Aqibəti bilinməyən atanın göyqurşağı nağılı – YENİ HEKAYƏ

Aqibəti bilinməyən atanın göyqurşağı nağılı – <span style="color:red;">YENİ HEKAYƏ
7 mart 2017
# 13:30

Kulis.Az gənc yazar Həmid Piriyevin “Göyqurşağında balıq ovu” hekayəsini təqdim edir.

“Səfər, balamsan, Yusif ölür e... Kömək elə də, nolar... Ölür e uşağım. Əməliyyat olunmalıdı, gedir e əlimdən bircə balam..”

Səfər balaca taxta qapının ağzında dayanıb Əminə xalaya baxırdı. Əminə səhərdən ağlayıb gəzirdi, gözləri şişmişdi, hava qaralsa da aydınlıqdı və Səfər Əminənin qan çəkmiş gözlərini görürdü, gözlərinin ağı tünd qırmızı rəng almışdı və qara bəbəklər o qırmızılıqda dəhşətli görünürdü. Yusifi keçən gecə bıçaqlamışdılar, xeylaq qan itirmişdi, indi xəstəxanadaydı və təcili əməliyyat olunmasaydı öləcəkdi. Hardaydı Əminənin pulu ki, əməliyyat xərcini ödəsin? Neçə saatdı qapılardaydı. Ən əvvəl atasıgilə getmişdi. Atası demişdi ki, o oğraşçün bir qəpik də vermərəm, bir də üstümə gəlmə. Sonra qardaşının yanına getmişdi, o da and-aman eləmişdi ki, yoxumdu, olsa qurbandı. Sonra qaynının yanına getmişdi, o da demişdi yoxumdu, amma Əminə hiss eləmişdi ki, varıdı, vermir. Beləcə gümanı gələn qapıları döymüşdü, üzünə bağlanmışdı bütün qapılar. İndi ümid Səfərəydi.

Səfərgilə gələndə gözləri quruydu, elə bilirdi daha ağlamaz, nə heyi qalıb, nə də gözlərində yaş. Amma axırıncı sözləri deyəndə yenə gözləri doldu, yaş gözlərindən yanaqlarına, ordan da çənəsinə süzülməyə başladı, bu gün neçənci dəfə səssiz hıçqırıqnan ağlamağa başladı.

Səfər dayanıb qalmışdı qapının ağzında. Neçə ildi pul yığırdı, indi əli gəlmirdi o qədər pulu versin əclafa görə, amma yox da deyə bilmirdi, Əminəyə baxdıqca ürəyi parçalanırdı. Fikirləşirdi ki, anası sağ olsaydı, onu da bıçaqlasaydılar, anası bax elə bu cür qapılara düşərdi. Hə, lap yəqini düşərdi. Ürəyində Yusifi söydü:

“Sənin oğraşdarıvın... Gör arvadı nə günə salmısan..”

Evə girib pulu götürdü, qayıdıb Əminəyə verdi. Əminə heç nə deyə bilmədi, dili tutuldu, o Səfərdən də yox cavabı eşidəcəyini gözləyirdi, buna əmindi, amma Səfər kişi çıxdı, doğma atasının, qardaşının eləmədiyini elədi. Əminə neçə saniyə Səfərin üzünə baxdı, ağladı, hıçqırıq onu boğanda dönüb becid-becid yüyürdü.

Səfər qapını bağlamaq istədi, alınmadı, əl-ayağı sözünə baxmadı, elə qapının ağzında sallağı oturub gücnən siqaret yandırdı. Yusifin iki ay qabaq dedikləri kəlməbəkəlmə yadına düşdü.

“...Bilirsən, Səfər, bütün bu qohumdu, qardaşdı, hamısı boş şeydi, qaqaş canı. Mən bilirəm nə deyirəm. Dee, o qədər qohumum var, oğraşdı hamısı. Hansını deyim? Atam öləndən sonra hansı yaxın durdu bizə? Heç biri. Babalarım, dayım, əmim, hamısı çəkilib dayandı qıraqda. Səfər, allah haqqı, vaxt olub günlərnən evimizdə çörək olmayıb. Anam səhər durub acqarına işə gedib, məni də göndərib babamgilə ki, orda yeyim. İndi babam kişi-kişi danışır, ağzına çullu dovşan yerləşmir ki, bəs, sizi mən saxlamışam. De, gələ! Sənin başınçun elə... Anam illərnən bir paltarda gəzib, atamın köhnə şalvarlarını balacalaşdırıb ki, geyinim ayağıma. Siz onda hardaydız, hə? Ay oğraş? Düzdü, arada bir az əl tutub, bayramda-filanda, o da ona görə ki, anam cavandı, qorxurdular təzədən ərə gedər, soxar buların papaqlarını yerə. Amma anam kişi kimi arvaddı. Aza qane olub, işləyib, böyüdüb məni... Hələ xalamın əri... Pulu var, imkanı var, qıraqdan baxan da elə bilir ki... Bildir yayda getdim yanına, dedim o boyda restoranın var, bir iş ver, işləyim. Dedi, get dayanacaqda dayan, maşınlara bax. Kim nə versə, dolandırarsan başını. Tüpürdüm çıxdım bayıra. Bicbala pulunun sayını bilmir, guya istəsə eləyə bilməz? Oğraşlıqdan eləmir. Hansını deyim? İndi də lotu-lotu danışıllar, gedin rədd olun e.. Səfər, qohumdu, dostdu, zaddı, rədd olacaq hamısı. Adam neynəsə özü eləyəcək. Heç kim səninçün heç nə eləyən deyil..”

Siqaret yanıb qurtarmışdı barmaqlarının arasında. Səfər durub ayaqlarını sürüdə-sürüdə evə keçdi. Nənəsi şüşəbənddə oturub mısmırığını sallatmışdı.

“Nahaq verdin pulu...”

Səfər heç nə demədi.

“Atası alkaşdı onun, küçələrdə sülənirdi, elə küçələrdə də öldü. Doğma qardaşı meyidinə də yaxın düşmədi, qonum-qonşu yuduzdurub quyladı. İndi oğlu da atasının yolunu gedir. Biqeyrətin balası da elə olacaq da... Nahaq verdin. Öz dərdin azdı bəyəm? De, bacın...” Nənəsi içəri otağın qapısının ağzında dayanıb onlara baxan Ruhəngizi göstərdi. “Bös-böyük qız olub, bugün-sabah kəsdirəcəklər qapını. Bunu köçürtmək lazımdı, cer-cehiz vermək lazımdı. Elə sən özün. İyirmi yeddi yaşın var, haçanacan subay gəzəcəksən? Özüvə gün ağlayaydın da. Verdin o qədər pulu. Yenə artıq ola, cəhənnəm, lazımdı axı sənə. Guya o pulunu qaytaracaq? Ay sən öləsən... Getdiyee o pul, getdi...”

Səfər başını aşağı salıb oturmuşdu. Nənəsi gördü Səfər danışmır, əllərini yellədib keçdi içəri otağa, qapını da bağladı.

Səfər də işığı söndürüb divanda uzandı. Nənəsi həmişə döşəkağını salırdı divanın üstünə, yorğannan balışı da səliqəynən qoyurdu. Bu gün acığından necə gəldi atmışdı hamısını, Ruhəngizi də qoymamışdı düzəltsin. Səfərin iyirmi yeddi yaşı vardı, bacısının iyirmi üç. Atası çoxdan ölmüşdü, Səfərin altı yaşı olanda, anası da altı il sonra dərddən vərəmləyib öldü. Yetimlər qaldı nənələrinin üstündə. Səfər fəhləydi, usta Cabbarın yanında işləyirdi, hasar çəkirdilər, ev tikirdilər. Qazancı yaxşıydı, özlərinə çatırdı, heç kimin əlinə baxmırdılar, hələ üstəlik Səfər dörd ildi pul yığırdı. Kənddə istədiyi qız vardı, fikri buydu ki, bir az pul yığsın, ev tiksin özüyçün, sonra elçi göndərsin. Evləri çox köhnəydi, babası evlənəndə sərağ daşdan tikmişdilər. İki gözlü, qır damlı xudmani evdi. Divarları boydan-boy çatlamışdı, malası tala-tala qopmuşdu, üstəlik qırı da zədələnmişdi, güclü yağışda damırdı, bu evə gəlin gətirmək olmazdı. Damını düzəltdirmək lazımdı, o sözsüz, amma içi artıq təmirə də yaramırdı. Səfərsə bilirdi ki, təzə ev tikdirməsə qızı ona verməyəcəklər. Beş-altı mini vardı, amma o heç evin daş işinə çatmazdı dursaydı iş görməyə. Qız istədiyini bir bacısı bilirdi, bir də Yusif. Yusif ondan bir yaş balacaydı. Onun da atası çoxdan ölmüşdü. Heç Yusifin də yadına gəlmirdi. Avara uşaqdı Yusif, bərkdə əli yoxdu. Heç işləmək də istəmirdi. Onunku oydu ki, bütün günü veyillənsin, quş uçurtsun, qızların dalıycan düşsün. Anası poliklinikada xadimə işləyirdi, cüzi maaşıynan dolanırdılar. Səfər Yusifə neçə dəfə demişdi ki, anan yazıqdı, işlə, hələ demişdi, istəsən ustaynan danışım, gəl biziynən, beşdən-ondan nolar, min bərəkət. Yusif razılaşmamışdı. Demişdi fəhləlik mənlik deyil. Hə, Səfər demişdi, sənin əlin bəy ...ğına dəyib axı. Gavar iki ay qabaqdı. Axşam pivəxanaya getmişdilər. İki bakaldan sonra Yusifi bərk tutmuşdu, xeylaq danışmışdı qohumlarının dalıycan. Lap axırda da nəşəyə başladığını demişdi diliynən. Səfər bir-iki dəfə eşitmişdi, amma inanmamışdı. Ola bilməz Yusif bu qədər oğraş olsun, anası ayaq altı silə-silə pul qazansın, bu da aparıb versin nəşəyə. Amma Yusif öz diliynən demişdi. Səfər onda döymüşdü onu, demişdi bir də mənim yanıma gəlmə. O vaxtdan harda Yusifi görsəydi üzünü çevirib getmişdi. Keçən gecəsə Yusifi bıçaqlamışdılar. Kim eləmişdi, neyçün eləmişdi, Səfər bunları bilmirdi, heç maraqlanmırdı da. Ondan olsaydı heç pulu da verməyəcəkdi, amma Əminə xalaya yazığı gəlmişdi. Özünü onun yerinə qoymağa çalışmışdı. Nənəsi bunu başa düşmürdü, ya da başa düşmək istəmirdi...

Səhər Səfəri Ruhəngiz oyatdı. Nənəsi içəri otaqdaydı, hikkəsi soyumamışdı hələ. Çay içib evdən çıxdı...

Günortayacan candərdi işlədi. Usta Cabbar gördü Səfərin huşu başında deyil. Dedi, get dincəl. Əvvəl getmək istəmədi, usta üstünə qışqırandan sonra əl-üzünü yuyub getdi. Evə getmək istəmirdi. Çox güman nənəsi yenə deyinir evdə. Belə baxanda o da düz deyir. Amma neynəsin, eləyib daha...

Qəbiristanlığa gəldi. Anasının qəbrinin üstünü sildi əliynən, qabağında oturdu. Axır-axırda anası yerindən dura bilmirdi, öskürəndə qan gəlirdi ağzından. Pulları yoxdu onu həkimə aparsınlar. Yazıq ağrıdan qovrulurdu, Səfər də indi qəbrinin ayaq tərəfində oturduğu kimi çarpayının ayaq tərəfində oturub ona baxırdı. Heç nə eləyə bilmirdi anasıyçün, balacaydı, amma başa düşürdü ki, nəsə eləməlidi. Di gəl heç nə bacarmırdı...

Sonra durub dükana gəldi. Siqaretnən beş şüşə pivə aldı. Cibindəki pul çatmadı, qalanını sonra verərəm deyib çıxdı. Gəzə-gəzə dəniz qırağına gəldi. Həmişə ürəyi sıxılanda bura gəlirdi, atasıynan söhbət eləyirdi. Balıqçıydı rəhmətlik... Atasının axırıncı günü yadındaydı. Bir gün sonra Səfərin altı yaşı tamam olurdu. Gecəydi. Atası sərxoşdu. Səfərin yuxusu qaçmışdı gecə, durub bayıra çıxanda görmüşdü ki, atası səkinin qırağında oturub siqaret çəkir. Səfəri görüb gülmüşdü, yanına çağırıb qucağında otuzdurmuşdu, saçını qarışdırmışdı. Demişdi daha böyük kişisən, sabah altı yaşın olacaq. Sonra göyqurşağı haqqında danışmışdı. Demişdi göyqurşağı başlayan yerdə xəzinə var. Səfər soruşmuşdu xəzinə nədi? Atası demişdi, çoxlu balıqdı, iri, ağ balıqlar. Demişdi, bir azdan balığa çıxıram, gedib göyqurşağından səninçün ən yekə balığı tutub gətirəciyəm. Getmişdi atası. Amma qayıtmamışdı. İki nəfərdilər qayıqda. Qayıq sahilə çıxmışdı, o biri balıqçının meyidini üç gün sonra Sumqayıt tərəfdən tapmışdılar, amma atasının meyidi çıxmamışdı. Qəbri yoxdu atasının. Səfər inanırdı ki, atası sağdı, indi göyqurşağındadı, tilovunu salladıb balıq tutur, amma onunçün tutmaq istədiyi ən iri balıq heç cür tilova yaxın düşmür. Atası o balığı tutan kimi qayıdacaq. Mütləq qayıdacaq. Səfər buna inanırdı, lap yəqini bilirdi ki, belədi. Atası axı ölməyib, ölsəydi meyidi çıxardı. Atası sağdı, balıq tutur göyqurşağında. Səfər əmindi. Amma bunu heç kimə demirdi, heç bacısına da. Amma atası gələcək. Mütləq gələcək. Səfərin saçlarını qarışdırıb deyəcək ki, böyük kişi olmusan, sonra da balığı verəcək ona, deyəcək ver nənəyə təmizləsin...

Hər şey yaxşı olacaq onda...

Fevral 201

# 1146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #