qulaq açacaqsan, o da sənin kimi saf adamdı, suya qoy iç, əminəm ki, yollaşacaqsız.

Sahibkar anbarın açarını Eldardan alıb yazıçıya bağışlamasa da, xudmani otaqlardan birinin ixtiyarını ona verdi. Bu odada nəinki yazıb-pozmaq, hətta yatıb-durmaq üçün də hər cür şərait, hətta şəhərlə əlaqə saxlamaq üçün telefon da var idi.

Yazıçı təzə iş yoldaşı ilə ikilikdə qalandan, bu cavan oğlanın keçmişi ilə bir qədər maraqlanandan sonra telefonu nişan verib soruşdu:

-İşləyir?

-Əlbəttə, işləyir, -Eldar cavab verdi,-hara zəng vurmaq istəyirsiz ki?

Yazıçı hər şeydən əvvəl öz evinə zəng vurub bildirmək istəyirdi ki, hal-qəziyyə belə və o bir həftə evə gələ bilməyəcək. Arvadının bu xəbəri necə qarşılayacağının fərqində deyildi, əslində sevinirdi ki, bir həftə onun üzünü görməyəcək.

Son aylar işsiz qalandan nəinki arvadından, evindən soyumuşdu, bezmişdi. Aylarla evinə pul gətirə bilməyən kişi necə ola bilər ki, evindən bezməsin? Əli boş, cibi boş necə ola bilər ki, yenə evinə can atsın?

Yazıçı təzə iş yoldaşının dəmlədiyi çayın bir fincanını içib, arvadına zəng vurub, o gün başına gələn hadisələrdən onu halı eləyəndən sonra bayıra çıxdı ki, yeni iş yeri ilə bir qədər də yaxından tanış olsun.

Hava küləkli olsa da, tozu-torpağı üzünə çırpsa da anbarın ətrafına bir dəfə yox bir neçə dəfə hərləndi və hər şeydən öncə sıra ilə əkilmiş şam ağacları və bu ağaclardakı quş yuvaları diqqəti çəkdi.

Küləyin səsinə aradabir göydə görünən qara qarğaların da səsi qarışırdı və bu zaman o başını qaldırıb boz buludların nizamdan çıxdığı göy üzünə nəzər salırdı. Görünür, adam o yerdə göy üzünə çox baxır ki, ətrafında tamaşa etməyə yer tapmır.

Artıq beş-on dəqiqə idi ki, göy üzünə göz gəzdirirdi və fikirləşirdi ki, insan da buludlar kimidir, ixtiyarı özündə deyil, axı, bir gün əvvəl ağlına da gəlməzdi ki, belə bir məkanda bənd alar.

Hava qaralandan sonra azacıq üşüdüyü və həm də bu kimsəsiz çöllükdən üşəndiyi üçün otağa qayıtdı və dərhal da televizora baxmaqda olan yeni iş yoldaşının diqqətini ekranda baş verən hadisələrdən ayırdı.

-Bəs sən bu çöllü-biyabanda tək qorxmursan?

-Qorxuram, niyə qorxmuram ki? –Eldar cavab verdi, -amma mən hələ burda tək qalmamışam, dünənəcən biz iki nəfər idik.

-Bəs yoldaşın necə oldu ki?

-Getdi.

-Niyə?

-Eşitdi ki, daha atəşkəsdi, elə bildi ki, müharibə bitib,-və bir qədər fikrə gedəndən sonra səsinin ahəngini dəyişib sözünə davam elədi, -amma deyilənlər doğru olsa, heç mən də burda qalmayacam.

-Niyə?

-Necə niyə? Bu işdir bəyəm, eynən türmədi, amma başqa yol da yoxdur, bilirəm ki, ortaya çıxan kimi tutub göndərəcəklər əsgərliyə.

-Niyə getmək istəmirsən ki, əsgərliyə?

-Niyə gedim ki? İki qardaşım şəhid olub Qarabağda. Bəs deyil bir evdən iki şəhid? Mən evin sonbeşiyiyəm, ölsəm anam oğulsuz qalacaq. Özü də qoca arvaddı, ona kim baxacaq?

Bu cavan iş yoldaşının ürəyi elə bil ovcunun içində idi və o, fikirləşirdi ki, onu danışdırmağa, qulaq asmağa dəyər.

-Ananla görüşə bilirsən, barı?

-Yox, bu mümkün deyil, anam voenkomada deyib ki, oğlum Urusetdədir.

-Barı anan sənin burda olduğunu bilir?

-Burda yox, Bakıda olduğumu bilir, hər ay ona pul göndərirəm.

-Necə göndərirsən? Poçtla?

Eldar ucadan güldü:

-Yox, poçtla göndərsəm, ilişərəm, Ponçiklə göndərirəm…

-Ponçik kimdi?

-Xalam qızıdı, hər həftə Gədəbəydən Bakıya pendir satmağa gəlir.

-Adı Ponçikdi?

-Hə, Ponçikdi.

-Demək sənin burda olduğunu yalnız Ponçik bilir?

-Yox, heç Ponçik də bilmir, mən özüm gedib onu Vasmoyun bazarında tapıram. –o bir qədər fikirləşəndən sonra dilləndi. – mənim burda olduğumu bir nəfər bilir.

-Kim?

-Uçastkovu…

-Bəs sən qorxmursan ki, o səni sata bilər?

-Yox, Eyvazxan müəllim onun ağzını yumub.

Yazıçı hər şeyi başa düşsə də, elə-belə maraq xatirinə, söhbəti uzatmaq naminə soruşdu:

--Necə yumub?

Bu dəfə Eldar suala sualla cavab verdi, özü də gülə-gülə:

-Ağız yummağın neçə yolu var ki?

Yazıçı dinmirdi, fikirləşirdi ki, bu fərari öz mühakimələrində nə dərəcədə haqlıdır görəsən?

Araya çökən sükutu Eldar pozdu, özü də sorğu-suala səbəb ola biləcək bir sualla:

-Heç, siz eşitmisiz ki, bir nazirin, ya nazir müavininin, ya bir icra başçısının oğlu Qarabağda şəhid olsun?

-Yox, eşitməmişəm, amma…

Onların mükaliməsini telefonun zəngi kəsdi.

Danışan Eyvazxan idi. Bilmək istəyirdi ki, yazıçı təzə iş yerində darıxmır ki? Amma yazıçı nəinki darıxmırdı, əksinə bu cavana rast gəldiyinə sevinirdi: o elə bil obrazını çoxdan yaratmaq istəydiyi fərari idi.

-Sizə çörək də göndərdim, -Sahibkar telefonda dedi, -indi yəqin ki, gətirib çatdırallar.

Son günlər yenə şəhərin çörəklə təchizatında problemlər yaranmışdı, o özü də hər deyəndə növbəyə durub çörək ala bilmirdi.

-Dünəndən dilimə çörək dəyməyib, -Eldar dedi və üzünü yazıçıya tutdu- düzdür burda hər şey var, vermişil də, makaron da, amma mən çörəksiz lap bir ton ət yesəm, yenə doymuram. Siz necə?

Yazıçı Eldarın bu sualına da cavab vermədi. Soruşdu:

-Sizə hər gün çörək göndərirlər?

-Yox canım, -Eldar əlini yellədi, -hər gün çörək ala bilirlər ki, göndərsinlər? Üç gündən bir.

-Bu atəşkəsdən sonra çörək məsələsi də düzələcək.

Yazıçı bu sözü elə-belə, söhbəti qırmamaq üçün dedi.

-Təki düzəlsin, -Eldar cavab verdi və söhbəti tamam başqa bir məcraya saldı, -burda bir it saxlayırdıq, qulaq hayanı idi, inanın ki, acından çıxıb getdi, bir səhər durduq ki, yoxdur. Çörək çox olsa, yenə it gətirib saxlayırdıq, çölçülükdə it yaxşı şeydir, insandan etibarlıdır.

-Neçə yaşın var?

Eldar deyəsən, bu sualın haradan, nədən doğduğunu hiss elədi və ona görə də:

-Söhbət yaşdan getmir, -dedi, -bu az yaşımda mənim başım çox daşdan daşa dəyib… Başıma gələnləri danışsam, bir kitaba sığmaz.

Yazıçı ona görə yerindən qalxdı ki, Eldar bir kitablıq həyatını hələ ona danışmağa başlamasın. Elə bil Eldar bunu sezdiyindən sözü dəyişdi.

-Oğlunuz var?

-Var, sənnən yaşıd bir oğlum var.

-Yəqin tələbədi? Xaricdə olur?

-Yox, əsgərlikdədir.

Eldar gülümsündü:

-İnanmıram.

Yazıçı bu dəfə üzünü bozartdı ki, bu uşaq yerini bilsin:

-Niyə inanmırsan ki? Mən boyda kişiyə inanmırsan?

Eldar üzr istədi:

-Bağışlayın, -dedi, -onda yəqin ki, Aeroportda olar.

-Nə bildin?

-Yekələrin uşaqlarını əsgərliyə aparanda da elə yerlərə salırlar, niyə bilmirəm.

-Yox mənim oğlum döyüş bölgəsindədir, -yazıçı dedi,- Göy-göldə xidmət eləyir.

-Şəkli var yanınızda?

Oğlunun üç əsgər dostu ilə çəkdirdikləri bir şəkil yanında idi.

Eldar gah şəkilə, gah da onun üzünə baxıb gülümsəyəndən sonra:

-Sizin oğlunuz ortadakıdır,-dedi, -düzmü deyirəm?

Araya çökən sükutu Eldar şəkilə baxa-baxa pozdu:

-Məktub yazır?

-Təzə gedəndə yazırdı.

-Bütün əsgərlər belə olur, təzə gedəndə yazırlar, mənim qardaşlarım da təzə gedəndə yazırdılar. Heç gedirsiz yanına?

-Bir dəfə getmişəm. Yolu naqolaydı… Hacıkənddə maşından düşəndən sonra da gərək on kilometr piyada yol gedəsən.

Eldarın növbəti sualı isə onu heyrətləndirdi:

-Bəs niyə siz onu əsgərlikdən saxlamadınız?

Bu sualın cavabını sualla qaytardı:

-Mən onu əsgərlikdən niyə saxlamalı idim ki?

Eldar gülümsündü:

-Hamı niyə saxlayır, siz də elə, ata döyülsüz?

Tez-tez arvadı da onu beləcə ittiham eləyirdi, arvadının cavabını vermirdi, amma indi susa bilmədi.

-Yaxşı, tutaq ki, mən də oğlumu əsgərlikdən yayındırdım, biri də hardasa gizləndi, digəri də göndərdi Rusyetə, bəs onda bu Vətəni kim qorusun?

Sözün bu yerində Eldarın ucadan şaqqanaq çəkib gülməsi ona qəribə gəldi:

-Siz lap televiziyadakı atalar kimi danışırsız, müəllim,-dedi, -adamın lap gülməyi gəlir.

Əslində isə yazıçı etirafında səmimi idi, amma onun bu etirafı çox yerdə beləcə kinayə ilə qarşılanırdı və yazıçı bunun da səbəbini anlayırdı. Və bunu hər dəfə anlamaq, hər dəfə ölüb dirilməkdi.

Bu söhbəti hələ bəlkə bir xeyli çözəcəkdilər, amma qəfildən eşidilən qadın səsindən sonra Eldar dərhal yerindən qalxıb bayıra cumdu.

Gecənin bu vaxtı bu çölün ortasında qulağı çalan cavan qadın səsi yazıçını da bayıra çıxmağa vadar elədi. Bir tək lampa anbarın həyətini yaxşı işıqlandırmasa da, yazıçı Eldarla qabaq-qənşər durmuş, əlində qatıq bankası tutmuş cavan gəlinin boy-buxununa da, üz-gözünə də kifayət qədər nəzər sala bildi. Qadın çox ləngimədi. Gözünü Eldarın üzündən çəkəndən sonra onu da ötəri süzüb:

-Gecəniz xeyrə qalsın, -dedi və qaranlığa qarışıb gözdən itdi.

Eldar qadının arxasınca baxa-baxa:

-Bu ətrafda məskunlaşmış qaçqınlardandı, -dedi, -burda mal-heyvan saxlayırlar, hər gün də mənə bir banka qatıq gətirir, -dedi və çox güman ki, yazıçını inandırmaq məqsədilə arayışına belə bir cümlə də əlavə elədi, - özü də ucuz qiymətə…

Yazıçı bu ikibaşlı sözə gülümsədi və Eldarın eyninin açılmasından hiss elədi ki, gecənin bu vaxtı bu cavan gəlini bu cavan oğlanın yanına gətirən yalnız qatıq sövdası deyil…

Bayırdan eşidilən maşın siqnalı, deyəsən, Eldarı daha bir nigarançılıqdan qurtardı. O, siqnal səsinə yerindən qalxıb qaça-qaça:

-Bizə çörək gətiriblər,-dedi.

Bayırda eşidilən siqnal səsindən sonra əlində və qoltuğunda üç buxanka çörək içəri girən cavan oğlanı yazıçı tanıdı. Onunla bir neçə dəfə idarədə qarşılaşmışdı və dərhal da anlamışdı ki, bu adam idarə ilə bağlı çox şeylər bilsə də, danışığını bilmir. Bu cavan oğlanın geyim-gecimi nə qədər səliqə-sahmanda olsa da, o, zahirən məmuru xatırlatsa da ağzını açan kimi hiss olunurdu ki, çox şeydən bixəbərdi.

-Şairin kefi necədi?

Eyvazxan da tez-tez onu bu kəlamla dindirirdi. Və Eyavzxanın onu beləcə dindirməsinə, ona görə dözürdü ki, tay-tuşdular. Hələ adı kimi idarədə nə vəzifə tutması da ona bəlli olmayan bu cavanıın cavabını verdi:

-Şair sənin dədəndi!

Qələtini dərhal anlaması cavan oğlanın rəngindən hiss olundu, qəbahəti üzünə çıxdı və dilini dörd barmaq ağzından çıxarıb başını əydi və:

-Kəs, -dedi,-mən demədim ki, dilim dedi.

Eldarın bu arada masanın üstündəki bıçağı götürüb ona

uzatmasına isə güldü:

-Kəsin, -Eldar dedi, -onun dili dibindən kəsilməlidi!

Eldar hasila gətirdiyi duru xörəyi iki boşqaba çəkəndən sonra da çörəyi doğramadı, iri cadar-cadar əlləri ilə parçaladı və:

-Çörəyə bıçaq vuranda canıma sinmir müəllim, mən ayrım balasıyam, -dedi, -parçaladığı tikələrdən birini götürüb dişinə çəkdi. Eldarın adına «qovyadin» dediyi mal konservi ilə hazırladığı xörəyin qoxusu yazıçının yadına əsgərlik illərini saldı, amma Eldar tez də öz sualları ilə onu fikirlərindən ayırdı. Onun sualları Qarabağ müharibəsi və bu müharibənin yekunu olan atəşkəslə bağlı idi. Eldarı maraqlandıran bu idi ki atəşkəsə arxayın olub üzə çıxsa, onu fərari kimi həbs eləməzlər ki?

Azərbaycan televiziyasının sonuncu xəbərlər proqramına da bəlkə bir yerdə baxacaqdılar, amma işıqların qəfildən sönməsi onların iş gününü yekunlaşdırdı. Eldar dərhal şam yandırsa da:

-Müəllim dur biz də yataq,-dedi, -səhər işimiz çox olacaq.

Yuxudan hava işıqlanmamış oyansa da, yazıçı xoruzların səs-səsə verməsindən bilirdi ki, səhərə bir şey qalmayıb. Bu xoruz səslərinə qoyun-quzu mələrtisi də qarışanda yazıçı yatağından qalxıb bayıra çıxdı.

Özünü tez-tələsik anbarın arxasına vermək istəyirdi ki, qarşısına çıxan gecə kimi qara canlını görüncə yerindəcə mıxlanıb qaldı, başının tükləri qalxdı. Üzünə zillənmiş bir cüt gözün parıltısında nə qüvvə, nə hikmət vardısa, səsini də çıxarda bilmədi. Yalnız yolunu kəsmiş canlı zingildəyəndən sonra ürəkləndi və bildi ki, qarşısındakı itdir. Amma yenə də bu itin qabağından keçib anbarın arxasına özünü vermədi, geri qayıtdı və gözətçi həmkarını muştuluqladı:

- İtin qayıdıb, Eldar, -dedi, -gözün aydın!

Eldar hələ yorğanının altında olsa da, hətta arada bir xoruldasa da, bu xəbərdən dik qalxdı və çəkmələrini ayaqlarına çəkə-çəkə:

-Ay səni xeyir xəbər olasan, -dedi, -elə indicə iti yuxuda görürdüm, muştuluğun məndə.

Eldar çörək qabındakı iri tikələrdən birini götürüb bayıra çıxanda artıq yazıçı çöldə idi və qapının kandarını kəsib yerə uzanmış qara itə tamaşa eləyirdi və ona elə gəlirdi ki, Eldar axşamdan bəri haqqında danışdığı itini əməlli-başlı qucaqlayacaq. Amma Eldar da elə onun kimi gözlərini bu qara itə zilləmişdi, və birdən-birə:

-Bu mənim itim deyil, -dedi, -heyif ki, deyil…

Yazıçı Eldarın mütəəssir olduğunu səsindən sezdi və bir xeyli kəsdirə bilmədi ki, ona nə desin? Nə söyləsin ki, o özünə gəlsin.

Qara it deyəsən çörəyin iyini almışdı, oğrun-oğrun Eldarın əlindəki çörəyə baxırdı, ancaq qorxduğundanmı, ya nədənsə səsini çıxarmırdı. Amma hiss olunurdu ki, hansı anısa gözləyir, bu it belə anlarla çox üzləşmişdi deyəsən…

-O çörəyi ver yesin, -yazıçı dedi, -yazıqdı.

Eldar etirazını qəti şəkildə bildirdi:

-Özümüz yeməyə çörək tapmırıq, -dedi, -indi verək küçənin itinə?

-Bu küçə iti deyil, -yazıçı dedi, -görmürsən boynunda xaltası da var, yəqin ki, azdırıblar, bəlkə də görüblər saxlaya bilmirilər, ona görə azdırıblar.

Yazıçının bu fərziyyəsi də Eldarı yumşaltmadı:

-Yaxşı it olsaydı, azdırmazdılar, -dedi, -qovaq getsin!

Yazıçı bu dəfə etirazını qəti şəkildə bildirdi:

-Yox qovmaq olmaz, -dedi, -bəlkə elə bu da Allahın bir sınağıdı, bəlkə heç bu it deyil, insandı, it cildində gəlib çıxıb qapımıza, niyə qovaq ki? Ver o tikəni yesin, Allah özü hər şeyi görür.

Eldar yenə israr elədi:

-Ay müəllim, Allah bizi görəndirsə, bəs bizim günümüzü niyə görmür? Universitet qurtarmısan, onlarcan kitab yazmısan, sənin bu anbarda yatan vaxtındı?

Qəribə idi, elə bil bu qara it də söhbətin nədən getdiyini anlayırdı və ona görə səsini çıxarmırdı ki, bəlkə bu cavan oğlanın da ona yazığı gələ…

-Buna çörək versək, getməyəcək,-Eldar dedi,-qalacaq elə burda.

-Qalar lap yaxşı, -yazıçı dedi, -həyan olar.

Eldar bir addım da itə sarı yaxınlaşdı, əyilib xaltasına baxdı:

-Amma xaltası lap firmennidi, -dedi, -bunu azdırıblar, amma kim bilir nə qələt eləyib, niyə görə azdırıblar?

-Lap tutaq ki, oğurluq eləyib,-yazıçı dedi, -it öz evindən haçan oğurluq eləyir? Ac saxlayanda? Demək bu yenə də günahsızdı..

Eldar bir qədər itə yaxınlaşandan, çəkməsinin ucunu belinə toxundurandan sonra:

-Özü də qancıqdı, -dedi,-birazdan küçükləyəcək.

Yazıçı birdən-birə Eldarla zarafat eləmək qərarına gəldi .

-Küçükləyər, lap yaxşı, -dedi, -balalarını aparıb it bazarında satarıq, özü də parodadı?

-Nə cür paroda olur olsun, qoyun itinin yerini verə bilməz, -Eldar dedi, -mənim itim qoyun itiydi, adam kimi dil bilirdi, amma ac qaldı, baş alıb getdi,-və itin sağına, soluna keçəndən sonra sözünün ardını gətirdi, -hə, paroda olmağına, parodadı, -amma bu həyata paroda dözməz.

-Onu hələ bilmək olmaz, -yazıçı dedi, -və çörəyi Eldarın əlindən alıb itə sarı tulladı. İt çörəyi havadaca qapdı.

-Yüzdə, mində bir it çörək itirən olur,- dedi, -qoy yesin…

Eldar bu dəfə gülə-gülə:

-Qoy yesin,-dedi, -amma qarnı doyan kimi çıxıb gedəcək, o bizim həyatımıza alışa bilməyəcək.

-Onu indidən bilmək olmaz, -Yazıçı əlini ehmalca itin başına çəkəndən sonra dedi və qara it həqiqətən də getmədi və bir neçə günün içində bu çöllü-biyabandakı anbarın əsil qoruqcusuna çevrildi.

Ardı var...

# 2549 dəfə oxunub

Müəllifin son yazıları

# # #