"Təbrizə bilet almalıyam, mən qayıtmalıyam!" - Həmid Herisçinin yeni şeirləri

"Təbrizə bilet almalıyam, mən qayıtmalıyam!" - Həmid Herisçinin yeni şeirləri
22 avqust 2025
# 15:00

METEOHƏSSAS

Doğulmaq azdı.
Ölmək azdı.
Gərək həm də diriləsən.
Divarına çırpılmış sərçəni də dirildəsən bir gün.
Sonra ölgün, ölgün
Təkərli çamadanını dünyanın axırınacan sürütləyəsən.
Təkcə özün.
Elə et, fotomüxbirlər də bunu görsün.
Oğrular var orda,
Bir gözün
Daim o çamadanını güdsün.
Yaranmışam
Baxışları televizora yox,
Televizordan kənara çəkmək üçün...
Meteohəssasam bu gün.
Mənə verilib Bakıda həyat,
Təbrizdə ölüm.


HƏMŞƏRİ PALANI

Dərmirəm ağacımdakı
Son alçanı,
Sərmirəm yerə yarımçıq xalçamı
Harda Tanrı
əl saxlayıb,
İnsana tapşırıb işin yerdə qalanını.
Filanını.
Gurultulu-gurultusuz finalı.
Dövlət çevrilişi planını.

Harda oğrulara halaldı,
Mərkəzi bankın əyalət filialı.
Harda hələ də yaşayır həmşəri palanı.
Harda neft quyusunda ölür Abdulla Şaiqin Qurbanı...

Eşit mənim ifamı.
Aç falımı.
Bu 65 yaşlı kino serialımda,
Kölgələrin sevişdiyi kino zalımda,
ən ağır, əlacsız halımda,
Xırıltılı, cırıltılı musiqi valımda,
Təkcə musiqimi, caz ritmimi
Can ritmimi yox...
bənzərsiz söyüşümü də eşidəcəksiz.

Tam orijinal ifamda!
Mənim Həmşəri palanımda.
Təbrizə bilet almalıyam.
Mən qayıtmalıyam.
Budur ancaq mənim qafamda.
Yazışdığım elektron çatda...

Day uzatma.
Kölgəm məndən ayrıldı.
Baxdı öz WhatsAppına
Uydu xəyalların ən həssasına,
Getdi bilet kassasına.


FİXBİOQRAFİYA

Mütləqdi.
Gərək bir fixbioqrafiyan da olsun.
İlk cümləsindən oxunsun.

Gicgah damarına saatda 120 zərbə vursun,
Gecə 12 olsun
Qoy qorunsun
Bu saxta bioqrafiyan dövlət arxivlərində...

Yaxud gizli arxa cibində.
Kiminsə seyfində.
Eşitdiyim, oxuduğum
ən qəliz FİXBİOQRAFİYA.

Harda ki ən ağır suallar, cavablar yazılmışdı ayrıca qrafayla,
doğranmışdı qanlı baltayla
Cibgir Zerkalo Klaraya məxsusdu.

Pasportuna yazdırmışdı "Yusifzadə Klara Ağababa oğlu".
Taxta dəlik döşəməsi, qəzet süfrəsi, sinəsinin tövşəməşi artırdı bu pasportu üzə çıxan vaxt.
Deyirdin indicə tam sıfırlanacaq bu adi həyat!
Deyirdin, bəlkə də, bu qadın heç arvad-zad...

Mənə deyərdi get dolabdan
Gəlinlik güzgümü çıxart,
Pasportumdakı " Oğru" sözünə bir də yaxşıca bax.

"Oğru" sözü gözümə girincə
Düşərdim girincə...
Qaranlıq küncə
Xeyli baxardım.
Geriyə adlardım.

Ayaqlarımda odun kimi parçalanardı addımlarım!
Cavabını alardı bütün lal suallar.
Yalançı şüarlar.
Elə bil Senatın müzakirəsinə
907- ci düzəlişi çıxarmışdılar!
Sənin heç belə fixbioqrafiyan var?

YASAYAQ MÖVZU VERMƏDƏN KİNOYA

Hər gün səhər-səhər eyvanımdan sallanıb aşağıya baxıram.
Görürəm qonşum Güləlinin başı
Necə bir az da dazlaşır.

Həyatın sürəti çox...çox amansızdır.
Çox amansız...
Depressiondayam.
Şanssızam, çox şanssız.

WhatsAppda yazışdığım bir qız
mənə dedi bunu nəbadə danışasız
indiki adamlara, kitablara.
Azdramaya!
qədim zamanlarda
Bunu danışırdılar
Suya.
Quyuya.
Dodaqları çartlaq duaya.
Yaxud səmadakı aya.
Uzaqbaşı
yeddi simli sarı gitaraya.

Səmt küləyi özü səni aparacaq
uzaq yaşıl adaya.
Yaşayaq.
Ancaq mövzu vermədən
Hər cür kinoya.
Səhnəsi tozlu bizim AZDRAMAYA.
Yaşayaq.
Heç nəyi saxlamadan sonraya.


QIRMIZI TAKSİ


Çirkab gölməçələrindən
bir başqa cür boylandı o gün
bizim şəhərin əksi…

sənədlər qeybə çəkildi qəfil,
sifətlər dönüb oldu
şəxsiyyət vəsiqəsi…

"Cənab X" gözləyirdi məni orda,
Bir də,
Qırmızı taksi.

Külək də vəhşıydi o gün, azca vəhşi.
Gözəgörünməz rəssam Benksini
o gölməçədən,
görmək mümkündü
Yəqin ki.

sevincək düşüb ardınca səslədim,
kimsə gəlmədi…
künc-bucaqdakı
hörümçək toru titrədi
ancaq…
Bomboş idi «Otoyol» minibuslarıyçün ayrılmış,
ümidlərinin son dişləri sayılmış
yarıyuxulu dayanacaq…

Qırmızı taksi gözləyir orda məni,
Qırmızı taksi...
Nə apardı məni ordan uzaqlara?
İçdiyim viski?
Yoxsamı o qırmızı taksi?
Yoxsa bütün bunlar sadəcə çox tirajlı son komiksdi?

Bütün cavablar,
çirkab gölməcəsindən sənə baxan öz
Əksindədi.
Cənab X - dədi.
Benksidədi.
Uzaqlaşan qırmızı taksidədi.

EDİSON LAMPASI

Cənab Edison,
yumşaq kreslonda əyləş,
özün fikirləş,
təkcə elə al-əlvan işığı, sarı lampanımı
ixtira etmişik biz?

Yox... yox, lap qədimlərdə
zil qaranlığı, qatı zülməti
şək-şübhəsiz,
elə yenə biz ixtira etmişik,
yenə biz!

Dediklərimdən qorxduz
deyəsən...
Bəlkə, bir siqaret tüstülədəsiz?
İcad etdiyiniz lampanın işığında,
sarı payız yarpaqlarının
özünə ev axtarmağını,
millətin kirli corablarını,
barı, bircə dəfə görsəydiniz...
Deyərdiz,
“yetər!”, ixtiranızı
ləğv edərdiz.
Tam müflis olardız,
tam müflis...
Qalardız mən kimi
Təbrizsiz.

Darıxdız deyəsən,
bəlkə bir azacıq keflənəsiz,
ölüb yerə girəsiz?

Bəlkə
bütün duyğularınızla incələsiz,
şübhələrinizi kəfənsiz
dəfn edəsiz?
bir lampa da icad edəsiz...
Müflis olasız, tam müflis...
nəhayət ki, görə biləsiz
necə mən
çar-naçar
evimə qayıdıram...

Yorğunam. Arığam.
Bir az hələ ayığam...
Corabımın birini çıxarıram.
Digərini çıxarmağa əl atanacan,
min il vaxt keçir aradan..
Sanki yoxam...
yenidən gərək doğsun məni
rəhmətlik anam!!!

Eh, cənab Edison, sən burda
axı nəyi işıqlandırdın?
Heç bunu
bacardın?


BRÜSSELDƏKİ ADAŞ


Atamla dostu Rəzi Qəvami,
Bir gün keçdilər bir növ uranın zənginləşdirilməsinə...
Eyni ad verdilər öz övladlarına
Və sairə.
Fikirlərində
Bu cür qalxmalıydı Azdramadakı
Ağır pərdə
Nə vaxtsa biz Həmidlər görüşəndə...

Kimyəvi kolbaya bir zərrə əlavə
Və həyat dönməliydi ağlamalı filmə.
Qapanmalıydı nəhayətsiz bu dairə.
Filmin qaçan hərflərində, uzun titrlərində
Çevrilməliydi səhifə.
Hissə - hissə.
Hətta oriyental bir qız cariyə
Keçməliydi şirin ləhcəyə, şivəyə...
Hadisələr qəfil axmalıydı keçmişə,
Tam geriyə, Təbrizə.
Və sairə.

Razi əmiylə tarixin əmriylə Qafar ağa sarınmalıydılar
Bir-birilərinə.
Bir gün gördüm aha... palçıq gölməçələrdən bir başqa cür göründü
bizim şəhərin əksi.

Taksi gözləyirdi orda məni,
Qıpqırmızı taksi.
Küsülü bəxtim bu taksiyə mindi.
Əyləşdi.
Uzaq Brüsseldəki Həmid Qəvaminin qapısınadək gəldi.
Basmaq istəsə də əvvəlcə zəngi...
Qəfil palçıq gölməcədən bir başqa cür danışdı meyvələrin bəhsi
Qapıdakı rəqəmlər çox nəhsdi.

Bədənim əsdi.
Bildim əbəsdi...
Dedim day bəsdi.
Axmaq o kəsdi
inanıb ömrü boyu bax, bu dramatizmə,
Kimyəvi kolbada guya yaranacaq tam yeni maddəyə.

Və sairə.
Və şairə.
Və həyat dönmədi axırda
Filmə.
Döndü ancaq, dinlə,
eşit, yalnız bu şerə.

O KƏLAĞAYI

Eh mənim yaşıl, soğanı kəlağayım,
səni bir gün dəmir mafəyə sancaqladım,
Küləkdə dalğalandırdım.
Dəmir mafədə sakitliyini görərkən
Artdı Bakı küləyinə son etibarım.
Ancaq sən Bakı küləyini cilovlamağı bacardın.
İndiyəcən qalıb paslı yaddaşımda
Necə atamla, qardaşımla,
anam da
bax, bu kəlağayı başında
Getdik 1966-da
Sankt -Peterburqa.

Puşkinin dueldə öldüyü yer
Dönüb olmuşdu "Çernaya reçka" adlı qəşəng otel...
Alnımdaki narahat qıvrım tel
İlk dəfə orda məni oxşatdı şairə,
Hətta göz vurdu orda mənə bir oriyental qız,
Cariyə,
Və sairə.
Səsləndi qulaqlarımda ilk qafiyə.
Çıxdım orda qardaşımla duelə.

İlk görünməz güllə
orda ağrıtdı köksümü.
Şair ölümünü, ömrünü
yaşadım, təkrarladım altı yaşımda,
Bir də gördüm bu həyat kinoafişama
Anam baxır,
Bu kəlağayının ucları isə,
tamam göz yaşlarındadır,
Tamam göz yaşlarında.

Sonra ötürdük dayanacaqdakı sapsarı tramvayı.
Neva sularında əridi, itdi
Qış sarayı.
Unutduq imperator Nikolayı.
İndi mafənə sancıram
o kəlağayını.

DİRİLMƏ

"Qoy, bura tökdüyün zibil
Ölənlərinin ehsanı olsun!
Qoy, təzə taxma dişlərim
Çənəmdə yaxşıca bir oturuşsun!
Lənətlərim lap öldürücü olacaq!"
Kimdi?
Hansı yerimdi?
Hansı dissertasiyasız alimdi,
Radio FM - di,
Hansı ölümdü, hansı filmdi,
Kor mexanizmdi,
Bu lənət dolu qraffitini köhnə Bakı divarına yazan?
Sonra azca fərqli incə hüsn-xəttlə,
Azca ləzzətlə
öz diş həkiminin telefonunu
Bu lənətinə reklam kimi artıran?

Kimdi o?
Deyirsiz müasir Dədəm Qorquddu?
Yox eyyy...
Yetim Mövluddu.
Bir də gördün yediyi xəngəl qurutu
Unutdu!
Çayını tam soyutdu.
Son tikəni diri uddu...
Sonra hamını qorxutdu
Öz yalançı ani ölümüylə.

Qəfil dirilib, qara kömürlə
Lənətlərini həkk etdi kirli divarlara.
Bir gün tiryəki artıq düşdü necə deyərlər.
Doğrudan öldü.
Öləndə siqareti hələ də tüstülüydü.
Restorandaydıq.
Sahibi, cümlələrinin axırını yedi,
dedi, kəkələdi
qorxa- qorxa,
Görəndə qapıya necə yaxınlaşır
Qara "Volqa":
"Aparın meyitini, burda qalmasın sizin sovxa!".
Müşahidə videokameralarını aldatmaqdan ötrü
Bildirmədik Mövlud ölüdü.
Əlləri çiynimizdə,
göz vura - vura bir-birimizə
Mövludu da qoşub yalançı söhbətimizə,
Çıxdıq restorandan.
Qəfil Mövludu tanıyanlardan
Biri salam verdi Mövluda...
Aktyor dramatizmi lazımdı burda.
Nəsə dedim burnumda.
Tər vardı ey vücudumda.
Day ilişmədik itə - qurda.
Güvənib Mövludun cibindəki xırda- mırdaya
Mindik qara taksiyə.
Getdik bütün yolların əksinə, tam tərsinə.
Axır, çiynini silkələdim.
Mövludu, tək onun eşidə biləcəyi ahənglə səslədim:
"Ay yetim
Dirildin?
Taksi pulunu indi necə, mənmi ödəyim?"

RADİATORUMDAKI SU

Gördünmü fotoşəkilin köhnəlib,
Pasportundan öz-özünə ayrılıb, qopur.
Avtomobilinin radiatorundaki su qaynayıb fontan vurur...
Əvvəl radiatorunu yox ... radionu susdur.
Get itbat kafedə otur.
Ordan özünə zəng vur.

Casusların, Faustların avtomobili bu vaxt bir kor dalana burulur.
öz məzarları üstə
gül- çiçək dəstələri qoyur,
Plastik, burun əməliyyatlarından keçib,
köhnə barmaq izlərini pozur.
Casusları, Faustları həmişə öz məzarları üstə görmək olur.
Kölgəsinə barmağını tuşlayıb qışqırırsan:
" Odur? Odur!"
Oxşarlığına əvvəl inanmayırsan, deyirsən:
Yoxxx ey...oğludur.

Hə... gördünmü fotoşəkilim
Pasportundan özü qopur,
Radiatorumdaki su fontan vurur...
Mən də o casuslar, Faustlar kimi
öz məzarım üstə gül çələngi düzərdim,
O cür ölüb dirilmək istərdim.
Qoy hovuzda üzsün bir müddət köhnə, lüzumsuz cəsədim.
Polis şəxsiyyətimi müəyyənləşdirməsin.
Öz evimə əl fanarımla, məxfi qərarımla girim,
Telefon, televizor, bilgisayar
Kodlarımı tez-bazar dəyişim.
Ən əsası- sevişim
Sarışın bir fotomodellə.
Etiraf edim: Sevdiyim kokteyli, qadın tipini bu gün dəyişdin sən...
hə... nəhayət, trendəyəm.
Kofe Amerikano istəyirsən?
Bazar günlərini keçirdəcəksənmi
Mənlə?
Səmimiydin "Səfir yaxın dostumdu" deyəndə
"Bəlkə sabah birlikdə nahar edək?"
Təklifində.
Aeroport yolundan ayrılıb
bahalı qolf kluba gedəndə
Özümə deyərdim
mən yetim:
Trendəyəm,
Trendə.

Təzə sim-kart
Alacam özümə.
Qoy heç kim acımasın
Hovuzda üzən cansız cəsədimə.

Radiatorumdakı su
Qızdırmayacaq bu dəfə.
Düz bir həftə.


ŞƏRİKLİ ÇÖRƏK - DEMO VERSİYA


1947-ci ilin dekabrın sonları.
Payına düşən 200, 400 qr. çörəyi O götürməmişdi.
Yeni 1948-ci ili, 31 dekabrı da çörəksiz keçirmişdi.

Niyə?
Nəyə görə?
Nədən, hansı səbəbə?
200+400 qr halal çörək borcu var qoca tarixin,
Bu qoca, tozlu arxivin,
Hər birinizin, hər ikinizin, hər itinizin
Dədəmə. Mənə.
Bu titrək iti çənəmə.
Sənədlər tam hazırdı…
Gedə bilərəm
Uca haqq, Haaqa məhkəməsinə…
Kinonun davamı "Şərikli çörək" filmində.
Əsl qəbzlər məndədir, məndə.
Yaşayıram
Sənətin, həyatın bütün demo versiyaları ilə
Birgə.
Borcunuz var dədəmə.

TUT AGACI, TUT AGACI

Nikolaydanqalma köhnə Bakı...
Önündə
Nuhun yadigarı tut ağacı...
O tut özünü
arxasındakı köhnə binadan
ancaq bir baş uca bilmiş,
göylərə ancaq
bir azacıq uça bilmiş,
o tutu ancaq sərxoşlar qucaqlaya bilmiş
"Kleopatra" barından çıxdıqdan,
bir dəfə yıxıldıqdan
sonra.

O tut səni əvvəlcə aldadacaq,
özünü cənnət ağacına oxşadacaq,
Səni yerə yıxacaq,
Üzərindən əclaflar adlayacaq,
sonra səni ayıldacaq
qara divarda öz kölgəni,
Sanki özgəni
qəfildən gördüyün zaman...
Avara "Jiquli"lərin zəif işığıyla
nura boyanan
kirli divarlardan
o kölgəndir
sənə diqqətlə, heyrətlə baxan...

Səni tanımayan.
həmin bu an
divar dibinə sığınıb
limon satan
Lənkaran arvadlarına baxıb fikirləşəcəksən:
"Sarı limonlar Lənkərandamı, ağacdamı,
yoxsa kasıbların ovcundamı bitir?"
Bunu ancaq o tut ağacı,

Bu yolayrıcı,
arvadların ən qısqancı,
Fələk qırmancı bilir.
Nə yaxşı ki, o tut ağacı,
Bu həyatımızin tam kənar müşahidəçisidir.
qələmsiz tarixçisidir.
Tərcüməçisidir
budaqlarındakı boz sərçə...
Bircə
mənə desəydi
Nədir son nəticə?

BİR GÜN WHATSAPPDA

Tərk etdiyim ilk qadın
lal baxışlarını atdı ardımca.
Sonrakı, bahalı alışqanını.
Sonrakı, dünyanın ən ağır külqabısını.
Bir gün bunların hamısı bir fotomodeldə birləşdi
Vardı külqabısı... ağır alışqanı,
Ağırdı həm də baxışları.

Üzü niqablı
bu gözəlin WhatsAppı
qoymurdu gecələr yatım.
Uzandı bir az
bu sevgı xronometrajım.
Hərdən əşyalarına qorxa- qorxa baxirdım.
Bir gün masasındakı tunc Budda heykəlində
yubandı baxışlarım.
Cəkisini yoxladım.

Cəld cantama, çamadanıma əl atdım.

BLENDER

Həyatın blenderi,
Məni diri-diri...
Doğradı iri- iri.
Xüsusən təhlükəlidi
Əti sümükdən ayırmaq hissəsi.
İncəlikləri.

Həyatda hamı çayı
qəndlə yox,
dərdlə içirdi.
Həyatda nə varsa,
Blenderdən keçməlidi, keçirilməlidi.

Bu vacib, qaçınılmaz şərtdi.
Bilirəm, çox sərtdi.
Qəlizdi qəssablarla bağladığımız
müqavilə maddələri.
Dözülməzdi iyi.
Ətri.
Arxiv sənədləri.

Misal üçün Nizami Gənəcəvinin kəlləsi
Lap əvvəl bir Gəncə qəssabının evindəydi.
1939-da blenderdən keçdi.
840 illik yubileyində patoloqoanatom Qerasimova göndərildi.
Guya
yazdığı dua,
atılmalıydı axar suya,
Bədəni salınmalıydı qara falaqqaya.
Sonra min bir hoqqayla...
Bəzi gizlinlər o vaxt Belyayevin yazdığı
"Doktor Douelin kəlləsi" əsərindədi.
Kəllə dirilməli,
NKVD-də dindirilməliydi!
Qorxutmalıydı Nizamini qonşu otaqdan gələn
Blenderin səsi.
Nizami Gəncəvi, bax, bu cür blenderdən keçirildi.
Aıyrıldı bədənindən kəlləsi.

Guya Qerasomov bu kəlləyə baxıb
Nizaminin əsl simasını bərpa etməliydi.
Gerasimov isə day geri
qaytarmadı o kəlləni.
O kəllənin muzeylərdəki inventar nömrəsi
Şifrəlidi, çox rəqəmlidi…
Digər məsələləri,
Özündə gizləyir
Aleksandr Belyayevin "Doktor Douelin kəlləsi" əsəri.
Ordadır cümlənin son feli.
Orda gizlətdilər bu blefi.
İşgəncələr vaxtı Qerasimov götürürdü saç fenini...
Açırdı Nizaminin sinəsini...
Basdılar belinə vergini.
Verdilər ona VÖEN-i
Əzbərlətdilər nömrəni.
Hələ də geri qaytarılmayıb Nizaminin kəlləsi.
Rusiyetdədi.

Həyatda nə var blenderdən keçməlidi.
Sonrası?
Sonrası tam blefdi.



# 1568 dəfə oxunub

Oxşar xəbərlər

17 yaşında həbs edilən  yazıçı - Yaşar Kamala niyə Nobel mükafatı verilməyib?

17 yaşında həbs edilən yazıçı - Yaşar Kamala niyə Nobel mükafatı verilməyib?

18:40 6 oktyabr 2025
Naiq Babayevin yeni romanı çap olunub

Naiq Babayevin yeni romanı çap olunub

18:36 6 oktyabr 2025
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

18:28 6 oktyabr 2025
Dünyanın ən bahalı serial ulduzları...  - ARAŞDIRMA

Dünyanın ən bahalı serial ulduzları... - ARAŞDIRMA

17:00 6 oktyabr 2025
"Ayaz Salayev bağışlasın, amma..." - Toylarda niyə himn oxuyuruq?

"Ayaz Salayev bağışlasın, amma..." - Toylarda niyə himn oxuyuruq?

15:00 6 oktyabr 2025
İnsan sifətli daş sütun  tapıldı

İnsan sifətli daş sütun tapıldı

14:52 6 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər