Çiçəklərin ayaqladığı günəş – Mehman Qaraxanoğludan ŞEİRLƏR

Çiçəklərin ayaqladığı günəş – <span style="color:red;">Mehman Qaraxanoğludan ŞEİRLƏR
12 dekabr 2016
# 11:48

Kulis.az Mehman Qaraxanoğlunun şeirlərini təqdim edir.

Gəzintilər

Çiçəklərin ayaqladığı günəşi gəzirəm

Nə olsun ki şeir yazmıram

Bütün vəznlər dəlidir

Özün dedin

Onları yalnız qoşma ağıllandıra bilər

Yaşamaq üçün mənə çox şey gərək imiş lap çox şey

Bir instrumental musiqi

Bir qədəh böyürtkəndən tutulmuş şərab

Bir də dizlərim

Nə zamansa uçaram bilirəm

Buludları silərəm

Yolumu təmizləyərəm

Paltarlarımı geyinib

Çantamı çiynimdən asaram

“Yaşamağ”ın kökü “yaş”dı yaş

Mən çarəsiz bir xstəliyə tutulmuşam

Hər şeyi kök və şəkilçiyə ayırıram

Payız alleqoriyası

Buna payız deyirlər

Talış dilində “poz”

Sən allah hər şeyi poz getsin

Nə olsun ki sevdik sevişdik

Nə olsun ki lütləndik

Nə olsun ki

Üstdən alta getdik

Nə olsun ki

Əynimizdən çıxardığımız paltarlar əskik gəlir

Nəyimiz çatır ki

Çılpaqlığından bir damcı da utanmır ağaclar

Əyilib bir yarpaq da götürmürlər

Sözləri gör necə ehtirasla soyundurur

Dişləri tökülmüş o qoca nənə

Sanki nəyəsə hazırlaşır

Və yaşamağın dadını çıxarır

Buna “axır” deyirlər

İstəyirsən “əvvəl” de

Sən allan ağlama

Məni gic gülmək tutur axı

Ehkam

Sayıram

Bir

İki

Üç

Birdən ikiyə

İkidən üçə

Nə dəyişilir nə

Otur yanımda otur

Heç nə oğurlamayıb Bodenştedt Mirzə Şəfidən

Küləklər vurur

Gəncə tut kimi tökülür

Almaniyanın dibinə

Bakı quberniya mərkəzi olmaqdan ötrü

Şamaxı zəlzələsini arzulayır

Otur

Bu ikimizin zəlzələsidi

Hərdənbir allah da çaşıb

Zəlzələləri səhv-dəyişik salır

Bir şey gətir içək

Çaynikdə gətir

Qoy araq sərxoş adlarımızı yazsın

Çaynikin iç divarına

əvvəl sən ya mən

bunun nə fərqi

çaynikdən möhkəm yapış ki

əlindən salıb sındırmayasan

Bir az gülək

əllərimiz dinc durmayanda

ağlamağın daşımnı da ataq bir-birimizə

İçək Bodenştedtin sağlığına

# 994 dəfə oxunub

Müəllifin son yazıları

# # #