Qulu Ağsəs: “İnşa yaza bilmir, roman yazır...” - MÜSAHİBƏ

Qulu Ağsəs: “İnşa yaza bilmir, roman yazır...” - MÜSAHİBƏ
1 avqust 2017
# 13:17

Kulis.az Qulu Ağsəsin müsahibəsini təqdim edir

"Ulduz” jurnalının baş redaktoru kimi, xüsusilə, gənc müəlliflərin mətn seçimində hansı meyarlara əsaslanırsınız?

– Əvvəlcə, onu deyim ki, jurnalın bütün mətnlərinin seçilməsində tam səlahiyyətli şəxs mən deyiləm. Jurnalın müxtəlif şöbələri var, eləcə də kənardan sözünə, zövqünə inandığım insanlar var ki, onlar da mətn göndərirlər və ya seçirlər. Ümumilikdə isə seçəcəyim mətn əgər nəsr nümunəsidirsə, ilk olaraq cümlə quruluşuna fikir verirəm. Çünki bu, mənim yaralı yerimdir. Heç cür başa düşə bilmirəm ki, postmodern bir dövrdə inşa, ifadə yaza bilməyən bir insan necə roman yaza bilər. İnkişaf hər zaman ibtidaidən aliyə doğru getməlidir. Və inkişaf adətən, ibtidaini öyrəndikdən sonra başlayır. İnsan klassik olanı tam öyrənib bitirdikdən sonra yenilik edir. Buna misal olaraq, həmişə Alim Qasımovu nümunə gətirirəm. O, 7 klassik muğamı mükəmməl şəkildə öyrəndikdən sonra muğam ifaçılarının eləmədiklərini etməyə başladı. Çoxları bunu qəzəblə qarşılasalar da, heç kim deyə bilməzdi ki, sən bunu bilmədiyinə görə edirsən. Eynilə gənclər də ilk olaraq mükəmməl yazı bacarığına malik olmalıdırlar. Ən adi şeyləri, hətta divar yazılarını da düzgün yazmalıdırlar. Elə gənclər var ki, avtoqrafı da səhv yazır. Bir insan "Müəllifdən Qulu Ağsəs”ə ifadəsində iki səhv edibsə, mənim o kitabı açıb oxumağa həvəsim qalmır. Digər bir çatışmayan cəhət isə, gənclərin maraqlı əhvalatla hekayəni qarışdırmalarıdır. Baxırsan ki, əhvalat çox maraqlıdır, amma hekayə deyil. Yaxşı olardı ki, gənclər hekayə ilə maraqlı əhvalatı fərqləndirməyi bacarsınlar. Hekayədə maraqlı heç nə olmaya da bilər, necə ki şeirdə bəzən süjet olmur. Amma hekayə bütün tələblərə cavab verməlidir. Şeir seçimində isə vəziyyət başqa cürdür. Şeirdə əsas məna lap sonda da ola bilər. Və sonda qərar verə bilərsən ki, bu müəllif çox istedadlı şairdir. Özünü ustalıqla gizlədə bilən çox istedadlı şairlər var. Bəziləri bunu bilərəkdən edir. Bəziləri isə bilməyərək öz istedadlarını gizlədirlər. Bu baxımdan, şeirləri seçmək elə problem deyil, amma nəsrdə daha çox çətinliklə üzləşirik. Ümumiyyətlə, orta statistikanı götürsək, bizim şeirlə heç vaxt problemimiz olmayıb, nə əvvəl, nə də indi. Bizim axsayan tərəfimiz həmişə nəsr olub. Çox vaxt çap etməyə nəsr yazan müəllif tapmırıq. Buna görə də nisbətən ortayaşlılara və gənclərə müraciət edirik. Məsələn, Mübariz Cəfərliyə, Mübariz Örənə, Alpay Azərə müraciət edirik ki, bizə yazı versinlər.

Son vaxtlar "Ulduz” jurnalında gənc imzalar daha çox çap olunur. Siz özünüz gənclərin belə çox çap olunmasında maraqlısınız, yoxsa...

– "Ulduz” jurnalının əsas məqsədi gənc imzaları tanıtmaqdır. Buna görə də istedadlı, lakin elə də çox tanınmayan müəlliflərə seçimimizdə daha çox yer veririk. Yeni imzalar təqdim etməyə çalışırıq ki, hər dəfə eyni müəlliflər olmasın. Gənclərin ən çox üz tutduqları yer "Ulduz” jurnalıdır, biz də onları çap edirik.

Qeyd etdiniz ki, gənc imzalara daha çox müraciət edirsiniz. Hazırda gənc müəlliflərin əksəriyyətində müəyyən iddia var və hər biri fərqli xarakterə malikdir. Bəs siz bu müəllif kaprizlərini necə "idarə edirsiniz?”

– Əvvəlki dövrlə indiki dövr müəyyən dərəcədə fərqlənir. Əvvəllər biz şeirimizi kim çap edirdisə, ona təşəkkür edirdik. Məsələn, Ələkbər Salahzadəyə, Əlisəmid Kürə və b. İndi vəziyyət dəyişib. Müəllif əgər istedadlıdırsa, onun kaprizinə dözməliyik. Başqa variant yoxdur, çünki sən çap etmədinsə, burdan çıxıb ayrı yerə gedəcək. Düşünürəm ki, gənclərin bu kaprizlərini ən çox sosial şəbəkələr yaradır. Amma ədəbi gəncliklə işləyən naşir ortababa da, istedadlıya da dözməlidir. İstedadlıya dözməyin şərhə ehtiyacı yoxdur. Az istedadlı gəncə ona görə dözmək lazımdır ki, sabah vəziyyət tamam dəyişə bilər. Elə bir mətn, elə bir şeir yazar ki, istedadlı olduğunu sübuta yetirər. Söhbət gənclərdən gedir. Yəni hər hansı gənc bu gün yaza bilmir, ortabab yazır, bir il sonra onun necə yazacağını heç kim bilə bilməz. Ədəbiyyatımızda belə nümunələr kifayət qədər var. Ona görə də gənc müəlliflərə hörmətlə, səbirlə yanaşmaq lazımdır. Bu, redaksiyanın borcudur.

Xarici ölkələrdə, adətən, müxtəlif imzalar bir ədəbi jurnal ətrafında qruplaşırlar. Bizdə isə, az qala, belə bir ənənə yoxdur. Bunun səbəbini nədə görürsünüz?

– Bizdə qrupbazlıq var, amma qrup yoxdur. Bir gileyimi də deyim: son vaxtlar "Ulduz”a çox az adam istedadlı gənc təqdim edir. Xüsusilə, orta və yaşlı adamlar. Sanki and içiblər ki, nə qədər istedadsız adam var, hamısını jurnala təqdim etməlidirlər. Səbəbini də anlamıram. Bilmirəm, "Ulduz” jurnalını gözdən salmaq istəyirlər, ya istedadlı insanların irəli çıxmasına mane olmaq. Xahiş edirəm ki, "Ulduz” jurnalına yalnız istedadlı adamları təqdim etsinlər.

Redaksiya heyətində, adətən, nüfuzlu adamların adları yazılır, amma onların jurnalın çap olunmasında heç bir iştirakı olmur. Siz redaksiya heyəti ilə necə işləyirsiniz?

– Yazıçılar Birliyində belə xoşməramlı ənənə həmişə olub. İlk vaxtlarda mən redaksiya heyəti üzvlərinin hamısına müraciət edirdim. Yenə də edirəm: "Ulduz”un işində hansısa bir proyekt reallaşdırmaq və ya kimisə təqdim etmək istəyirlərsə, buyursunlar. Təbii ki, normalara uyğun olsa, biz razılıq veririk. Məsələn, Başqırdıstandakı nümayəndəmiz Baloğlan Cəlil ədəbiyyatımızın təbliği üçün əlindən gələni edir. Nilufər Şıxlı Moskvada "Ulduz” jurnalı üçün kifayət qədər iş görüb. Nəzərə almaq lazımdır ki, onlar bu işlər üçün bizdən pul almırlar. Həmçinin, Həyat Şəmi əlindən gələn köməkliyi əsirgəmir. Hətta bəzən mətnlərin korrektəsinə də dəstək olur. Biz bazar iqtisadiyyatı dövründə yaşayırıq və hər birimizin içində bir vəhşi kapitalist hökmranlıq edir. İnsanlara pul vermirsənsə, onlardan heç nə tələb də edə bilməzsən. Ancaq xahiş etmək olar.

Müsahibələrinizin birində qeyd edibsiniz ki, biz Allahı qorxudan sevirik. Söz də Allah kimidir. Maraqlıdır, sözdən qorxduğunuz üçün yazırsınız, yoxsa sözə hörmət etdiyiniz üçün?

– Bu günlərdə bir status yazmışdım: "Allah, sən təksən, yoxsa səni təkləyiblər?” Bu gün Allah "təklənib”. Ateizm dəb halına çevrilib. Mən Allahı çox istəyirəm və bizim münasibətimiz qorxu üzərində qurulmayıb. İndi elə dövrdür ki, evdə həyat yoldaşına, işdə müdirinə səsini qaldıra bilməyənlər başlayırlar Allaha "ilişməyə”. Mən istəməzdim ki, insanlar Allahdan qorxsun. O, bizi yaradıbsa, sevib yaradıb. Qorxu özünümüdafiə deməkdir. İnsan itirəcəyi nəsə olanda qorxmağa başlayır. Əgər sənin xəzinən olsa, onun başında ilan kimi yatacaqsan ki, qoruyasan. Amma daxılında bir qara qəpiyin də yoxdursa, onu qorumağa da ehtiyac qalmır. Qorxu da şübhədən yaranır. İnsanın içində həmişə hər şeyə qarşı şübhə olmalıdır. Məsələn, mən İsa Hüseynovun oxucusuyam, İsa Muğannanın yox. Amma yenə də İsa Muğanna kimi yazdığı əsərləri tam şəkildə inkar etmirəm. Məndən bunun səbəbini soruşanda cavab verirəm ki, sabah vəziyyət dəyişə bilər. Həyatda hər şey mümkündür. Mən heç nəyin altından birmənalı şəkildə qol çəkə bilmərəm. Amma bir şeydən adım kimi əminəm. Bir gün "ASAN” Xidmətin qarşısında azərbaycanlılar Marsa bilet almaq üçün dayanacaqlar, amma yenə də növbə mədəniyyəti olmadan (gülür).

"Dünya ədəbiyyatı” anlayışını qəbul etmirsiniz, lakin bəzi məqamlarda ədəbiyyatı təsnifatlaşdırmağa ehtiyac yaranır. Sizcə, belə məqamlarda ən ideal bölgü necə aparılmalıdır?

– Dünyanın bütün şairləri dünyanın yenicə doğulmuş çağaları kimidir. Onları bir otağa salsan, bir müddətdən sonra görəcəksən ki, bir dil tapıb anlaşıblar. Dünyanın bütün yaradıcı adamlarının körpə uşaqlar kimi çoxlu oxşar cəhətləri var. Bu baxımdan mən "dünya ədəbiyyatı” ifadəsini Azərbaycan ədəbiyyatına xor baxmaq kimi qəbul edirəm. Mən "ədəbiyyat dünyası” ifadəsini daha çox işlədirəm və qəbul edirəm. Çünki "dünya ədəbiyyatı” adı altında daha çox Qərbi Avropa ədəbiyyatı nəzərdə tutulur və sanki onlar özlərindən başqa heç bir ölkənin ədəbiyyatını qəbul etmək istəmirlər. Lakin düşünürəm ki, ədəbiyyatı ən yaxşı halda xəritələr üzərində deyil, mətnin keyfiyyətinə görə – zəif, orta, əla deyə bölmək olar.

Dilçilikdə alınma sözlərin milli qarşılıqları ilə əvəz olunması daha məqsədəuyğun hal hesab olunur. Lakin türk musiqiçisi və ədəbiyyatçısı Zülfü Livanəli özünün "Ədəbiyyat xoşbəxtlikdir” adlı kitabında bu meylin dili yalnız kasıblaşdırdığını qeyd edir. Bu barədə fikirləriniz maraqlıdır.

– Mən şeir yazanda 6-7 variantın içindən seçib yazıram. Sonradan onu da "şumlayıram”. Düzdür, bəzən iki-üç misralıq şeirlər olur ki, onlara əl vurmuram. Amma başqa yazdıqlarımı dəyişirəm. Əlimə qələm alıb nə yazıramsa, hamısında düzəlişlər edirəm. Şeirdə hansısa alınma söz işlənəndə dilimizdəki qarşılığı ilə dəyişmirəm. Bu saxta, ucuz dilpərvərlikdən başqa bir şey deyil. Dili saflaşdırmaq, təmizləmək belə üsulla aparılmamalıdır. Çünki bəzən söz mətnə elə oturur ki, onu "qaldırmaq”, başqası ilə əvəz etmək mümkün deyil. Əgər ifadə yerində işlənibsə, bu alınma söz olsa belə, dilə heç bir ziyanı yoxdur. Hətta elə məqamlar olur ki, adam istəyir lap rus sözləri də işlətsin... Dilimizi bu cür təmizləmək işə yaramır. Mətndə hər söz işlənə bilər. Hansı dildə istəsən, söz işlətmək olar.

"Kütləvi mədəniyyət” ifadəsini doğru hesab etmirsiniz. Lakin belə bir fikir var ki, ziyalı yalnız yüksək təbəqə üçün deyil, bütün xalq üçün çalışmalıdır. Yəni xalqın yalnız bir hissəsini seçib, ona xitab etmək nə dərəcədə düzgündür?

– Dünyada iki cür mədəniyyət forması mövcuddur: Şaquli – elitar, üfuqi – kütləvi mədəniyyət. Ən xoşbəxt insan odur ki, şaquli mədəniyyətin daşıyıcısıdır və onu kütləviləşdirə bilir. Yəni, yaratdığı elitar sənətdir, eyni zamanda da yaratdığını populyarlaşdırır. Əgər insan təkcə kütləvi mədəniyyət daşıyıcısıdırsa, böyük populyarlıq qazana bilər. O zaman elita onu qəbul etməyəcək. Məsələn, Məhəmməd Hadi böyük şair olsa da, kütləvi deyil. Ona görə həm var, həm də yoxdur. Bu məsələdə ən yaxşı üsul qızıl ortanı tapmaqdır. Qızıl orta isə odur ki, sən həm elitar mədəniyyətə sahib olasan, həm də onu elə bir dildə ifadə edə biləsən ki, o, kütləviləşsin. Hadinin dilindən bir nümunə gətirsəm, heç kim başa düşməz, heç qəzəlxan da onu anlamaz. İnsan fikirlərini elə bir dildə və elə bir tərzdə ifadə etməlidir ki, onu həm də kütlə tanıya və dəyərləndirə bilsin. Hansı Azərbaycan şairi istəməz ki, onu hamı sevsin?! Amma operada elə ifaçılar var ki, onları yalnız operanı bilənlər başa düşür.

Ayfər Tunç deyir ki, bədənin ruha xəyanət etdiyi hallar çoxdur. "Ruh başına qara işıqdan halqa keçirib göyə ucalmaq üçün çırpınır, amma vücud dünyalıdır, yeyir, içir, yaşayır”. Maraqlıdır, bəs dünyalı Qulu Ağsəslə şair ruhlu Qulu Ağsəs necə yola gedir və birinci ikinciyə heç xəyanət edibmi?

– Əlbəttə, edib. Elə xəyanət edə-edə də yola gedirlər (gülür). Bəzi şairlər deyirlər ki, mən ömrümdə əyri iş görməmişəm. Şeir yazmaq elə əyri iş görməkdir də. Şeir yazmaq xəyanət etməkdir. Və ya dramaturq deyir ki, mən heç vaxt yaltaqlıq və ya oğruluq etməmişəm. Bu necə ola bilər axı? Sən hər obrazı yaratdıqda, o yaltaqlığı da, oğruluğu da, hətta, cinayəti də yaşamalısan. Yaratdığın hər obrazı yaşamalısan, yaşayaraq yaratmalısan. Şairin başqa sənət adamlarından fərqi ondadır ki, daha səmimidirlər. O baxımdan, nəinki bədənim ruhuma, hətta ruhum da bədənimə xəyanət edib (gülür). İnsanda bütün komponentlər cəmlənib: xəyanət, pislik, paxıllıq, yaxşılıq. Biz onların bəzilərini işlək saxlayırıq, bəzilərini isə "məzuniyyətə göndəririk”. Amma hərdən o məzuniyyətdə olanlar da işə çıxırlar və öz sözlərini deyirlər. Yəni insan bir bütövdür. Heç kəs ideal deyil. Ona görə xəyanəti təbii saymaq olar. Amma mən çalışıram ki, bu xəyanət az olsun. Amma deyə bilmərəm ki, yoxdur və ya olmayıb. Desəm, artıq özümə xəyanət etmiş olacağam.

İlk çap olunan şeiriniz Lenin barədədir. Maraqlıdır ki, ilk şeir üçün niyə belə bir mövzuya müraciət etmişdiniz?

– İlk şeirim Leninə yazılmayıb, ilk çap olunan şeirim ona yazılıb. Bu şeirin çap olunması çox maraqlı təsadüf nəticəsində baş vermişdi. Qonşumuza bir nəfər vəzifəli şəxs gəlmişdi. O xəbər tutmuşdu ki, şeir yazıram. Bir gün gəlib məndən şeir dəftərimi aldı, mən də geri istəməyə utandım. Sonradan xəbər tutdum ki, dəftəri Bakıya aparıb və içindən "Lenin” şeirini seçərək jurnalda çap etdirib. Bu şeirin çap olunması həyatın mənə ən böyük sürprizi oldu. O şeirdən sonra müxtəlif yerlərdən 600-ə yaxın məktub almışdım. Həmçinin, məni müxtəlif görüşlərə, iclaslara aparmağa başladılar. Hətta buna görə mənə ayaqqabı, kostyum da aldılar. Onda yaşadığım hissləri həyatım boyu bir daha yaşamadım. Mən yalnız "Lenin” şeirindən sonra populyarlığın fantastikasını, şöhrətin ləzzətini daddım. Bütün kənd mənimlə fəxr edirdi. Hələ də unuda bilmədiyim xatirə isə rayon komsomolundan məktəbimizə maşınla gəlib məni tədbirlərə aparmalarıdır. Həmin vaxt məktəbimizin direktoru da məni maşına qədər müşayiət etmişdi. O zaman çox istəyirdim ki, məktəbdən maşına qədər yol bir az da uzansın, direktor da mənimlə daha uzun müddət addımlasın və hər kəs bunu görsün. Bu, əsl uşaq bəxtiyarlığı idi.

Türk ədəbiyyatının ən önəmli əsərlərindən biri sayılan "Tutunamayanlar” romanında müəllif, Turqut obrazı vasitəsi ilə mənəvi aclıq anlayışını qələmə alır. Turqut nə qədər yesə də, heç keçməyən dəhşətli aclıq hissindən sonra bunun fiziki aclıq deyil, mənəvi aclıq-bilgiyə olan aclıq olduğunu anlayır. Yalnız bundan sonra o, yeni bir nəzəriyyə yaradır. Sizcə, yazmaq da belə aclıq hesab edilə bilərmi?

– Yazmaq elə bir ehtiyacdır ki, onun adına aclıq da demək olar. Yazı ilə çox şeyi yetişdirmək olar. O cümlədən, gözü də, ürəyi də, ağlı da, mədəni də yazı ilə doydurmaq olar. İnsan ürəyindən olan bir yazını yazanda 4-5 saat nə aclıq, nə də susuzluq hiss edir. Dəfələrlə belə hal yaşamışam. Hətta öz yazdıqlarımdan əlavə, başqa istedadlı müəlliflərin gözəl yazıları "doydura” bilir məni. Mütaliəyə ehtiyac duyan hər kəs belə aclıqla bir dəfə də olsun qarşılaşıb. Çünki bu insanlar üçün oxumaq və ya yazmaq havanı da, suyu da əvəz edə bilir.

– Söz yalnız həqiqət olanda sehri qüvvəyə malik olur. Bu baxımdan, sizcə, "Ulduz” jurnalının sehri nə qədərdir?

– "Ulduz” jurnalında nə qədər istedadlı mətnlər varsa, o qədərdir. Orada çap olunan müəlliflərin nə qədərinin əlində sehr çubuğu varsa, o qədərdir. Mən inanıram ki, "Ulduz” jurnalının sehri var. Hər çap olunan nömrədə bunun yetərincə nümunələrini görmək mümkündür.

Bir də unutmayaq: Ədəbiyyat içməli su kimidir: dünyanın 80 faizi H2O olsa da, onun cəmi 5-3 faizi şirindi... /artkaspi.az/

# 1316 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #